- Xoş gördük, Nihat bəy. Yay necə keçdi? Yaradıcılıq baxımından yeni nəsə varmı?
- Xoş gördük. Yay fəslindən heç də xoşum gəlmir. Ümumiyyətlə, isti ilə aram yoxdur. Odur ki, mənim üçün çox darıxdırıcı keçdiyini deyə bilərəm. Bir neçə hekayə yazmışam, amma qəzet və saytlara verməmişəm. Ümumiyyətlə, hekayələri xüsusi hallar xaric sayt və qəzetlərdə dərc eləməmək qərarına gəlmişəm. Yəqin ki, kitab barəsində düşünürəm deyə belədir.
- Nə vaxta düşünürsən?
- Vallah, bilmirəm. Bəzən ümumiyyətlə kitab çap etməyi mənasız hesab edirəm, bəzən isə kitaba çox acıram. Hələlik yekdil bir qənaətim yoxdur.
- Köşə yazıları (bura esselər də daxildir) və hekayə. Özünü hansı sahədə daha rahat hiss edirsən?
- İstənilən halda, hər ikisi yaradıcılıq tələb edir və hər ikisi mətnin yaradıcı təzahürüdür. Köşə yazıları daha çox operativlik tələb edir, hekayə isə zamanla yaranan bir şeydir. Bu gün hər hansısa bir mövzu aktualdırsa, gündəmdirsə, ona uyğun köşələr yazıram. Düzdür, bəzən köşə yazıları adamı xərcləyir, amma hər gün də oturub hekayə yazmaq olmur axı. Hekayə yazmaq mənim üçün çox ciddi prosesdir. Özümü tam hazır hiss eləmədən bir cümlə belə yaza bilmərəm.
- Yazmaq sənə nə verir? Sözün əsl mənasında, yazı işi ilə məşğul olan bir gənc üçün gələcək necə görünür?
- Yazmaq mənə, birinci növbədə, stimul verir. Mən yazılarımda özümü görürəm, özümü hiss edirəm. Bu məni rahatladır, xoşbəxt edir. Gələcəyi görmək məsələsinə gəlincə, bizim yaşadığımız şərtlər yaradıcı adam üçün çox qəddardır. Gələcəyimi düşünəndə, sözün düzü, məyus oluram. Çünki adam çox oxumaq, çox yazmaq istəyir. Amma işimiz bizi yorur, xərcləyir, ruhdan salır. Bu isə sadəcə dəhşətdir.
- Özünü yazı prosesinə hazırlamaq üçün nə edirsən? Ya bu prosesin hər hansı bir hazırlığı olmamalıdır? Necə düşünürsən?
- Yazı prosesinə aparan birinci yol, mənə görə, narahat olmağımdır. Narahatlıq adamı yazmağa məcbur edir. Söhbət hər hansısa bir mövzunun sənə verdiyi narahatlıqdan gedir. Kurt Vonnequtun dediyi kimi, o şey ki məni narahat edir, mən onu hekayəyə, yazıya çevirə bilərəm. Yəni mənim üçün yazmağın qayəsi narahatlıqdır. Xoşbəxt olanda, arxayın olanda heç nə yaza bilmərəm. Allaha şükür ki, xoşbəxt olmaq kimi bir problemimiz yoxdur. (gülür)
- Yazılarının birində Vaqif Bayatlının təpədən-dırnağa hönkürtü olduğunu bildirmisən. Ümumiyyətlə, nədir poeziyada hönkürtü və kədərə axının səbəbi?
- Vaqif müəllimlə müsahibə üçün zəngləşirdik, indi də arabir zəng edirəm. Bir az naxoşdur deyə, hələlik müsahibəmiz alınmır. Ona müsahibə məsələsini "Sizinlə oturub ağlamaq istəyirəm" kimi demişdim. O da gələrsən, ağlayarıq demişdi. Ümumiyyətlə, Vaqif Bayatlı mənim üçün ədəbiyyatımızın kədər və nisgil mərhələsidir. Onun kədəri hamının kədəridir, onun nisgili hamının nisgilidir. Bu baxımdan, yazmışdım ki, o, təpədən-dıırnağa hönkürtüdür. Poeziyamızda kədər motivlərinin çoxluğunda isə qəribə nəsə görmürəm. Dostumuz Cəlil Cavanşirin belə bir misrası var: insan dərdi, kədəri bölüşər, sevinci bölüşmək nədir? Doğrudan da, niyə xoşbəxtliyə şeir yazılsın ki? Niyə sevinc adlı hiss vəsf edilsin ki? Şeir, birmənalı olaraq, kədərin bətnində formalaşır. Bayaqkı sualda da dedim ki, xoşbəxt olanda, nə bilim, arxayın olanda nəsə yazmaq hissi gəlmir. Yazmaq kədərlənməyin bir başqa formasıdır, bəlkə də.
- Amma sanki ümid yoxdu... Hamı ümidsizlikdən yazır...
- Yox, ümidsizlik deməzdim. Sadəcə dediyim kimi, poeziya kədərin bətnində yetişir. Onun pozitiv notla doğulmasını gözləmək absurddur. Mən şeir yazmıram, poeziya mənə, loru dillə desək, bir köynək uzaqdır. Amma nəsrdə də eyni fikirdəyəm: kədər hissi mətn üçün stimullaşdırıcı faktordur.
- Müharibə ərəfəsində yazdığın "Artıq gecdir", yaxud "Zəng Xədicədən gəlirdi" hekayələrin real hadisələr üzərində qurulub. Amma "Bir kəndin manifesti"ndə bir az absurd situasiya var. Hansı sənə daha yaxındır?
- Vallah, bu sual mənim özümə də maraqlıdır. Məncə, hələlik hansının daha yaxın olduğunu deyə bilməyəcəyəm. Hazırda absurd situasiyada olan bir başqa hekayə də yazıram. Eyni zamanda, "Bir kəndin manifesti"nə tam olaraq utopik, absurd mövzu da demək olmaz, məncə. O biri adlarını çəkdiyiniz hekayələrdə isə həyat var, həyatın özü var, bizim yaşadığımız reallıqlar var. Bax indi onlardan danışdım, niyəsə o səpki, o xətt mənə daha doğma gəldi. Nə bilim?
- Məsələn, indi kino deyəndə Tarkovskini, ədəbiyyatda Kafkanı demək sanki dəb halını alıb. Ancaq o müəllifləri çoxu heç oxumadan, tanımadan danışır. Buna münasibətin necədi?
- Vallah, təki elə Tarkovskinin filmlərinə baxaq, təki elə Kafkanı başa düşək. Elə bir dövrə gəlib çıxmışıq ki, əksinə Tarkovskini tanıyan, Kafkadan sitat gətirən adam görəndə, eşidəndə tutub alnından öpmək istəyirsən. Ona görə də demək xətrinə olsa belə, dəyməyək, qoy desinlər. (gülür)
- İddia... Gənclər iddialıdır, ancaq kasası boş olanların iddiaları çox yuxarıdan dəm vurur elə bil. Sənin iddian varmı? Varsa, nəyə iddialısan?
- Ümumiyyətlə, iddia olmadan nəinki yazmağın, heç yaşamağın da mənası yoxdur. İnsan nəyəsə iddia eləməlidir. Mənim iddiam həyatdakı ən böyük qorxumdan doğub: mən unudulmaqdan, yox olub getməkdən çox qorxuram. Oruelin məşhur bir ifadəsi var: adını xatırlayan son şəxs öldükdə sən heç yaşamamış olacaqsan. Bax mənim iddiam adımın daim xatırlanmasıdır. Hər daim. Məndən sonra da. Demək olmaz ki, bu gün sırf yadda qalım deyə yazıram, yox, amma mən yadda qalmaq istəyirəm. Bunu gün ərzində, bəlkə, on dəfə özüm özümə deyirəm: mən xatırlanmaq, mən yadda qalmaq istəyirəm.
- "Ölümün ədəbi tərifi" yazında belə bir hissə var: "Əgər biz ölümü həyatın fonunda təsəvvür ediriksə (yaxud da bunu "qəbul ediriksə" də deyə bilərik), ədəbi müstəvidə bu iki anlayış paralel şəkildə təhlil və tədqiq edilir. Ən əsası isə ədəbiyyat bizə həyatın bitməsi anlayışını, eyni zamanda, tükənəcəyi kimi qavratdırır. Həyat və insanlıq bir gün varsa, bir gün də mütləq şəkildə yox olmağa məcburdur. Var olan heç bir şey əbədiliyə məhkum deyil, amma yox olmağa, məhv olmağa - hər ikisinin cəmi kimi ölməyə məhkumdur. Həmin ölümə gedən yol isə tükənməkdən doğur. İnsan tükənir, zaman tükənir və həyat tükənir. Nəticənin adı "ölüm"dür." Ölümün fəlsəfəsini ədəbiyyatın içində başqa cür necə sezmək olar?
- Hə, o ərəfələrdə ölüm haqqında çox düşünürdüm. Məncə, ölümü dərk eləmək üçün, birinci növbədə, onunla üz-üzə gəlməlisən. Bu qarşılaşma ölümün nə olduğunu bütün çılpaqlığı ilə sənə dərk etdirir. Odur ki, gözünü yum və düşün: nə vaxt ölümlə üz-üzə gəlmisən? Cavabı tapdınsa, ölümü dərk edəcəksən. Mən yoxlamışam və dərk eləmişəm. Dəfələrlə. (gülür)
- "Bir kəndin manifesti" hekayəsi maraqla qarşılandı. Gözləntilərin və gözləmədiklərin nə oldu bu hekayə ilə bağlı?
- Hekayənin sonluğunu başqa cür də düşünmüşdüm. Bilmirəm, hansı daha uğurlu olardı, amma, fikrimcə, hazırkı variant da kifayət qədər uğurludur. Hekayədə intriqa sona qədər qorunub, bu az şey deyil. Müsabiqədə ilk üçlüyə ən iddialı hekayələrdən idi, onluğa girdi, xüsusi mükafatı qazandı, münsiflər heyəti bəyəndi, xatırladı. Bunlar da həmçinin az şey deyil.
- Səncə, bu gün ədəbi mühit öz funksiyasını nə dərəcədə yerinə yetirə bilir?
- Düzü, ədəbi mühitin nə olduğunu hələlik tam dərk edə bilməmişəm. Mühit deyəndə ədəbi camiə, onların fikir mübadiləsi və digər bu kimi proseslər nəzərdə tutulursa, məncə, qənaətbəxşdir. Sadəcə biz ədəbiyyatı özümüz üçün yaradırıq, özümüz yazırıq, özümüz alırıq, özümüz də oxuyuruq. Amma proses (bilavasitə mühit) həm də dünyaya çıxmaq üçün nələrəsə yardımçı olmalıdır. Olurmu? Olmur.
- İstedadlı mətn və uğursuz imza... Düşüncələrin...
- İstedadlı mətn... Maraqlı ifadədir, əslində. Məncə, mətnin istedadı müəllif, oxucu və mətn arasındakı əlaqələrin nəticəsindən asılıdır. Müəllif mətni yazır, o mətn oxucuda hansı təəssüratı doğurur? Əgər müəllifin istədiyi təəssüratdırsa, onda siz deyən kimi mətnə istedadlı demək olar. Uğursuz imza haqqında isə danışmaq istəmirəm. Ümumiyyətlə, adamın hər suala cavabı ola bilməz. Məncə, arabir "Bu suala cavab verə bilmərəm" də demək lazımdır. Mən bu suala cavab verə bilməyəcəyəm.
- Ədəbi tənqidin durumu haqda nə deyə bilərsən?
- Ölkədə kifayət qədər ədəbiyyatşünas və ədəbi tənqidçi var. Onların fəaliyyətini də məhsuldar hesab edirəm. Cavanşir müəllimin qəzetinizdəki mütəmadi çıxışlarını izləyirəm. Düzdür, müəllim bir az qəliz yazır, qətiyyən anlamadığım məqamlar da olur. Məsələn, mən tələbə olanda Cavanşir müəllim hekayələrim haqqında "Azərbaycan" jurnalında yazı yazmışdı. O yazıda bir neçə məqam oldu ki, heç nə başa düşə bilmədim. Amma sonralar anladım ki, bu, tənqidin xammalından doğan təbii prosesdir. Elnarə xanımın, Maral xanımın, Nərgiz xanımın, Əsəd Cahangirin sırf ədəbi-bədii təhlillərini çalışıram ki, izləyim. Özüm də hazırda ədəbi tənqid üzrə magistr təhsili alıram. Düzdür, təhsil haqqında o qədər də xoş sözlər deyə bilməyəcəyəm, amma alıram. (gülür). İstənilən halda, bu cür yazılar, təhlil və tənqidlər biz gənclər üçün stimuldur. Yaxşı ki, ədəbiyyat var!
Söhbətləşdi: Tural CƏFƏRLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!