Şeirlər
DOSTLA SÖHBƏT
Yənə sənə gəlmişəm,
Qaçıb-qaçıb hamıdan
Astaca pəncərənin şüşəsini döymüşəm.
Demə mənə "yuxum var",
Demə mənə soyuqdu.
Geyin gedək sahilə
Susulacaq sözüm var,
Bilirsənmi əziz dost?
İnsan özündən qaçır
Yorulur yaxınlardan,
Bezikib insanlardan uzağa yelkən açır...
...hə, yetişdik sahilə...
Bax, Xəzər necə susub,
Gəl,
Sürümə ayağını.
Elə baxma üzümə,
Yorulmusan, bilirəm...
Otur biraz sağımda.
Sağımda bir boşluq var,
Solum yaman ağırdır,
Məni yaman ağrıdır.
Dostum, dinlə Xəzəri,
Susmağı da gözəldi,
Yorğun-yorğun uyuyub
Yatmağı da gözəldi...
Hə, harda qalmışdım...
Solum ağrıdır məni
Zibillikdi oralar...
ikiüzlü,
riyakar.
Allah,
Allah, nə qədər səfeh bəndələrin var.
Bilirsənmi, əziz dost,
Üşüyürəm gecələr,
Dizlərim isinməyir...
Sonra deyirəm səbr et,
Öləcəksən birtəhər.
Çox danışdım deyəsən?..
Bağışla, səni yordum...
Gözlə,
Çantama baxım, şərabım olacaqdı...
Hə, buyur nuş eləyək..
İçək
Uzağa dalaq...
Sağlığına dostluğun
Bu gecə birgə susaq.
SƏNİ GÖZLƏYİRƏM
Mən küləksaçlı,
Alçagözlü,
Payız qoxulu qadın...
Sən dağ rüzgarları tək haylaz.
Əlimdə zeytun budağı
Meyvəsi gözlərin.
Pozaq sevgisizliyin əzbərlənmiş əzbərin
İnandıraq dünyanı bizə...
Sən mənim qızlıq sevgim,
Mən sənə yasaxlanmış qadın...
Xoşbəxt sona az qalır,
Az qalır...
İndi hansısa at nallı qatar
Ya da, yel qanadlı bir uçaq
Düşüb saatından,
Uçuş vaxtından qaçaq
Səni mənə gətirir.
iki gözlü pəncərə- gözləri buğlu
Əynimdə sevdiyin gecəliyim
Lampanın yumulur gözü.
Gecə bizim,
Yasaxlar bizim,
Günahlar bizim.
Saat 2-yə qalır 5 dəqiqə
Bilirəm, indicə qapı çalınacaq.
***
Məni ayrılıqla qorxudan adam,
De görüm kim ölüb gedənlər üçün?
Bir məzar qazırıq,
İki göz yaşı...
Bu da , son ayindi ölənlər üçün.
Nə sən uşaqsan,
Nə də mən üzsüz.
Biz bizi bilərək edam edənik.
Gücümüz çatmayıb birgə həyata,
Ayrı pəncərələrin arxasında biz
Eyni dərd ipində qəbrə gedənik.
Nə qaldi de səndə
Nə qaldı məndən?
Bir nəmli əl izi
Bir öpüş yeri...
Qoy daha üşüsün o görüş yeri.
Nə sən uşaqsan,
Nə mən məktəbli.
Bilirik, ayrılıq zamanı yetib,
Serroz xəstəliyi tutub sevgimiz
Bitib,
Son nəfəsi də bu payız bitib.
SƏN DƏ GET
Sən də get,
Təbiət remarkasın hazırlayıb ayrılığın,
Bozumtul buludlar
Yağışlı küçələr
Və görüş yeri.
Sözlü baxışlarını götür üstümdən,
Götür, çiyinlərim sınacaq indi.
Sən də get...
Burax təkliyimlə baş-başa qalım.
Get adam,
Alıb saçlarımdan əlinin ətrin,
öldürüb arada bu eşqin xətrin
Gecikmə,
Dayanma, çıx get.
Gözündə bir baxış izimi saxla,
ikicə kəlməlik sözümü saxla.
Qırıq xəyallarım itkin düşübdü,
əl atıb arada cibini yoxla...
Əlvida!
***
Bir ev təkliyim var bu gecə,
Küçələr səssiz
Ağaclar baş-başa verib qısılıb gövdələrinə.
Döngələrdə arabir qəfil kölgələr sürünür,
yoxa çıxır.
Pəncərəmin altında iki addımlı səslərin bilinməzliyi...
Yaman uzun olur qış gəcələri...
sabahlar arzular tək əlyetmez.
Darıxıram,
Düşürsən yadıma anamın "damdabaca" nağılından
uşaqkən hey söylərdi anam:
"Damdabaca , gəl bu qızı apar"...
...gəl apar bu qızı, zalım adam.
Gözlərimi zilləyib səs gələn tərəfə
sükutdan diksinirəm
Saat zamanı yükləyib əqrəbin belinə
çovur üzüyuxarı.
Pəncərəmə qısılıb balaca pişik
Kim bilir hansı zibillikdə anası yemək axtarır...
Sıxılıram
Hər şey nə qədər anlamsızdır sən olmadan,
Yootubda oxuyur nəfəskəsici bir səslə
Cem Adrian..."bu gece uyut beni
Bu gece kollarında
Göster yüzünü cennetin"...
Utanmasam bir siqaret də yandırardım,
Hə siqaret demişkən, tapmışam onları
gizlətdiyin yerlərdən,
Daha əsəbləşmirəm bilirsən?
indi siqaretinlə də əzizsən...
Darıxıram,
Gözlərim pəncərədə,
Qulağım qapıda qalıb...bəlkə gələrsən
sükutu pozular təkliyimin.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!