Yolların nə vecinə
Dünyadan yollar keçər,
Hərə birini seçər.
Yolların nə vecinə,
Kimi necə keçəcək,
Kimi necə köçəcək.
Yollar görməmiş kimi,
Qucaqlayıb hər yanı,
Qucaqlayıb dünyanı.
Heç bilmir sərhəd nədir,
Heç bilmir möhnət nədir,
Yolların nə vecinə,
İntizar məbədidir.
Dünyanın hesabına,
İnsanın hesabına,
Bilir ki, əbədidir.
Xəzərin sahilində
Sahildə
ilk dəfə qələbə şənliyində
Səni gördüm,
gülümsədin
o gün sənin
təbəssümün
gözlərimdən,
ürəyimdən
asıldı.
İncitmədim,
Oxşandı, oxşandı...
Sevildi.
Üzdü gözlərimin
dərinliyinə.
Uzandı
Sərinliyinə.
Dostlaşdı,
Doğmalaşdı.
İşıq oldu
təbəssümün.
İçimə möcüzə doldu
o gün.
Dünya, səndə nəyim qala
Ulduz-ulduz,
göz yaşımı
saxla, gərəyin olar,
Dünya,
Qəmli-qəmli
baxışımı
saxla, gərəyin olar,
Dünya.
Mən gedirəm,
Zalım dünya,
Görən səndə
nəyim qalar?
Dərdli-dərdli
sızıldayan
bir yanıqlı
neyim qalar! -
saxla, gərəyin olar,
Dünya.
Hər gün
Günümüzün
neçə saatı
saata baxmaqla
keçir görən?!
Neçə saat sərf edirik,
darıxmağa,
tələsməyə,
dözməyə...
Dəqiqələri az qala
gözmüzlə çəkirik
irəli,
Tez "aparsın" deyə bizi...
Beləcə,
hər gün
saağ-saat enirik axşama
və
saat-saat qalxırıq
ömrümüzü...
İlk sevgi
Cavanlıqda
körpə eşqim,
utancaqlıq sərhəddini
yıxammadı, aşammadı.
Əzizləyib, izlədiyi,
gizli-gizli gözlədiyi
O gözəlin ürəyində,
gözlərində pöhrələnib,
yaşamadı...
Andan-ana,
Gündən-günə
Diddi məni,
sökdü məni
bu məhəbbət.
Ürək-ürək,
İç gileyim üzdü məni.
Dözdüm yenə,
Sahil oldum ürəyimlə
o sevginin dənizinə.
Dalğasıyla çox döyüldüm.
- Dağlanası olsam belə
dözdüm elə,
Amma yenə
nə etməli,
gizli qaldı,
sözlü qaldı,
közlü qaldı
məhəbbətim,
bir vüsalın
arxasınca.
Xəbərsizəm...
Səni xatırlayıram,
Ömrün qürub taxtında.
Bilmirəm ki, hardasan,
Bu köçkünlük vaxtında.
Baş tutmadı ilk sevgi,
Ayrıldıq biz bax, o gün.
Ürək dolu sevgiyə
Nöqtə qoymadı düyun.
İstəklim sorağında
Dilbədil ötdüm, nə qəm.
Məni axtarmısanmı,
Bir ondan xəbərsizəm...
Zərrə və sonsuzluq
Gözəlliyin cazibəsində
itirdim ömrün
olum,
ölüm qütbün.
Həyatın sonsuzluğunu
yaşadım
bir anda,
Onda inandım,
zərrəyə sonsuzluğun
sığışmasına.
Hələ belə inanmamışdım
Sizə,
qədim yunanlı
filosof Demokrit,
Sənə milyon rəhmət!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!