Amerikalı yazar Alan Levinin şair, tənqidçi, ilk modernist poeziya hərəkatının əsas nümayəndələrindən biri olan Ezra Paund ilə müsahibəsini təqdim edirik.
Cənab Paundun sevgilisi Olqa Rac (Olga Rudge) öz paltosunu çıxaran kimi mənim paltomu da asıb birbaşa soruşdu:
- "Həssas insansınız? Çünki cənab Paund qəzəbli insandır - bu onun özü üçün yaxşı şey olsa da, buna hazır olmayan başqaları üçün o qədər də yaxşı deyil. Hazırda yataqdadır".
Məni taxta pilləkənlə yuxarı apararkən belə dedi:
- "Cənab Eliotun (ABŞ-da doğulan ingilis şair, ssenarist, ədəbiyyat tənqidçisi - tərc.) "Mənim adım güclüdür..." misrası ilə başlayan şeirini bilirsiniz? Budur, güclü davranın".
Bu sözlərin müşayiəti ilə instiktiv olaraq özünümüdafiə mövqeyi alıb divanın üzərindəki rəngbərəng yastıqların arasında dayanmış mavi pijamalı iri adamın yanına getdim. Məşhur qırmızı saqqalı, artıq ağ və seyrək idi; Uğurlu katarakt əməliyyatı keçirsə də, o qorxunc mavi gözləri indi bulanıq görünürdü. Barmaqlarını elə bərk-bərk şaqqıldadır, əllərini elə bərk sıxırdı ki, sanki öz sümüklərini ətdən sıyırırdı. Amma çox keçmədi ki, əllərini boşaldıb sağ əlini sıxmaq üçün mənə uzatdı.
- "Cənab Levi sürətli hərəkət edir", - dedi Olqa Rac, - "Mən onu götürmək üçün Embarkadero (San Fransisko körfəzi boyunca San Fransisko, Kaliforniya, San Fransisko limanının şərq sahili və yoludur - tərc.) getməyə hazırlaşırdım ki, qapı zəngi çalındığını eşitdim".
Sonra Ezra Paund mənimlə danışmağa başladı:
- "Çay vaxtı gəlməli deyildin?".
***
Universitet illərində ilk dəfə rastlaşdığım Ezra Paundun şeiri olan "Ölümsüzlük" ("An Immortality") şeirini özünə əzbərdən oxuyandan sonra, ondan sonrakı nəsil şairlərdən bəzilərinin fikirlərini ona çatdırdım. Məsələn, U. H.Oden (Wystan Hugh Auden - İngilis-Amerikan şair - tərc.) belə bir fikir demişdi: "Cənab Paund heç yaşamamış olsaydı, mənim yaradıcılığım olduğu kimi qalardı" deyə bilən az sayda yaşayan şair var". Harvey Şapiro (amerikalı şair və "Nyu York Taymz" qəzetinin redaktoru - tərc.) isə mənə "Ezra Paund bu gün gənc Amerika şairlərinə təsir edən ən böyük qüvvədir" demişdi. Paunddan bunlara münasibətinin necə olduğunu soruşdum.
Sükut.
- "Müasir Amerika ədəbiyyatını nə dərəcədə yaxından izləyirsiniz?".
Sükut.
- "Xüsusi olaraq bəyəndiyiniz və ya bəyənmədiyiniz gənc yazarlar var?".
Yenidən sükut; Amma bu dəfə gözləri parıldadığı üçün gözlədim. Bir neçə saniyə sonra göy gurultusu kimi qəzəbli səs tonu ilə coşaraq cavab verdi:
- "Çaşqınlıq! Xaos! Bütün bu lənətlənmiş qarışıqlığa görə mən məsuliyyət daşıya bilmərəm".
***
Paund haqqında nəşr olunan kitabda deyilirdi ki, ədəbiyyat nifrətdən də yarana bilər. Bununla bağlı Paund belə cavab verdi: "Bəzi ədəbiyyat nümunələri nifrətdən yarana bilər, amma nifrətdə canlılıq tapıb yaşaya bilməz".
***
Ondan sabah gələcək fotoqrafı soruşdum. Qısa cavab verdi:
- "Məncə, artıq dünyada həddindən çox fotoqraf var".
***
Yuxarı mərtəbədə Olqa Racdan Cənab Paundun nə vaxtsa pyes yazıb-yazmadığını soruşdum.
- "Sofoklun "Traxiniya qadınları" əsərinin çevirisindən başqa, bir pyes yazıb-yazmadığını bilmirəm" dedi.
Yenidən aşağı düşəndə Olqa Paunddan bu haqda soruşdu:
- "Paund, heç özün pyes yazmısan? Bilirsən, ətrafda bu barədə şayiələr dolaşır".
Dodaqlarını yaladı və cavab verdi:
- "Youğ".
Xanım Rac qaşlarını çatıb dedi:
- "Youğ" nə deməkdir? Bu "Yox" ilə eyni şey deyil".
Bir anlıq o, pişikdən çox qoyun kimi davranmağa başladı və dedi:
- "Yəni bir dəfə yazmağa başladım, amma sonra cırıb atdım".
***
Olqa Rac Paundu niyə bu qədər qoruduğundan danışdı:
- "Biz Rapalloda olanda hippilər həmişə bura gəlirdilər. Ezra Paundun müdrikliyini qəbul ediblər, lakin əsərlərini oxumayıblar. Bir dəfə biri qapının ağzında çadır qurub orda qaldı günlərlə; Ona kofe verdim, amma Ezra yox. Başqa biri o qədər inadla gözləmişdi ki qapıda, axırda ona, "Əgər mənə Ezra Paunddan bir misra deyə bilsən, səni içəri buraxaram", təklifini etdim, "Minlərlə misradan sadəcə bir dənəsini". Deyə bilmədi".
"Nə qədər müxtəlif-müxtəlif adamlar ona öz şeirlərini göstərmək üçün gəliblər. Onlar Ezranın şeirlərini bilmirlər, amma ondan onların şeirlərini tərifləməsini gözləyirlər. İşləmələri rüsvayçılıqdır. Artıq şifahi ənənə yoxdur. Hər şey reklama çevrilib".
"Əlbəttə ki, onların içində promouterlər də var. İpək köynəkləri olan kök kişilər. İki təyyarə bileti və Ezra Paundun Albert Holda şeir oxuyacağını bildirən vərəqlərlə gəlirlər. Mən həmişə onları da, biletlərini də, broşürlərini də geri qaytarıram".
"Amma onların arasında ən pisi "bioqrafiya yazarları" deyilən adamlardır. Bəziləri həqiqətən tərcümeyi-halı dərc edir. Bunlardan biri onu qovmazdan əvvəl bizimlə cəmi on beş dəqiqə vaxt keçirməsinə baxmayaraq, çap etdirdiyi kitabda təkəbbürlə qeyd etmişdi ki, guya mən illər ərzində ona səbirlə kömək etmişəm. Bəziləri qapımı döyüb "hər iki tərəfdən də bəhs edən" kitablar yazacaqlarını deyirlər. İki tərəfdən? Hansı iki tərəf?! Bizi nə hesab edirlər? Ezra Paund "blinçik" deyil!".
***
Paundun yaxın dostlarından şair Piter Rasl (Irwin Peter Russell - britaniyalı şair, tərcüməçi və tənqidçi - tərc.) mənə Paundla poeziya haqqında danışmamağı tövsiyə etdi:
- "Onunla şeirdən danışdım, iki-üç il ona nə desəm, susaraq cavab verdi. Bir gün mən ona İtaliyadakı zorakılıqlardan, Milandakı bombalardan, faşizmin yenidən doğulmasından danışdım. Bütün ölkənin az qala dəli olduğundan, bu günlərdə ürəyim bulanmadan qəzetlərə baxa bilmədiyimdən bəhs etdim.
Ezranın danışacaqmış kimi ağzını tərpətdiyini görəndə dayandım. Sonra danışmağa başladı:
- "Yəni əgər kiminsə ailəsi... minilliklərdi kəndli kimi işləsəydi... iki min il boyu... sonra da torpaqlarını asfaltla örtəndə nə olacağını gözləyirdin ki? Dəli olarlar, təbii ki!
***
Günün sonunda qeyd dəftərimdə Ezra Paund haqqında, demək olar ki, heç bir söz olmamasına rəğmən Ezra Paundla bu monoloqumdan yoruldum. Amma Paund yorğun görünmürdü. Paund bizimlə sağollaşan kimi öz studiyasında oturmağa tələsdi.
***
Böyük Kanalın San Marko tərəfində yağış yağmağa başladı. Dar küçələr boyu tələm-tələsik hərəkət edən Paund üçün çətir açıb başının üzərində tutmağa çalışdım. Gələn piyadalar hörmətlə ya çətirlərini aşağı salırdılar, ya da kənara çəkilirdilər. Amma bu hörmət şöhrətə görə yox, yaşa görə idi. Buna baxmayaraq, yumru üzlü bir italyan Paundu gördü və onu tanıyaraq donub qaldı. Beləliklə, yarım dəqiqə boyu yolumuzu kəsdi. Sonra bu cavan oğlan papağını çıxarıb bizə salam verdi və bizə yol açmaq üçün divara söykəndi. Əsasını sərt şəkildə yelləyən Ezra yoluna davam etdi.
***
Nahar zamanı xanım Rac Paunddan soruşdu:
- "Cənab Eliotun "Mənim adım güclüdür..." misrasıyla başlayan şeiri vardı ha, iki gündür beynimdə dolaşır. Davamı necəydi o şeirin?".
Paund onun səhvini düzəltməkdən başqa, çox da kömək olmur:
- "Eliotun deyil. Eliotun oxumağı sevdiyi Amerikan şeiridir".
Rac, israr etdi:
- "Yaxşı, bəs davamı necədir?".
Özünü xatırlamağa məcbur etdikdən sonra:
- "Mənim adım güclüdür, güclü küçədən gəlirəm: Küçədə irəlilədikcə insanlar daha da güclənir"...
- "Bundan sonrası necəydi, Ezra? Xahiş edirəm, Ezra, sonuncu sətir necəydi", - sevgilisi dedi.
Ezra Paund dişlərini göstərib ağzını bükərək mızıldayır:
- "Mən ən sonuncu evdən gəlirəm".
***
Cümə günü Ezra Paund ilə danışarkən ədəbiyyat, iqtisadiyyat və siyasət söhbətlərinə girməməyə çalışdım. Onun on beş yaşında Pensilvaniya Universitetinə daxil olduğunu bildiyim üçün ona böyük qızımın da uğurlu bir fransız liseyində sinifdən-sinfə atlayarkən başına gələnlərdən danışdım və beləliklə, onunla ümumi dil tapmağa çalışdım. Əvvəlcə bir sual verdi:
- "Niyə uğurlu dediniz?". Sonra da əlavə etdi: "Bu cür şeylər insanda daha gec doğulmaq arzusuna səbəb olmur".
Buna əsaslanaraq mən də belə sual verdim:
- "Daha erkən doğulmaq istərdinizmi?".
- "Atamın dövrü daha yaxşı imiş".
- "Yəni necə? Daha sadədir? Yoxsa, daha çox işlədikləri üçün daha yaxşıymış?".
- "Onlar daha şanslı olub. Atam vətəndaş müharibəsinə iştirak etmək üçün çox gec anadan olub və digər müharibələrdə iştirak etmək üçün çox erkən ölüb".
***
Venesiyadakı oteldən çıxmazdan əvvəl Paundu tanıyan və onunla görüşməyimdə vasitə olan isveçrəli ilə telefonla danışdım. Görüşün necə keçdiyi ilə maraqlanırdı. Dostluğundan istifadə edərək mənə bu imkanı verdiyi üçün ona təşəkkür etdim. O da mənə açıq şəkildə bunu niyə etdiyini dedi:
- "Ezra Paund həqiqətən də vecinə deyil, amma onun yaxın çevrəsi olaraq biz düşünürük ki, onun maksimum reklamının aparılması ona layiq olduğu şeyi - Nobel Mükafatını - qazandıracaq. Sülh üçün verməsələr, ədəbiyyat üçün verərlər. İndi nə düşünürsən? Sizcə, dünya Ezra Paunda bir Nobel Mükafatı borclu deyil?
Mən də ona dünyanın Ezra Paunda Nobel Mükafatı borclu olub-olmadığını bilmədiyimi, amma təcrübəmə əsaslanaraq onun susqunluğunu dinləməyi özümüzə borc bilməli olduğumuzu söylədim.
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!