Gecələr yuxunda portağal ətirli dənizlər görürdün... - Şeirlər. Əlibala

 

 

Səadət dalğası

 

Üzündə təbəssüm,

burnunda

yuyulmuş saçlarının ətri.

 

Geniş ekranın hər yerində Lui de Funes...

 

Güzgülər işıqlı, qapılar yüngül...

 

Gecələr yuxunda

portağal ətirli

dənizlər görürdün...

 

Masada anana aldığın peçenye.

Şirniyyat kağızları -

            sevişdiyin qadının gecəliyi...

 

Əlkimya

 

Sobada yanan alov

dəmir çaydanı qızıla bənzədir.

Qəmgin insan

indiyə inanıb, gələcəyə ümid edir.

 

Neqativ - Pozitiv

 

Sən gölməçəyə atılmış gülün

taleyinə üzüldün,

mənsə gülümsədim - suya hopmuş

qoxunu düşünərək...

 

Balıq bilməsə də...

 

Bir qab su içində

bişmiş balıq dərisinin üzüntüsüdür, qüssən.

 

Xırda-xırda hissələr qopur, həll olurdu...

 

Nə vaxtsa böyük dünyan,

            sonsuz yaddaşın vardı

amma indi ayaq altındakı

bir pulcuğu qorumağa bənzəyir

içindəki təmiz nəfəsi

            itirməməyə çalışmaq.

 

Təbəssüm

 

Xoşbəxt idi

alma dilimləyən bıçaq.

Bu səhər

masadan dünyaya

gülən gözlərlə baxırdı.

 

Dördbir tərəfdən ətirlənmiş gənc kimi...

 

***

Badam ağacının

qara qabığıyla doğma idi qaranlıq;

az işıqlı otaqda

sən ağ gecəliyinlə uzanarkən.

 

Bir su kranının qoxusunu xatırladım...

 

İşıq

 

Şara üfürdüyün nəfəs

məmnundur

yeni bədənindən.

 

İşarə

 

Tanrının bizə baxmasını,

gülməsini xəyal edirəm -

qaşıq qazanın içində fırlanır

və sonra çıxır, ağzı südlə dolu...

 

Əsmər üçün

 

Yaşamın hər addımında

            sənin dadını axtarmaq...

Bilirəm, qara daşlardan heç vaxt

            ağ krem axmayacaq...

Amma sənin tamını axtarmaq

həyatdan imtina etmək,

əslində səni yeni həyat sanmaqdır.

Mən süfrəyə etina etməyib

yeməksiz boşqabı öpmək kimi,

sənin dadını axtarmaqla

bütün pis dadlara nifrət etdim.

 

Sən iri bir göbələyin kölgəsində

saçına vurduğun broşla...

 

Sən

əriyən buzun qulağına

təsəlli pıçıldayan sözlərinlə,

Sən

istidən bişən çayır üçün

suyu bəzəyən əllərinlə...

 

Sənin qadınlığın bütün dünya qarşısında -

qucaqlamaq,

ağlamamaq,

müqəddəs qalmaq üçünmü?..

 

***

Çox danışandan sonra

duyduğun utanc hissi...

Səsin bir torbaya atılıb

azdırılmış pişik kimi...

 

Sevgini xatırlayarkən

 

Sarı almanın çilləri kimi

minnətdar idik Tanrıya,

mövcud olmağımız

yerə səpilməyimiz üçün...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!