Bir gün Tanrı baxa üzümə bəlkə... - Şeirlər. Kəmaləddin QƏDİM

 

 

Getməzlər ölümün üstə

bu qədər...

 

Ömür-gün yoldaşıma

 

Nə səndə günah var, nə məndə, qadın,

İşlər gətirməz ki, nəhs də bu qədər.

Dərdə düşülməz ki, hər addımbaşı,

Axı, olunmaz ki, xəstə bu qədər.

 

Endir bu göylərdən fağır əlini,

Uzalı qalmaqdan yağır əlini.

Yetər, az köməyə çağır Əlini,

Həsəni, Hüseyni səslə bu qədər.

 

Ağırdı, bu yükü təkcə daşıma,

Bir az ağrıma bax, bir az yaşıma.

Kim deyir bu qədər dolan başıma,

Kim deyir sən məni istə bu qədər...

 

Özünü güzgüdə baxıb, gör bir az,

Dağınıq saçını dara, hör bir az.

Yanımda az otur, nolar, dur bir az,

Oturmaz şagird də dərsdə bu qədər.

 

Yol idi, üç addım, beş addım, bitdi,

Yük idi, buracan daşıdım, bitdi.

Ömürdü, bir cürə yaşadım, bitdi,

Yaxşı da bu qədər, pis də bu qədər...

 

Baxmazlar ya axşam, sabah, çıxarlar,

Həm də alnıaçıq, üzağ çıxarlar.

Bir az da ölümə qabaq çıxarlar,

Getməzlər ölümün üstə bu qədər...

 

 

Axtaran deyiləm

günahı səndə

 

Vaxt keçib, gətirib yaşı yaş üstə,

Birtəhər gəl, başa vuraq ömrümü.

Güc də yox qoymağa daşı daş üstə,

ya, hörək, yenidən quraq ömrümü.

 

Hardadı ağrıyan yarası, harda,

Yaranın məlhəmi, çarası harda?

Parası burdadı, parası harda,

Kimlərdən soruşaq, soraq ömrümü?

 

Alışıb bu dərdə-sərə bir cürə,

çəkdikcə dönmüşəm nərə bir cürə.

İçib tükətmədi,

hərə bir cürə

sümürüb qurutdu bulaq ömrümü.

 

Hər yandan, ötəri baxış tutmadı,

Bəzək götürmədi, naxış tutmadı.

Bir qəfil, şıdırğı yağış tutmadı

mənim cadar-cadar, quraq ömrümü.

Axtaran deyiləm günahı səndə,

Qoyuram, qoy yerə silahı sən də.

Mən yiyə deyiləm,

İlahi, sən də

burax, özbaşına burax ömrümü...

 

 

Sahiblik haqqı yox

qonağın üstdə...

 

Köklə, ürəyini dərdinə köklə,

Din, ağrı-acının, din, ahın üstdə.

Ya ahı sinənə çəkib də bəklə,

Ya da ki, ram elə, min ahın üstdə.

 

Sən ki, öyrəşmisən lap birincidən,

Daha çətin dəyə, çətin incidə;

Qoy gəlsin lap elə minbirinci də,

Bir ah yük olmaz ki, min ahın üstdə.

 

Sağ ol haqq başına təvafa görə,

Üzülmə aldığın cavaba görə.

Nə ənam verən var savaba görə,

Nə də dara çəkən günahın üstdə.

 

Fırlatma sözü də dönüb, döndərib,

Dön bax, arxa qərib, yürü, ön qərib.

Göndərən səni də qonaq göndərib,

Sahiblik haqqı yox qonağın üstdə...

 

 

Allah bilir

 

Öz nurundan yaradıb,

Üzünü Allah bilir.

Necə cızıb qaşını,

gözünü Allah bilir.

 

Gülmüsən, çiçəkmisən,

Kimə, nəyə çəkmisən?

Hurimi, mələkmiksən,

düzünü Allah bilir.

 

Əsdir, üstündə əsdir,

Sal da dalınca gəzdir.

Çəkilməsə verməzdi

nazını Allah bilir.

 

Dürr işi, ləl işisən,

Gör nə gözəl işisən.

Allahın əl işisən,

yazını Allah bilir.

 

Bilsən də, bilməsən də;

Belə sevilməz bəndə.

Necə gizlədir səndə

özünü Allah bilir...

 

 

Hələ bir duanın

üstdəyəm...

 

Əli dəyənəkli, qılınclı vardı

fələk mən astanın, yavanın üstdə.

Tək bircə davalıq qələbə vardı,

mən gedə bilmədim davanın üstdə.

 

Meydan meydan idi, fürsət tək əldi,

Axı, kim tək əlin səsinə gəldi?

Hələ də həvəs yox yuva dikəldim

o uçub, dağılan yuvanın üstdə.

 

Boşuna hər arzum, istəyim elə,

Bir kövrək, bir yanıq bəstəyəm elə.

Hələ bir duanın üstdəyəm elə,

o sən eylədiyin duanın üstdə.

 

Həmin dilsizinəm, o həmin lalın,

O həmin dərdlinəm, həmin bəlalın.

Yenə saatdabir dəyişir halım,

atırlar yenə də havanın üstdə...

 

 

Bir gün Tanrı baxa

üzümə bəlkə...

 

Musa Yaquba

 

Nələr yapmırıq ki, quru can üçün,

Bir can ki möhtacdı suya, əkməyə.

Sən çiçək dərirsən o dünyan üçün,

Mən gərək başlayım ağac əkməyə.

 

Ay Ustad, qoy haqdan gələn butanı

Haqq özü qorusun uca tutanı.

Sözüm yox üzünə baxıb utanım,

Sözüm yox üstündən qara çəkməyə.

 

Başım açılmayır duman əlindən,

Qurtulam biryolluq yaman əlindən.

Tutub vaxt əlimdən, zaman əlimdən,

Qismət... Hara çəkə, hara çəkməyə...

 

Ağır ol, hər şeyin ağırına var,

Əlac ol, karına, sağırına var.

Nə var, mənim kimi fağırı, nə var

bir quru şər atıb, dara çəkməyə.

 

Dayanıb xidmətdə, qulluqda şeytan,

Əvvəldə, ortada, quyruqda şeytan.

Hazırdı marıqda, buyruqda şeytan,

Hazırdı tələyə, tora çəkməyə.

 

Bir gün Tanrı baxa üzümə bəlkə,

Son bula, bitə bu oyun, mərəkə.

Çəkirsə, elə öz göyünə çəkə,

Çəkməyə, bu gordan gora çəkməyə...

 

 

Yaman tanış gəlir

bu külək mənə

 

Qəlbimdə yeri var, izi var kimi,

Yaman tanış gəlir bu külək mənə.

Əsir, elə əsir sözü var kimi,

Deyəsən nə isə deyəcək mənə...

 

Bəyaz saçlarımı oxşayan nəyi,

Nəyi doğma gəlir, çaşıb qalmışam...

Elə bil nə vaxtsa mən bu küləyi

göylərə əlimlə yola salmışam.

 

Yəqin yeri gəlib, yeri, qayıdıb,

Hazır kətilimdi, hazır darımdı.

Olmaya göylərdən geri qayıdıb

üzümə çırpılan dualarımdı?..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!