- Xoş gördük, Oktay müəllim. İstərdim yaradıcılığa başladığınız ilk vaxtlara qayıdaq. Bizə ilk yaradıcılıq illərinizlə bağlı məlumat verin, zəhmət olmasa.
- Çox sağ olun. Bir qədər əvvələ qayıtmalı olsaq, deməliyəm ki, ilk yaradıcılıq illərimdə Əli Kərimi görmüşəm, o, "Azərbaycan" jurnalında işləyirdi, həmin vaxt Bakı Ticarət Məktəbi var idi, mən orda oxuyurdum. Şeirlər yazırdım, düzü, şeir yazmağım heç ağlıma gəlməzdi, yəni bu barədə düşünmürdüm də... Dövr ağır idi, dolanışıq çətin idi, nəsə bir işlə məşğul olub, iş sahibi olmağa çalışırdıq. Təhsilimi bitirib, Şamaxıya getdim, altı ay müəllim işlədim. Orda Məmməd Rahim oxucularla görüşə gəlmişdi, qəfil sözü mənə verdilər. Tribunada öz şeirlərimi oxudum, rayonun rəhbər şəxsləri də orda idi. Çıxışım çox yaxşı qarşılandı, hətta Məmməd Rahim gül dəstəsini götürüb, mənə təqdim elədi. Bax beləliklə mən ədəbi fəaliyyətə ilk addımlarımı atmağa başladım. İlk yaradıcılıq illərimi belə xatırlayıram.
- "Eşqimiz elə bu qədərmiş" şeirinin tarixçəsini danışa bilərsinizmi?
- Məni Bakıya gətirən səbəb var idi. O səbəb bir eşq macərası ilə əlaqədar idi (gülür). Hardasa, 13-14 yaşım olardı, bir eşq havası ilə Ağsudan çıxıb, icazəsiz, heç kimə demədən Bakıya gəldim. Bir dərnəkdə iştirak elədim, Nardaranda təşkil olunan dərnəkdə ilk şeirlərimi yazdım. Həmin o eşq havası ilə də öyrəndim ki, o qız Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil alır və mən qərara gəldim ki, mütləq həmin universitetə daxil olmalıyam. Sənədlərimi iki ay qabaqdan təqdim elədim, bu o dövr üçün ağır bir məsələ idi. Çox böyük çətinliklə qəbul oldum, axır ki, qəbul oldum və o qız axşam şöbəsində oxuyurdu, mən gündüz. Ancaq ikimiz də eyni ildə bitirdik universiteti. Sonra mən hiss elədim ki, o mənim içimdə böyütdüyüm sevgi deyilmiş... Beləliklə, məşhur mahnının sözləri yarandı: "Sevgimiz elə bu qədər imiş". Bu mahnının sözlərini sonra yazdım. Ancaq ilk yaranma tarixçəsi belə olub.
- Ədəbi fəaliyyətinizdə sizə istiqamət verən hansı hadisələr olub?
- Bir dəfə Süleyman Rüstəmlə görüşdüm, onda radioda ştatdankənar müsahibələr götürürdüm, qonorar almaq üçün, tələbə idim. Mirzə İbrahimovla da müsahibəm olub. Süleyman Rüstəm məndə yaradıcı məqamları görmüşdü. Yaradıcılığımla bağlı "uğurlu yol" yazmaq istədiyini bildirdi. Ancaq mənim şeirdə kumirim Rəsul Rza idi. İstəyirdim o, şeirlərim haqqında yazsın. Rəsul Rza o vaxt radioda mənim şeirlərim haqqında danışdı. "Şamaxı" şeirimi bəyənmişdi. Bu şeir cavan yaradıcı adamlar arasında çox məşhur idi. Fikrət Qoca o şeiri çox bəyənirdi. O vaxt cavan idim, qıvrım saçlarım var idi, Fikrət Qoca saçımı sığallayıb deyirdi: "Mənim Puşkinim" (gülür).
- O dövrdə mətbuatda, dərgilərdə çap olunmaq necə idi? Hansı meyarlara üstünlük verilirdi? İndi vəziyyəti necə təsvir edə bilərsiniz?
- Mən deyərdim ki, indiki gənclər arasında da istedadlı yazıçı və şairlər var. O vaxt çap olunmaq çətin məsələ idi. Hamını çap eləmirdilər. Müəyyən qadağalar var idi, senzura və s. Təbii ki, istedadlı mətn seçilirdi. Ancaq həmişə obyektiv seçim olmurdu. İndiki Azərbaycanı ötən əsrin əvvəllərindəki Amerikaya bənzədirəm. Çünki mən Vulfu oxuyuram, görürəm ki, eynən Azərbaycandı. Onun bir romanı var: "Evə dönüş yoxdur". Mən deyərdim dünyanın sayılıb-seçilən əsərlərindən biridir. Nə qədər böyük yazıçı imiş... Bizim yazıçılar ona yaxın gedə bilmirlər...
- Bunun səbəbini nədə görürsünüz?
- Çünki bizim yazıçılar həqiqəti yaza bilmirlər. Həqiqəti yazmaq asan məsələ deyil. Bizim yazıçılar bir çox halda öz içlərinə xilaf çıxırlar. Demirəm heç yoxdu. Yazanlar var, amma o deyil. Yazıçı təsir etməlidir. Əgər təsir edə bilmirsə, o, yazıçı deyil. Vulf mənə çox böyük təsir edib. Onun təsiri ilə də yazmışam bir müddət. Demək olar ki, bütün bəyənilən yazılar məhz Vulfun təsiri ilə yazdıqlarımdı...
- Təsir imkanları nə vaxta qədər olmalıdı bir yaradıcı şəxs üçün?
- Bilirsiniz, təsir yaxşıdı, ancaq bir müddətə qədər. Bir müddətdə o təsir səni oyatmalı, hərəkətə gətirməli və bununla da iş bitməlidi. O da bir sevgidi, təsirdən doğan sevgi. Bu sevgidən yeni nələrsə yazılır, təqdim olunur.
- Oktay müəllim, son vaxtlar yeni kitablarınız çap olunmur. Bu, nə ilə bağlıdır?
- Bilirsiniz, müəyyən vaxtdan sonra qayğılar adamın başını qatır. Mən də ailə sahibiyəm. Ailə sahibi olan adamın yaradıcı gücü bir vaxtdan sonra tükənir. Bununla bağlı Stalin deyib ki, "əsl inqilabçı evlənməməlidir...". Bu fikri yazıçılara da aid etmək olar. Yazılarında inqilab yaratmaq üçün o, bütün varlığı ilə yazıya fokuslamalıdır. Yoxsa alınmır.
- Nəsrlə bağlı nə düşünürsünüz?
- Bir dəfə Xalq yazıçımız Anar məni "yazıçı" kimi təqdim eləmişdi. Görünür, nəsrlə bağlı yazılarımı oxuduqdan sonra bu qənaətə gəlib. Digər qələm dostlarım da mənim nəsr yazılarımı bəyənib. Ancaq mən özümü daha çox şair kimi qəbul edirəm.
- Ətrafınızda sizə dəstək olan insanlar olubmu? Həm həyatla, həm də yaradıcılığınızla bağlı...
- Bayaq adını çəkdiyim Vulf cavan yaşında elə bir ətrafa düşüb ki, onun yanında yaxşı adamlar olub. Mənim də ətrafımda yaxşı adamlar olub. Həm həyatımda, həm də yaradıcılığımda yaxşı adamların rolu var. Elçinin, Anarın köməkliyi ilə mənə ev verilib. Kürdəmirin məhkəmə sədri vardı, Mahmud Həsənov, mənə çox dəstək olub. Mən bunları heç vaxt unuda bilmərəm. Yaradıcılığımla bağlı mənə uğur diləyən, imkanlar verən böyük yazıçı və şairləri də qeyd etməliyəm. Rəsul Rza, Süleyman Rüstəm dövrün böyük şəxsiyyətləri idi. İstedadlı gənc yazarlara diqqət göstərirdilər. O vaxt on dörd redaksiya var idi, Rəsul Rza Göyçaydan hər mövsüm həmin redaksiyalara bir səbət heyva, bir səbət nar göndərirdi. Bu məqamı heç vaxt unuda bilmirəm.
- Oktay müəllim, ədəbi tənqidlə bağlı nə düşünürsünüz?
- Mənə elə gəlir ki, yazıçı tənqidçidən bir addım öndə olmalıdı. Yəni o, tənqidə o qədər də fikir verməməlidir. Həqiqəti yazmalıdı. Tənqidçinin nə yazmağından asılı olmayaraq gərək yazıçı yazısını yazsın. Tənqidçinin öz işi var. Yazıçı öz yolu ilə getməlidir. Yazıçı həm də gördüyünü yazmalıdı. Yazıçı nə iqtidar olmalıdı, nə də müxalifət. Onda oxucular səni sevəcək. İndi deyirlər, yaxşı əsər oxunmur. Yalandı, yaxşı əsər hər zaman oxunur. Özü də kitabdan oxunur, internetdən yox. İnternetin də yaxşı və pis tərəfləri var. Biz Avropanın zahiri qiyafəsini götürürük. Amma daxili aləmləri kəşf edə bilmirik. Bu da bir prosesdi. Görünür, zaman lazımdı...
- Yazıçının birinci xüsusiyyəti nə olmalıdı?
- Ümumiyyətlə, insan birinci növbədə özünü tanımalıdır. Təəssüf ki, indi adamların yarıdan çoxu özünü tanımır. Bu da bir çox fəlakətlərə gətirib çıxarır. Təhsillə bağlı çatışmazlıqlara, mədəniyyətlə bağlı çatışmazlıqlara yol açır. Yazıçı da özünü tanıyandan sonra nə yazacağını bilməlidir. Yoxsa nə qədər yazsa da, onda alınmayacaq. Özünü tanıma prosesi vacib məsələdir. Sən bilməlisən yazdığında həqiqətin payı nə qədərdi. Həqiqət varmı? Varsa hardadı? Bu suallara yazıçı mətndə cavab yazmalıdı. Bu, yazıçının birinci xüsusiyyətlərindən biridir. Həqiqəti yazmaq, həm də olduğu kimi yazmaq... Bu da zamanla bağlıdır...
- Zaman deyəndə nəyi nəzərdə tutursunuz?
- Mən zamana fəlsəfi aspektdən baxıram. Zaman axıb keçən bir nəhrdi. O nəhrə iki dəfə daxil olmaq olmur, qayıtmayan bir prosesdi. Birtəfəlidi. Hər zamanın öz yazısı və tələbatı olur. Hər yazıçının da öz dövranı olur. Mənim bir pyesim var, səhnələşdirilib, sadəcə olaraq pandemiya vaxtına düşdü, qaldı. "İnsan qiyafəli uzay köpəkləri" adlı pyesdi. "Qobustan" jurnalında çap olunub. Əks-sədalı bir pyes oldu. Məmməd Orucun çox xoşuna gəlmişdi. Mənə dedi ki, son otuz ildə bu cür pyes oxumamışam. Pyesdə insan- robot münasibətləri təsvir olunub. İnsanlar öz başlarına gətirdiklərini robotların da başına gətirir. Yəni insana məxsus olan paxıllıq, həsəd, kin robotlara da qarşı yönəldilir. Bu gün dünyada baş verən proseslər də insanların paxıllığı, kini həsədi ilə əlaqəlidi...
- Dünyada baş verən proseslərdə ədəbiyyatın rolu nədir? Deyək ki, müharibələrdə ədəbiyyat özünü necə göstərməlidi?
- Dünyada baş verən proseslər çox qarışıqdır. Hər kəsin özünəməxsus haqlı iradları ola bilər. Ədəbiyyatda müharibə mövzusu həmişə olub. Bu gün də var. Ola bilsin, yazılanlar hələ öz dəyərini qazanmayıb. Bu da zamanla bağlıdır. Düşünürəm ki, zamanla yaxşı əsərlər olacaq. Müharibələrdə ədəbiyyat daima sülhə tərəf olmalıdı. Ədəbiyyatın bir missiyası da sülhün, insanlığın təbliğ olunmasıdır, axı. Dünyada yanaşmalar fərqlidir. Biz torpaqlarımızı qaytardıq, bu elə də asan məsələ deyildi. Buna nə qədər hazırlıq getdi. Hazırlıqsız bu işləri yerinə yetirmək sadəcə olaraq mümkün olmayacaqdı. Ədəbiyyat da hazırlıqlı olmalıdı. Otuz il məğlubiyyətdən əsərlər yazıldı, indi isə qələbədən əsərlər yazılacaq. Sonra bu əsərləri dünyaya təqdim etməliyik. Tərcümələr olunmalıdı...
- Tərcümələrlə bağlı nə düşünürsünüz?
- Tərcümələrlə bağlı vəziyyət olduqca bərbaddır. Azərbaycanda tərcümə ədəbiyyatı ilə bağlı deyə bilərəm ki, yaxşı tərcümələr olduqca azdır. Necə ki, yaxşı əsərlər azdı, yaxşı tərcümələr də azdı. Necə gəldi tərcümə eləyirlər, pul qazanmaqdan ötrü... Məni rus dilindən olan əsərlərdən uzaqlaşdıran həmin o tərcümələr oldu. O vaxt fars dilindən Şəhriyarın "Azərbaycan" şeirini Fikrət Sadıq tərcümə edib. O qədər gözəl bir tərcümədi ki... Fikrət Sadıq mənim ustadım olub. O vaxtlar Şamaxıda "Gənc Sabirçilər" ədəbi məclisi var idi. Mən də o dərnəyin üzvü idim. Dərnəyin ədəbi prosesə böyük xeyri oldu. Musa Yaqub, Şahməmməd Şahməmmədov kimi üzvləri var idi. O ədəbi məclisi Fikrət Sadıq yaratmışdı.
- Oktay müəllim, ədəbi mükafatlara, müsabiqələrə münasibətiniz necədi?
- Müsabiqələr olmalıdı, yaradıcı müəllifləri ruhlandırmaq üçün. Orda da həqiqət olmalıdı, obyektivlik olmalıdı. Mən 1991-ci ildə Türkiyənin mükafatını qazanmışdım. Yaxşı da pul mükafatı vermişdilər. Hardasa iki min dollar pul mükafatı idi. Ümumiyyətlə, mükafatların bir marağı, bir məramı olur. Lap elə "Nobel" mükafatı olsun. Orda da bir maraq var. Hələ Sovet dövrünün "Lenin", "Stalin" mükafatlarını müəyyən maraqlara görə təqdim edirdilər. Rəsul Rza təqdim olunmuşdu o vaxt "Lenin" mükafatına. Onu burdan öz ətrafımızda olan can-ciyərlərimiz Moskvaya yazıb eləmişdilər ki, verilməsin. O da verilmədi...
- Gənc yazarlara nə kimi tövsiyələriniz var?
- Mənim tövsiyə etməkdən xoşum gəlmir. Özüm də hələ müəyyən tövsiyələrə diqqət edirəm. Bu mənada düşünürəm, hələ tövsiyə etməyim düzgün deyil (gülür).
- Çox sağ olun, Oktay müəllim. Sizə cansağlığı və xoş günlər arzu edirəm.
- Sağ olun. "Ədəbiyyat qəzeti" ədəbi elitanın qəzetidir. Mən də sizə və "Ədəbiyyat qəzeti"nin kollektivinə təşəkkür edirəm.
Söhbətləşdi: Tural CƏFƏRLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!