- Səlim müəllim, AYB-nin növbəti qurultayı ərəfəsində çağdaş ədəbi-mədəni prosesdə fəallığı ilə seçilən bir yaradıcı şəxs və Birliyin katibi kimi sizin fikirləriniz ədəbiyyatsevər oxucularımız, ədəbi-mədəni ictimaiyyətimiz üçün maraqlı olardı. İki ildən çoxdur qurultaylararası tədbirlər silsiləsi təşkil olundu, onlarda hesabat xarakterli məruzələr, müzakirələr baş tutdu. Şəxsən siz çağdaş ədəbi prosesimizin gedişatından razısınızmı?!
- Aydın müəllim, bir şeyin ideal modeli yoxdur, onun gedişatının necəliyini qiymətləndirmək məsələsi problematikdir, çünki istənilən qiymətləndirmə yalnız müqayisə ilə mümkündür. Düşünürəm ki, məsələn, AYB-dən və ya hər hansı strukturdan asılı olmayaraq mətnlər yazılır, onları qiymətləndirmək aktiv, təbir caizsə, onlayn rejimdə işləyən ədəbi tənqidin boynuna düşür. İndi bu işlərin öhdəsindən tənqid nə qədər uğurla gəlir, yaxud gəlmir, bu, birmənalı cavabı olmayan bir ayrı mövzudur. Tutalım, Cavanşir Yusifli, fikrimcə, o, indiki vəziyyətdə ən aktiv, yazılan mətnlərə anında peşəkar ədəbi-tənqidi reaksiya verən yeganə müəllifdir. Əksər hallarda proses gecikmişliklə baş verir, bu mənada anaxronizm var. Tərcümə tənqidi ilə bağlı proses bərbaddır, demək olar heç nə yoxdur, aztirajlı azsaylı akademik məqalələri (onların isə tutalım bir neçəsini oxumuşam, dərin təəssüf hissi keçirmişəm) çıxsaq, dərin bir boşluq görəcəyik. Mən bunu bilirsiniz hansı məqamda daha çox hiss elədim. Tərcümə ilə bağlı məruzə hazırlayanda, gördüm ki, rus demişkən, vrode, tərcümələr var, amma əks-reaksiya, təhli, tənqid yoxdur... Və qəribəsi budur ki, saytlarda daha çox sorğu, əslində bəlkə sorğulama tipində reaksiyalardan ibarət tələsik yazıların "bolluğu" da ürək açmır.
- Qurultaylararası dövrdə AYB hansı böyük sənət layihələri ilə ədəbiyyat və mədəniyyət tariximizdə iz buraxa bildi?
- Ədəbiyyat və mədəniyyət tarixi böyük anlayışdır. Bu sualın cavabı indi çətinliklə verilə bilər. İndi profanasiya dövrüdür. Ədəbi-mədəni kontekstdə tarix sanki gündəlik həyat, biliklər də informasiya və statistika tərəfindən küncə sıxışdırılıb...
Qaldı Yazıçılar Birliyinə, AYB bir təşkilat kimi həmişə işləyib və hesab edirəm ki, bu mənada, yəni ədəbi işdə ardıcıllıq mənasında yeganədir. Uzağa getməyin, elə sizin də əməkdaşı olduğunuz "Ədəbiyyat qəzeti"ni götürün. Ədəbi prosesi ən aydın göstərən, ən dolğun göstərən, eyni zamanda ən akademik göstərən mətbu orqanıdır. Yetər ki, 44 günlük Zəfər savaşımız zamanı "Ədəbiyyat qəzeti"nin səhifələrini vərəqləyəsiz. Yeri gəlmişkən, məncə, qəzetin həmin dövr saylarını ayrıca kataloq və kitab kimi çap etmək olar.
Qurultaylararası dövrdə çoxlu işlər görülüb. Bir neçə işi sadalayım, təbii ki, bu işlər birbaşa bağlı olduğum, tərcümə və ədəbi əlaqələrlə bağlıdır, necə deyərlər, biz öz təcrübəmizdən danışanda daha dürüst oluruq. 2014-cü ildən bu yana "Dünya ədəbiyyatı" dərgisinin mütəmadi nəşri ciddi, qalıcı ədəbiyyat hadisəsidir; bütün konseptuallığı və səviyyəsi ilə. I Beynəlxalq Bakı Poeziya Festivalı keçirildi 2015-ci ildə. Maraqlı hadisəydi. Azərbaycanda Ukrayna, Moldova, İran ədəbiyyatı günləri keçirildi. Ukraynada, Moldovada Azərbaycan ədəbiyyatı günləri keçirildi. Belə işlər, çap olunan kitablar, özü də dəb xatirinə olunan nəşrləri demirəm, ciddi müəllifləri və çox vaxt da Azərbaycanda ilk dəfə çap olunan ədəbiyyatları nəzərdə tuturam, var.
Və nəhayət, hesab edirəm ki, AYB-nin Mədəniyyət Nazirliyi və "Space" telekanalı ilə bərabər başladığı, reallaşdırdığı son layihə, "Şuşaya salam!" layihəsi, o artıq bir neçə gündür başlayıb, sentyabrın 27-dən noyabrın 9-na qədər davam edəcək. 30 ölkədən 36 şairin qoşulduğu beynəlxalq poeziya layihəsidir.
- II Qarabağ - Vətən müharibəsindəki möhtəşəm Zəfərimiz, sizcə, çağdaş ədəbiyyatımızda layiqli əksini tapdımı?!
- Bəli, qısa cavab versəm, belədir. Tapdı və tapmaqdadır. Əlbəttə, fikrimcə, monumental prozaik əsərlər bundan sonra yaranacaq.
- Şuşada Vaqif və Natəvan yaradıcılığına həsr olunmuş tədbirlər, poeziya bayramları, Xarıbülbül kimi mədəniyyət tədbirləri beynəlxalq aləmdə hansı effekti verir?
- Dövlət başçısının 5 yanvar 2002-ci il tarixli Sərəncamı ilə ölkəmizdə "Şuşa İli" elan olundu. Bir neçə ay sonra isə Prezident İlham Əliyev Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə, rəssam, xeyriyyəçi Xan qızı Natəvanın 190 illik yubileyinin keçirilməsi ilə bağlı daha bir Sərəncam imzaladı. Daha əvvəl isə müvafiq sərəncamlarla Vaqif Poeziya Günləri bərpa olundu, bu il isə həmin tədbirin ikincisi keçirildi.
Bildiyiniz kimi, həm müasir Azərbaycan şeir dilinin banilərindən hesab edilən Vaqif, həm Xan qızı Natəvan təkcə XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simaları deyil, eyni zamanda Azərbaycan dövlətinin, dövlətçiliyinin mirasları, rəmzləridir. Və adıçəkilən sərəncamlar bizə məhz bu məqamı bilmək, yadda saxlamaq, unutmamaq tapşırığı verir. Çünki son 30-35 illik tariximiz bizə ən aydın şəkildə anlatdı ki, dövlətimiz sözümüzlə, sözümüz də dövlətimizlə əl-ələ addımlamalıdır, taleyüklü anlarda köməyimizə çatan da məhz bu birliyimiz, bunu bilməyimiz olur.
Düşünürəm ki, keçirilən tədbirlərin beynəlxalq çevrəsi gələcəkdə böyüyəcək. Sanballı olacaq ki, bu, ədəbiyyatla yanaşı, elə yaxın, yeni tariximizin daha əsaslı təbliğinə xidmət edəcək.
- Son vaxtlar tez-tez səslənən "İnternet, sosial şəbəkələr, audi-vizual kontent yazılı mətni, ədəbiyyatı, hətta poeziyanı üstələyir!" fikrinə münasibətiniz?!
- Aydın müəllim, şəbəkə ədəbiyyatı termini artıq yeniyetməlik dövrünü keçib.
Bu işlərin mətnin özü (fərqi yoxdur, siz onu harda - masada, dizinizin üstündə, bilgisayarda, ya kağızda yazacaqsınız) ilə əlaqəsi yoxdur. Mətnlə, yəni onun şifahi versiyası ilə onu maddiləşdirən vasitə, yəni ola bilsin qələmlə məsafəni rahat keçmək həmişə çətin olub. Yeni texnologiyalar vərdiş məsələsidir, görünür, mətnin özü ilə əlaqəli deyil. Hər necə olur-olsun, mətn mətndir. Münasibət mətnə olmalıdır, onun yerləşdiyi müstəviyə, yaxud onu qeydə alan vasitəyə deyil. Belə...
- Qurultaya qədər AYB katiblərinin sayının artırılmasına zərurət vardı?!
- Zərurət olmasaydı, eləməzdilər yəqin. Daha dəqiq sahəvi bölgü və işin effektivliyi üçündür bütün bunlar. Hərçənd cəmi bir katib yeri artıb. Çünki sədr müavini postu əvvəl də olub. Bir də düz bilirəmsə, Yazıçılar Birliyinin əvvəllər daha çox katibləri olub.
- Sizin rəhbərlik etdiyiniz Beynəlxalq Əlaqələr üzrə katibliyin "Şuşaya salam" kreativ layihəsi nə yerdədir?!
- Bir az əvvəl layihəni xatırlatdım. Artıq 4-5 gündür layihə uğurla davam edir. Fikrimcə, inşallah uğurla da bitirəcəyik.
- Postqurultay mərhələsində hansı gözləntiləriniz var?
- Qurultay sonrası nəticənin necə olması vacib deyil, sonunda işləmək lazımdır. Ədəbiyyat və mədəniyyət naminə əməli iş görmək.
- Sizin yeni yaradıcılıq uğurlarınız haqqında məlumatlar da oxucularımız üçün maraqlıdır. Bu barədə danışaq.
- Nə deyim, Aydın müəllim. Söhbət şəxsi yaradıcılıqdan gedirsə, burda araşdırma, tərcümə daha böyük yer tutur. "Metropoliten esseləri"ni işləyirəm, ciddi və həcmli poetik tərcümə ilə məşğulam. "Mirzə Səfilin nəğmələri" poetik silsiləsini başlamışam, üç şeir yazılıb. Baxarıq sonra nə olur. Ukraynada, Monteneqroda Qarabağla bağlı milli hekayə antologiyalarını tərtib etdim, nəşr olundu. Türkiyə, Ukrayna, Rusiya, Serbiya, Oman və Monteneqroda Azərbaycan ədəbiyyatı ilə bağlı bir neçə nəşrin tərtibçilik işlərini gördüm, bəziləri çap olundu, bəziləri çap prosesindədir. Emineskunun şeirlərini çevirdim, çap olundu, Rumıniya səfirliyi ilə bərabər təqdimatı oldu. Hələlik bu qədər.
- Sosial şəbəkədə çox aktivsiniz, bu sizin yaradıcılığınıza mənfi təsir göstərmir ki?! Ədəbiyyat, sənət haqqında yazmaq istədiyiniz fikirləri Feysbukda xırdalamaq vacibdir?!
- Yox, düşünmürəm ki, bu ziyanlıdır. Ziyanlı olan vaxtını düzgün istifadə eləməməkdir. Bütün vasitələri ədəbiyyat naminə düzgün istifadə eləmək olar və lazımdır.
- AYB sədrliyi ilə bağlı cəmiyyətdə birmənalı fikir yoxdur, Anar müəllimin namizədliyi ilə yanaşı, müxtəlif imzaların da adı dövriyyəyə buraxılsa da, son anda elə onların özləri tərəfindən təkzib olunur...
- Anar müəllimin namizədliyi mənim üçün müzakirə mövzusu deyil. Əgər o namizədliyini irəli sürəcəksə, təbii ki, mən ona səs verəcəyəm. Qalan digər namizədlərlə bağlı, əgər belələri olacaqsa, vaxtında və zamanında danışarıq.
- Maraqlı söhbətə görə təşəkkürlərimizi bildiririk...
Söhbətləşdi: Aydın Xan Əbilov
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!