- Xoş gördük, Ruslan bəy. İşlər necə gedir, yeni nələr yazırsınız?
- Xoş gördük. İşlərin gedişatı ovqatla bağlıdır. O da gah elə olur, gah belə. Adətən, yaradıcı adamın işləri qaydasında olmur. Xüsusi bir şikayətim yoxdur. Sadəcə, yaşamaq mənim üçün narahatlıq, nigaranlıqdır. Əsas iş də bu narahatlığı rahat bir şəkildə keçirməkdir. Açığı, demək olar, heç nə yazmıram. Öz hücrəmə çəkilmişəm. Düşünürəm, oxumaq daha vacibdir. Amma hər şey bir yana, yazmaq gözəl işdir. Həm də yazıçını, şairi formada saxlayan amildir. Oturub şeir yazmaq kimi bir şakərim yoxdur. Şeir Allah qonağıdır. Həmişə gözüm üstündə yeri var...
- Keçən həftə Beynəlxalq Silkway ədəbiyyat festivalı (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsi keçirildi. Kifayət qədər ciddi imzalar iştirakçı oldu. Təbrik edirik, festivalın qalibi oldunuz. Ümumən ab-hava necə idi?
- Təşəkkür edirəm. Ədəbiyyatla bağlı, ədəbiyyat adına görülən işləri yüksək qiymətləndirmək lazımdır. Təbii, burada işin keyfiyyəti, ədalətlilik və peşəkarlıq meyarı əsas götürülməlidir. Bu cür festivalların əsas qayəsi yaradıcı şəxslər arasında körpü rolunu oynamaqdır. Beynəlxalq Silkway ədəbiyyat festivalı bu baxımdan çox faydalı oldu. Bu işdə yazıçı Varis Yolçuyevin böyük zəhməti var. Təşkilat Komitəsinin həmsədrləri Əlibala Məhərrəmzadəyə və Varis Yolçuyevə böyük təşəkkür düşür. Şəhərin xaosundan, qaçaqaçından, qayğıların əlindən bir neçə günlük qaçıb təbiətə köklənmək yaradıcılıq baxımından yaxşı effekt verir. - Hansı təkliflərin oldu və ya müsabiqə şərtləri ilə bağlı görmək istədiyin məqamlar... Şərtlərdə nəsr və poeziya ayrı-ayrılıqda olmalı idi. Nəsrlə poeziyanı müqayisə etmək yanlışdır. Yəni hər iki kateqoriya üzrə müvafiq olaraq 3 yer təyin edilməli idi. Əsaslandırma belə oldu ki, cəmi 6 nəsr nümunəsi olduğuna görə şeir və hekayələr eyni kateqoriyada təqdim edilib. Bu da başa düşüləndir. Növbəti festivalda bu nüanslar nəzərə alınsa, çox gözəl olar.
- Səsvermə ilə bağlı fikir ayrılıqları oldu. Necə düşünürsən, bu nə ilə bağlı ola bilər?
- 30 iştirakçı arasında da səsvermə keçirildi. Yəni bir-birimizə səs verdik. Bilirsiniz, bir şairə onun layiq olduğundan bir az artıq qiymət veriləndə buna haradasa susmaq, göz yummaq olur. Ancaq layiq olduğundan qat-qat aşağı qiymət veriləndə, bunu həzm eləmək olmur. Bal məsələsində adətən münsiflərin haqsızlıq etdiyini görürdük, bu dəfə əksinə oldu. İstedadlı, işıqlı adamlara qarşı qərəz həmişə olub. İştirakçılar arasında vicdansızlıq edənlər çox oldu. Belə işlərdə kifayət qədər həssas və diqqətli olmaq lazımdır.
- Bəlkə qısqanclıq var? Hamı qalib ola bilməz axı...
- Əlbəttə, qısqanclıq var. Mən bunu özümə qarşı böyük ölçüdə hiss elədim. Hətta elə adamlar vardı, qısqanclıqları gözlənilməz oldu. Üzlərinə baxanda narahatlıqlarını açıqca sezmək olurdu. Bunlar az-çox istedadlı olub, istedadlarında zərrə qədər işıq olmayanların işidir. Paxıllıq ağacı içindən yeyən qurd kimidir, nə olursa özünə olur. Nə deyim? Allah hər birinin köməyi olsun. Mən səsvermədə çox humanist davrandığımı deyə bilərəm. 31 iştirakçının heç birinə 6 baldan aşağı qiymət verməmişəm. Münsiflərin seçiminə gəlincə, heç kim qalxıb deyə bilməz ki, birinciliyə filankəs layiq idi, amma Ruslan Dost Əlini seçdilər. Müsabiqədə səslənən əsərlər ortadadır. Yalnız şeirləri nəzərdə tuturam. Hamı tapıb oxuya bilər. Münsiflər heyətinin yekdil rəyi bir daha onu göstərdi ki, şeir təkcə zövq məsələsi deyil. Bu müsabiqədə ətrafına özü kimi 3-5 adam yığıb, orda-burda poeziya haqqında ağzına gələni danışan, sosial şəbəkədə 5-10 layka aldanan adamların da şair obrazı darmadağın oldu. - Ustadlarla həmsöhbət oldunuz, dərslərdə iştirak etdiniz... Bəli. Düşünürəm ki, Anar və Nizami Cəfərovun çıxışları faydalı oldu. Hər biri ilə maraqlı söhbət elədik. Gənc yazarlar Nizami Cəfərovun bəzi fikirləri ilə razılaşmadılar. Ancaq akademikin dediklərində həqiqət var idi... Məsələn... Məsələn, Nizami Cəfərov deyir ki, siz gənclər böyük həcmli əsərlər yaza bilmirsiniz. Şeirlərinizdə yaxşı tapıntılar var, ancaq hamısı yarımçıqdır. Yazdığınız şeirlərdə pərakəndəlik var, süjet xətti yoxdur. Sizcə də, adam haqlı deyilmi?! - Şeirin düsturu varmı? Ya şeir yazmağın? Şeirin, ya onu yazmağın düsturu heç vaxt ola bilməz. Şeir ilahi faktordur. Birbaşa ilahiyə bağlı nəsnədir. Onu düzüb-qoşanda, quranda alınmır, süni görünür. Bir də, şair özünü, içinin ona diktə elədiyini yazmayanda şair ola bilmir. Ədəbi mühitimizdə yüzlərlə beləsi var. Nizami müəllimin dediyi başqa şeydir, əlbəttə. Tutaq ki, bir şeirin əvvəlində dağın başında dincələn adamın şeirin sonunda ürəyi istidən partlayır. Şeirin ortasında da bu adamın Bəndər Şəhrə səfərilə bağlı heç bir məlumat yoxdur. Yəni biz yazdığımız şeirlərdə Çexovun dediyini edə bilmirik. Bizim tüfəngimiz açılmır...
- Tez-tez gənc yazarları mütaliə etməməkdə, intellektli olmamaqda qınayırlar. Bəs, sizcə, intellekt və mütaliə nədir? Necə olmalıdır?
- Toplum olaraq intellektual səviyyəmiz çox aşağıdır. Analitik qabiliyyətimiz həddindən artıq zəifdir. İnsanlara kitabı məcbur oxutdurmaq olmaz. Cəmiyyətə könüllü şəkildə kitab oxutdurmağın yollarını tapmaq lazımdır.
- Ruslan bəy, ədəbi mühitimiz haqda nə düşünürsünüz, necə təsvir edə bilərsiniz mənzərəni?
- Bu sualı jurnalist dostlarımızdan biri də vermişdi. Dəyişən bir şey yoxdur. Ona görə də eyni cavabı verəcəm: Ədəbi mühitdə qəribə dağınıqlıq var. Modern forma axtarışları bizi yolumuzdan sapdırıb. Sözün müqəddəs hesab olunduğu dövrləri kitablardan da olsa oxumuşuq, söhbətlərdə eşitmişik. "Filankəs filan sözü necə yerində tapıb" eyforiyasından, situasiyanın hegemonluq elədiyi ədəbiyyata keçid çox ağır gedir. Biz keçmişdən gələcəyə körpü ilə getmirik, sanki sel bizi aparır. Məncə, bu pərakəndəlik, boğulma bitəndə hər şey qaydasına düşəcək.
- Gənc yazarların əsas problemlərini yaradıcılıqla bağlı nədə görürsünüz?
- Gənc yazarların əksəriyyətinin problemi yaza bilməməkləri ilə bağlıdır. Üstəlik, yaza bilməməklərini məişət qayğılarıyla, sosial vəziyyətlə və s.-lə əsaslandırmağa, özlərinə haqq qazandırmağa çalışırlar. Etiraf edə bilmirlər ki, istedadımız bu yazdığımıza çatır.
- Poeziyanın kölgədə qalması ilə bağlı fikirlər səslənir. Ancaq görünən odur ki, insanların şeirə hər zaman ehtiyacı var. Bu barədə nə deyə bilərsiniz?
- Poeziyanın kölgədə qaldığını düşünmürəm. Əksinə, məncə, son dövrlər şeirə maraq bir az da artıb. Düzdür, yazanların sayı oxuyanların sayını çoxdan keçib. Bazarda müştəridən çox, satıcı olanda malın urvatı qalmır. İndi bizdə də yazmaq kütləviləşib. Ancaq əminəm ki, o yazanların da əksəriyyəti əvvəl-axır yenə oxumağa qayıdacaq.
- Son dövrlər gənc qiraətçilər sanki şeirə yeni nəfəs vermiş oldular. Ümumiyyətlə ədəbiyyatı necə gündəm etmək olar?
- Peşəkar müstəvidə baş verən hadisələr, gedən proseslər adətən gündəmə çevrilmir. Sənəd hər zaman fərdlər üçün maraqlı olub, bu gün də belədir. Fikir vermisiniz? Heç bir ədəbi-bədii ölçülərə cavab verməyən nümunələr daha tez məşhurlaşır, dildən-dilə düşür, nəinki əsl sənət əsərləri.
- "İndi dadlı söz də hamıda yoxdu". Sözün dadını necə müəyyən edirsiniz?
- Sözü hiss eləmək kifayətdir. Sözə qarşı çox həssasam. Bəlkə də hansısa yeməyin dadını tutmaya bilərəm, sözün dadını əsla. Sözü bütün canıyla, qanıyla hiss eləyən, iliyinə qədər duyan kişilər var. Onlar üçün sözün verdiyi ləzzəti heç nə əvəz edə bilməz. Yeməyin dadlısı damaqda qalan kimi, sözün də dadlısı ürəkdə qalır.
- Nə vaxtsa nəsrə keçmək haqda düşünürsünüz?
- Düşünmüşəm. Gələcəkdə böyük həcmli əsər yazmaq fikrim var. Amma buna hələ ki hazır deyiləm. Elə bilirəm, yaxşı nəsr nümunəsi yaratmaq üçün yazıçı əsəri tamamlayana qədər özünü hər şeydən, hamıdan təcrid etməlidir. Tamamilə özünə - içinə çəkilməlidir. Yalnız özü ilə əlaqədə olmalıdır. Bu da asan məsələ deyil, əlbəttə.
- Nəsr daha çətindir, ya necə?
- Yuxarıda da qeyd elədim, nəsrlə poeziyanı müqayisə etmək yanlışdır. Şeir daha çox şüuraltı məhsuldur. Gəlir, yazırsan. Onun redaktəyə ehtiyacı yoxdur. Nəsrdə isə mətnə təkrar-təkrar qayıtmaq, daha da təkmilləşdirmək üçün üzərində işləmək mümkündür. Bu mənada nəsr daha ağırdır, böyük zəhmət, hövsələ tələb edir.
- Ədəbiyyatla və yaradıcılığınızla bağlı gələcək görüşləriniz...
- Ədəbiyyatımızın gələcəyi ilə bağlı çox nikbinəm. Elə bilirəm, o qədər də uzaq olmayan gələcəkdə Nobel mükafatını ölkəmizə gətirə biləcəyik. Bu, kimlər üçünsə gülməli səslənə bilər. Hər halda, mən belə düşünürəm.
Söhbətləşdi: Tural CƏFƏRLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!