Hərəmiz bir cür dəliyik... - Şeirlər. İsmayıl Mərcanlı İMANZADƏ

 

 

Gedək söz dirilən yerə

 

Özümə xitabən yazdığım şeir

 

Hardan gəldin bu qapısı -

Bacası hörülən yerə?

Bir də düşməz haqq işığı

Məhəbbəti uralanıb,

Sevgisi dərilən yerə.

 

Burda sütunlar yıxılıb,

Halallıq küncə sıxılıb.

Bir bölük şeytan yığılıb,

Tanrı öldürülən yerə.

 

Gördüyün daş-divar da yad,

Ot bitməyən yerdə nə dad?

Yaxın düşə bilərmi od -

Ocaq söndürülən yerə?

 

Yetişmədin diləklərə,

Səsin çatmır mələklərə.

Gəl, qoşulub küləklərə

Gedək söz dirilən yerə...

 

Günlərim

 

Bir də "caynağıma" keçərmi yaxan,

Hər anın bulanıq su kimi axan.

Gözüm baxa-baxa əlimdən çıxan -

Ruhu yağmalanan, talan günlərim!

 

Qəfil tuş gələndə qüssəyə-qəmə,

Bilmədim dərdimi söyləyim kimə...

Yas tutub uğursuz məhəbbətimə -

Gül kimi vədəsiz solan günlərim!

 

Şeirim isinsə də ağızda-dildə,

İtirdim özümü hər ötən ildə.

Könlümü sızladan qərib bir eldə -

Elə hey sükuta dalan günlərim!

 

"Ağılsız" vaxtımda məni çaşdıran,

Vəfasız bir qıza şeir qoşduran...

Əzəli incitək göz qamaşdıran -

Axırı boz üzlü yalan günlərim!  

  

Bilirəm nə meysən, nə də ki məzə,

Astarın kömköhnə, üzün təmtəzə.

Bir gün üz tutanda "gedər-gəlməzə -

Qurdla qiyamətə qalan günlərim!

 

Ürək

 

Ürək etibarsız,

Yalançı "dost" kimidir.

Bir ömrün illər uzunu

Yükünü dartıb aparan

İnsan vücudunun

Boz üzlü, zəhimli

Hakimidir...

Gah coşdurur qanı,

Gah da üzünə

Ölüm kögəsi çökən

Ən sərt adamı da

"Ovuşdurub" yumşaldır

Mum kimi.

Sonra da... "gedər-gəlməz"ə

Göndərir onu,

Ölüm hökmü verilən

Məhkum kimi...

 

Hərəmiz bir cür dəliyik...

 

Hər kəsin öz yolu-izi,

Alın yazısı, səsi var.

Hər küçənin ipləməsi,

Hər məhlənin dəlisi var.

 

Həyat bir sınıq aynadır,

Yanılırıq addımbaşı.

Hökmü verən söz oynadır,

Mat-məəttəl qalır naşı...

 

Birisi üstən aşağı

Baxır məzluma qıyqacı.

Yaltaqlıq qazanclı "peşə",

Məddahlıq "çörək ağacı".

 

Boşa çıxanda əlləri,

Heydən düşür ağıllı baş,

Dil sığışmır öz "qınına",

Bitməyir nə cəng, nə savaş...

 

İçin-için ağlasaq da,

Zəmanənin "nəbzin" tutub

Arsız-arsız gülməliyik.

Allah ağıl versin bizə,

Hərəmiz bir cür dəliyik...

 

Neyləyim

 

Bilmirəm neyləyim ki

Gözümdə yaş qalmasın.

"Ətəyimdə" kiməsə

Atmağa daş qalmasın.

 

Bu alın yazısımı...

Tale fəndgir, mən naşı.

Doğulandan gedirəm

Əcəlimlə yanaşı.

 

Kaş, nə əllərim əsə,

Nə ayağım sürüşə.

Ömrün yükü çiynimdən

Elə qəfildən düşə...

 

Adamın

 

Bəxt kəsir bəndin-bərəsin,

"Dişi batdığı" adamın.

İllər "şirəsin" sümürür,

Başın qatdığı adamın.

 

Öz şəkli var öz səsində,

Dərd yurd salıb həvəsində...

Bəxti hər gün sinəsində

Ocaq çatdığı adamın.

 

Bitmir taleyin oyunu,

Cəng-savaş qanla yuyunur.

Ölüm "oxşayır" boyunu

Gözü tutduğu adamın...

 

Payız çiçəyi

 

Ləşəklərin tir-tir əsir,

Qar-sazaq üşüdür səni.

Səslə don vurmuş "bəxtini"

Sağdırsa eşidir səni...

 

Soldu əlvan rənglərin,

Döndün bir anda xəzələ.

Heç insafı yoxmuş qışın,

Zülm etdi səntək gözələ...

 

Quşlar üstündən ötməyir,

Gözə dəymir xallı böcək.

Köklərin həyat eşqindir,

Səni yazda dirçəldəcək.

 

Məndən əsirgəmə dualarını...

 

Bəzən dost-tanış da yanmır halıma,

Niyə bədxahlarım günbəgün artır?

Daş-kəsək yağdırır biri yoluma,

Biri ayağımdan yapışıb dartır -

Məndən əsirgəmə dualarını!

 

Fərli malım-mülküm, həyət-bacam yox,

Çıxır daş altından halal çörəyim.

Adımın üstündən xətt çəkənə bax,

Bilmir ki şeirimdir damım-dirəyim -

Məndən əsirgəmə dualarını!

 

Dayanıb durmuşam üzü qibləyə,

Hər kəlməm nur saçır söküləndə dan!

Vallah, heç özüm də bilmirəm niyə,

Daldada kölgəmi daşlayır nadan -

Məndən əsirgəmə dualarını!

 

Ovcumda bir xışma dən saxlamışam,

Sanma, bir qarnı tox, bir qarnı acam.

Söz-söz, misra-misra yarpaqlamışam,

Təkcə el-obama hələ möhtacam -

Məndən əsirgəmə dualarını!

 

Gücüm-taqətimdir "xəyali" sevgim,

Bilsin bilməyənlər, yenilməz dağam!

Nakam, könlü sınıq həyalı sevgim,

Səni ömrüm boyu yaşadacağam -

Məndən əsirgəmə dualarını!..

 

Keçib

 

Dönük bəxtin rəngi qara daşdadı,

Günah quruda yox, bəlkə yaşdadı?

Topuqda deyil ha... ağıl başdadı,

Nə dodaqdan-dildən, nə dişdən keçib.

 

Nəfsin "ovcundakı" bir qoz, üç badam,

Tamah girdabında közərərmi şam?

Hamıdan qabağa hoppanan adam

Elə bilirik ki, girişdən keçib.

 

Başlar "sükandırsa", ayaqlar "təkər",

Gözlər gördüyünün "şəklini" çəkər.

Günah yağmurunda islansaq əgər

Ha qaçaq, ha yortaq,-yerişdən keçib...

 

Meylimiz yazadır, yönümüz qışa,

Həyatda ölümlə-dirim baş-başa.

Elə ki ağzımız dirənir daşa,

Deyirik eh... daha iş işdən keçib...

 

Salam, şəhid çinarım

 

Qarı düşmən zaman-zaman Cəbrayıl şəhərinin iftixar rəmzi olan

850 yaşlı Dədə Çinarı da məhv etmişdir...

 

Əzəl gündən düşmənə

Sağalmaz göz dağıydın.

Əl çatıb, ün yetməyən

Şəhid ucalığıydın.

"Çiynində" dərd yüküydü

Ağır elsiz-obasız

Ötüb keşən hər çağın.

Düşmən bilməsin deyə

Gizlicə sızlayırdı

Kökün, gövdən, budağın.

"Yuxunu" ərşə çəkən

Dirinin, Ağoğlanın,

Teyin, Gordubabanın...

İllərlə bağlı qalan

Cığıriydı, yoluydu.

Hacı Qaraman kimi

Gözlərin yol çəkirdi,

Təkcə həyat eşqindən

Varlığına sığınan

Büllur Kəhriz halıydı...

Düşmənin caynağında

Buğum-buğum doğranıb,

Qalansan da odlara,

Sən son "nəfəsində" də

Xudafərin əzminlə

Üz vermədin yadlara...

Bizim Cəbrayıldakı

Ulu Çinar Babamız,

Dar ayaqda köksünü

Sipər edib torpağa

Yenilməz igid oldun.

Şərəfli ölümünlə

Doğma ana Vətənin

Uğrunda candan keçən

Ərən oğullar kimi

Ölmədin, şəhid oldun!..

 

Könlümə bir payız

havası düşüb

 

Bilmirəm hüsnünə heyranam niyə,

Hökmü yerə sığmır, hikkəsi göyə.

Bəlkə də ruhuma doğmadır deyə -

Könlümə bir payız havası düşüb.

 

Qış tutqun çöhrəmdir, bahar sevincim,

Yay od-alov saçan bucağım-küncüm.

Son bahar misraya dönən söz incim -   

Könlümə bir payız havası düşüb.

 

Ömrüm qəriblikdə keçdi eləcə,

Qarışdım zülmətdə qərq olan köçə.

Özüm də bilmirəm niyə bu gecə -

Könlümə bir payız havası düşüb.

 

Gələndə çiskinlə, yağışla gəlsin,

Keçsin dolaylardan, yoxuşla gəlsin.

Ruhumu oxşayan naxışla gəsin -

Könlümə bir payız havası düşüb.

 

Vətən sevgisiylə köklənmiş neyəm,

Nə umu-küsüyəm, nə də gileyəm.

Kaş, ata yurduma köç edib deyəm:

Könlümə bir payız havası düşüb.

 

Mingəçevir


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!