“Mənim Anara sevgimin kökündə həm də onun şəxsiyyəti dayanır” - Yazıçı Kamran Nəzirli ilə müsahibə

 

 

- Kamran müəllim, bir yazıçı və tərcüməçi kimi Yazıçılar Birliyinin qarşıdakı qurultayından nə gözləyirsiniz, ümumiyyətlə, qurultay sizin üçün nə deməkdir?

- Sualınızın ikinci hissəsindən başlayıram: ənənəvi olaraq hər bir qurultay ali orqan hesab olunur. Ona görə çağırılır ki, yazıçıların hesabatları dinlənilsin, ötən illər ərzində ədəbi prosesə və hadisələrə nəzər salınsın, növbəti illər üçün Yazıçılar Birliyinə rəhbərlik edəcək idarə heyəti, katiblik, komissiyalar, sektorlar və sair və ilaxır seçilsin. Bütün bunlar ədəbi ictimaiyyətə bəllidi, həm də texniki-təşkilati məsələlər baxımından həmişə asan başa gəlmir. Çünki yazıçı təşkilatı hər hansı siyasi partiya təşkilatı deyil ki, dəqiq, səliqəli, intizamlı və əlbəttə ki, çərçivəli olsun. Yazıçı təşkilatının özəllikləri var, ən başlıcası bu təşkilata üzv olan insanların yaradıcı, azad düşüncəli, müxtəlif dünyagörüşə və biliyə, yazı üslubuna, bir-birindən seçilən məfkurə və ideya istiqamətlərinə və s. malik sənətkarlar olmasıdır. Amma hesab edirəm ki, yazıçıların qurultayı o biri qurultaylardan nə qədər fərqli olsa da, yenə eyni missiya, eyni mobillik, eyni birlik yaradır. Yazıçılar Birliyi elə yazıçıların birliyi deməkdir, qlobal, aktual, ümumbəşəri məsələlərdə, milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin, əxlaqımızın... qorunması məsələlərində bir nöqtəyə vurmaqdır. Bu mənada qurultay çox vacib və əhəmiyyətli orqandır.

- Gözləntilərim və ümidlərim çoxdur; o ki qaldı kimin hansı vəzifəyə seçilməsinə, bu, qurultay nümayəndələrinin hüququdur, onların hüququna müdaxilə edə bilmərəm. Mən şəxsən öz seçimim haqqında danışa bilərəm və bəri başdan da deyə bilərəm: əgər Anar sədrliyə öz namizədliyini versə, ona səs verəcəyəm. Anarın kitabları yeniyetməlik və gənclik çağlarıma yeni nəfəs, yeni ruh, yeni ovqat və təlatüm gətirib;  onu həm bir şəxsiyyət, həm də bir yazıçı kimi sevmişəm və indi də bu fikirdəyəm; lakin hər zaman arzulamışam ki, ondan yaxşı yazım, ondan yaxşı tanınım, daha təmkinli, ədəbli olum, ondan da yaxşı nüfuzum olsun... məncə, hər bir yazıçının həyatında və içində bu və ya buna oxşar duyğular yaşanır. Amma yaşa dolduqca anlayırsan ki, Anar təkdir, ikinci Anar ola bilməz, necə varsa, onu eləcə də qəbul edirsən; sən yalnız məsum çağlarında yazıçı kimi kiməsə bənzəməyi, kiməsə oxşamağı arzulaya bilərsən. Təbii ki, gənc və qoca ağaclar, onların budaqları, yarpaqları olur, ictimai statusundan asılı olmayaraq adamlar da belədi - cavan, enerjili, çılğın, çiçəklənmə və qocalma dövrü yaşayırlar. Sakit, dinc, təlatümlü mühitlər görürlər, məzmunca, formaca dəyişirlər, amma müdrik və insani dayaqlarını itirmirlər. Taleyin də, təbiətin də məntiqi budur. Düşünürəm ki, burda əsas məsələ kökdür, insan nə qədər yaşlanır yaşlansın, kökü çürüməsin, təmiz qalsın; o kökün üstündə neçə-neçə yeni görkəmli saf, vüqarlı budaqlar, ağaclar, yarpaqlar boy atacaq, meyvələr yetişəcək. Bu baxımdan mənim yazıçı Anara sevgimin kökündə həm də onun şəxsiyyəti dayanır. O kök daha saf, daha möhkəm, daha əsilzadədir. Konkret kimə səs verəcəyimin səbəbini izah edə bildimmi?

 

Cəmilə SEYİD


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!