Bir vaxtlar düşməzdin qollarım üstdən, İndi də sən mənə əl ol, ayaq ol! - Şövkət Zərin Horovlunun şeirləri

 

 

Ölmür analar

 

Ana, qocalmısan hərdən söyləmə,

Qar tutan saçlarım titrəyər, əsər.

Asta yerişimi irad eyləmə,

Qızım, ayaqlarım səndən inciyər.

 

Soyuq baxışlardan donar ürəyim,

Yuxum gözlərimdən ərşə çəkilər.

Yasdığım islanar göz yağışımdan,

Qoynuma gecənin qoru tökülər.

 

Dizlərim bükülür, yapış əlimdən,

Qoy söykənim sənə arxa-dayaq ol.

Bir vaxtlar düşməzdin qollarım üstdən,

İndi də sən mənə əl ol, ayaq ol!

 

Dünya köçündəyəm, karvanım gedir,

Sahil görünür ta qutarıb yolum.

Ömür də darıxır, sözümə baxmır,

Məni çox danlama, qurbanım olum.

 

Gəlimli-gedimli xiridar dünya,

Əbədi qaydadır, elə fırlanar.

Ayağının altı cənnət yeridir.

Yaşayır, qocalır ölmür analar.

 

May, 2022

 

 

Ürəyimdə gözləyirəm

 

Təzə mənzil almışıq,

Geniş, işıqlı

Təmtəraqlı, yaraşıqlı.

Bənzəri yoxdur köhnə evimizə,

Bu gözəllikdən təzə ruh, təzə həvəs

Doldu ürəyimizə.

Bəs nədən qayğılıyam, dinmirəm,

Özüm də bilmirəm?

Qızım, nəvəm həvəslə köçməyə hazırlaşırlar,

Sevincdən sanki aşıb-daşırlar.

Mən onlara xoş arzular diləyəcəyəm,

Səni burda, köhnə evimizdə,

            odamızda gözləyəcəyəm.

Bir-birimizə söykənə-söykənə,

Bir-birimizə yükünə-yükünə

Ömrü başdan başlayaq

Ahıllığımızı ürəyimizcə yaşayaq, doyunca,

Bir çərçivəyə iki ömür sığınan şəkil olunca.

Yaman təlaşdayam,

Yüyürürəm pəncərəyə, qapıya,

Qorxuram gəlməyəsən,

İnadım üzümə durra, məni qınaya.

Təkliyimlə doludur evim, odan,

Gecikmə, ömrümə uzaqan gələn adam.

Ayaq səslərini ürək döyüntülərim kimi

Dinləyirəm,

Səni ürəyimdə gözləyirəm...

 

 

Sevgi dolu dünya

 

Gözlərim vaxt varkən bax bu dünyaya,

Ömrə axşam düşüb, qaş qaralacaq.

Sevinc də, kədər də sonna yetəcək

Sənə bu dünyaya baxmaq yetəcək.

 

Dəniz qabaracaq, çaylar daşacaq,

Ləpələr siləcək sahildən səni.

Sularla sevdalı ağ qağayılar,

Hərdən oxuyacaq dəniz nəğməni.

 

Açılan səhərin nurlu üzünə,

Günəş üfüqlərdən gülümsəyəcək.

Uzaq xatirələr doğulan yerdə,

Külək öz dilində şərqi deyəcək.

 

Gözəlliklər yayan gülə, çiçəyə

Gözünlə baxıb duyğu-duyğu oxşa

Başa vurmadığın sevgi nağılın,

Əbədi yuxutək apar özünlə.

 

Gözünlə dünyanı iç udum-udum,

Acılar versə də, şirindi həyat.

Dünya sevgisinin içindən keçib,

Özü sevgidolu bir dünya yarat.

 

Avqust, 2022

 

 

Günəşə sarı gedim

 

Gündüzlər baş girləyib

Gecələr gec yatıram,

Yuxularımı gecənin intizarına qatıram.

Gecə də mənə baxıb darıxır,

Ay da narahat olur.

Hərdən Ay işığı ümid kimi ürəyimə dolur,

Şeir-şeir mənimlə yuxusuz qalır.

Bəzən dəli küləklər pəcərəmdə həzinləşir,

Doğmalar kimi mənimlə dərdləşir.

Bəxtə, taleə bax, o gündən - bu günə

Küləyin dilinə öyrəşmişəm.

Onu özümə həyan bilmişəm.

Yağış da ovqatımı görüb səmtini dəyişib azır,

Gözlərimdən yol çəkir, üzümdə cığır qazır.

İndi mən qaralıb köməşən,

Küləklərin qabağında göylərdən ayrı düşən

Bir topa-bulud kimiyəm,

Yağmağa yer gəzirəm.

Qərib, uzaq bir daya bənzəyirəm.

Xəyal kölgəsini üstümə sərir,

Gecə ürəyimə köçür,

Məndə gecələyir.

Vaxt da daralıb, bir azdan

            gecənin ömrü qurtaracaq.

Dan yeri qızaracaq.

Həyat canlanacaq,

Yeni nəğmələr oxunacaq,

Bətnimdən yeni şeirlər doğulacaq,

Günəşədi ümidim,

Günəşə sarı gedim.

 

 

Şeirim ağlayır, mən ağlayıram

 

Həyat yoldaşımın

anım günündə

 

Elə bil o həminki dumanlı, çənli

Payız günüdü,

Bu da ağlayıb, gözləri qızarmış

Dan yeridi, o nisgilli sabahdı,

Nə deyim, gün o gün deyil

Amma, Allah o Allahdı,

Dəyişən zamandı, vaxtdı

On ildir qapı-pəncərəmi döyüb

Yaddaşımı qanadır,

Səni xatırladır.

Saatımızın əqrəbləri də elə o gündən bu yana

Sənin vaxtını döyür.

Vaxt ağlayır, mən ağlayıram.

O payız ovqatımıza qəm düşdü, kədər qarışdı,

Ölüm kabusu evimizdə dolaşdı.

Övladlarımızın gözündə

            kədər görməyim deyə

Sənsizliyi tək yaşadım,

Bağrımı həsrət kösövü ilə

            gizli-gizli dağladım,

Həsrət ağladı, mən ağladım.

Sən ünvanlı xatirələr sinəmdə yurdlaşıb

Yaddaşımda daşlaşıb.

Hələ də yol gedirik qol-qola, əl-ələ,

Kövrələ-kövrələ.

Sənin dünyana yaxınlaşıram,

Xatirən ağlayır, mən ağlayıram.

Payız da yenə buluduna dolub,

Mənim kimi kövrək olub,

Kirpiklərimdən damcılayır,

Küləkləri qeyizlənib,

Soyuq barmaqları ilə saçlarımı darayır,

Saçlarım əllərini xatırlayır,

Hərdən də qora dönüb qoynuma,

            qoltuğuma dolur,

Külək ağlayır, mən ağlayıram.

Qələm, kağızım da

            payız sükutu kimi lal düşüb,

Duyğularım ürəyimin bir küncündə bürüşüb,

Gözlərim şeir-şeir dolur,

Misra-misra boşalır, səhər-axşam,

Şeirim ağlayır, mən ağlayıram.

 

Noyabr, 2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!