"Şairlər arasında Hölderlindən yaxşısı yoxdur" - Romanı 22 dilə tərcümə olunmuş yazıçı Karl Uve Knausqorun “Granta” ədəbi jurnalına müsahibəsi

Dünya şöhrətli yazar "Prust anketi"ni doldurdu

 

Norveçli yazar Karl Uve Knausqor (Karl Ove Knausgaard) 6 dekabr 1968-ci ildə Osloda anadan olub. Bergen Universitetində incəsənət və ədəbiyyat üzrə təhsil alıb. Yazıçı olmağa çalışarkən Norveçin şimalında orta məktəbdə müəllimlik edib, kaset satışı ilə məşğul olub, psixiatriya xəstəxanasında xəstə baxıcısı işləyib, neft platformasında müxtəlif işlərdə çalışıb. Nəhayət, Stokholma köçüb və ilk romanını da orada nəşr etdirib.

Yazar ilk nəşriyyat debütünü 1998-ci ildə "Dünyadan kənar" ("Out of the World") romanı ilə edib və bu romanla Ədəbiyyat üzrə Norveç Tənqidçiləri Mükafatına layiq görülüb. Bu, mükafat tarixində ilk dəfə idi ki, debüt romana verilirdi.

İkinci romanı "Hər şeyin vaxtı" ("A Time for Everything") (2004) da bir sıra mükafatlar qazanıb və Skandinaviya Birliyi (Nordik Konsul) Ədəbiyyat Mükafatına layiq görülüb. Bu kitab, həmçinin Beynəlxalq Dublin Ədəbiyyat Mükafatına namizəd olub.

Yazarın altı kitabdan ibarət "Mənim mübarizəm" ("My Struggle") seriyası 22 dilə tərcümə edilib və 25 beynəlxalq mükafat qazanıb.

Yazar hazırda, nəşriyyat direktoru olan üçüncü həyat yoldaşı Mixal Şavitlə evlidir. Onların bir övladı var və əvvəlki nikahlarından olan uşaqları ilə birlikdə Londonda yaşayırlar.

Dünya şöhrətli yazar Karl Uve Knausqor`ın "Granta" adlı məşhur ədəbi jurnal üçün 2018-ci ilin mart ayında cavablandırdığı "Prust anketi"ni təqdim edirik. Suallara verdiyi səmimi və maraqlı cavablarda müəllif həyatı ilə bağlı maraqlı məlumatlar verir.

 

 

- Ən çox nə vaxt xoşbəxt olmusunuz?

- Mən, özümü unutduran bir şey edəndə xoşbəxt oluram - maşın sürmək, balıq tutmaq, oxumaq, yazmaq - bir situasiya içində yox olanda çox, hədsiz xoşbəxt oluram: sonuncu dəfə aşiq olduğum zaman; uşaqlarım doğulanda; son romanımı yazanda - nə fikirlər, nə də düşüncələr, yalnız işıq... və bir dünya görünür.

- Əsas qüsurunuz nədir?

- Daim başqalarını sevindirməyə çalışıram. (Bu mövzuda daim uğursuz olmağım da başqa bir qüsurdur, məncə).

- Sizi depressiyaya salan nədir?

- Xoşbəxt olmaq arzusu, özünü daima ətraflı araşdıran bir ağıl (beyin) və normaldan daha çox utanc hissi - bunların birləşmiş təsirləri bəzən məni aşağıya doğru çəkir. Digər tərəfdən, onlar bədii ədəbiyyatı da alovlandıra bilərlər, bu mənim ilk romanımda baş vermişdi (bir tənqidçi bunu "kişi utancının abidəsi" kimi təsvir edib) və bunu yazmaq çox əyləncəli idi.

- Görünüşünüzdə ən çox nəyi bəyənmirsiniz?

- Həə, bir müddət əvvəl bir jurnalist mənim haqqımda yazdığı məqalədə nəzakətlə qeyd etdiyi kimi, mənim olduqca sarı dişlərim var...

- Ən sevdiyiniz söz hansıdır?

- "Weltschmerz" ("velçmerz") və ya "zeitgeist" ("zaytqayst"). Ümumiyyətlə, alman sözləri. Onlarda hər şeyə çatmaq arzusu var. "Phanomenologie des Geistes!", "Zein und Seit!". Və bu hədəfin qaranlıq tərəfi, "Totalkrieg". Necə gözəl sözdür.

- Ən xoşagəlməz vərdişiniz hansıdır?

- İşlədiyim hər yerdə qoyub getdiyim beynə bənzəyən saqqızlardır, bəlkə də.

- Ən sevdiyiniz qoxu nədir?

- Xərçəng ("krevetka"), möhtəşəm qoxusu var!

- Etiraf etməkdən qorxsanız da, günah sayılan nədən çox zövq alırsınız?

- Yaxşı görək!

- Ən çox sevdiyiniz müəlliflər kimlərdir?

- Hmm, bu, suallar içində ən çətinidir! Ən sevdiyim roman, şübhəsiz ki, Selin`in (fransız yazar Lui-Ferdinand Selin - tərc.) "Kreditlə ölüm" ("Mort a credit") əsəridir: Selin adamı güldürə bilən yeganə modernistdir. Belə bir siyahıda Herman Melvilin "Mobi-Dik"i, Lev Tolstoyun "Hərb və Sülh"ü və romanların romanı olan Marsel Prustun "İtirilmiş zamanın axtarışında" romanları da olmalıdır. Borxes və onun "Tlön, Uqbar, Orbis Tertius" adlı qısa hekayəsini, Coysun "Ölülər" (bu onun yazdığı ən yaxşı əsərdir) əsərini də qeyd etmək lazımdır. Şairlər arasında Hölderlindən (alman şair və filosofu Fridrix Hölderlin) yaxşısı yoxdur.

- Gördüyünüz ən pis iş hansı olub?

- Şübhəsiz ki, baxıcılığını etdiyim, qayğısına qalmalı olduğum adamların səhər gələndə nəcisini üstümə tulladıqları iş.

- Axırıncı dəfə nə vaxt və niyə ağlamısınız?

- Bir neçə həftə əvvəl bir dostumun toyunda. Bilmirəm niyə, əslində xüsusi səbəb yox idi, deyəsən, çox emosionalam. Zarafat edirəm... Mən onun arvadına aşiqəm.

- Dostlarınızda ən çox nəyi qiymətləndirirsiniz?

- Onlara güvənə biləcəyim faktını və düşüncələrinin gözlənilməz olmasını. Bir də, təbii ki, onların məni sevməyisi, hətta onlar məni, mən onları sevdiyimdən daha çox sevirlər!

- Ən çox hansı hədiyyəyə sahib olmaq istərdiniz?

- Daha sürətli olmaq, topla daha yaxşı oynamaq və oyunu daha sürətli qavramaq istərdim - əgər bu real olsaydı, yəni yenidən on altı yaşında olma ərmağanı verilsəydi, beləcə, nəhayət, o vaxt hədəflədiyim səviyyədə futbol oynaya bilərdim.

- Ən utandığınız anınız hansı olub?

- Ən utandığım an deyə bir şey yoxdur, bütöv bir kataloq var. Amma ikisini qeyd edim: Bir dəfə camaatın gözü qarşısında bir qızın üzünə sillə vurmuşdum, bir dəfə də mənə aid olmayan bir şeiri gündəliyimə öz şeirimmiş kimi yazmışdım.

- Ən dəyərli əşyanız hansıdır?

- Düzünü desəm, belə bir şeyim yoxdur.

- Kiminsə sizə dediyi ən pis şey nə olub?

- Bir dəfə bir qız camaatın qarşısında mənə, "Sinfinizdəki qızların heç birinin səndən xoşu gəlmir", demişdi.

- Keçmişinizi redaktə edə bilsəydiniz, nəyi dəyişərdiniz?

- Mənim həyatım redaktə olunmuş haldadır, amma içində rol alan "aktyorlar" dəhşətdir, xüsusən də atam: Onu bu əsas rola kim qoyub?

- Ən böyük qorxunuz nədir?

- Ölüm, təbii ki, bütün şəkil və formalarıyla ölüm.

- Keçmişə qayıda bilsəydiniz, hansı dövrə gedərdiniz?

- Romantik romanlardakı kimi olan XVII əsrə getmək istərdim: dəniz balinalarla, meşələr isə ayı və canavarlarla doludur, Şekspir, Rembrandt və Nyuton hələ də sağdır.

- Həyatın sizə öyrətdiyi ən vacib dərs nədir?

- Həqiqətən də, heç bir şeyin əhəmiyyəti yoxdur.

 

* "Prust anketi" məşhur fransız yazarı Marsel Prust tərəfindən 1884-cü ildə, 13 yaşında doldurulub dostu Antonet Fore`yə doğum günü hədiyyəsi olaraq göndərilən, daha sonra 20 yaşında olarkən yenidən cavablandırdığı oxşar anketlə ədəbiyyatda bu adla qalan anketdir.

 

Hazırladı: Nilufər HACILI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!