"Yazmaq vərdiş deyil, mənə görə, həyatın elə özüdür..." - "Fikir bucağı" layihəsinin qonağı yazıçı, ədəbiyyatşünas Nargisdir

 

- Nargis xanım, xoş gördük. İşləriniz necə gedir, yeni nələrsə yazırsınızmı?

- Xoş gördük, bəli, hazırda "Tanrılogiya" adlı roman üzərində işləyirəm. Eyni zamanda "İtaliya ədəbiyyatında postmodernizm və Azərbaycan nəsri" sahəsində tədqiqat aparıram. Dayanmadan yazıram, araşdırıram. Gecələr yuxusuz qalıram. Bu dəfə daha da iddialıyam.

- Bu gün ədəbiyyatla məşğul olmağın hansı üstünlükləri və çətinlikləri var?

- Ədəbiyyatla məşğul olmaq ölkəmizdə başlı-başına çətinliyin özüdür, bir növ bu, mənəvi cəhətdən toxdamaq, yetinmək deməkdir. Çünki ölkəmizdə ədəbiyyat, nəşr olunan kitablar yazarların, tədqiqatçıların yaşamağına heç bir kömək etmir. Bu isə tam olaraq ədəbiyyatla bütünləşməyə imkan yaratmır. Hər bir ədəbiyyat adamı məcbur başqa sahədə çalışır. Yazarların vəziyyəti isə olduqca ağırdır. Bu kontekstdə bu gün biz yazarların vəziyyəti əsl tragikomediyadır.  

Ədəbiyyatla məşğul olmağın üstünlüyü sadəcə sabaha ümidlə baxmaq, bu gün eşidilməyən səsimizi, fikirlərimizi gələcəyə daşımağa cəhd etməyimizdir. Bu reallaşdıqda cismimiz görməsə də, ümid edirəm ki, ruhumuz xoşbəxtlikdən sərxoş olar.

- Sizə çətindir, ya asan?

- Hər şey mənə asandır, heç nə məni artıq qorxutmur, küllərimdən dəfələrlə yenidən doğulmağın yolunu əzbərləmişəm. Artıq bu kontekstdə öz nəzəriyyəm var (Gülür).

- Niyə məhz ədəbiyyat? Bunun xüsusi bir səbəbi varmı?

- Bir də ayıldım ki, artıq ədəbiyyat tərəfindən istila olunmuşam. Ədəbiyyat çox insan üçün romantik hisslərin daşıyıcısı ola bilər. Ancaq mən ədəbiyyata tarixdən daha çox etibar edir, güvənirəm. Hisslərimizlə yanaşı, dövrün psixologiyasını, tariximizi ədəbiyyat vasitəsilə daha etibarlı şəkildə gələcək üçün mühafizə edə bilərik.

- "Metakədər" adlı kitabınız çap olundu. Birmənalı qarşılanmadı. Necə düşünürsünüz, kitab öz layiqli qiymətini ala bildimi?

- Tənqid varsa ədəbiyyat var. "Metakədər" adı və yaradıcılığımda dayanmadan apardığım yeni eksperimentlər çox vaxt auditoriya tərəfindən tənqid olunur. Ancaq bunu uğursuzluq kimi qəbul etmirəm. Bəlkə də uğurun açarı elə tənqiddir. Oxucular "Metakədər"i çox sevdilər. Bununla bağlı tənqidçilərin də maraqlı rəyləri var. Qeyd edim ki, "Metakədər"ə 2016-2020-ci illərdə "Ədəbiyyat qəzeti"ndə çap olunmuş silsilə yazılar daxil edilib. "Mücrü" nəşriyyatının "Proza" seriyasında nəşr edilmiş kitabın redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön sözün müəllifi "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, naşiri Müşfiq Xandır.

- Ədəbi tənqidə münasibətiniz... Bu gün ədəbi tənqidçilərin işi ilə bağlı nə düşünürsünüz?

- Ədəbi jurnalların, saytların, kitabların səhifələrində qalan, lakin müəyyən müddətdən sonra akademik tədqiqat obyektinə çevrilən ədəbi tənqid nümunələri tənqid ənənəsinin və ya tənqid elmlərinin formalaşması üçün kifayət qədər məlumat vermir. Tənqidi düşüncə ilə elm, ədəbiyyat və incəsənətin inkişafı arasında sıx əlaqə vardır. Azərbaycanda hal-hazırda ədəbi tənqid sadəcə bir iki tənqidçinin nümunəsində öz aktivliyini qorumaqdadır.

Bu gün ədəbi mühiti ən operativ izləyən, yazılan nümunələri mütaliə edərək, təhlil edib elmi münasibət bildirən ən aktiv tənqidçilərdən biri Elnarə Akimovadır. Bu kontekstdə əksəriyyət mənimlə razılaşar.

Tənqidçi Tehran Əlişanoğlu hazırladığı elmi nəşrlərdə ədəbi mühitdə gedən proseslərlə yanaşı, son dönəmlərdə yazılan əsərlərə aktiv münasibətilə diqqət çəkir. Arzuolunadır ki, bu yazılar geniş auditoriyaya, saytlara da mütəmadiyən çıxarılsın.

Ədəbiyyatşünaslardan Azər Turan tənqidçi postuna sahiblənən bir çox tənqidçidən daha çox tənqidçi obrazında görünür. Operativ, çoxşaxəli, informativ elmi-tənqidi yazılarla daim dövrün nəbzini tutur.

Ümumilikdə isə tənqid bu gün sıradanlaşıb. Tənqid başlığı altında təqdim olunan əksər məqalələr sadəcə gülüş doğurur. Çünki bu nümunələri professional tənqidçilər qələmə almır, yaxud sifarişlə qələmə alır.

Bir çox tənqidçi artıq ədəbiyyat tarixçisinə çevrilib. Tənqidçilər yazarların xüsusilə gənclərin yaradıcılığını ya izləmir, ya da modern ədəbiyyatla ayaqlaşmaqda çətinlik çəkirlər. Bir çox tənqidçinin dil bilikləri zəifdir. Onlar dünyada gedən proseslərdən, ədəbiyyatda yaranan yeni nəzəriyyələrdən xəbərsizdirlər. Bu kontekstdə onların müqayisə, təhlil və yaranan yeni mətn, janr, mövzu məsələlərinə münasibəti aktiv, dolğun, operativ və elmi deyil. Ədəbi tənqidimiz qocalıb, dizləri əsir, gözləri görmür.

- Hekayələriniz diqqət çəkir. Mövzular müxtəlifdir. Müasir hekayə necə olmalıdır?

- Mövzuların müxtəlifliyi cəmiyyətə rəngli pəncərədən baxmağımın nəticəsidir. Fikrimcə, modern hekayə təkrarçılıqlardan ibarət olmamalıdır. Bu gün gənclərimiz, nədənsə, yaşlı nəsil tənqidçilərin və yazarların diqqətini çəkməyə, onlar tərfindən qiymətləndirilməyə çalışırlar. Əlbəttə, biz özümüzdən əvvəlkilərə sayqı duymalıyıq. Ancaq bu o demək deyil ki, bu sayqını qazanmağın yolu elə təkcə onlar kimiymişik kimi maskalanmaqdan keçir. İnsanın yazdıqları onun intellektinə, düşüncələrinə, psixologiyasına, maddi-mənəvi dünyasına ayna tutur - düşüncəsi ilə çox vaxt seçmək arzusunda olduğumuz mövzular bizi qorxudur. Ədəbiyyat tərbiyələndirici mövqe ilə yanaşı, həm də dekonstruksiya gücünə də malikdir. Sözlərin gücü ilə biz mümkün olmayanı mümkünmüş qiyafəsində təqdim edə bilərik.

- Niyə bizim ədəbiyyatda müasir hekayələr yazılmır?

- Son vaxtlar bir çox gəncin yaradıcılığında maraqlı hekayələr oxuyuruq. Aralarında modern hekayə janrının tələblərinə uyğun olanlar da mövcuddur. Ancaq məni narahat edən hələ də sovet dönəminin görmədikləri, hiss etmədikləri psixologiyasını, üslubunu o dönəmdə fəaliyyət göstərən yazarların yaradıcılığından mənimsəməyə çalışaraq, bunu imitasiya edərək yazanlardır.

Fikrimcə, bunun səbəbi dünyada gedən proseslərə hakim olmayan gənc yazarlarımızın olmasıdır. Onlar ya dil bilmir, ya da ümumiyyətlə dünyada mövcud olan çağdaş nəzəriyyələrdən xəbərsiz olmağı seçirlər. Daha çox yazırlar, mütaliələri isə zəifdir. Yaxud hamı eyni adamı oxuyur, eyni adamdan təsirlənib zincirləmə mühakimələr yürüdür. Bunu hətta onların sosial şəbəkələrdəki kommetlərindən də aydın görmək mümkündür. Çox gənc yazar ümumiyyətlə Azərbaycandan kənardakı heç bir ədəbi mühitdə təmsil oluna bilməyib, yaxud heç ona bu şans da verilməyib. Onları bunun üçün qınamıram. İndi hər şeyin təməlində maddi rifah dayanır. Bu isə elə çağdaş dövrdə müəllifin ölümüdür...

Digər məsələ isə belədir, yaşları az olsa da, daxillərində sanki çox yaşlı, ağsaqqallı, ağbirçəkli biri gizlənib. Yaşadığımız yeni dünya nizamı bunumu tələb edir? Əlbəttə, yox, çox nadir halda yazarlar olduqları kimi görünməkdən çəkinmirlər. İnsanın özü, beyni, təfəkkürü modern deyilsə, ondan bu kontekstdə nəsə gözləmək doğrudurmu?

- Hansı hekayələri dövrün mənzərəsi üçün uyğun hesab edirsiniz?

- "Ədəbiyyat qəzeti" son zamanlar kifayət qədər modern hekayələri işıqlandırır. Bundan başqa, kulis.az. nəsr bölməsində maraqlı hekayələrə yer verir. "Ədəbiyyat və incəsənət" portalı və Simsim.az son vaxtlar müsabiqələr təşkil edir. Burada yeni imzaları görürük. Bu, sevindirici haldır. Konkret olaraq "bax bu, moderndir, eyni zamanda ədəbi hadisədir" - dediyim elə bir nümunə yoxdur. Yəni mənim kontekstimdə modern...

- Müəlliflər maraqsızdır, ya oxucular?

- Fikrimcə, bu cür düşünmək hər iki tərəfə haqsızlıq olar. Hər iki qütb kifayət qədər maraqlı olmağa çalışır, buna cəhd edir. Son vaxtlar Azərbaycanda intellektual səviyyəsi yüksək oxucu auditoriyası formalaşıb. Fikrimcə, oxucular müəlliflərdən daha maraqlıdırlar.

- Zövq anlayışı ilə bağlı məsələdə necə?

- "Zövqlər və rənglər müzakirə edilə bilməz - deyirlər. Bu bir az ağır mövzudur. Bizdə çox qəribə bir mühit formalaşır. Qiraətçini məşhur edən əsərin müəllifi ilə heç kim maraqlanmır. Qiraətçilər daha çox imza və auditoriya toplaya bilir. Xüsusilə son zamanlar iştirak etdiyim və birbaşa nəzarət etmək imkanı qazandığım sərgilərə əsasən bunu deyə bilərəm. Ciddi ədəbiyyatla maraqlanan azdır. Hətta elə müəlliflərin işığına sadəcə 20-25 nəfər toplaşır. Oxucusu gəlmədiyi üçün məyus halda sərgini tərk edən ciddi araşdırmaçı yazarlar gördüm... Bu gün mühitdə ən çox oxunan kitabları motivatorlar, estetik həkimlər yazır. Nəşriyyatlar isə bu kitabları nəşr etməyə maraqlıdırlar. Marketinq bu gün hər şey olmasa da, çox şeydir... Hətta o gün bir estetik doktor kitabına elə bir qiymət qoyub satırdı ki, bunu hansı yazar etsəydi tənqidə tuş gələrdi, ancaq cəmiyyət buna göz yumur...

- Tərcümələrimiz heç də uğurlu hesab olunmur. Bir-iki istisna halları qeyd etməsək. Ümumən tərcümə sahəsində nələr çatmır? Nə təklif edirsiniz?

- Tərcüməçilərə yaxşı məbləğdə məvacib ödənsə kifayət qədər gözəl işlər ərsəyə gələ bilər. Nəşriyyatlar ucuz tərcümə arxasınca qaçırlar, qeyri-peşəkarlarla işləyirlər bu isə Azərbaycanda biabırçı tərcümələrin ortaya çıxmasına səbəb olur. Çox tərcümələr tamamilə yararsızdır. Məsələn, mən 2017-ci ildən bir əsər üzərində işləyirdim, 3 cildliyin son cildi 2021-ci ildə çap ("Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə" ) olundu. Mənə bu əsərdən bir qəpik ödəniş olunmadı. Gözlərim mənfiyə düşdü. Deyin görüm, mən və mənim kimilər hansı səbəbdən hansısa bir əsərin tərcüməsində maraqlı olmalıyıq? Hansı stimula görə? Əlbəttə, hər şey pul deyil, hər şey pul deyilsə, o zaman pulu çox olanlar bu sektora yatırım edə, sərmayə qoya bilərlər. Bütün mənəvi addımlar yazarlardan, yaradıcı insanlardan gözlənilməməlidir...

- Yazmaq çətindi, yoxsa yazmamaq?

- Mənə görə yazmamaq daha çətindir. Yazmaq vərdiş deyil, mənə görə həyatın elə özüdür.

- Kimləri oxuyursunuz? Bir oxuma planınız varmı?

- Hazırda mütaliə siyahımda ancaq postmodernist yazarlar, ədəbiyyatşünaslar, filosoflar var. Bu isə birbaşa mənim tədqiqat işimlə bağlıdır. Ancaq dünyada baş verən prosesləri yaxından izləmək, yeni yazarlar kəşf etmək ən böyük xobbimdir.

Oxuma siyahım çox genişdir. Yeni kitablar kitab rəfimdə öz sırasını həsrətlə gözləyir.

- Dünya ədəbiyyatı bu gün. Müharibələrin fonunda ədəbiyyat necə görünür?

- Məncə, bu günün dünyasında müharibələrin fonunda hələ ki böyük ədəbiyyat yarana bilmir. Görülən işlər var. Yaranan nümunələr də... Ancaq ədəbiyyat hesabat vermək üçün yaradılmır. Hər yaranan müharibə nümunəsi ədəbiyyat hadisəsi deyil. Sadəcə hisslərin sözlərlə təsviridir. Ancaq hər gün körpələrin öldürüldüyü dünyada insanın qələmi tutmağa taqəti qalmır... Bu gün müharibələr fonunda yaranan ədəbiyyata əslində qiyməti biz verə bilmərik. Bu qiyməti zamandan gözləməliyik.

- Hisslər dəyişməyib, yoxsa ədəbiyyatın gücü çatmır?

- Dünyanın nizamı dəyişib. Ədəbiyyat bu nizama uyğunlaşmağa çalışır. Dünyada yaranan elmi-fantastik ədəbiyyatlara nəzər saldıqda hisslərin robotlaşdığını görürük. Bu, film sektorunda da belədir. Metahisslərin təsviri artıq az-az baş verir. Ciddi ədəbiyyat da, insan da sevilmir. Kapitalizmin tələbi bu deyil...

- Ədəbi mükafatlara münasibətiniz...

- Mükafatlar sadəcə sertifikat və heykəlcik olur. Ancaq yazarlara dəstək üçün, məncə, mənəvi dəyəri ilə yanaşı, maddi dəyəri də olan mükafatlar lazımdır. Çünki bu gün Azərbaycan yazarından dünyada təmsil olunma gözlənilir. Əsərlərin tərcüməsi belə maddiyyat tələb edir. Ya da buna ciddi dövlət dəstəyi lazımdır. Hər il ən az 50 klassik və modern ədəbiyyat nümunəsi tərcümə olunub, dünya arenasına çıxarılsa əminəm ki, biz də bu sektorda söz sahibi olan ölkələrdən olarıq.

 

Söhbətləşdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!