Ömrümdən neçə gün qalıb,
neçə saat, İlahi?
Çoxdan Səndən nə zəng gəlir,
nə amanat, İlahi!
Kim kəsib Sən olan yerdə,
söylə, yolu-yolağı?
Gedim hansı cəhənnəmə,
hardan gəlir sorağın?..
Nə vaxt çaparam dördnala
mən də əcəl atında?
At altımdan uçub gedə,
mən də sənin altından.
Ha uçsam da, öz üstümə
uçar öz günahım da,
Səhvlərimi deyim, bəlkə,
çıxım söz günahımdan? –
...İki dünya gözəlinə
mehr saldım – yadında?
Nə özgəyə verdim, nə də
özüm aldım – yadında?
Yolda qoydum gözlərini,
gözümü dağlayarsan,
Əllərinə qurban olum,
üstündə saxlayarsan.
Neçə kərə söz göndərdin,
ərindim, yazammadım,
Ürəyimdə ocaq çatdın,
naşükür qızınmadı.
Qadan-balan sızan yerə
şərab süzdüm – bilirsən,
Sənin qurduğun dünyaya
dodaq büzdüm – bilirsən.
Ruhumu da tərpətmədi
min cür nazü-nemətin,
Yamanladım taleyimi –
haqdan gələn qisməti...
...Mərhəmətin, neyləsəm də,
günahımı aşmada,
Çoxdandı ki, içimdə bir
yalvarış dolaşmada: –
Gedib tövbə eləməyə
mənə yer ver, İlahi,
Elə yer ki, baxıb görüm
Sənsən hər yer, İlahi!
Günahımı nəylə desən,
razıyam, yuyum orda,
Əgər gücün çatsa, məni
özündən doyur orda...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!