“Vətən müharibəsində ədəbiyyat ordu ilə iç-içə nəfəs aldı, amma...” - Azər Turanla söhbət

 

- 44 günlük Vətən savaşına dair ədəbiyyat nümunələri yaranırmı? Mövcuddursa, hansılardır?

-Qarabağ problemi dünyanın bənzər problemlərindən daha fərqli bir problemdir. Haqqında tutaq ki, roman yazmaq üçün bədii təfəkkür buna hazır olmalıdır. Qarabağ zəfərimizlə bağlı roman yazmaq üçün yazıçı yüz illik prosesləri istər tarixi, istərsə də politoloji aspektdə dəyərləndirməyi bacarmalıdır. Bunun üçün təkcə bədii ədəbiyyat deyil, tarixşünaslıq da paralel şəkildə tarixi materialları ortaya qoymalıdır. Yoxsa elə yalnız “Qarabağnamə”ləri oxumaqla, bir də indiki prosesləri bilməklə dünya miqyasında istənilən romanı yazmaq mümkün olmayacaq. Tolstoy “Hərb və sülh” romanını hadisələrdən ən azı əlli il sonra yazmadımı? Zəfərimizlə bağlı yazılacaq dünya miqyaslı roman anlayışına da bu rakursdan yanaşmaq lazımdır. Amma, təbii ki, istisnalar da olur və olmalıdır.  Məsələn, dünyanın müharibə mövzusunda yazılmış və Fransanın alman işğalı illərində yaşadığı faciənin bədii inikasını verən “Qisas” hekayəsini Somerset Moem İkinci Dünya müharibəsi günlərində, yəni  1944-cü ildə yazmışdı. Yaxud Şoloxovun “İnsanın taleyi” əsəri İkinci Dünya müharibəsinin başa çatmasından 11 il sonra və (həm də tam zamanında) yazıldı. O ki qaldı Azərbaycan ədəbiyyatında Qarabağdakı zəfərdən sonra, elə müharibə günlərində də, sonrakı yaxın iki ildə də bəli, əsərlər yarandı. Təsəvvürümüzü aydınlaşdırmaq üçün hətta İkinci Dünya müharibəsi illərində (1941-1945) və İkinci Qarabağ savaşı günlərində (2020, sentyabr-noyabr) dərc olunmuş “Ədəbiyyat qəzeti” komplektlərini müqayisəli şəkildə vərəqləsəniz, çağdaş ədəbiyyatımızda savaş mətnlərinin daha aktiv və daha estet planda yaradıldığını, şeir, nəsr, publisistika baxımından ikinci mərhələdə, yəni öz Vətən müharibəmiz dövründə daha ciddi örnəklərin yaradıldığını, ədəbiyyatımızın ordu ilə iç-içə və eyni tempdə nəfəs aldığını etiraf etməli olarıq. Amma bu da həqiqətdir ki, dünyaya çıxarılacaq mətnlərimiz olmadı. O da var ki, belə bir əsərimiz olsaydı belə, guya dünya adlandırdıqları Qərb bizim hansı həqiqətimizi ürək açıqlığı və səmimiyyətlə qəbul edib ki, bunu da qəbul etsin? Buna qalsa, Qarabağla bağlı siyasətində ikili standartların kölgəsində gizlənən dünya, ədəbiyyatda da  estetikaların kölgəsində gizlənəcək və öz ədəbi yalanlarını kriteriya kimi irəli sürəcək. Qarabağdakı zəfərimizi dünya ədəbiyyatı faktına çevirə biləcək romanın, bədii mətnin sorağında olmağımız, əslində, absurddur. Dediyim kimi, belə bir əsər yaransa da dünya onu qəbul etməyəcək. Dünya indi bəlli bir mərhələdən keçir. Ona Xocalıda qətlə yetirilmiş insanların kədəri, yaxud onların qisasını alan millətin zəfərini işıqlandıran əsərlər lazım deyil. Biz dünyanı savaş ədəbiyyatı ilə deyil, dünyanın maraq dairəsində olan estetik təmayülləri məhvərində sərgiləyən əsərlərimizlə heyrətləndirə bilərik.     

Digər tərəfdən, indi tutaq ki, dünya ictimai fikrində bir Rusiya örnəyi var. Ukrayna savaşından sonra Qərb bütövlükdə rus mədəniyyətini, o cümlədən hətta Tolstoyu çıxdaş etməkdədir... Keçənlərdə Ukrayna saytlarından birində bütövlükdə Rus ədəbiyyatına küfr edən, onu aşağılayan bir yazı oxudum. Yəni ruhən nə qədər azad olsa da, ədəbiyyatın taleyi, daha doğrusu, mətnin taleyi siyasi nüanslara bağlı olur... Orada bəzən balans pozulur, Kobzar dünya üçün Tolstoydan daha önəmli və daha bəşəri olur.

-30 il Qarabağın ağrısından, məğlubiyyətdən yazıldı, indi qalibiyyətdən yazılmalıdır. Sizcə, hansı daha çətindir?

-Hər ikisi çətindir. Müharibə ilham pərisinin qanadlarını yandırır. Nehru demişkən, müharibə mənəvi mədəniyyətin tükəndiyi yerdə baş verir. Lui Araqon Fransanın alman işğalı illərini xatırladıb yazırdı ki, o çətin illərdə Matiss bizə yardım etdi ki, biz günəşi qoruyub saxlayaq. Müharibə bütün hallarda xaosdur. Amma yetər ki, sən o xaosdan XarıBülbül simvolu ilə çıxasan. Azərbaycan xalqı bunu bacardı. Müharibəni həm də öz estet ruhunun simvolunu yaratmaqla tamamladı... 

 - Yaranan əsərləri dünya ictimaiyyətinə çatdırmaq üçün nələr edilməlidir və bunu kim etməlidir?

- Təbii ki, ədəbiyyat adamlarının, bədii mətnlərin xaricə çıxışı ədəbiyyatımız naminə tərəfsiz münsiflərin nəzarətinə alınmalıdır. Azərbaycana hansı ədəbi mətnlərin dünyaya çıxışı gərəklidirsə, hansı yollasa daha çox onların çıxışı təmin edilməlidir. Həm də dünyaya çıxış bizə nə üçünsə asan görünür. Qarabağ müharibəsi zamanı dünya siyasi birliyi Azərbaycan Prezidentinin güclü intellektinə, siyasi iradəsinə təslim olmasaydı, zəfərlə bitən son Qarabağ savaşımıza münasibətdə, dünya, sizcə, indiki kimi davranacaqdımı? Dünyanın siyasi güclərini susduran və onları Azərbaycanın qələbəsini etiraf etməyə məcbur edən təkcə ordumuzun yüksək peşəkarlığı olmadı, həm də və daha çox Prezidentin parlaq diplomatik məntiqi oldu. Bu, təkcə siyasətimizin deyil, eləcə də mədəniyyətimizin, ədəbiyyatımızın yolunu dünyaya açan əsas amil oldu. İndi qalır böyük ədəbiyyatı yaratmaq və onu elə həmin açılmış yolla da dünyaya təqdim etmək...

-Bəziləri iddia edir ki, yaxşı ədəbiyyat nümunəsi yaratmaq üçün öncə müəllifin sosial ehtiyacı təmin olunmalı və ona zaman verilməlidir… Razılaşırsınızmı?

-Yox. Qətiyyən razılaşmıram. “Dövlət məni təmin etsin, mən də Qarabağdakı zəfərimizlə bağlı dünyaya çıxacaq əsəri yazım” – Bu, absurd bir istək və uğursuz bir məntiqdir. O zaman Qarabağda qəhrəmanlıq göstərən, yaxud şəhid olan oğullar o torpaqları nəyin qarşılığında işğaldan azad etdilər?

 - Özlərini «As» hesab edən Feysbuk şairləri, yazıçıları niyə yazmırlar? Yenə hamı «köhnələrdən» gözləyir…

-Sualınıza cavab verməkdə çətinlik çəkirəm. Özlərini “As” hesab edən Feysbuk şairləri, yazıçıları bizim söhbətimizin predmeti deyil, məncə.

 

Ayyət Əhməd

sherg.az

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!