Gedir
Dəyərini bil, ya bilmə,
Vaxt ötüşür, zaman gedir.
Ömrə günlər ilmə-ilmə,
Hey toxunur an-an, gedir.
Bəyazı var, qarası var,
Növbələşən sırası var.
Bax, canında mirası var,
Ruhda çox zənn-güman gedir.
Gözləsən də yaxşı nəsə,
Düz anında dönür tərsə.
Tale qıyır ümid kəsə,
Gen durur qəlb uman, gedir.
Olur dərdsiz, dərdli dönəm,
Nəşəsi bol, həm kədər cəm.
İstər dilə, ya et çəm-xəm,
Gəlir, vermir aman, gedir.
Demə dünya "yalan dünya",
Bəxş edəndir, alan dünya.
Əbədilik qalan, dünya,
Nə var yaxşı-yaman, gedir.
Qəbul elə sınağı
Qəbul eylə Yaradandan sınağı,
Zəfər əzmin möhkəmlənə, bərkiyə.
Şax qəddini çiynindəki dərd dağı,
Qoy əyməsin, anam, doğmam Türkiyə.
Bu müsibət taleyindən qismətin,
Olan olub, olacağa çarə yox.
Hünərlisən önündəki hər çətin,
Gətirməyib, gətirməz də duruş çox.
Ruhundandır canındakı qüdrətin,
Türk oğlu türk sarsılmayıb əzabda.
Yenilməzlik simvolusan xilqətin,
Yox bənzərin, yox dözümdə, yox tabda.
Yanındadır bütün Turan elləri,
Azərbaycan can qardaşın həmişə.
Haya gəlib ruh canları, əlləri,
Kökslərində köksümdəki əndişə.
Şəksiz zaman məlhəm çəkər yarana,
Məğrurluqla öc alarsan qəhərdən.
Bax bu zülmət ötər dönər bir ana,
Zövq dadarsan saysız nurlu səhərdən.
Qəbul eylə Yaradandan sınağı,
Zəfər əzmin möhkəmlənə, bərkiyə.
Şax qəddini çiynindəki dərd dağı
Qoy əyməsin, anam, doğmam Türkiyə.
Dəyər vermirik
Gözləyirik həsrətlə diqqət çəkən bir anı,
Boşa gedən günlərə, aya dəyər vermirik.
Hey güdürük qazanca xırda, cüzi imkanı,
Yaradandan yaşama paya, dəyər vermirik.
Tək-tək addım atmağa zülmətlərdə xırda nur
Arayırıq, hissimiz deyir tez-tez dayan, dur.
Gecə-gündüz paylayan kainata işıq gur
Şəfəq saçan Günəşə, Aya dəyər vermirik.
Kim nə deyib hardasa, "qızıl kəlam" sanırıq,
Təkrarlayıb adını dönə-dönə anırıq.
Doğmalardan belələr gedəndə gec qanırıq,
Yanımızda "külçədən" laya, dəyər vermirik.
Uyub nadan sözünə otururuq, dururuq,
Peşmançılıq gətirən min bir hoqqa qururuq,
Çıxış yolu tapmağa dərkimizi yoruruq,
Aqillərdən haraya, haya, dəyər vermirik.
Görsək azacıq xeyir, tez "çox sağ ol" deyirik,
Düşünürük, o kəsin hesabına yeyirik.
Qulluğunda durmağa riya donu geyirik,
Tanrı verən nemətdən saya, dəyər vermirik.
Bax, beləyik biz indi, dünyamızın əşrəfi,
İtirmişik vicdanı, ədaləti şərəfi.
Haqq demirik, tuturuq vecsizlərdə tərəfi,
Yaxşıları bənzədib, zaya, dəyər vermirik.
***
Günahımmı a gözəl, mən səni candan sevirəm,
İlk baxışdan sevirəm, gördüyüm andan sevirəm.
Sanki aləm dəyişib, sirli bir əhval duyuram,
Ay üzündən nur alıb hər tərəf, hər yan, sevirəm.
Səsinin təsnəsiyəm, bircə kəlmə söz de uyum,
Bu sehrə, lütf elə ki, söyləyim "can, can", sevirəm.
Gözləyim bəs nə qədər yetmək üçün de vüsala?
Bu istək adi deyil, ay sənə qurban, sevirəm.
Görünür düşməmisən mən təki heç eşq oduna,
Düşəsən, soyləyəsən:"yandım ay aman, sevirəm".
Nəcməddinəm, eyləyən ruhumu fəth bu sevda,
Bəxtimə ən xoş əta verdi laməkan, sevirəm.
***
Min bir bəla yetişər insana ac nəfsindən,
Hər dərddən şəfa tapar, olmaz əlac nəfsindən.
Kiməsə istəyinə yetmək üçün bəs eləsə
Bir arşın, ağrı görər yeddi qulac, nəfsindən.
Gəlsə güc ad-sanına bil gətirər əskiklik,
Kütləşər varlığında haqqa inanc nəfsindən.
Gözünə pərdə çəkər, başı qarışar elə ki,
Anlamaz da özünə yağıdır, "qaç" nəfsindən.
Çal-çapında itirər, çaş salar da haqq-hesabı,
Qazancından çox olar verdiyi bac nəfsindən.
Nəcməddin, təklif ola xeyli vara kimdənsə,
Razı olma başına qoysa da tac, nəfsindən.
***
Topla, yığ hər nə qədər, anla, qalar dünyada,
İnsan oğlu şərəfi, şanla qalar dünyada.
Varlığında hərənin fərqli, ayrı qüdrəti var,
Mümkün, ömründəki tək anla qalar dünyada.
Haqq yolunda savaşan heç tərəddüd eyləmədən,
Edənlər şövqlə fəda, canla qalar dünyada.
Aqil, müdrikləri var, illəri öncə görəni,
Çöhrəsində sökülən danla qalar dünyada.
Uyub şeytan şərinə, fitnə-fəsad aşiqi də,
Əməlindən tökülən qanla qalar dünyada.
Nəcməddin, tək-tək olar belələr bizlik deyil ha,
Tanrıdan, kim necə ad-sanla qalar dünyada.
***
Yazıram, bil özümün, həm sənin əhvalını da,
Eyləyib ruha həmən cəm, sənin əhvalını da.
Sevincinə sevinib, dərdini salıb ürəyə,
Yaşayıram asan o, dəm, sənin əhvalını da.
Güvənirəm belədə dərklə fəhmimin gücünə,
İlhamımda tutur yön, çəm, sənin əhvalını da.
Dönürəm "sən" oluram, vallahi, nə az, nə də çox,
Mümkünsüz onda yazam kəm, sənin əhvalını da.
Çevrilir istəyimə ən mübhəm arzun, diləyin,
Gətirir nəzmə zilim, bəm, sənin əhvalını da.
Nəcməddin, faş edirəm aləmə qəlbimdə nə var,
Sözümdür nurlu edən şəm, sənin əhvalını da.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!