İtalyan yazar Suzanna Tamaro: "Sevgi gələcəyə inanmaqdır..." - Müsahibə

 

Yazar və kinorejissor Suzanna Tamaro 12 dekabr 1957-ci ildə İtaliyanın Triest şəhərində anadan olub. Valideynləri ayrıldıqdan sonra ana nənəsi tərəfindən böyüdülən yazar atasını "alkoqolik", anasını isə "soyuq və qəddar" adamlar kimi təsvir edir. Yazarın uşaqlıqda dörd iti, on pişiyi, on beş qırmızı balığı, çoxlu tutuquşusu, beş tısbağası, bir kirpi və otuz hamsteri olub. Velosiped, konki sürməyi sevir, nizə, ox atmağı bilir. Qışda xizək sürmək sevimli məşğuliyyətidir, badminton, voleybol oynayır, karate ilə məşğul olur. Özünü "qəribə uşaq" kimi təsvir edən yazar nevroloqlar tərəfindən müalicə olunur və dərmanlar qəbul edirmiş. Lakin sonra o, Asperger sindromu haqqında oxuyub və diaqnozunun bu olduğunu anlayıb. Çətin uşaqlıq keçirən Tamaro 18 yaşında zəlzələnin şahidi olub, 25 yaşında ölümcül xəstəlik keçirib və 27 yaşında yazmağa başlayıb.

Yazar italyan kino məktəbi olan Eksperimental Film Mərkəzində (Centro Sperimentale di Cinematografia) təhsil almaq üçün təqaüd alıb və 1979-cu ildə rejissorluq diplomu alaraq məktəbin məzunu olub. Elə həmin ildən də məşhur italyan rejissor Salvatore Samperi ilə işləməyə başlayıb. O, bir neçə il televiziya sahəsində yazıçı və redaktor kimi çalışıb.

Tamaro hər uğurlu yazarın yaşadıqlarını yaşayıb. İlk cəhdlərində uğursuzluğa düçar olub, lakin onlara məhəl qoymadan yoluna davam edib və 1991-ci ildə çap edilən "Tək səs üçün" ("Per voce sola") kitabı ilə böyük səs-küy yaradıb. O, adətən gündəliklər və ya məktublar şəklində yazır. Hadisələri birinci ağızdan danışır. Yazarın bütün əsərlərində həmişə kədər var. Onun qəhrəmanları, adətən ölüm ayağında olan, lakin bu vəziyyətlə barışmış, həyatda axtardıqlarını tapmayan insanlardır.

1978-ci ildə ilk qısa hekayələrini yazmağa başlayıb. Onun ilk romanı 1981-ci ildə tamamlanıb, lakin müraciət etdiyi bütün nəşriyyatlar tərəfindən rədd edilib. Nəhayət, 2013-cü ildə "Hər mələk qorxuncdur" adı altında çap edilib. 1989-cu ildə "Ağlı bir qarış havada" ("La testa fra le nuvole") adlı romanı Marsilio tərəfindən nəşr edilib. 1991-ci ildə nəşr edilən ikinci romanı "Tək səs üçün" ("Per voce sola") (1991) böyük uğur qazanıb və bir neçə dilə tərcümə edilib. Onun ikinci romanı haqqında dünya şöhrətli rejissor Federiko Fellini belə deyib: "Bu əsər mənə, "Oliver Tvist"i və Kafkanın "Amerika"sının müəyyən səhifələrini oxuyanda başıma gəldiyi kimi, məni utandırmadan təsirlənmək sevincini verdi".

Yazar 1991-ci ildə uşaqlar üçün "Gombul ürək" adlı kitabını yazıb. Onun 1993-cü ildə yazdığı "Ürəyinin apardığı yerə get" ("Va' dove ti porta il cuore") romanı ilk dəfə nəşr olunanda tənqidçilər tərəfindən müsbət qarşılanmasa da bestseller olub. Roman 2008-ci ilə qədər 15 milyon nüsxə satılıb. Bu kitab "XX əsrdə ən çox satılan italyan kitabı" kimi tarixə düşüb. 2000-ci ilə qədər ABŞ-da təxminən 25.000 nüsxə satılıb. Roman 1994-cü ildə Roma Şəhəri Qadın Mükafatını ("Premio Donna Citta di Roma") qazanıb. 2002-ci ilə qədər 44 dilə tərcümə edilib. 1996-cı ildə italyan rejissor Kristina Komençini bu roman əsasında eyniadlı film çəkib.

1997-ci ildə yazar, "Anima Mundi" (Dünyanın Ruhu) romanını nəşr etdirib. 1998-ci ildə o, İtaliyanın "Xristian Ailəsi" ("Famiglia Cristiana") jurnalı üçün yazdığı məqalələr toplusunu "Əziz Matilda, insanın gəzməsini dörd gözlə gözləyirəm" adı altında kitab halında çap etdirib.

Yazarın 2001-ci ildə çap edilən "Mənə cavab ver" ("Ripsondimi") kitabı "Müqəddəs anlayışları təhqir etdiyi" əsas göstərilərək bəzi jurnallar tərəfindən tənqid olunub. 2002-ci ildə "Daha çox yanğın, daha çox külək" ("Piu fuoco, piu vento"), 2003-cü ildə "Kənarda" ("Fuori") kitabları nəşr edilib.

2005-ci ildə yazar özünün 3 hissədən ibarət "Mənə cavab ver" ("Ripsondimi") kitabının "Cəhənnəm yoxdur" başlıqlı hissəsi əsasında "Sevgimdə" ("Nel mio amore") adlı filmini çəkib. 2006-cı ildə "Ürəyinin səsini dinlə" əsərinin davamı olan "Səsimə qulaq as" ("Ascolta la mia voce") əsərini nəşr etdirib. Bu roman 12 dilə tərcümə edilib.

2008-ci ildə "Luisito - Bir sevgi hekayəsi" ("Luisito - Una storia d'amore"), 2013-cü ildə "Hər mələk qorxuncdur" ("Ogni angelo e tremendo") kitablarını çap etdirib.

Tamaro haqqında çəkilən "Yayınlanmamış" ("İnedita") adlı sənədli film Roma Film Festivalında, daha sonra "Rai 5" televiziya kanalında nümayiş etdirilib. Sənədli filmdə o, Asperger sindromlu həyatı, yazarlıq karyerası və velosiped təmiri, arıçılıq, döyüş sənəti kimi müxtəlif maraqlı məşğuliyyətləri haqqında danışıb.

"Ağlı bir qarış havada" ("La testa fra le nuvole") əsəri ilə İtalo Kalvino (1989) və Elza Morante (1990) mükafatlarını alıb. "Tək səs üçün" ("Per voce sola") kitabı Beynəlxalq PEN (1991) və qadın yazarlar üçün olan Rapallo Cariqe (1992) mükafatlarını qazanıb. Ən son 2016-cı ildə "Tullan, Bart" ("Salta, Bart"!) kitabı ilə İtaliyada Streqa Mükafatı alan yazar bunlardan başqa da müxtəlif mükafatların sahibidir.

2002-ci ildə verdiyi müsahibədə Tamaro özünü ekoloq və vegetarian, Taoizmə marağı olan atası, yəhudi anası daxil olmaqla ailəsinin dini inanclarına görə "katolikdən daha çox xristian" kimi təsvir edir. Otuz ildən çoxdur ki, yazar Roberto Mazzoni ilə birlikdə yaşayır.

10 il fasilədən sonra yazdığı yeni romanı - "Böyük bir eşq hekayəsi" ilə gündəmə gələn yazar bu dəfə oxucularına xoşbəxtlik və etibarlı liman axtaran Edit və xoşbəxt etməyi özünə vəzifə bilən Andreanın məhəbbət fonunda yaşanan həyat hekayələrini təqdim edir. 2019-cu ildə Asperger sindromunun yaratdığı çətinliklərə görə evinə qapanan yazarın uzun müddətdən sonra verdiyi müsahibəni təqdim edirik. Bu müsahibədə yazar təbiətin içindəki həyatından, sevgisindən, taleyindən, çətin uşaqlığından və maraqlı məşğuliyyətlərindən danışıb.

 

- "Ürəyinin apardığı yerə get" romanı ilə milyonlarla insanın qəlbini fəth etdiniz və bəlkə də onları yenidən öz həyatlarını sorğu-sual etməyə vadar etdiniz. Birinci növbədə soruşmaq istədiyim budur: Ürəyinizin apardığı yerə gedə bildiniz?

- Əlbəttə. Təəssüf ki, uşaqlıqdan həmişə ürəyimin apardığı yerə getmişəm, amma bu, həyatımı daha da çətinləşdirib. Ürək bizi çox vaxt qeyri-adi seçimlər etməyə sövq edir.

- 10 il fasilədən sonra yeni roman yazdınız. Təsirli sevgi hekayəsidir. "Böyük bir eşq hekayəsi" fikri necə yarandı?

- Uzun illərdir bu hekayə üzərində işləyirdim. "Ürəyinin apardığı yerə get" kitabımda əsas qəhrəmanım qadınla həkim arasında böyük sevgi yaşanmışdı. Düşünürəm ki, böyük auditoriyaya müraciət edən ədəbi əsərlərin mərkəzində əsl sevgi hekayəsi dayanır. "Anna Karenina", "Martin İden", "Hərb və Sülh", "Uğultulu təpələr"... İllər keçdikcə dərin sevginin, yəni zamanın sınağına tab gətirən sevginin çox gülünc, bəzən isə qeyri-mümkün kimi təsvir edildiyini gördüm.

- Bu vəziyyətdə sevgi sizin üçün nə ifadə edir?

- Sevgi gələcəyə inanmaqdır və çətinliklərlə, ən dərin emosional reallığımızın zamanla ortaya çıxacağına olan inancımızla mübarizə aparmaqdır. Bunun üçün də inam, hörmət, dinləmə və səbr lazımdır.

- Nə istəmədiyimizi bilmək bir gücdür. Bəs, istəmədiklərimizi qorxularımız və təcrübələrimiz müəyyən edir?

- Bəli, mənfi təcrübələrdən dərs çıxarmaq kifayətdir. Təəssüf ki, biz emosional həyatımızda qurban/cəllad kimi davranış nümunələrini tez-tez təkrarlaya bilirik. İnsan istəsə, belə münasibətlərdən daimi olaraq xilas ola bilər.

- Xoşbəxtlik və etibarlı liman axtaran Edit və missiyası xoşbəxt etmək olan Andrea. Bir-birinə tamamilə əks olan, öz şəxsi sərhədlərini daima qoruyan iki insan. Onları bir-birinə yaxınlaşdıran keçmiş yaralarıdır?

- Bəli, şübhəsiz. Qarşımızdakı insanı dəyişdirməyə çalışmadığımız müddətdə fərqlilik münasibəti canlı saxlayar. Bu vəziyyət eyni zamanda bir ağrının ağırlığını birlikdə daşımağı mümkün edir.

- Həyat bizi qəhrəmanlar və qurbanlar olaraq iki yerə ayırır. Halbuki, hər kəs öz həyatının qəhrəmanı ola bilər. Ya da qurbanı. Bu taledir, yoxsa seçim?

- Məncə, həyat bu iki reallıq arasında mürəkkəb bir şəbəkədir: Taleyin qarşımıza çıxardığı vəziyyətlər və onlara verdiyimiz reaksiyalarımız. İnsanın qurban olma hissinə qapılması passivliyin bir formasıdır və bu, qurbana çevrilməyi daha da asanlaşdırır.

- Bütün kitablarınızda daxili hesablaşmaların yer aldığı məktublarda baş rollarda fatalizm və ruh mövzularıdır. Bəs, sizin həyatınızda tale nə qədər həlledicidir?

- Tale həmişə insanları qorxudub. Bəlkə də, buna görə insanlar bu mövzudan narahat olmamağa üstünlük verirlər. Bir vaxtlar bəşəriyyət taleyin fərqindəydi, amma indi texnologiyanın verdiyi hər şeyə qadirlik hissi ilə düşünməkdə çətinlik çəkirik. Təsəvvür edin, dəhşətli qəza baş verir, biri ölür, digəri yaralı qalır. Bu, taleyin qaranlıq tərəfidir. Ola bilsin ki, taleyin bizə nə dediyini öyrənmək, məğlubiyyətə uğramadan, həyatın özüylə üzləşməyimizi təmin edəcək böyük müdriklik verir.

- "Hər mələk qorxuncdur" adlı kitabınızda ailənizdən bəhs edirsiniz. Çətin uşaqlıq keçirmisiniz. Valideynlərinizlə münasibətləriniz necə idi? Necə uşaqlıq keçirmisiniz?

- Kitabdan da göründüyü kimi, mənim uşaqlığım çox çətin keçib. Valideynlərim müharibədən sağ çıxmış, lakin həyatlarını sarsıdan ağrıdan xilas ola bilməyən, şəxsi problemlərlə yüklü iki gənc idi. Uşaq olanda çox pis təsir edirdi, amma indi onlara baxanda həssaslıqları qarşısında mərhəmət duyuram. İkisi də müasir dövrümüz üçün gənc sayıla biləcək şəkildə, yetmiş yaşlarında vəfat etdi. İki qardaşım və üç qardaşım oğlu var.

- Məncə, romanın ən böyük uğuru sətirlərdəki ehtirasla yanaşı, hər şeyin sonunda gizli olmasıdır. Hər səhifədə maraqlı və gizli nəsə var. Kitab boyu, demək olar ki, Venesiyadan Livornoya, Uzaq Şərqdən Şimali Avropaya keçmişlə gələcək arasında hərəkət edirik. Bunun bir sirri var?

- Düz deyirsiniz, bu kitabın quruluşu son dərəcə mürəkkəb idi. (Gülür). Hadisələrin zamanını ardıcıl etməyib müxtəlif vaxtlara yaydım. Nəhayətində, ədəbiyyat xatirələr vasitəsilə taleyin qazıntısıdır və bu, mənim kitabımda çox aydın görünür.

- Andrea və Editi birləşdirən əsas şey onların tənhalığıdır. Özlərinə aid şəxsi sərhədləri olan, öz işıqlarında yanan iki sevgili. Bu vəziyyətdə "Biz`in içində mən ola bilmək" mümkündür?

- Düşünürəm ki, həqiqi münasibətlər yaratmaq üçün yeganə düstur budur. Digərinin içində yox olmadan, fərqlilikləri ilə zənginləşmək.

- Asperger sindromu ilə bağlı "mənim gözəgörünməz əlil arabam, içində məhbus həyatı yaşadığım evim" deyirsiniz. İçərisindəki heç də stabil olmayan bir insanla yaşamalı olan son dərəcə stabil adam Suzanna. Asperger olduğunuzu necə aşkar etdiniz? Bu illər ərzində bu əsarətin səbəbini bilmədən yaşamaq, insanların qərəzli münasibətinə məruz qalmaq necə hiss idi?

- Uşaqlığımdan bəri adaptasiya və sinir sistemimlə bağlı ciddi problemlərlə mübarizə aparmışam. Gəncliyimdə autizm sindromları indiki kimi tanınmırdı. Ətrafımdakılar məni psixi problemləri olan çox qorxaq bir gənc qız hesab edirdilər. Məktəbə gedib normal həyat sürmək çox çətin idi. Böyüdükcə bu vəziyyətin mənim problemim olmadığını, içimdə mübarizə aparmalı olduğum bir varlıq olduğunu düşünməyə başladım; sanki Doktor Cekl və Cənab Hayd (Dr. Jekyll ve Mr. Hyde`ın qəribə hekayəsi  - Robert Luis Stevensonun ilk dəfə 1886-cı ildə nəşr edilmiş qotik romanı - tərc.) mən idim. Əslində, mən son dərəcə stabil adam olanda məhrəmimdə böyük düşmənlə birlikdə yaşayırdım. İllər boyu nevroloq və psixiatrlarla məsləhətləşdim, amma heç kim mənə cavab verə bilmədi. Nəhayət, simptomlar haqqında olan bir məqalə oxuyarkən bunu başa düşdüm və bir psixiatr da təsdiqlədi. Bu vəziyyət həyatımın ən böyük qurtuluşuydu və artıq Cənab Haydı necə idarə edəcəyimi bilirəm.

- Şəhər xaosundan uzaqda təbiətlə baş-başa bir həyatınız var. Necə oldu ki, kənd həyatına köçməyə qərar verdiniz? Yaşadığınız yer haqqında bizə bir az məlumat verə bilərsiniz?

- 1989-cu ildə ağır astma diaqnozu və şəhər həyatının qorxunc mühitinə görə bağ evinə köçdüm. İndi astma xəstəliyimə təşəkkür edirəm, əgər astma olmasaydım, bəlkə də kitablarımı heç vaxt yaza bilməzdim. (Gülür). Meşənin kənarında, təpənin üstündəki balaca evdə yaşayıram. Qədim orta əsr şəhəri olan Orvietadan bir neçə kilometr aralıda yaşayıram və bura bir vaxtlar qədim Etrusk sivilizasiyasının ölkəsi olub. Bostanım, meyvə bağım, zeytunluğum, toyuqlarım, arılarım, itlərim, pişiklərim, bir eşşəyim və bir atım var.

- Bəli, mənə də arıçılıq hissəsi maraqlıdır. Arıçılıqla aktiv məşğul olduğunuzu oxudum. Bu detallara romanınızda da rast gəlirik. Dünyanın bütün ölkələrində arıların ölümünə səbəb olan pestisidlərdən istifadə çox yüksəkdir. Bu barədə nə düşünürsünüz?

- Bu, böyük faciədir. Suya, havaya, torpağa zəhər atılanda sonsuz ölüm zənciri başlayır. Bəli, həşərat ölür, amma onları yeyən heyvanlar da ölür. Həyat dövrü mürəkkəbdir və biz insanlar məhdud, təkəbbürlü dünyagörüşümüzlə təbiətə bərpası mümkünsüz zərərlər veririk. Fərqli kənd təsərrüfatı uğrunda mübarizə, torpağın azad edilməsi üçün ən böyük mübarizələrdən biridir.

- Eyni zamanda, siz heyvanların yardım çağırışlarına cavab verən heyvan dostusunuz. Həyat enerjinizin və sakitliyinizin bir səbəbi də bu dostlarınızın sevgisi ola bilər?

- Məndə Asperger sindromu olduğu üçün həmişə heyvanlarla yaxın münasibətə ehtiyacım olub. Çünki heyvanlarda səhv anlama deyə bir problem yoxdur. Yazar karyeramdan əvvəl heyvanlar haqqında sənədli filmlər çəkirdim. Ölümdən xilas etdiyim çoxlu heyvanlarım var. Minnətdarlıq hisslərini necə əks etdirəcəklərini o qədər yaxşı bilirlər ki. Bu xüsusiyyət insanlarda çox rast gəlinmir. Mən sakitliyimi bu səssiz və sevgi dolu heyvanlara borcluyam.

- İtalyan mətbəxi hamının zövqünü oxşayır. Ən çox sevdiyiniz italyan yeməyi hansıdır?

- Makaron və məncə, pomidor souslu spagetti ən sevdiyim ləzzətlərdir. Buğdanın keyfiyyəti yaxşıdırsa və pomidorlar turş deyilsə, bu, dünyanın ən sadə və mükəmməl yeməklərindən biridir, təbii ki, üzərinə bir çimdik parmezan ("parmigiano") pendiri səpmək şərti ilə! (Gülür).

- Böyük və uzun masalar sizin üçün nə ifadə edir? Dostlarla süfrəniz mənə maraqlı gəlir. Necə olduğunu bizimlə paylaşa bilərsiniz?

- Dostlarımın çoxu çöldə yaşayır və bizə ocaqda bişirdikləri yeməkləri gətirirlər. Hər cür pizza və yaşadığım ərazidə yayğın olan qoyun pendiri yeyirik. Adətən, deserti mən hazırlayıram. Avstriya ənənəsindən gələn ailəm sayəsində nənəmin desertlərini yaxşı hazırlaya bilirəm.

 

2021

 

Hazırladı: Nilufər HACILI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!