"Ədəbiyyat o qədər ehtiraslıdır ki, bəzən xəstə olanda yarımçıq hekayəmi düşünürəm..." - "Fikir bucağı" layihəsinin qonağı yazıçı İlham Əzizdir

 

- Xoş rdük, İlham y! İşr necə gedir? İsti yay günlərində nəsə yaza bilirsinizmi?

- Xoş gördük! İşlər normal, stabildir. Yay yazı baxımdan ən bəhərsiz fəsildir. Rəngarənglik sükutu pozur. Yazmağa da sükut lazımdır. Əlimdə tamamlanmamış hekayələr var, üzərində işləyirəm.

- Bu yaxınlarda yeni kitabınız çap olundu. Təqdimat da yeni formatda keçirildi. Ümumiyyətlə, təşkilati işin gedişatından razı qaldınızmı?

- Təqdimat deməzdim, format olaraq yeni idi. Sadəcə məkan düz seçilmişdi. Təşkilatçılığı da dostlar etmişdi. Əlbəttə, razı qaldım. Ədəbiyyatşünasların, şair, yazıçı və oxucuların bir yerdə olanda auraları bayram ovqatı yaradır. Kitab təqdimatlarının yazıçı üçün stimul olduğunu düşünürəm.

- Nəyə görə bizim cəmiyyətdə ədəbiyyata, musiqiyə daha çox axın var? Fizika, fəlsəfə, astronomiya elminə maraq azdı?

- Ümumən, Şərq irrasional toplumlardır. Tək biz yox, bütün Şərq aləmi ədəbiyyata, musiqiyə meyillidir. Cəmiyyətimizin yuxarıda sadaladığınız elmlərə marağını iqtisadi düşüncə və təhsilin səviyyəsi təyin edir. O elmlərin lazım olduğu sahələr yaxşı qazanc gətirsə, onda tamam fərqli vəziyyət alınar. Qaldı ədəbiyyat, musiqi sevgisinə, bunun həm tarixi kökləri var, həm də təbii istedad özülü. Bir də, insan sevgiyə möhtacdır, faniliyini bu yolla ovudur. Bu sahənin adamlarına da insanların sevgisi olur, bəlkə sualın cavabı da burdadır.

- Bəlkə, yazıçı və şairlərə cəmiyyət tərəfindən münasibət fərqlidi, ona görə?

- Aydındır ki, incəsənət adamına münasibət fərqli olur. Çünki o adamlar bizim içimizə, ruhumuza xitab edir. İnsanın ən böyük hissi sevgi hissidi. Musiqi də, ədəbiyyat da onu silkələyir, qabardır. Ədəbiyyat və musiqi adamı öz içiylə, özüylə danışdırır. Hamımızın özümüzlə danışmağa ehtiyacımız var.

- "Xəsil adam" hekayəsində bir rahatlıq var. Bu rahatlığı həm dildə, həm də obrazlarda görmək olar. Ancaq oxucularla bağlı sanki narahatsınız...

- Vallah, mənim yazdığım dilə köhnə deyənlər də var. Mən yazanda obrazlarıma heç nəyi qısqanmıram. O anda gələn cümlələr mənim deyil, obrazlarımındı. Hekayə alınırsa, o obrazlara minnətdaram. Mən onlarla yazı prosesində danışıram, savaşıram, küsürəm, barışıram. Oxuculardan heç bir narazılığım yoxdu. Bizim ölkədə oxucu problemi də yoxdu. Sadəcə, materialı ona çatdırmaq lazımdır. Kitab nəşr olunandan sonra müxtəlif peşə sahiblərindən xoş sözlər eşitmişəm, bu da məni sevindirir.

- Uzun müddət maliyyə sektorunda, müxtəlif vəzifələrdə çalışmısınız. İnsanları tanımaq necədi?

- Mən tanımal adam deyiləm. Bəziləri bir kəlmədən kimin hansı yuvanın quşu olduğunu bilir. Bu da bir istedaddır. Mən heç vaxt diaqnoz qoya bilməmişəm. Bəlkə də bu, içimdə insana olan sevginin nəticəsidir. Bir də insanları tanımağa ehtiyac duymuram. Mən onlardakı yaxşı nə varsa seçib, adekvat davranmağa çalışıram. İnsanı idarə edən ən böyük nəsnə ehtiyacdır. Maliyyə bu ehtiyacın maddi tərəfidir, sənət mənəvi. Hər iki sektora bələd olmağıma baxmayaraq yenə də heç kimi axıra qədər anlaya bilməmişəm.

- 2017-ci ildə ''İlham Əziz'' imzası ilə ədəbi fəaliyyətə başlamısınız. Dövri mətbuatda hekayə, resenziya, publisistik yazılar ilə çıxış edirsiniz. Bu fəaliyyətin tarixçəsini və səbəbini danışa bilərsinizmi?

- Ümumən, proses uşaqlıqdan başlayıb. Atam riyaziyyat müəllimi olmasına baxmayaraq bizim evə hər ay "Azərbaycan" jurnalı gəlirdi. Mən 80-ci illər bu jurnaldakı bütün yazıları acgözlüklə oxumuşam. O dövrlərdə ədəbiyyatın hörməti burdan bəlli olur ki, ölkənin adını məhz ədəbiyyat jurnalına veriblər. Mən həm də yaxşı oxucuyam. Azərbaycan nəsrini çox sevirəm. Yazmağa 20 il əvvəl də cəhd etmişdim. Hətta bir-iki səhifə yazmışdım. Amma mühitim o deyildi. Son illər ədəbi mühitlə qaynayıb-qarışmağım cəsarətimi artırdı. Bu mühitə doğmalaşmağım da mənim təşəbbüsüm olub. Fikirləşdim ki, bir az da keçsə gecikəcəm.(Gülür)

- Həyat haqqında düşüncələriniz...

- Həyat mənə görə, bizdən asılı olmayan, sürprizlərlə dolu hekayədi. Kiminə qısa danışırlar, kiminə uzun. Janrları da fərqlidi. Hamımız bu hekayənin baş qəhrəmanıyıq.

- Bəs ölüm?

- O daha ciddi anlayışdı. Ölüm qədər məni ecaza gətirən heç nə yoxdur. O qədər mübhəm, o qədər zərifdi ki, o barədə çox danışıb sirrin aurasını pozmaq istəməzdim.

- Ədəbiyyatın əsas mövzularından biri olan "sevgi" müasir dövr oxucuları üçün necə təqdim olunmalıdır?

- Sevginin sovet, kommunist anlayışını birdəfəlik unutmalıyıq. Pafos sevginin qənimidir. Sevgi mübaliğəsiz, çılpaq yazılmalıdır. Sevgini nifrət və xəyanətin sərhədlərində göstərmək əsas məsələdir. Ömür boyu böyük sevgilərin qürubunu izləmişəm. Bəlkə, sevgi materiya kimi ancaq ədəbiyyatda daimi qalır. Böyük mənada kişi-qadın sevgisini qəbul etmirəm.

- Keçmiş, yoxsa gələcək?

- Əlbəttə, keçmiş. Gələcək parıltılıdır. Heç bir gələcək sevinc, kədər, nostalji hissi qədər gözəl ola bilməz. Mən keçən illərin, ayların dadını, qoxusunu tanıyıram. Arada o tam, o qoxu burnuma gəlir, mən o dəqiqələrin bitməsini istəmirəm. Keçmişini görmək izləmək üçün çox uzaqlara getməlisən, hər halda, elm də bunu deyir. Ədəbiyyat bizi aparıb kainatın o başına atır və biz ordan keçmişi izləyib yazırıq. Yazıçı xatırlamalıdır. Xatirat özlüyündə ədəbiyyatdır.

- İntellektual mətn necə olmalıdır? Oxucunu maraqlandırsın, ancaq yormasın...

- Ədəbi mətn öyrətməyə borclu deyil. İntellektual mətn deyəndə səhv anlayırlar. Elə başa düşürlər ki, elmin, texnikanın nailiyyətlərini yazmalısan. Sadəcə yeni proseslərdən xəbərdar olmalısan. Romançının fizika, kimya dərsi deməsi absurddur. Biz bu qarğaşanın, inkişafın estetik tərəflərini yazmalıyıq. Texnoloji bumun insanın təməl hisslərinə toxunan yerlərində yaratdığı yaraları göstərməliyik.

- Yaradıcılıqlarında bəşəri qənaətdə olan yazıçılarımız kimlərdi? Onları necə müəyyən etmək olar?

- Mənim fikrimcə, Azərbaycan nəsrinin klassik saydığımız nümunələrində bəşəri qənaətlər yoxdu. Nəsrimizdə bəşəri qənaətin yaşı 60-65 ildi. Dünya haqqında, fanilik barədə yeni qənaətlər bu dövr ərzində yazılıb. Məsələ o qənaətlərin nə qədər düz və ya səhv olmasından getmir. Məsələ bunları yazmaq cəsarətindədir. İsa Hüseynov, Yusif Səmədoğlu, Kamal Abdulla, Sərdar Amində bu qənaətlərə rast gəlmişəm. Sərdardan bir sitat da gətirə bilərəm. "Su sərgisi" romanında belə deyir: "Xəyallarımız Allaha potensialımızı xatırladır".

- Yazıçı nəfəsini hardan alır və nə vaxt o nəfəsin bitdiyi məlum ola bilər?

- Yazı prosesi hərədə bir cürədir. Mən şəxsən yazanda özümü unuduram. Hər hekayəni bitirəndən sonra da elə bilirəm bitdi, bir də yaza bilməyəcəm. Amma birdən nəsə baş verir, içim qarışır, narahatlıq başlayır. Proses xaotikdir, heç bir düsturu yoxdur. Ədəbiyyat o qədər ehtiraslıdır ki, bəzən xəstə olanda yarımçıq hekayəmi düşünürəm. Deyirəm birdən ölərəm yarımçıq qalar. Başqa heç nə narahat etmir. Amma elə dostum var ki, mənim hekayəmi tamamlaya bilər. Bu hiss məni rahatlaşdırır.

- Özünüzü unutduğunuz məqamlarda, yəni yazı prosesində nələri xatırlayırsınız?

- Yazı prosesi sirlərlə doludur. Səhərin alaqaranlığında kimsə məni dümsükləyib oyadır. Tamam başqa auraya düşürəm. Cümlələr navalçadan yağış süzülən kimi axıb, hər yerimi isladır. Bəzən deyirəm tam ayılıb yazaram, ərinirəm. Bir azdan heç nə xatırlamıram. Mən yazdıqlarımı görürəm. Hər şeyi görüb yazıram. Bir cümlə belə bu ab-havadan kənar yazsam, mətnin içində yamağa dönüb məni girinc edir. Yaza-yaza ağladığım vaxtlar olub. Sonra özümü gülmək tutur ki, uydurduğun şeyə niyə ağlayırsan? Mən böyük ustadların unutduqlarını yazıram, mənə elə gəlir. Onları da burdan sayqı və hörmətlə anıram…

- Feysbukda göndərilən oxucu suallarından: Vaqif İsaqoğlu: "Müəllifin bir neçə hekayəsini oxumuşam. Maraqlıdı, bizim müasir dövr yazıçılarından kimləri oxuyur?".

- Demək olar ki, hamını oxuyuram. Gənclərdən Nadir Yalçın, Məlik Rza, Orxan Həsəni, Vüqar Babazadə, Fəridə, Məhəmməd Tanhu, Rəvan Cavid. Nəsildaşlarımdan Şərif Ağayar, Mübariz Örən, Fəxri Uğurlu, Aqşin Yenisey, Saday Budaqlı, Etimad Başkeçid, Cavid Zeynallı.

60-cılar da nə yazsa.

- Ülvi Bahadır: "Onu yazmağa vadar eləyən amillər hansılardır? Nələr baş verdi ki, yazmağa başladı?".

- Uşaq vaxtlarımda harda su görürdüm, pallı-paltarlı atılırdım. Az qala yekə kişi olanacan bu davam edib. Cəmiyyətdən utanıb suya atıla bilmədiyim gündən yazmaq istədim. Mənimçün ədəbiyyat sevdadır. O mənim sevgilimdir. Razılığın alıb ilk məktubumu yazmışam. Sirri də məndə qalsın.

- Alpay Azər: "Roman yazmağa özünü hazır bilirmi?".

- Yazacam, Alpay, yazacam!

 

Söhbətləşdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!