- Elçin müəllim, Azərbaycan yazıçılarının On üçüncü qurultayının keçiriləcəyi günlə bizi az zaman məsafəsi ayırır. Hazırlıq işləri gedir. Birliyin katibi kimi görülən işlər bərədə fikirlərinizi bölüşməyinizi istərdik.
- Bilirsiniz ki, qurultayöncəsi ayrı-ayrı janrlar üzrə "Qurultaydan qurultaya" çərçivəsində maraqlı məruzələr dinlənildi. AYB-nin "Natəvan" klubunda dinlənilən bu məruzələr ciddi və qızğın müzakirələrə səbəb oldu. Nəsr, poeziya, dramaturgiya, ədəbi-tənqid, publisistika, tərcümə, uşaq ədəbiyyatı, Türk dünyası ədəbiyyatı, gənclərin yaradıcılığı, AYB-nin bölgə ədəbiyyatının vəziyyəti barədə edilən məruzələr ətrafında tanınmış qələm adamlarının fikirləri dinlənildi. Bu məruzələrin tam mətni əvvəlcə "Ədəbiyyat qəzeti"ndə dərc edildi. Yaxın günlərdə isə mənim tərtibçiliyim və redaktorluğum ilə yüksək tiraj və nəfis tərtibatla toplu şəklində nəşr edildi. Kitabda toplanmış məruzələrin ədəbiyyatşünaslarımız, eləcə də ədəbiyyat nəzəriyyəsi və tarixi üçün dəyərli mənbə olması şəksizdir.
Bilirsiniz ki, yazıçıların XIII qurultayının 2020-ci ildə keçiriləcəyi nəzərdə tutulmuşdu. Müəyyən qədər hazırlıq işləri də görülmüşdü. Amma pandemiya səbəbindən qurultayın keçirilməsi təxirə salındı. Qurultayın onlayn şəkildə keçirilməsi təklifləri də məqbul sayılmadı. Böyük Zəfər günümüzdən sonra Şuşada keçirilən Vaqif Poeziya Günlərinin açılışı zamanı AYB-nin sədri, Xalq yazıçısı Anar yazıçıların XIII qurultayının Şuşada keçirilməsi arzusunu bildirdi və bu təklif ölkəmizin başçısı tərəfindən səmimiyyətlə qarşılandı. Lakin yetərli sayda qurultay iştirakçılarının iştirak edəcəyi konfrans zalının olmaması ucbatından sonra qərara alındı ki, qurultay Şabranda, yazıçıların istirahət mərkəzində düzənlənsin. Buradakı konfrans zalı isə ən çox halda 200 nəfər üçün nəzərdə tutulub. Göründüyü kimi, bu, elə də qənaətbəxş rəqəm deyil. Ona görə də qərara gəlindi ki, qurultay Bakının ən möhtəşəm mərasim zallarından birində keçirilsin. Ümid edirəm ki, belə də olacaq və ədəbiyyatımıza, ümumən mədəniyyətimizə böyük töhfələr vermiş yazıçılarımızın XIII qurultayı da bütün zamanlarda olduğu kimi, bu dəfə də layiqli şəkildə keçiriləcək.
Onu da deyim ki, hörmətli Anar müəllimin mövqeyi belədir ki, mövqeyindən asılı olmayaraq ədəbi həyatda fəal iştirak edən hər bir AYB üzvünün qurultayın işində iştirakı mütləq təmin olunmalıdır. Bunun üçün AYB katibləri, seksiya rəhbərləri, Birliyin bölmə sədrləri öz təkliflərini verəcək. Bu təkliflər rəhbərlik tərəfindən nəzərdən keçiriləcək. O yaradıcı insanlar ki, ədəbiyyatımıza vicdanla, istedadla və təbii ki, fəal şəkildə xidmət edirlər, onların hesabat xarakterli tarixi qurultayda iştirak etmək arzuları başadüşüləndi. Bu arzunun özü göstərir ki, yaradıcı insanlar tarixi ənənələrə bağlı Yazıçılar Birliyinə necə böyük sayqı və fikir ucalığı ilə bağlıdırlar. Yazıçılar Birliyi əsl ziyalı və istedadlı insanlar üçün doğma ev kimidir. Xüsusilə, Anar müəllimin rəhbərliyi dövründə bu evin qapıları yaradıcı insanların üzünə daha geniş açılıb. Sadəcə, son beş il ərzində bu məbəddə keçirilən xoş ovqatlı tədbirlərin adlarını çəkəsi olsam bir kitablıq siyahı alınar. Hələ mürəkkəbi qurumamış əsərlərin təqdimatları, çoxsaylı yubiley günləri, müzakirələr heyrətdoğuracağı saydadır. Azərbaycan yazıçılarının sıralarına son beş ildə xeyli sayda üzvlər qəbul olunub. İqtisadi dəyərlərin önə çıxdığı bir vaxtda söz adamlarının AYB sıralarına qəbul edilmələri üçün müraciətləri çox sevindiricidir. Bu, eyni zamanda cəmiyyətin AYB-nin nüfuzuna olan xoş münasibətinin ifadəçisi olan real faktdır. Yəni zaman AYB-nin önəmli nüfuzuna kölgə sala bilmir. Heç şübhəsiz, bu gerçəkliyin görünən və bilinən olması ilk növbədə hörmətli Anar müəllimin şəxsi nüfuzu, ürək genişliyi, diqqətcilliyi və humanizmi ilə bağlıdır. Anar müəllim istedadı görə və qiymətləndirə bilir. Bu, onun əxlaqından, intellektindən və dəyişməz mövqe ucalığından irəli gəlir.
Deyim ki, qurultayın keçirilməsinə hazırlıq işlərinə fevralın əvvəllərindən start verilib. İyun ayına qədər artıq 11 məruzə dinlənilərək müzakirə olundu. Hazırda bu işlər daha da intensivləşib. Qurultayda iştirak edəcək nümayəndələrin siyahısı tutulur, rəhbərlik tərəfindən diqqət yetirilir və müzakirə olunur. Seksiya və bölmə rəhbərləri ilə sıx əlaqə yaradılır, iclaslar keçirilir, təkliflər dinlənilir. Bir daha diqqətə çatdırıram ki, Anar müəllim ədəbi həyatda fəal iştirak edən hər bir istedadlı AYB üzvünün qurultaya dəvətli olması üçün lazımi tapşırıqlarını verib və bu seçimi diqqətlə nəzərdə saxlayır. Eyni zamanda deyim ki, mütləq şəkildə obyektiv seçkinin aparılması elə də asan məsələ deyil. AYB-nin kifayət qədər üzvü var. Hər kəs də müəyyən qədər özünü haqlı sayır və bu tarixi prosesdə şəxsən iştirak etmək istəyir. Təbii arzudur. Amma o da qaçılmaz reallıqdır ki, heç bir qurumun, təşkilatın üzvləri öz qurultaylarında ellikcə iştirak etmirlər. Ənənə var, hər qurum sayından asılı olaraq öz namizədləri ilə təmsil olunur belə mərasimlərdə. Bu reallığı da nəzərə almaq lazımdır.
Həmişə olduğu kimi, XIII qurultayda da bir çox ölkələrdən nüfuzlu yazıçı və şairlərin, söz adamlarının dəvət olunması nəzərdə tutulub. Hesab edirəm çox əlamətdar anlar yaşanacaq. Bütün hallarda çalışacağıq ki, ədalət və obyektivlik naminə haqqı olan hər bir qələm dostumuzun qurultayda iştirakı təmin olunsun.
- Elçin müəllim, dediyiniz kimi, qurultayöncəsi seksiyalar üzrə dinlənilən bütün məruzələri bir araya gətirən toplunun tərtibçisi və redaktorusunuz. Maraqlıdı, müzakirələr zamanı səsləndirilən fikirlər çap prosesində nəzərə alınıbmı və bu məruzələrin ümumi mənzərəsi sizi qane edirmi?
- Təbii, beş il civarında araya-ərsəyə gəlmiş ədəbiyyat nümunələrini, müxtəlif janrlarda qələmə alınmış çoxsaylı əsərləri saf-çürük etməyin çətin bir iş olmağını siz də bilirsiniz. Eyni zamanda hazır və mötəbər bir tədbirdə oxunmuş məruzəni təzədən işləmək, irad və təklifləri nəzərə almaq çətin bir işdir. Böyük zəhmət və enerji tələb edir. Həm də nəzərə almaq lazımdır ki, bu məruzələr daha çox icmal xarakterlidir. Daha çox ötən beş ilin ümumi ədəbi mənzərəsini, ümumi təsnifatı əhatə edir. Təbii ki, bu məruzələrdə geniş təhlillərə elə də yer verilməyib. Uğurlu əsərlər müəyyən ştrixlərlə, ümumiləşdirmələrlə diqqətə çatdırılıb. Ola bilsin kimsə hər hansı janr üzrə münasibətini bir ayrı cür bildirə bilərdi. Amma hesab edirəm məruzələrdə ədalət hissi, obyektivlik və peşəkar münasibət ön plandadı. Təklif və iradlara da hörmətlə yanaşıldığını nəzərə alsaq, deyə bilərəm ki, edilən məruzələrin hər birinin özünəməxsus dolğun məzmunu, təhlili üstünlükləri var. Şəxsən mən məruzəmdə daha çox zövqünə inandığım ədəbiyyatşünas və tənqidçilərin, eləcə də özümün diqqətimi çəkən əsərlər üzərində dayanmışdım. Deyim ki, sözügedən dövr ərzində təxmini hesablamalarıma görə iki yüzə yaxın roman və povest, ondan da xeyli artıq hekayə çap olunub. Təkcə "Azərbaycan" jurnalında 49 roman və povest, 79 müəllifin isə hekayələri işıq üzü görüb. İndi təsəvvür edin, məruzəçi bu qədər bədii məhsulun təsnifatını, ədəbi dəyərini hansı enerjinin hesabına verə bilər?
Şadam ki, Azərbaycan yazıçılarının XIII qurultayı əbədi, əzəli Qarabağ torpaqlarımızın işğaldan azad olunduğu tarixi bir zamana təsadüf edir. Böyük zəfərdən sonra 150-dən çox yazarımız Heydər Əliyev Fondunun təşəbbüsü ilə iki dəfə Vaqif Poeziya Günlərinə qatılıb, mənəviyyat paytaxtımız Şuşanı ziyarət ediblər. Qısa vaxt ərzində Anar müəllimin təşəbbüsü ilə "Qarabağ dastanı, 44 günün zəfəri" kitabı hazırlanıb. Şəxsən mənim təşəbbüsümlə "Bütün yollar Şuşaya aparır" toplusu nəşr edilib. Bu kitabların çoxsaylı təqdimatları keçirilib. Hörmətli Anar müəllimin iştirakı ilə Kürdəmirdə, İmişlidə, Ağsuda, Göyçayda, Şamaxıda, Naxçıvanda yüksək səviyyədə ədəbi-bədii görüşlər, təqdimatlar gerçəkləşdirilib. Bütün bunlar ədəbiyyatımızın işinə stimul verir. Yeni ovqat, təravət bəxş edir. Belə olub və ümid edirəm ki, gələcəkdə də belə olacaq.
Söhbətləşdi: Sərvaz Hüseynoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!