Şeirlər - Abuzər TURAN

 

Fevral ayının 6-sı sübh tezdən Can Türkiyəmizin 11 bölgəsini silkələyən

dəhşətli zəlzələ külli miqdarda dağıntılar törətmiş, on minlərlə soydaşımızın

tələfatına səbəb olmuşdur. Bütün sivil dünya bu dərdimizə şərik çıxmış, hərə əlindən gələn yardımı əsirgəməmişdir. Allah bütün nəcib niyyətli insanlara,

ölkələrə, dövlətlərə arxa-dayaq olsun. Türkiyəmizin başı sağ olsun, millətimizə Uca Yaradan səbr versin deyir və bu dərdi də mərdanəliklə aşacağımıza zərrə qədər şübhə etmirəm. Əminəm ki, bu təbii fəlakət dünyanın bütün Türk toplumunun daha sıx, daha səmimi birliyinə hüznlü bir vəsilə olacaq. Dərd doğma insanları daha da doğmalaşdırır! Göz yaşımla qarışıq qəlbimin dərinliklərindən süzülüb gələn bu kədərli təsəllimi - qəmli misralarımı uzun illərdir yaşadığım şimal şəhəri Moskvadan canım-gözüm, şirin sözüm doğma Türkiyəmə

çatdırmaqla özümü ovundurmağa çalışdım. Bir daha ucadan səslənirəm:

Başın sağ olsun əzəmətli Türkiyəm! Əyilmə, məğrur dayan, canım Türkiyəm!

 

 

Türkiyəm

 

Dərdin deşdi ürəyimi,

Atəş yaxdı kürəyimi,

Halalca duz-çörəyimi,

Qara günə gərəyimi,

Birgə bölək, diz çökməyək,

Möhkəm duraq, yaş tökməyək!

Dözək dərdə, Can Türkiyəm!

Qüdrətli Vətən, Türkiyəm!

 

Ana torpaq zülm elədi,

Dağı-daşı silkələdi,

Başımıza kül ələdi.

Evlər yıxan zəlzələdi,

Qayçılayıb ətək-ətək,

Kəfən biçən zalım fələk.

Bağrı qaraqan Türkiyəm!

Vüqarlı dayan, Türkiyəm!

 

Qurban getdi,min-min balan,

Çoxdur ağır yara alan,

Uçqun altda beş gün qalan,

Şir ürəkli körpə oğlan,

Yarana məlhəm olacaq,

Sənin qayğına qalacaq,

Min dərdə dərman Türkiyəm!

Halı pərişan Türkiyəm!

 

Asi düşmə, toxta, dayan,

Tarix boyu tökülüb qan,

Ya fələk eyləyib üsyan,

Ya qırıb özünü insan.

Bu dəprəm bizə sınaqdı,

Bəlkə nəsə bir qınaqdı?!

Məğrur dur hər an, Türkiyəm!

Düşmənə yaman Türkiyəm!

 

Dost-düşməni ayırd edək,

Dar məqamda dada yetək,

Dərd üstünə qoşa gedək,

Ölənlərə "rəhmət" deyək,

Nə sızlayaq, nə də solaq,

Qalanlara arxa olaq,

Əziz, mehriban Türkiyəm!

Mən sənə qurban, Türkiyəm!

 

10.02.2023

 

 

Laylay

 

Türk dünyasının ünlü söz adamına, müqtədir qələm sahibinə,

sevimli İstanbulumda ömür sürən Turan sevdalım, şair qardaşım

İmdat Avşara sevgi və sayğılarla

 

Canım İmdat, ağlama,

Yarama duz bağlama,

Qoşalaşıb iş görək,

Ölkəyə çox şey gərək,

Təsəlli, ürək-dirək,

Sağ qalana duz, çörək.

Laylay, ölənim, laylay,

Dərdi bölənim, laylay.

 

Fəlakətdir zəlzələ,

Qurban arar əcələ,

Evlər qəfildən uçdu,

Anlasaq, dünya puçdu,

Nəfəs getdi, bir quşdu,

Tamah iştaha tuşdu,

Laylay, gödənim, laylay,

Vaxtsız gedənim, laylay.

 

İnşallah, dərs alarıq,

Dərdi yola salarıq,

Nəfsə illac taparıq,

Xımır-xımır çaparıq,

Paranı az qaparıq,

Möhkəm evlər yaparıq,

Laylay, ağılım, laylay,

Qorxunc nağılım, laylay.

 

13.02.2023

Moskva


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!