Şeirlər - Oktavio Pas

Cavanşir Yusiflinin fransız dilindən tərcüməsində

Himn üçün başlanğıc: Gözlərin (1943-1948)

Gözlərin - şimşəklərin vətəni,

Bir də göz yaşlarının,

Dilli-dilavər səssizlik, bir də...

 

Küləksiz fırtına, dalğasız dəniz,

Əsir quşlar, yatmış şir qızıl qəfəsdə,

Həqiqət kimi günah saçan ləl, gövhər.

 

İşığın kölgəylə oynadığı talaya payız gəlib

Bir ağac ki, bütün yarpaqları

Quş olub, susub...

Bir məmləkət ki, səhəri dolmuş gözləriylə açır,

Meyvələr - ot tutub alışan səbətdə

Ümid verən yalan,

Bu dünyanın bütün güzgüləri, o dünyaya açılan qapı,

Bərq vurub sayrışan dənizin nəbzi

Günorta,

Buz səhrası...

 

 

Unutmaq

Yum gözlərini, zülmətə təslim ol

Kirpiklərinin qızılı yarpaqları altında

 

Zümzümə edən kimi

xəzəl kimi yerə düşən

səsin küçəsindən keçib

xəyala dalmaq

qurtaracaq yerinə

son pərdəsinə qədər səsin,

səsi batmış şəlalə kimi.

 

Kölgələrə qarış get,

Dərinin içində gizlən, yaşa,

Bir az da dərində, səs çatmayan yerində

Qoy sümüklərin - rəngi qaçmış ildırım

Qamaşdırsın gözünü, kor etsin səni

Orda zirvəylə qaranlıq körfəz arasında

Mavi lələklərini açsın, od saçsın.

 

Yuxunun  əriyən kölgələrində

Lüt-üryansan, islan orda;

Çıx bədən adlı qəfəsdən, bil ki,

Köpük

Bilmir sahildə kimi unutduğunu.

Özünü özündə batır,

Özündə itir, özünü, sonsuzadək.

Necə ki, dəniz dənizdə boğulur, batır,

Özünü də, məni də unut...

 

 

YAŞIL MÜRƏKKƏBLƏ YAZ

Yaşıl mürəkkəb bağları, meşələri, çəmənləri oyadır

Hərflərin oxuduğu yarpaqları,

Ağac olan sözləri

Yaşıl bürclər olan cümlələri.

İcazə ver sözlərim yerə düşsün, səni örtsün

Qar basmış talaya yarpaq yağışı kimi,

Sarmaşıq altındakı heykəl kimi,

Bu səhifədəki yaşıl mürəkkəb kimi.

Əllər, bel, boğaz, sinə,

Dəniz kimi təmiz alın

Payız meşəsi boynun

Ot sapalağını dişləyən dodaqlar

Təninə yaşıl nişanələr səpələnib

Ağacın gövdəsi tək.

Bu kiçik işıqlı çapıq incidir səni:

Səmaya bax - ulduzlar döyülüb üstünə...

 

 

Bağ

Axıb gedən buludlar, qol-qola,

Yuxuda durub gəzən buludlar, məmləkət çöllü-biyaban,

Nə səs, nə səmir...

Hər şey çəkisizlikdə...

Günəşin cızdığı şəkli külək pozur anbaan.

 

Dörd divar, kərpicdən. Sarmaşıq tonqalı:

Qol-boyun alovları içində gözlərim

Çimir. Hardasa külək var, həniri gəlir,

Yarpaqlar və otlar diz üstə çöküb.

 

Gün çiçəyinin ayaqları dolaşır,

ətrinin içində itib, bürüşüb qalıb. Peyğəmbərçiçəyi,

göyrüş bir az fikirli: şam ağacı

Bağ kiçik, əl içində, səma sonsuz.

 

Mənim xarabalıqlarımda nəmişlik cücərib

Gözlərimdən baxıb, əlini toxundurursan

Özünü məndə tanıyırsan, ordaca düşünürsən,

İçimdə yaşayır, içimdə qeyb olursan.

*  *  *

Küçəylə gedirəm,

Addımların səsi

Tam başqa bir prospektdən eşidilir.

Ordasa

Özümü eşidirəm,

Gecənin içiylə addımlayan

Harada ki,

Yalnız duman həqiqidir.

Fransız dilindən tərcümə edən:
Cavanşir YUSİFLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!