Məmməd İsmayıla
Sən də üz döndərdin, o dönük qızdan,
Qığılcım istəklər tam sınandılar.
Şeirlər apardın tozlu Tovuzdan,
Bakıda oxuyub tamsılandılar.
Çatıldı odunlar, yandı ocaqlar,
Tüstülər kösövdən buruldu göyə.
"Gənclik" jurnalından çıxan uşaqlar,
Qayıda bilmədi bir də gəncliyə.
Sabah nə olacaq ürəyə dama,
Hələ də güllələr süzür lülədən.
Heç kimə hündürdən baxmadın, amma
Adam axtarırdın Teleqüllədən.
İllər gümüş çəkən qalayçı kimi
Qara tellərini sığallayırdı.
Düşmənin addımı bir qayçı kimi
Hələ ki torpağı qayçılayırdı.
Bax onda sinəndən oyulmağın da
Ağrılı-acılı dəyanət idi.
Sənin vəzifəyə qoyulmağın da,
Məncə, şerimizə xəyanət idi.
Yolları xurcuntək aldın çiyninə,
Nisgili yavanlıq götürdün yola.
Dar gəldi ən iri paltar əyninə,
Harda axşamladın, xeyirlər ola?
Səma yelpikləmək uçan quşundu,
Şimşəkdə qəzəb də, gur işıq da var.
Təztəmiz göyləri görüb uçundun,
Gördün ki, nə varsa yaxşılıqda var.
Üşüyən baxışın Əsriyi anan,
Gözünü isidir bu doğma hənir.
Heç kimə etibar etməyir anan,
Ruhu başın üstə gəzir, hərlənir.
Susub Mürşüd kişi, susmur qara ney,
Bir ana dillənir üzü Allaha,
Məmməd İsmayılım, qapımızı döy,
Yorğun ağacdələn əl vermir daha.
Roma Xosrova
Durulur Şuşada bulanıq bulaq,
Laçına azadlıq havası gəlir.
Özü harda qalıb, özündən qabaq,
Yurda qayıdanın sədası gəlir.
Nə zaman tənhalıq güc verdi neyə? -
Uşaqlıq xınalı daşında qaldı.
Yaxşı ki, göz yaşın döndü tüstüyə,
Ya da çiskin olub Laçında qaldı.
Bulaqda şəkildi həsrətli gül üz,
Nişanlı qalan qız ələmindədi,
Söz ilə doludur, qələmindədi.
Çəkdiyin əzabı salmadın küyə,
Bacarsan sevinclə qəmi ayır sən.
Şəhidlər rahatca uyusun deyə,
Şeiri laylatək pıçıldayırsan.
Bu yoxsul zamanda əl qənaətcil,
Ağrılar qəlbində yığın-yığındır.
Həm şair olasan, həm qiraətçi,
İki adam olmaq tənhalığındı.
Köhnə dözümlərdi buludu göyün,
Təzə dözümləri ara, arındır.
Adamı yandıran şeir deməyin,
Özünə qəsdindir, intiharındır.
İçində ağlayır, üzdə gülürsən,
Durma! Gözləyən var, başla səfəri.
Laçının yanında yaxşı bilirsən,
Ay Roma
Nədir ki, Roma şəhəri?!
Təbriz-Xəzər
Hara şığısa da qartal qədəmin,
Qayıdıb enəcək səba yurduna.
Əlim ürəyimə yetmir ki, səni
Gətirim bu doğma baba yurduna.
Yolun o başında gözümün çəni,
Yolun bu başını dumanlar kəsib.
Hələ şəkillərdə görürəm səni,
Özünü görməyim
nəsib, ya nəsib.
Gecələr səhəri ölçüb-biçirəm,
Ölçüm dünyamızın yeddiqatıdır.
Gəmim olmasa da dərya keçərəm,
Bu yalan babanın zarafatıdı.
Burdan atlı keçdi, qanadlı keçdi.
Qızıl yalmanını daradı külək,
Həsrətli səsimi bəlkə eşitdi,
İnciməz, atanın qulağını çək.
Boylanıb baxanda danışa, gülə,
Görünür ağzında görən neçə diş.
Bilib oynayırsan oyuncaq ilə,
Bilmirsən bu dünya oyuncaq imiş.
Hələ yaşamaqdan heç kim doymayıb,
Dünyadan doymayan ömür-gün gəzər.
Amerika tamam kəşf olunmayıb,
Bu kəşfi tamamla, ay TəbrizXəzər.
Əzizim tamdı Təbriz,
Bütövdü, tamdı Təbriz.
Yandırırsan, yaxırsan,
Bu nə sitamdi Təbriz?
Mən bir kənd müəllimi
Addımım duruxdu kəndin başında,
Uçuq dəyirmandan qəm gülümsədi.
Üzü xəmirləyən qoşa daşın da,
Hayıf ki, dişləri tişələnmədi.
Çaxçaxa söykənib çomağın qolu,
Çobanı axtarır,yaman çaşıbdı.
Çəpərlər arası bir dana yolu,
Dəyişib sinəsi yaşıllaşıbdır.
Çiynində bel gedən islaq cuvara,
Quşlar səksəkəli baxıb uçdular.
Pasport verilmədi kolxozçulara,
Yazıqları kəndə bağlamışdılar.
Kənd içi ədalı çağrılar adım,
Götürdüm gözümdən gün eynəyimi.
Xar tutdan bərk tutan bir tut götürdüm,
Bəzədi ehmalca ağ köynəyimi.
Qovub qaranlığı sökülürdü dan,
Çantalı uşaqlar aşıb daşırdı.
Körpə balalar da keçib yanımdan,
Utana utana salamlaşırdı.
Saymadım dərsimdə keçən anları,
Zəng oldu, dəcəllər sevincə çatdı.
Tarix dərslərimin bol tikanları,
İmək direktorun dizinə batdı.
Dərsi bilməyənin qalxmadı əli,
Zəng yenə çaldı gülümsədilər.
İşlədiyim məktəb birmərtəbəli,
Çoxqat məktəblərə baxıb sindilər.
Qurtardım dərsimi çıxdım şenliyə,
Biraz söhbətləşdim burda dincəldim.
Donluq deyirlərmiş pullara niyə?! -
Mən ilk maaşımı alanda bildim.
Kəndin radiosu güldürdü məni,
Ay qız sən də eşit olsa da duzsuz.
"Mən bir kənd müəllimi,
Sən də bir kolxozçu qız."
Hayıf sənə
Üzündə göz pənahım var,
Gözün gözü dəyib səni.
Yaxşı, mənim günahım var,
Ürəyim neyləyib sənə?
Bir gül əkdin, qızıl bitdi.
Budağında bülbül ötdü.
Allah səni gözəl etdi,
Tanrı gözəl deyib sənə.
Deyən hər şeyi dedimi,
Gizlinləri söylədimi?
Sevənin əl vermədimi?
Bəs kim oldu layiq sənə?!
Gələn gəlmir, birdəflik,
Gedən gedir həmişəlik.
Üzün oldu çilik-çilik,
İllər niyə qıyıb sənə.
Saydığını fələk sayıb,
Kövrək könlün quzulayıb.
Əkdilər bitmədi, hayıf,
Amma yenə hayıf sənə.
Zarafat
O getdi, dalınca getdi ruzusu,
Gedənə nə deyim, nə deyim gözəl.
Gedənin dalınca su atarlar, su,
Su atdı xəlbirin, ələyin gözəl.
Günlər öz hökmünü verir, sərt verir,
Xəbərin varmı ki, dərdin dərdləyir,
Sükutla doludur, harda gərdəyin
Boş qalıb yad evdə gərdəyin gözəl.
Sözü ağbirçəklər müdrik deyirlər,
Öyüdlər dövrəni dövrələyirlər.
Təzələr böyüyür, lələkləyirlər.
Köhnəlir süd kimi lələyin gözəl.
Ulduzlar gözünə endilər axşam,
Hanı yol yeriyən, hanı yol aşan,
Bəxtini açmağa "minik" tapmışam
Qoy onu əyləyim, əyləyim gözəl.
Sərçə balası
Hələ ki uçmağa baxırsan göyə,
Hələ ki istəyin gözdə qalası.
Adamdan qaçmırsan bilmirəm niyə,
Adama qaçırsan sərçə balası.
Atılıb-düşməyin tərpədir tozu,
Daşlar caynağını itiləşdirir.
Açılıb-yumulur sənin ağızın,
Yuvan səsinimi bülbülləşdirir.
İpək tüklərinə sığal çəkməyə,
Yel niyə qayıdır, yel niyə dönür.
Daha ehtiyac da qalmır küləyə,
Qanadın açılıb yelpiyə dönür.
Boyuna bir daş da atdı insafsız,
Qorxub silkələdi sinəni ürək.
Özün boz deyilsən, rəngin bozdu, boz.
Sən rəng dəyişmədin buqələmuntək.
Ağaclar başında budaqlar haça,
Balalar yanına uçub cəm oldu.
Quşlar köç etdilər yemsək dalınca,
Sərçə bizə qalan yenə sən oldun.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!