Amin Maaluf 15 fevral 1949-cu ildə Livanda, paytaxt Beyrutda doğulub. Ailədə 4 uşaqdan ikincisi olan yazarın valideynləri fərqli mədəniyyətlərə sahib olublar. Anası türk kökənli misirli, atası Melkite katolik icması üzvü olub. Livanda vətəndaş müharibəsinin başladığı 1975-ci ilə qədər jurnalist kimi qəzetdə işləyib. 1976-cı ildə Fransaya köçüb, hazırda da Parisdə yaşayıb fəaliyyət göstərir. Fransızca yazır və əsərləri 40-dan çox dilə tərcümə olunub.
Müxtəlif nəşriyyatlara rəhbərlik edən və köşə yazıları yazan Maaluf vaxtının çoxunu kitablarını yazmağa ayırır. Dünyada tanınmasına səbəb olan il kitabı "Ərəblərin gözüylə xaç yürüşləri" ("Les Croisades vues par les Arabes") 1983-cü ildə çap edilib. Bu kitab, demək olar ki, çevrildiyi bütün başqa dillərdə də böyük uğur qazanıb. 1986-cı ildə çap olunan ikinci kitabı və eyni zamanda ilk romanı olan "Afrikalı Leo" ("Leon l'Africain") əsəri "Fransız - Ərəb Dostluq Mükafatı"na layiq görülüb.
Yazarın 1988-ci ildə çap edilən ikinci romanı "Səmərqənd" ("Samarcande") də dünyanın bir çox dillərinə tərcümə edilib. Bu roman yazara ən çox şöhrət gətirən əsəridir. Yazarın 1991-ci ildə "İşıq bağçaları" ("Les Jardins de lumiere"), 1992-ci ildə isə "Beatrisdən sonra birinci 100 il" ("Le Premier Siecle apres Beatrice") kitabları yayımlanıb. Amin Maaluf 1993-də çap edilən "Tanios Qayası" ("Le Rocher de Tanios") romanına görə Fransanın məşhur "Qonkur Akademiyası Ədəbiyyat Mükafatı"na layiq görülüb. 1996-cı ildə "Şərqin limanları" ("Les Echelles du Levant") adlı romanı, 1998-ci ildə isə "Ölümcül şəxsiyyətlər" ("Les Identites meurtrieres") adlı esselər kitabı satışa çıxıb. Yazar 2000-ci ildə "Yüzüncü Ad - Baldasarın səyahəti" ("Le Periple de Baldassare"), 2004-cü ildə isə "Yolların başlanğıcı" adlı romanını çap etdirib.
2010-cu ildə yazar Ədəbiyyat üzrə İspaniya Asturiya Şahzadəsi Mükafatını alıb. 23 iyun 2011-ci ildə Fransa Akademiyasının üzvü seçilib. Amin Maaluf bu şərəfə layiq görülən Livan əsilli ilk şəxsdir.
2016-cı ildə 1 milyon dirhəm (təxminən 272.000 ABŞ dolları) mükafat fondu olan Zayed Kitab Mükafatlarında "İlin Mədəni Şəxsiyyəti" mükafatını qazanıb.
2020-ci ildə Fransa hökuməti tərəfindən Milli Xidmətlərə görə ordeni ilə təltif edilib. 2021-ci ildə Kral Ədəbiyyat Cəmiyyətinin Beynəlxalq Yazarı seçilib.
Məşhur yazar eyni zamanda bir neçə librettonun da müəllifidir.
Koronavirus epidemiyasının bütün dünyanı cənginə alıb pik həddə çatdığı 2021-ci ildə türkiyəli jurnalistin yazardan onlayn şəkildə aldığı müsahibəni təqdim edirik.
- Son zamanlar bu mövzudan danışmaq qaçılmazdır. Koronavirus epidemiyası dönəmində günlərinizi necə keçirdiyiniz barədə bir az danışmaq istəyirəm. Çoxumuz son bir ilin böyük hissəsini evimizdə keçirmişik. Bilirəm ki, bu dövrdə bir çox yazar yazmaqda çətinlik çəkir. Bunu sizdən soruşmaq istəyirəm; Son bir ildə yazmaq sizin üçün daha çətin olub? Bu günlərdə nələrdən ilham alırsınız?
- İşləmək çətin oldu deyə bilmərəm. Çətin olan o idi ki, pandemiyanın başlanğıcından bəri çoxlu dostumu itirmişəm. İki gün əvvəl yenə çox yaxın bir dostumu itirdim.
- Bunu eşitdiyimə üzüldüm.
- Bu, çox kədərli və rahatsızedici hadisəydi. Ancaq iş mövzusuna gəldikdə, mənim üçün çox şey dəyişməyib. Çünki mən onsuz da çox çölə çıxmıram. Evdə qalıram, sakit mühitdə işləyirəm. Təbii ki, pandemiya dövründə ətraf daha səssiz, sakitdi. Dostlarımın çoxunu görmədim, hətta uşaqlarımı, nəvələrimi belə görmədim. Ona görə də yazmaq üçün daha çox vaxtım, sakit mühitim vardı. Amma eyni zamanda, ətrafa nəzər salanda gərgin dövrdə yaşadığımızı, çox çətin günlər keçirdiyimizi görə bilirdim.
- Türkcədə çox klişe bir deyim var; Bilirəm ki, başqa dillərdə də var: "Xoşbəxt yazar yoxdur". Bu mövzuda sizin fikirlərinizi öyrənmək istərdim. Sizcə, ədəbiyyat ən çox məhrumiyyətdən, kədərdən və ağrıdan ilhamlanır?
- Məncə, ikisinə də ehtiyacımız var. Bizə həm xoşbəxtlik, həm də kədər lazımdır. Həyat bizə bunların hamısını verir. İnsan həyatın ona verdiyini qəbul etməlidir. Ümidli olduğumuz vaxtlar var, çarəsiz hiss etdiyimiz anlar var; ağrı hiss etdiyimiz anlar var; xoşbəxt hiss etdiyimiz anlarla bərabər, kədər hiss etdiyimiz anlar da var; xəstə olduğumuz vaxtlar var, aşiq olduğumuz vaxtlar da. Bütün bunlar yazara və onun yazdıqlarına ilham verir. Bu gün dünya çox qarışıq, mürəkkəb və anlaşılması çətin haldadır. Bunun gətirdiyi stress də yazıçı üçün çox faydalıdır, məncə. Çünki dünyadakı hər şeyi ətraflı öyrənmək lazımdır. Bir şeyi yalnız kənardan necə göründüyünə görə mühakimə edə bilməzsiniz, dərinə enməlisiniz. Məncə, tarixin əla nöqtəsindəyik, amma təbii ki, eyni zamanda həm də çox stresli bir dövrdür.
- Hisslərin verdiyi ilhamdan danışdıq, bir az da coğrafiyanın verdiyi ilhamdan danışaq. Bilirəm ki, Livanın Beyrut şəhərində doğulub böyümüsünüz. Biz şərqlilərin bölgəsində həmişə böhran, mübahisə və münaqişə var. Biz bu müsahibəni Suriyada vətəndaş müharibəsi başlamasının 10-cu ildönümündə edirik. Sizin məmləkətinizdə keçən il böyük partlayış oldu. Gəldiyiniz yer yazdıqlarınıza necə təsir edib?
- Tarixi həmişə sevmişəm; Dünyanı kəşf etməyə başlayanda, yəni 14-15 yaşımda düşünürdüm ki, bütün tarixi hadisələr artıq baş verib, mən çox gecikmişəm və artıq heç bir ciddi hadisə olmur. Məsələn, mən İkinci Dünya müharibəsi və İspaniya vətəndaş müharibəsi haqqında çox oxuyurdum. Bütün bunlar tarixi sevən adam üçün çox maraqlıdır. Sonra birdən mənim yanımda, hətta çox yaxınımda böyük hadisələr baş verməyə başladı; Həyatıma birbaşa təsir edirdilər. Yaxın Şərqdəki müxtəlif münaqişələri xatırlayıram. İlk böyük münaqişə 1967-ci ildə baş verdi, mən bu dövrü yaşadığım üçün çox aydın xatırlayıram. Bundan sonra çoxlu münaqişələr baş verdi. Əlbəttə ki, Livan vətəndaş müharibəsinin başlanğıcı... Mən şəxsən müharibənin ilk böyük hadisəsinin şahidi olmuşam. Son 60 ildə bölgəmizdə baş verənləri izləyirəm. Təbii ki, mən bütün dünyanı izləyirəm, amma Yaxın Şərq çox maraqlıdır. Təbii ki, Yaxın Şərqdə həddindən çox kədər, məyusluq var. Biz hamımız istərdik ki, bu region fərqli şəkildə inkişaf etsin; Müasirliyin və ümidin beşiyinə çevrilməsini istərdik. Çoxlu imkanlar vardı. Mənim ölkəm üçün də vəziyyət eynidir; Beyrut vaxtilə yazarların, mətbuatın və medianın mərkəzi olub. Bütün bunlar məhv edildi. Livanın məhv edildiyini öz gözlərimlə gördüm. Bunun belə təsvir edilməsini xoşlamıram, amma bir çoxları kimi mən də "Ərəb baharı" ilə bağlı həyəcanlı idim. Tunis, Yəmən, Suriya, Liviya və Misirdə eyni vaxtda ictimai hərəkatlar gedirdi. Çarəsiz səslənəcək, lakin bu bölgədə ümidi həmişə ümidsizlik izləyir. Nə vaxt nəsə gözləsək, ümid etsək, görürük ki, ümid etdiyimiz şeylər məhv olur. Sonra da ah-nalə edib deyərik ki, "fürsəti əldən verdik". Bu yaxınlarda bir dostum mənə belə dedi: "Dünyanın bu bölgəsində fürsəti əldən vermək üçün heç bir fürsəti əldən vermirik!". Bu, müəyyən mənada çox kədərlidir. Bu ölkələrdə dəyişiklik ümidi çox ədalətli idi. Məncə, kədər və müharibə əvəzinə, real dəyişiklik mümkün idi.
- Məncə, bu, Yaxın Şərq üçün çox yaxşı izah idi: "Əvvəlcə ümid, sonra ümidsizlik...". Bu ictimai hərəkatların "Ərəb baharı" kimi qələmə verilməsini niyə bəyənmirsiniz?
- Mən uzun müddət jurnalist olmuşam, atam da jurnalist olub. Biz jurnalistlər bir ad tapıb onu tez-tez istifadə etməyə meyilliyik. Əvvəl "Praqa baharı" oldu, sonra hər ictimai hərəkatda eyni ifadələri işlətməyə başladıq. Buna baxaq; bahar nədir? Bahar bir fəsildi. Mən daha dəqiq xarakteristikalardan istifadə etməyə üstünlük verirəm. Sadəcə poetik sözlərə deyil, onların nə olduğunu daha yaxşı ifadə edən təsvirlərə üstünlük verirəm. Təbii ki, mən də bəzən poetik sözlərdən istifadə edirəm. Bunun nə olduğunu başa düşməliyik; Biz başa düşməliyik ki, insanlar niyə üsyan edir, bu qiyamın mənası nədir. Adamlar "yaxşı" bir səbəb olmadığı müddətdə üsyan etməzlər. Həmçinin, iki ayrı ictimai hərəkat heç vaxt eyni ola bilməz. Praqa, Pekin və ya başqa yerlərdə baş verən üsyanlar Tunis, Səna, Dəməşq və Hələbdəkilər kimi deyil. Hər vəziyyət digərindən çox fərqlidir. Ona görə də mən klişelər yerinə situasiyaya uyğun ifadələrə üstünlük verirəm.
- Gələcək və ümid kimi üzərində dayanmaq istədiyim iki anlayışı qeyd etdiniz. Bunlardan əvvəl Türk ədəbiyyatı haqqında fikirlərinizi bilmək istərdim. Ən çox sevdiyiniz türk yazarlar kimlərdir?
- Mən böyük türk ədəbiyyatı mütəxəssisi deyiləm. Bir neçə kitab oxumuşam, amma fikir bildirəcək qədər məlumatlı deyiləm. Bir neçə türk yazarı ilə tanış olmaq imkanım olub. Eyni zamanda Yunus Əmrə kimi çox böyük yazarları da kəşf etmək imkanım olub. Çox yaxşı ədəbiyyata sahib olduğunuzu düşünürəm. İstər müasir, istərsə də qədim bir çox ədəbi əsəri zövq alaraq oxudum. Amma bu mövzuda biliklərim məhdud olduğu üçün daha dərindən qiymətləndirmə apara bilmərəm.
- "Sivilizasiyaların batışı" adlı əsərinizdə "Dünyanın yolunu azdığını" deyirsiniz. Sizcə, koronavirus pandemiyası oyanış zəngi ola bilərmi?
- Belə ümid edirəm. Şübhəsiz ki, qeyri-adi vaxt keçiririk. Məncə, bu pandemiya mütləq bir dönüş nöqtəsidir. Buna əminəm. Pandemiyadan sonra çox şey əvvəlki kimi olmayacaq. Bununla belə, hazırda vəziyyətin hara gedəcəyini görə biləcəyimiz nöqtədə deyilik. Məncə, oyanış zəngi ola bilər; olmalıdır da. Bundan əvvəl heç vaxt bütün insanların eyni vaxtda evə qapanması lazım olmamışdı. Eyni zamanda, bütün bəşəriyyətin eyni reallığı yaşayaraq eyni ağrını çəkdiyi bir dövr də olmayıb. Ona görə də dönüş nöqtəsindəyik. Qeyd etdiyiniz kitabda təsvir etdiyim kimi, fəlakətə doğru getdiyimizi dərk edəcəyimizə ümid edirəm. Gəmimizə su çıxır. Son bir ildə baş verənlərdən faydalansaq və niyə bu istiqamətdə getdiyimizə, necə yol dəyişdirə biləcəyimizə baxsaq, məncə, mükəmməl olar. Yəni biz bunu edəcəyik? Bunu bilmirəm. Ümid edirəm ki, edəcəyik. Bir çox insanın gələcək haqqında düşündüyünü, yolunu dəyişdirməyi düşündüyünü bilirəm. Onlar liderlərin böhranı necə idarə etdiklərini, nəyin səhv getdiyi haqqında düşünürlər. Çox maraqlı situasiyalar var və mən bilirəm ki, insanlar bu mövzularda düşünürlər. İqlim dəyişikliyi, irqçilik mövzusunda problemlər və ya itirilmiş dünya nizamı haqqında, çünki artıq nizam yoxdur, biz meşədə yaşayırıq. Bu kimi misallarda ehtiyac duyduğumuz həyəcan siqnalını yaymaq üçün bu mövzularda düşünənlər kifayət edəcəkmi? Ətraflı düşünüb gələcəyi sakitcə müzakirə etsək, olsa bilsin ki, nələrisə dəyişə bilərik.
- Bir az da yeni kitabınız, "Empedoklun dostları" haqqında danışaq. Kitablarınız çox vaxt tarixdən ilham alır, lakin siz bu kitab üçün mövzu olaraq gələcəyi seçmisiniz. Sizi belə qərar verməyə nə vadar edib?
- Əvvəla, kitabdakı hadisələr çox uzaq gələcəkdə baş vermir. Hətta sabah səhər belə ola bilər! Kitabda baş verən hadisələr hər an baş verə bilər. Dediyiniz kimi, dünya fəlakətin astanasındadır, dağılmaq ərəfəsindədir. Mən uzun müddətdir belə hiss edirəm, onsuz kitablarımın adları da bunu açıqca göstərir. Ona görə də kitablarımda batan gəmilərdən, nizamsız dünyadan, cinayətə meyilli şəxsiyyətlərdən bəhs edirəm. Mən fəlakətə doğru getdiyimiz fakt ilə bağlı mövzuları çox işləyirəm. Sonra bunu fikirləşməyə başladım: Bəs bizi son anda, fəlakətin astanasında yıxılmaqdan xilas edəcək bir şey olsaydı? Bu, təbii ki, bənzətmədir. Bəlkə də, son anda insan macərasının ən dərin anlarından nəsə çıxar. Mən insanların bəşəriyyət haqqında çox əhatəli anlayışa malik olduğu, insanların fəlsəfəni avtomatik olaraq elmdən, tibbdən və siyasətdən ayırmadığı, hər şeyin insan biliyi hesab edildiyi bir dövrdən danışıram. Bəlkə də bu məqama qayıtmalıyıq. Kitabda Empedokl bu anın simvoludu. Onun şəxsiyyəti mənə həmişə maraqlı gəlib. Bildiyiniz kimi, o, 34 əsr əvvəl Siciliyada yaşayan bir filosofdur. Filosofluqdan əlavə, həm də şəfaçı kimi tanınıb. İnsanlar onu yarı əfsanəvi, yarı da ilahi varlıq olaraq görüblər. Bir gün Etna dağında vulkan püskürüb. Vulkana tərəf gedib və gözdən itib. Onun vulkanın içinə tullanıb-tullanmadığını heç kim bilməyib. Başqa açıqlaması nə ola bilər, bilmirəm. Lakin onun yoxa çıxması onun haqqında əfsanə yaradıb. Əfsanəvi və ya mifoloji dünyalarda baş verən hadisələr məni həmişə valeh edib. "Empedoklun dostları" bu iki element üzərində qurulub.
- Siz buna bir az toxundunuz və kitabdakı hadisələrin çox da uzaq gələcəkdə baş vermədiyini söylədiniz. Romanınızda dünya çox da fərqli görünmür. "Empedoklun dostları"nda dünya fəlakətin astanasındadır, dəhşət yaşanır, Şərq ilə Qərb yenidən bir-birinin boğazındadır; Kitab gələcəyi qaranlıq kimi təsvir edir deyə bilərik. Sizcə, bu gələcək qaçılmazdır? Daha yaxşı gələcəyi necə qura bilərik?
- Tarixdə heç bir şey qaçılmaz deyil. Məncə, gələcəkdə baş verə biləcək fəlakətin qarşısını almaq çox səy və möcüzə tələb edir. Biz birbaşa fəlakətə doğru gedirik. Əvvəlki kitabımda demişdim ki, Titanik kimi düz aysberqə doğru gedirik. Hələ də yanlış yolda olduğumuzu düşünürəm, aysberqlə toqquşa bilərik, amma bu, qaçılmaz deyil. Dediyiniz kimi, bu il baş verənlər insanları dayandırıb yolu dəyişdirmək barədə düşünməyə vadar edə bilər. Ancaq indi getdiyimiz yolda davam etsək, yeni qarşıdurma ilə üzləşəcəyik. Şərqlə Qərbdən danışdın, yenə Şərqlə Qərb arasında olacaq; lakin bu, keçən əsrdə gördüyümüz qarşıdurmadan fərqli olacaq. Çox güman ki, bu, Qərblə Çin və qonşularından ibarət Konfutsi dünyası arasında olacaq. Bu qarşıdurma digərlərindən daha fərqli olacaq, çünki artıq texnologiya istənilən silahlanma yarışını bəşəriyyət üçün intihara bərabər edəcək səviyyəyə çatıb. Bu gün silahlanma yarışının meydana gələcəyini düşünmək ağlasığmazdır. Bu, bir neçə onilliklər əvvəl Sovet İttifaqı ilə ABŞ arasında olduğu kimi olmayacaq, çünki indi kiber müharibə, bioloji müharibə və atom silahları ilə məhv olma ehtimalından daha yüksəkdir. Əgər yeni soyuq müharibə dövrünə girsək, bu, bəşəriyyətin sonu ola bilər. Buna görə də yolu dəyişməliyik və yeni münaqişələrdən qaçmalıyıq. Bu, həmişə yazılarımın əsas mövzularından biri olub. Biz fərqliyik, amma fərqli olduğumuz üçün döyüşməyimizə, bir-birimizi təcrid etməyimizə, bir-birimizi qırmağımıza ehtiyac yoxdur. Birlikdə yaşaya biləcəyimiz bir dünya qurmalıyıq. Əlbəttə ki, biz bir-birimizdən fərqliyik, amma birlikdə nəhəng insan milləti ola bilərik. Biz fərqli mədəniyyətlərə, dillərə, inanclara, dəri rənglərinə malik olan, lakin birlikdə yaşaya bilən bir xalq ola bilərik. Beləliklə, cəhalət, xəstəlik və ölüm kimi həqiqi düşmənlərlə mübarizə apara bilərik.
- Bu yaxınlarda sizin heyranınız olan köşə yazarlarımızdan biri ilə söhbət edirdim. O mənə sizin bir fikrinizi xatırlatdı: "İnandığım sabahlar dünəndə qaldı və bir daha geri qayıtmadılar". Ümid kitablarınızda tez-tez rast gəlinən bir anlayışdır. Ümid sizin ədəbiyyatınız üçün necə bir vasitədir? Bu gündən ümidinizi tamamilə kəsmisiniz?
- Heç bir şəkildə kəsməmişəm. Məncə, bir yazarın iki vəzifəsi (məsuliyyət - tərc.) var. Birincisi, reallığa sadiq qalma vəzifəsidir. Yazarlar həqiqəti gizlətmək üçün hadisələr uydurmamalıdırlar. İkinci vəzifə isə ümidsiz olmamalıdırlar. Yazarlar həmişə düşdüyümüz çətin vəziyyətdən çıxış yolu axtarmalıdırlar. Çıxış yolu tapmaq çətindirsə, yenidən cəhd edin! Oxuculara "Neyləyək, ümid yoxdur" demək üçün yaza bilməzsiniz. Mən bunu heç vaxt etmərəm. Görsəm ki, ümid yoxdur, yazmayacam. Yazmağı dayandıraram və ümid üçün səbəb axtararam. Həyat ümid yaratmalıdır. Ümid də həyat yaradır. Həyat möhtəşəm bir şeydir. Biz böyük gərginlik və kədər yaradan, tarixin yorucu dövründən keçirik. Bununla belə, müasir texnologiyanın bizə verdiyi vasitələrlə tarixin bizə öyrətdiyi hər şeyə evdə çata bilir, evimizdən dünyanın hər yerindən insanlarla ünsiyyət qura bilirik. Bu bizim nəsil üçün xüsusi bir imtiyazdır. Bizdən əvvəlki heç bir nəsildə belə alətlər yox idi. Bizdən əvvəlki nəsillər bunu xəyal belə edə bilməzdi. İllər əvvəl Fransaya gələndə də fərdi kompüterlər, mobil telefonlar və ekranda yazmağa imkan verən proqramlar yox idi. Hər şey çox fərqli idi, mənim həyatım o vaxt eləydi. Daim nələrsə dəyişir. Həyat heyrətamiz şeydir. Ona görə də "ümid yoxdur" deməyə haqqımız yoxdur. Biz bu gün dünyada gözəl olanı qoruyub saxlamalı və məhv olmaması üçün əlimizdən gələni etməliyik. Bunu edə bilərik, çünki bir-birimizlə danışa bilirik; Məsələləri müzakirə edə bilərik, insanların dünyada baş verənlərdən xəbərdar olmasını gözləyə bilərik, lakin onların fərqinə varmalarına və yol dəyişdirmələrinə kömək etməlisiniz. Buna görə inanılmaz andayıq, indi ümidsizliyə qapılmaq vaxtı deyil.
- Mövzudan kənara çıxıb sizə bir az daha şəxsi sual vermək istəyirəm. Həyatınızda verdiyiniz ən böyük qərar nə olub?
- Çox vacib qərarlar vermişəm. Ən vaciblərindən biri Fransaya gəlmək idi. Deyə bilərəm ki, bu qərarı vermək məcburiyyətində qaldım. Mən bir gün Livandan köçmək arzusunda olan insanlardan deyildim. Gəncliyimdə əmin idim ki, bütün həyatımı öz ölkəmdə keçirəcəyəm. Amma sonra müharibə başladı və mən o müharibənin ilk hadisəsinə şahid oldum. Bu hadisə mənə çox təsir etdi və başa düşdüm ki, başqa yerə getməliyəm. Bu mənim üçün çox vacib qərar idi.
Qəbul etdiyim digər mühüm qərar, Fransaya köçdükdən 8 il sonra, 1984-cü ildə həyatımı yazıya həsr etmək oldu. Bu çətin bir qərar idi, çünki dünyamı və ailəmi arxa plana keçirməli, bütün vaxtımı yazmağa həsr etməliydim. İlk romanım "Afrikalı Leo" (1986) idi. Çox riskli qərar idi, amma riskə getməyə qərar verdim, çünki o vaxt "Afrikalı Leo"nu yazırdım və bütün vaxtımı buna həsr etməsəm peşman olacağımı başa düşdüm.
- Bu, oxucularınız və bütün dünya üçün nə qədər gözəl qərar olub. Beyrutun sizin həyatınızda böyük rol oynadığını bilirəm, elə hazırda yaşamağa davam etdiyiniz Fransanın da. Mənim gördüyümə görə, "kimlik" (şəxsiyyət - tərc.) kitablarınızda həmişə mühüm mövzu olub. Sizcə, heç Fransaya köçməsəydiniz və ya əvvəllər köçsəydiniz, başqa bir insan olardınız?
- Tamamilə. Məncə, aldığımız hər bir qərar çox şeyi dəyişir. Livanda qalsaydım, yəqin ki, çox fərqli həyatım olardı. İlk dəfə ərəb dilində işləməyə başladığım üçün yəqin ki, ərəbcə yazardım. Böyük ehtimalla siyasətə daha çox vaxt ayırardım, çünki orada yaşayanda bu mövzularla maraqlanırdım və siyasi işlərlə məşğul olan çoxlu dostlarım vardı. Bəlkə də parlamentə girərdim, bilmirəm. Bir ölkədən başqa ölkəyə getməsəydim bu vaxta qədər yaşadığım şeylər baş verməzdi. Seçim etməliydim. Ağlıma bir çox başqa məsələlər gəlir. Eyni kitabları müxtəlif dillərdə yaza bilməzsiniz. Yazdığınız dil yazdıqlarınıza ilham verir. Həyatımda hər şey çox fərqli olardı. Amma həyatınızı nəinki böyük qərarlar dəyişdirə bilər, hətta çox kiçik qərarlar da həyatınızın gedişini dəyişə bilər. Bəzən bir gün çölə çıxmağa və ya çıxmamağa qərar verirsən. Çölə çıxanda kiminləsə tanış ola bilərsən, qəza törədə bilərsən. Həyatda hər şey bir saniyədə dəyişə bilər. İnsan bütün bu dəyişikliklərə açıq olmalıdır. Pandemiya yaşadığımız bu günlərdə ətrafa baxanda baş verənlərə nifrət edirəm, amma eyni zamanda maraqlı da gəlir. Çünki bizdən əvvəl heç bir nəslin yaşamadığı bir şeyi yaşayırıq. Odur ki, insanlar baş verə biləcək hər şeyə açıq olmalı, həyatda baş verən hər şeyi yazmalı və bu vəziyyətdən ən yaxşı şəkildə istifadə etməlidirlər.
2021
Hazırladı: Nilufər HACILI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!