Xalıda naxış kimi
Ürəyimdə yerin var
Xalıda naxış kimi.
Gözüm yol çəkər, axar
Həsrətli baxış kimi.
Nə yay, payız, qış, bahar
Əsər xəzri, gilavar.
Misralarım damcılar
Çiskinli yağış kimi.
Yer verməyək qubara,
Bağlanaq etibara.
Dönək məğrur çinara,
Bitməyək qamış kimi.
Dünya ki var - bizimki,
Ondan niyə bezim ki?!
Başqa hara yozum ki,
Görüşək tanış kimi.
Muncuğu
İcazə ver yaxana
Asım bir göz muncuğu.
Bu boya, bu buxuna
Düzüm bir söz muncuğu.
Sən çıxanda gəzməyə,
Gözdən baxış üzməyə.
Kəmərinə düzməyə
Gətirim yüz muncuğu.
Muncuq düzüm-düzümdü,
Bax muncuğa, yoz indi.
Gözəl muncuq, gözündü,
Hərənin öz muncuğu.
Keçmək olmaz üzündən,
Bu teldən, bu düzümdən.
Fəxrəddinin sözündən,
Şeirindən üz muncuğu.
Qınama məni
Desəm ki, adına ad qoşmuşam mən,
Qınama məni.
Desəm ki, bu ada yovuşmuşam mən,
Qınama məni.
Əl at, ulduzlardan pay ver desəm mən,
Günəşsən, bədirli ay ver desəm mən,
Dənizdən doymuşam, çay ver desəm mən,
Qınama məni.
Qısa tellərinə saç söyləsəm mən,
Qanad aç, göylərdə uç söyləsəm mən,
Bir gün ürəyini aç söyləsəm mən,
Qınama məni.
...dəniz deyim, göz deyim
Elə bil dəniz uyub gözlərinin içində,
Sakit, səssiz, dalğasız, güzgü kimi ap-aydın.
Çox gözlərin içində göz axtarıb, seçəndə,
Dəniz kimi duyğulu gözlərində dayandım.
Gözlərin dəniz kimi mənimsəyib ümmanı,
Dibində görünməyən tükənməz bir sirri var.
Gətirib təlatümə, dəniz gözün dünyanı,
Dəniz gözün gözümü kipriyiylə qucaqlar.
Sən sevirsən dənizi, dənizsə sevir məni,
Dənizdən iki sevgi düşür mənim payıma.
Kimə verim könlümü, sənə ya dənizəmi,
Dəniz elə gözündü, gözün yetər hayıma.
Heç bilmirəm gözünə dəniz deyim, göz deyim,
Axı gözlərin dəniz, dəniz elə gözündü.
Çox istədim gözünə bir tərifli söz deyim,
Gördüm tərif gözündü, gözün elə özündü...
Tapşır gözlərinə
mənə baxmasın
Xəyallar aparır məni uzağa,
Xəzəllər tökülüb baxçaya, bağa.
Çən düşüb elə bil boyun-buxağa,
Göz yaşın çaylartək daşıb, axmasın -
Tapşır gözlərinə mənə baxmasın.
Neylim ki, sözünə baxa bilmirəm,
Dik durub üzünə baxa bilmirəm.
Neyləsəm gözünə baxa bilmirəm -
Nə olar, baxışın şimşək çaxmasın,
Tapşır gözlərinə mənə baxmasın.
Demirəm - "yolunda yorulmuşam mən -
bulaqtək süzülüb, durulmuşam mən"
Eşqinlə yoğrulub, doğulmuşam mən -
Ovut ürəyini, qoy darıxmasın,
Tapşır gözlərinə mənə baxmasın.
Hər sevən ürəyin bir Leylası var,
Təmiz məhəbbətin bir xülyası var.
Yaşılbaş sonanın öz dəryası var -
Payız leysanların yazda yağmasın,
Tapşır gözlərinə mənə baxmasın.
Fəxrəddin Meydanlı, meylin tarazdı,
Gəlsə də qarlı qış, könlündə yazdı.
Çoxdur günahlarım, bu zülmün azdı -
Göz-gözü tutanda, qoy buraxmasın,
Tapşır gözlərinə mənə baxmasın.
Sən sevdin, sevdirdin
özünü mənə
Müddətdir, sevgidən yaman qaçırdım,
Sevgidən söz düşsə, uzaqlaşırdım.
Sevgi-məhəbətlə vidalaşırdım,
Sən sevdin, sevdirdin özünü mənə.
Sevgidən xəbəri olan azdır, az,
Sevginin dəyərin, bilən azdır, az.
Sevənin dərdindən, ölən azdır, az,
Sən sevdin, sevdirdin, özünü mənə.
Mən elə bilirdim, bir də sevmərəm,
Sevgimi kimsədə tapa bilmərəm.
Sevsəm də, bəlkə də, heç sevilmərəm,
Sən sevdin, sevdirdin özünü mənə.
Sən yatan sevgimi necə oyatdın,
Sevgidən içimdə tufan yaratdın.
Sevgiylə gözümdə qəfil boy atdın,
Sən sevdin, sevdirdin özünü mənə.
Sevgi kitabından dərs verdin mənə,
Sevməyi öyrətdin sən Fəxrəddinə.
Doğrusu heyranam, sənə, sevginə,
Sən sevdin, sevdirdin özünü mənə.
...gətirdin
Gəldin həyatıma, gəldin ömrümə,
Gəldin, yeni ömür, həyat gətirdin.
Hər səhər açılan yeni günümə
Sən təpər gətirdin, quvat gətirdin.
Elə bil uzaqdan gələn səs idin,
Könlümün istəyi, bir həvəs idin.
Ətirin burnumda - bir nəfəs idin,
Gəldin, sevgini də barat gətirdin.
Elə bil hələ də xam xülyadayam,
Bir şirin yuxuda, xoş röyadayam.
Köksü cadar-cadar bir səhradayam,
Sən mənə köhlən at, murad gətirdin.
Fəxrəddin, deyirdin - eşq yetib sona,
bu yaşda kimsədən nə küs, nə qına.
Bilməzdim sevgimdən bir qat oyana,
Sevgini sən mənə qat-qat gətirdin.
Heyif ki, dağlardan
aralısan sən
Dağların qoynuna gedən yol olar,
Yollardan ayrılan cığır, qol olar.
Dağlarda, ay maral, maral bol olar -
deyəsən, marallar maralısan sən,
Heyif ki, dağlardan aralısan sən.
Dağların döşünə bəzək meşəsi,
Meşənin talası - gözəl guşəsi.
Maralın qaçışı, könül nəşəsi -
bəlkə də ovçudan yaralısan sən,
Heyif ki, dağlardan aralısan sən.
Maral dağda olar, sən arandasan,
Maral bağda olar, sən ha yandasan?!
Göydə maral olar, asimandasan -
bulud tək ağlısan, qaralısan sən,
Heyif ki, dağlardan aralısan sən.
Bir maral baxışı gördüm gözündə,
Maralın səkişin yerişlərində.
Müşk-ənbər ətiri gəlir telindən -
yadımda, maral tək qalasısan sən,
Heyif ki, dağlardan aralısan sən.
Telinin altından ləbin bal verir,
Görünsə yanağın üzün xal verir.
Bu surət, bu qamət mənə hal verir -
məhəbbət himnini çalasısan sən,
Heyif ki, dağlardan aralısan sən.
Yararsan gədikdə dumanı, çəni,
Eşidər dərələr doğma hənrini.
Fəxrəddin Meydanlı vəsf edər səni -
ən gözəl maralın balasısan sən,
Heyif ki, dağlardan aralısan sən.
Yerdə mələk olmaz,
bu necə işdi
Hər gülün üstündə olmaz şəbnəmi,
Hər çiçək yayılıb qucmaz çəməni.
Hər gülüş heyrətə salmaz aləmi -
hər üzdə görmədim, bu nə gülüşdü,
Yerdə mələk olmaz, bu necə işdi.
Sənə "gözəl" desəm, insafsız ollam,
Sənə huri desəm, bil ki, yanıllam.
Üzündə nuruna baxıb durullam -
baxışın gözümdən canıma keçdi,
Yerdə mələk olmaz, bu necə işdi.
Tanrı hər gözələ, bir az kəm verib,
Hər şeyin yarısın, bölüb tən verib.
Sənə nə veribsə, tamam-cəm verib -
bu necə süzüşdü, necə yerişdi,
Yerdə mələk olmaz, bu necə işdi.
Sənin xalın solda, mənimki sağda,
Sallanıb meyvə tək qoşa, budaqda.
Kipriyin ox kimi durub ayaqda -
qaşların Aypara, gözün Günəşdi,
Yerdə mələk olmaz, bu necə işdi.
Görəndə bildim ki, ilham pərimsən,
Üzümə sökülən dan, səhərimsən,
Şairəm, sən mənim şah əsərimsən -
Fəxrəddin fikrini sənlə bölüşdü,
Yerdə mələk olmaz, bu necə işdi.
...görməmişdim
Bu gözəl, mən görən yüzlərdən deyil,
Bu bəniz, mən görən üzlərdən deyil,
Bu gözlər, mən görən gözlərdən deyil -
çox gözlər görmüşəm, söznən öymüşəm,
İlahi, mən belə göz görməmişəm.
Bu duruş, mən görən duruşdan deyil,
Bu yeriş, mən görən yerişdən deyil,
Bu gülüş, mən görən gülüşdən deyil -
çox gülüş səsinə mən səysənmişəm,
İlahi, mən belə göz görməmişəm.
Bu qamət, mən görən qamətdən deyil,
Bu halət, mən görən halətdən deyil,
Bu cənnət, mən görən cənnətdən deyil -
çox cənnət meyvəsin görüb, dərmişəm,
İlahi, mən belə göz görməmişəm.
...qız
Ay ürəyi dolu qız,
Gözüm çəkir yolu, qız.
Qıyma əysin boynunu
Bənövşənin kolu, qız.
Yol eylə sən, yola qız,
Bax həm sağa-sola, qız.
Yolda qalan gözləri
Rəva bilmə dola, qız.
Bu dağ, meşə, tala, qız,
Düşmə haldan-hala, qız.
Həsrət dolu bir könül,
Necə dözə, qala, qız.
Bürün qumaş şala, qız,
Əyil qaşa, yala, qız.
Köhləni çal dördnala,
Nə düz, dərə, çala, qız.
...yaxanı bağla
Açmısan sinəni yaz gəlməmişdən,
Göllərə yaşılbaş qaz gəlməmişdən.
Məclisə sədəfli saz gəlməmişdən -
gün çıxar, istəsən kükrə də, çağla,
Hələ ki, ayazdı, yaxanı bağla.
Camaat yundadı, qumaş geymisən,
Qurut paltarını, yamyaş geymisən.
Nazik geyinmisən, bir baş geymisən -
cavansan, soyuqdan canını saxla,
Hələ ki, ayazdı, yaxanı bağla.
Çağırma gözünlə, yaman halsızam,
Bir az könlüqırıq, bir az nasazam.
Sanma ki, qocayam, yalqız, yarsızam -
gəl könül mülkümü bir az varağla,
Hələ ki, ayazdı, yaxanı bağla.
Ağappaq sinənə baxmaq xoşdu, xoş,
Qəlbimdə ilhamım aşdı, coşdu xoş.
Fəxrəddin şeirini sənə qoşdu xoş -
şairi baharda axtar, soraqla,
Hələ ki, ayazdı, yaxanı bağla.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!