- Rüstəm Kamal necə adamdır? Özünüzü necə səciyyələndirərdiniz?
- Çox çətin sualdır. Hər səhər yalnız güzgüyə baxanda özümü anlamağa və tanımağa çalışıram. Allahım və övladlarım qarşısında bircə şeylə qürurlana bilərəm: özümə rəva bilmədiyimi başqasına rəva bilmədim.
- Yazıçı taleyi nə deməkdir?
- Uca Yaradanla, təbiətlə rəqabətə girib məğlubiyyətə məhkum olan, Tolstoy kimi son nəfəsdə "mən heç nə anlamıram" deyən bir insanın Sizif taleyidi sanki...
- Yazıçı və şairlərin öz kitablarını satmasına necə baxırsınız?
- Səmimi deyirəm: anlayışla. Kimisə qınaya bilmərəm. Görünür, çıxış yolu yoxdur. Amma gərək belə olmayaydı. Bu zaman bəzən Məhəmməd Hadi ilə müqayisə aparılır. Hadi əlyazmasını satırdı, indiki müəlliflər isə kitab satışı ilə məşğuldur - əlyazmanın və kitabın satılması fərqli mənəvi məsələlərdir. Bəlkə də həmin hadisə Hadinin faciəli şair obrazını yaratmaq üçün vacib idi...
- Tərcümə ilə bağlı fikriniz.
- Tərcümə ilə bağlı debatlar hələ qədim Romada başlamışdı - yunan ədəbiyyatının latın dilinə tərcüməsi məsələsində. Bu gün də davam edir və heç vaxt ortaq nəzəri-praktik məxrəcə gəlinməyəcək. Adı yadımdan çıxıb.
İngilis yazıçısı Cerom Ceromun bir hekayəsi var. Hekayənin qəhrəmanı bir nənə ətrafda yüzlərlə velosipedçi görsə də, velosepedə inanmırdı. Mən həmən nənənin günündəyəm. Poetik tərcümə prinsipcə mümkünsüzdür, hardasa, nədəsə orijinalın itməsidir. Hətta ən mükəmməl və nümunəvi tərcümələr belə növbəti mərhələdə yenidən tərcümə edilir.
İkincisi, orta əsrlərdə olduğu kimi, şairin başqa dildə olan şeirləri orijinalda oxuması məsləhətdir. Böyük poeziya poetik dillərin toqquşmasında, kəsişməsində - dialoqunda yaranır, tərcümələri oxumaqla yox.
Bir yandan, sevindirici haldır ki, indi tərcümələrin, xüsusən romanların sayı artıb və artmaqdadır. Əcnəbi nəsrin kütləvi tərcüməsi yad müəlliflərin daha çox oxunmasını və tanınmasını şərtləndirsə də, yerli müəlliflərin isə kitab bazarında "ofsayt"da qalmasına səbəb olub.
- Doğrudur, bu gün ən çox romanlar tərcümə olunur. Bu gün roman formasının dəbdə olması bir faktdır.
- Hər ədəbi janrın və ya formanın da öz dövranı var. Janrın köhnəlməsi, muzey eksponatına çevrilməsi var, yaxud əksinə Sonet çələngi kimi, dünyada artıq roman da ilk forma kimi köhnəlir. Vizual sənətlərin inkişafı və texnologiyaların romanın mövqeyini zəiflədir. Kompüter proqramlarında olduğu kimi, ədəbiyyatda da janr və təhkiyə formatlarının dəyişməsi labüddür. Xüsusən virtual şəbəkələrin inkişaf etdiyi, blogerlərin meydan suladığı bir dönəmdə.
Bu gün Azərbaycanda romanı ayaqda saxlayan amillərdən biri də dəbdir. Necə ki, balet, opera yazmayan bəstəkara "natamam bəstəkar" kimi baxırlar, roman yazmayan yazıçıya elə. Bu streotipdən qurtulmaq lazımdır. Digər tərəfdən, bizim bu forma ilə hələ tam həll olunmamış münasibətimizdir. Oxucu və janr problemləri təfəkkürlə bağlı məsələlərdir.
- Hansı ədəbi nümunələr sizin dəyər sisteminizə daxildir? Bunu necə müəyyənləşdirirsiniz?
- Mahiyyətində pritça və ya pritçavarilik olan mətnləri sevirəm. Mifoloji düşüncənin modelləşdiyi mətnləri həvəslə oxuyuram. Roman oxumağı sevmirəm. Nəsrə poeziyanın bir növü kimi baxıram.
Əlbəttə, bəlli estetik-bədii meyarlardan başqa, mənim mətndə aradığım digər dəyər - əsəri oxuyandan sonra adamın içi işıqlanmalıdır. Buddizmdə "bodxisattva" deyilən bir anlayış var, səhv etmirəmsə, "saflaşmış, işıqlı" mənasındadır. Nirvana yolçusunun ən yüksək məsuliyyət meyarı bütün canlı varlıqları sevmək ölçüsüdür. Poeziya da, ədəbiyyat da belədir, oxucuya sevgi, işıq ötürməlidir. Ədəbiyyatın məsuliyyəti işıq məsuliyyətidir.
- Bəs şair toplum, xalq qarşısında məsuliyyət daşımır?
- Hamya məlum olan bir fikri təkrarlamalıyam və yəqin ki, orijinal olmayacam: şair yalnız zaman qarşısında məsuliyyət daşıyır.
- Şairin siyasətlə məşğul olması yaradıcılığına mane törətmir?
- Fikrimcə, mane olur. Çili şairi Pablo Nerudanı götürək. Elə ki, siyasətə girişdi, poetik ruhu zəiflədi. Siyasətin poeziya ilə təması arzuolunmaz haldır.
- Sizcə, orta məktəblərdə bədii yaradıcılıq dərsləri olmalıdırmı?
- Bu, söhbətin mövzusudur. Səhv etmirəmsə, qədim Çində məmur olmaq istəyən səxs nəzmdən imtahan verirdi, inşa yazırdı. Puşkinə liseydə musiqi, rəsm dərsləri ilə yanaşı, nəzm sənətini də öyrətmişdilər. Demək olar ki, bütün hökmdarlarımız nəzm sənətini də mükəmməl biliblər.
Məktəblərdə rəsm, musiqi dərsləri keçirilir, amma ədəbi-bədii yaradıcılıq dərsləri yoxdur. Musiqi məktəbləri var, amma ədəbi-bədii yaradıcılıq məktəbləri yoxdur. Ədəbiyyat dərsliklərində uşaqlara nəyi oxumağı və təhlil etməyi öyrədirlər (indi o da yoxdur!) - əslində bu, elə də vacib məsələ deyil. Bu ona oxşayır ki, rəsm dərslərində böyük rəssamlardan danışarsan, amma karandaş, fırça vermirsən.
- Rüstəm müəllim, şairin xarakteri, yaşam tərzi və vərdişlər ilə bədii mətnlərinin keyfiyyəti arasında nə dərəcədə əlaqə ola bilər?
- Bu, maraqlı sualdır və birmənalı cavab vermək olmur. Horatsinin, Soljenitsının imperiya sevdası məni az maraqlandırır. Vaqif axund və vəzir olub. Marlo casus olub. Xaqanindən donos yazan şairlər olub. Coys Dublinə nifrət edirdi. Tütçev şeir yazmasından utanırdı. Fet qaraqabaq təhkimçi idi, xiyar seleksiyası ilə məşğul olurdu və s. - bütün bunların dolayısı ilə bədii mətnin keyfiyyətinə dəxli olması məndə şübhə doğurur...
- Yəqin razılaşarsınız, ədəbi tənqidin inkişafında müəyyən problemlər var.
- Bizdə mükəmməl tənqidçilər var. Ümumiyyətlə, bizim mədəniyyətdə tənqidi-fəlsəfi refleksiyanın inkişafını əngəlləyən amillər yalnız fəlsəfənin inkişaf etməməsi ilə bağlı deyil. Ədəbi tənqidin inkişafı şəhər mədəniyyətinin inkişafı ilə də əlaqədar olsun gərək. Yalnız şəhər sənətin səciyyəvi fenomenini - tarixini yaradır. Ədəbi tənqid yalnız şəhər mədəniyyətinin inkişafı kontekstində mümkündür. Deyəsən, bir az qəliz səsləndi...
- Necə düşünürsünüz, şair son nəfəsinədək yazmalıdır, yoxsa arada qələmi yerə qoymalıdır?
- Bu fərdi seçim məsələsidir. Ömrüboyu yazmaq, yoxsa susmaq, yaxud başqa məsuliyyət tapmaq lazımdır? Höte "Verter"dən sonra (25 yaşında) fasilə verir. Şöhrətin zirvəsində minerologiya və arxeologiya ilə məşğul olur və bu sahələrdə də uğur qazanır. Məsələn, çənə sümüyün kəşf edir.
Arada bir nəfəsini dərməlisən, sözü "arata qoymalısan". Aran-yaylaq köçü kimi, için ritmini dəyişməlisən.
- Ədəbiyyat indi sanki virtual məkanda daha çox oxunur.
- Bəli, reallıq belədir. Ədəbi həyat indi internetdə qaynayır. Ölüm-dirim davası gedir. Gündə birini kumir seçirlər. Virtual qruplaşmalar, avtoreklamlar... Bir sözlə, internetdə yoxsan, deməli, heç yerdə yoxsan.
- Siz tanınmış ədəbiyyatşünas olsanız da, son illər filoloji esse janrına daha çox müraciət edirsiniz.
- Mənim fraqmentar - esseistik düşüncə tərzimə Nitsşe güclü təsir edib. Akademik üslubda filoloji məqalələrdən bezib fəlsəfi-poetik yazılara keçmək cəhdim hardasa onun filologiyaya münasibətindən qaynaqlanıb. Bildiyiniz kimi, Nitsşe karyerasını filoloq - antikşünas professor kimi başlasa da, fəlsəfəni seçmişdi.
Hələ universitet illərində esse ən sevdiyim janr olub. Esse yaradıcılığıma E.Çoranın, S.Zontaqın, R.Bartın, E.Uaynbergerin, M.Epşteynin, V.Şklovskinin təsirini də qeyd etməliyəm.
Esseni sərbəstliyinə, paradoksal, gözlənilməz ümumiləşdirmə imkanlarına görə bəyənirəm. Mən personaj və ya saxta dialoqları uydurmağı sevmirəm. Esse sənə improvizələr etməyə, assosiativ-poetik gəzişmələr etməyə, məhdud məkanda bir neçə üslubu "əritməyə" imkan verir. Diqqətçəkməyən bir detaldan, motivdən nəsə toxuyursan - adama ləzzət edir. Essenin hardasa sərbəst şeirə yaxınlığı da var...
- Cavan ədiblərə məsləhətiniz.
- Peşəm müəllimlik olsa da, öyüd-nəsihət vermək həvəsim yox. Allaha şükür, indi gənclər kifayət qədər mütaliəlidir, yaxşını-pisi məndən də yaxşı bilirlər. Məsələn, məşhur Meksika yaxıçısı Xuan Pulfo çox oxumağı məsələhət görürdü. Əlbəttə, mütaliə ədəbiyyatda yerimizi, imkanlarımızı müəyyənləşdirməyə imkan verir. Amma çox və parəkəndə mütaliə də istedadın formalaşmasına əngəl törədə bilər. Niyə? Əgər yaddaşımız özgə ideyalar ilə doludursa, öz ideyalarımıza yer qalmır. Mənə elə gəlir ki, hərdən başqalarının nə yazdığını unudub, bir qədər kənara çəkilib, nəsə dəyərli bir şey yarada bilərsən. Ağlıma gələn ikinci məsləhətim - formanın məzmunu üstələməsinə imkan verməmək. Şərqdə (xüsusən divan ədəbiyyatında) forma kanonlarının "hökmranlığı" süjetlərini sərbəst işləməsinə mane oldu, məzmun forma qəliblərinin köləsi oldu - nəticə də ortadadır.
- Rüstəm müəllim, bir daha doğum gününüzü təbrik edirəm.
- Təşəkkür edirəm. Tanrının lütfü ilə 60-a çatdıq...
Söhbətləşdi: Tural CƏFƏRLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!