Hansı Avropa?.. - Azər TURAN yazır - Azər TURAN

Azər TURAN

 

Emil Zolyaya görə mədəniyyət Şərqdən Qərbə doğru tədricən hərəkət edib. Çindən başlayıb Hində, Hinddən Fərat və Dəclə vadilərinə, buradan qədim Misirə, Misirdən Yunanıstana, Yunanıstandan Romaya, Romadan Avropanın başqa ölkələrinə, Avropadan da Amerikaya keçmişdir. Zolyanın "Roma" əsərinə istinadən Əli bəy Hüseynzadə yazırdı ki, mədəniyyət bəzi istisnalarla bir ölkədən digərinə keçdikcə irəlisi abad və gerisi viran olur, tərk etdiyi ölkə isə bir növ mədəniyyət məzarlığına çevrilir.

Mədəniyyətin isə hərəkəti dayanmır...  Elə buna görə də dünyada heç bir insan ayrıca nə şərqli, nə də qərblidir.  Nobel mükafatı laureatı Moris Metirlinkə görə "insanın beynində bir Şərq, bir də Qərb köşəsi vardır". Əgər belədirsə, o zaman dünya ədəbiyyatı yalnız Qərb ədəbiyyatı mənasında anlaşılmamalıdır.

Bugünkü Avropa Böyük Fransız inqilabının bəhəridir. Böyük Fransız inqilabına gedən yol isə Avropa intibahından qaynaqlanıb. Avropa intibahının da beşiyi başında Əndəlusdakı Toledo, Kordova mədrəsələri dayanırdı. Avropanın yüksəlişi Əndəlus mədrəsələrinin İslam elmini Qərbə yaydıqları dövrdən etibarən başlamışdı.

Dünyalarca məşhur "Elm tarixinə giriş" əsərinin müəllifi Sarton Antik çağdan XIV yüziləqədərki dövrdə elmlərin inkişafının tarixi bölgüsünü aparmış, elm minilliyini yarıməsrlərə bölərək, hər əlli ildən bir dünya intellektualının liderini müəyyənləşdirmişdi. Bu bölgüyə əsasən e.ə. 450-400-cü illər Platon dövrüdür. Platon dövrünü Aristotel, Evklid, Arximed dövrü təqib edir. Miladdan sonra 600-700-cü illər Çin alimlərinin payına düşür, 750-1100-cü ilə qədərki dövrlər isə Cabir, Xarəzmi, Razi, Məsudi, Səfa, Biruni, Ömər Xəyyam çağları, yəni Georgi Sartona görə, dünya elminin qızıl çağlarıdır...

Fransız oriyentalisti və tarixçisi Rene Qrusse isə Fərabi, İbn Sina, Qəzali Platona və Aristotelə bağlıdır deyə, ərəb fəlsəfəsini də Qərb fəlsəfəsinin varisi hesab edir. Amma o da var ki, bugünkü qürurlu Avropa Aristoteli də İbn Rüştün vasitəsilə tanınmışdı... Sonralar Şərqdə baş vermiş qərbləşmə hərəkatından öncə XIX yüzilin əvvəllərində yenə də Qərbdə Şərq mədəniyyətinə bir heyranlıq vüsət almışdı. "Bu gün hər zamankından daha çox Şərqlə məşğul oluruq....  14-cü Lüdovikin əsrində (yəni XVII yüzildə - A.T.) hər kəs yunan mütəxəssisi idi, indi isə hər kəs şərqiyyatçıdır" söyləyən Viktor Hüqo "Les Orientales" - "Şərq motivləri"ndə: "Şərqin rəngləri sövq-təbii olaraq fikirləri, xəyalları boyadı" deyirdi. Dünyanın hər yerində ədəbiyyatın ruhu, Şpenqlerin təbirincə desək, antik çağın Apallon ruhu ilə, Şərq magizminin, Qərb Faustanəliyinin qovşağında cərəyan edir. Ancaq hər zaman belə olmur. Luis de Kamoensin "Luziadlar" əsəri də ədəbiyyatdır, hətta ispan intibahının ən parlaq nümunəsidir. Dünya ədəbiyyatı faktıdır. Amma "ey avropalılar, ey xristianlar... bir-birinizlə birləşib türklərə hücum edin!.. Ən müdhiş, ən öldürücü vəsaitlə türklərin başına bir bəla kəsilin! Və gözəl Avropanın mədəniyyəti ortasında artan türk irqini, Kaspi dağlarının və soyuq Skitiyanın ən ucqar dərinliklərinə qədər dəf edin... Bu zalım, bu hissiz və mərhəmətsiz xalqa acımayın!" deyə yazan və bütün xristian dünyasını erməniləri "vəhşi" türklərin zülmündən xilas etməyə səsləyən bir ədəbiyyatın "qan qoxumayan tək dastan"ı (Kine) Avropada olduğu kimi, bizdə də dünya ədəbiyyatının parlaq nümunəsi sayıla bilərmi? Baxmayaraq ki, Kamoens bəzən hətta Homerlə müqayisə edilir, ona bənzədilir. Hətta "bir qitənin deyil, bütün qitələrin, yəni əbədiyyətin fatehi" (C. Meric) adlandırılır... Fəqət, "Luziadlar" dünya ədəbiyyatı çərçivəsində həm də bizim ədəbiyyatımız sayıla bilərmi? Məncə, sayılmamalıdır.

Kamoensdən 500 il sonra həmin Skitiyanın ucqarlarında doğulan Çingiz Aytmatov dünya ədəbiyyatı faktını 29 yaşında Böyük Çöldəki böyük məhəbbətin timsalında yaratdı. 29 yaşlı yazıçının ədəbi zehniyyəti dünya ədəbiyyatı adlandırılan məkanı, az qala, bir göz qırpımında fəth etdi. Danyar bizlərə Məcnundan daha yaxın, Cəmilə avropalılara Cülyettadan daha doğma oldu. Bunu "hər halıyla öyünən, qürurlu və məğrur Parisdə" "Cəmilə"ni  mütaliə və tərcümə edərkən "Romeo ilə Cülyettanın... "xəyalları gözlərinin önündən bir anda silinib gedən" Lui Araqon da sezdi. Çünki Cəmilə ilə Danyarın sevgisini yaradarkən Çingiz Aytmatov Afroditanın və Dionisin eşqanə və sərməst cazibəsinə uğramadı, Olimpə yüksəlmədi, Avropadakı ədəbi təmayüllərə bəlkə də etina etmədən öz ədəbiyyatının ruhuna - Çölə, Çöldəki insanın içinə, içindəki sevgiyə endi.

Mədəniyyət əbədi dövriyyədədir. Əli bəy Hüseynzadə 1927-ci ildə Orhan Seyfi Orhona verdiyi bir müsahibəsində deyirdi ki:

"Bən Asyayi-Vustada (Orta Asiyada) yunan mədəniyyətinə bənzəyən bir mədəniyyət bulunmuş olduğunu 1915-ci ildə Berlinə səyahətlərimdən birində Lukovdan duymuşdum... Yusuf Akçura ilə bəni Forges Museumu gəzdirərkən Asyayi-Vustada bulunmuş bir heykəl göstərdi. Bu  heykəl çox mütənasib, çox sənətkaranə yapılmışdı. Yunan heykəllərini o qədər andırıyordu ki, müsyö Lukova:

- Əcəba, oralara o zamanlar yunan mədəniyyəti təsir etmiş olmasın? - dedim. Lukov həyəcanla cavab verərək:

- Xeyr, - dedi. Bu, orada müstəqil və yunan mədəniyyəti ilə əlaqəsi olmayaraq peyda olan bir mədəniyyətin əsəridir. Türküstanın ötəsində, Çinə doğru olan o çöllərdə biz hər addımda böyük bir mədəniyyətin asarına rast gəliyorduq.... Yunanları mavi gözlü olaraq təsvir etməzlərmi? Oradakı türklərin bir qismi də mavi gözlü imiş.

Lukov bizi bu heykəldən sonra bir divar parçasının önünə gətirdi. Böyük bir divar. Orta Asiyadan söküb gətirmişlər. Bu divarda bir freska təsvir ediliyor. Və bu freskadakı insan rəsmləri də mavi gözlü idi. Lukov bu freska haqqında məlumat verərkən: 

- Görüyorsunuz ki, - dedi - Avropanın o zamankı freskalarından heç də geri deyildir. İştə Asyayi-Vustada yunan mədəniyyətinə bənzəyən bir mədəniyyət bulunmuş".

Heykəl, freska yaradan bir mədəniyyətin şübhəsizdir ki, elə o miqyasda bir ədəbiyyatı da olmalıydı. Əgər Zolyanın dediyi kimidirsə, demək ki, yunan mədəniyyətinin dan qızartısı öncə Orta Asiya steplərində, Kamonesin ikrahla "qaranlıq ucqarlar" adlandırdığı Skitiyanın dərinliklərində görünməyə başlamışdı.

XX əsri Avropanın qürubu kimi təsnif edən Şpenqlerdən sonra fransız filosofu Reno Genonun gələnəksəl, tradisionalist görüşə görə, modern Avropa xəstədir. Genon qürub edən Avropanın səmtini Şərqə - təsəvvüf dünyasına, sufizmə doğru yönəltmək istədi. Amma  bütün izmlərə sevgiylə qucaq açan Şərq dünyası (və təkcə Şərq deyil, Qərbin özü də) Genonun təlim etdiyi tradisonalizmə başqa izmlərə göstərdiyi ilgi və iltifatı göstərə bilmədi. Halbuki Genondan öyrənəcəyimiz çox şeylər vardı. Çağdaş ədəbiyyatda dünyanın, insanın metafizik, ezoterik aspektlərdən incələnməsi Genon fəlsəfəsinin iştirakı olmadan bəlkə də heç mümkün deyil.

Bu günün dünya ədəbiyyatını sufizmlə sürrealizmi, tezislə antitezisi  çulğaşdıran, sintez edən Adonis yaradır...

XX yüzilin 20-ci illərində Şərq modern ədəbiyyat yoluna irfandan (mistisizimdən), Qərb isə kosmopolitizmdən çıxdı. Coys və Ezra Pound, təxminən oxşar taleli Cibran Xəlil və Cavid...

Şərqin irfandan ayrılışı, təsəvvüfdən qopuşu, ədəbiyyatda modernizmin gəlişməsi ilə deyil, ədəbiyyatın qərbləşməsi ilə səciyyələndi. Qərb ədəbiyyatında Dünya İnsanı doğulurkən, Şərq ədəbiyyatında Kamil İnsan qürub etdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!