Əfqan əsilli amerikalı yazıçı və həkim Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı və ən böyük şəhəri olan Kabildə doğulub. Uşaqlığının səkkiz ilini Kabildə keçirib. Hüseyni o dövrdə bacısı Rayanın qadın olduğuna görə heç vaxt ayrı-seçkiliyə məruz qaldığını xatırlamır. Uşaqlığında əmiuşaqları ilə müntəzəm olaraq uçurtma uçurduğu Kabil "böyüyən, çiçəklənən, kosmopolit şəhər" kimi yadında qalıb. Hər iki valideyni Heratdan olub. Anası qızlar liseyində fars dili və tarix müəllimi, atası Nasir Kabildə Xarici İşlər Nazirliyində diplomat olan yazar bir müddət İran və Fransada yaşayıb. 1970-ci ildə atası Əfqanıstanın Tehrandakı səfirliyində işə başladığına görə ailəsi ilə birlikdə İrana köçən Hüseyni 3 il orada yaşayıb. 1973-cü ildə Hüseyninin ailəsi Kabilə qayıdıb və beş uşaqdan ən böyüyü olan Hüseyninin kiçik qardaşı həmin ilin iyulunda dünyaya gəlib. 1976-cı ildə Hüseyninin 11 yaşı olanda atası ailəsini də özüylə birlikdə götürərək Fransaya köçür və Parisdə işə başlayır. Hüseyni o illərdə anasının da təsiri ilə ədəbiyyatla maraqlanmağa başlayıb; "Min bir gecə nağılları", "Tutinamə", "Şahnamə"ni oxuyub. Onlar Əfqanıstan Xalq Demokratik Partiyasının hakimiyyəti ələ keçirməsi, 1978-ci ilin aprelində baş verən Saur İnqilabı səbəbindən Əfqanıstana qayıda bilməyiblər. 1980-ci ildə Sovet-Əfqan müharibəsi başlayandan qısa müddət sonra, Hüseyni 15 yaşında olanda ailəsi Amerika Birləşmiş Ştatlarından siyasi sığınacaq istəyiblər və beləliklə Şimali Kaliforniya ştatının San Xose şəhərinə yerləşiblər. Bir müddət sonra yazar ABŞ vətəndaşlığına qəbul edilib. Hüseyni ABŞ-a köçəndə ingiliscə danışa bilmirmiş. Müsahibələrinin birində böyük "mədəniyyət şoku" yaşadığını vurğulayıb. Hüseyni "Çərpələng uçuran" (2003) əsərinin baş qəhrəmanı kimi 2003-cü ilə, 38 yaşı olana qədər Əfqanıstana qayıtmayıb.
Hüseyni 1984-cü ildə San Xosedə Müstəqillik Liseyini bitirib. Santa Klara Universitetinə daxil olan yazar, 1988-ci ildə Biologiya üzrə bakalavr dərəcəsi alaraq bioloq olur. Növbəti il Kaliforniya Universitetinin San Dieqo Tibb Fakültəsinə daxil olub, 1993-cü ildə tibb elmləri doktoru dərəcəsini alıb. O, 1997-ci ildə Los-Ancelesdəki Sedars-Sinai Tibb Mərkəzində daxili xəstəliklər üzrə rezidenturanı başa vurub. "Çərpələng uçuran" əsərinin çap olunmasından bir il yarım sonraya qədər on ildən artıq tibblə məşğul olub, daha sonra bütün gününü yazmağa həsr etmək üçün tibb sahəsindən uzaqlaşıb.
Yazarın bütün romanları böyük uğur qazanaraq müxtəlif mükafatlara layiq görülüb. 2003-cü ildə nəşr edilən ilk romanı "Çərpələng uçuran" "Nyu York Tayms Ən Çox Satılan Əsərlər" siyahısında 101 həftə qalıb, üç həftə birinci yerdə qərarlaşıb. Bu roman əsasında 2007-ci ildə nümayiş etdirilən eyniadlı film çəkilib. Roman bir çox dilə çevrilərək 70-dən çox ölkədə ən çox satılan kitablar siyahısında yer alıb.
2007-ci ildə çap olunan ikinci romanı "Min möhtəşəm günəş" "Nyu York Tayms Ən Çox Satılan Əsərlər" siyahısında 103 həftə, 2013-cü ildə işıq üzü görən üçüncü romanı "Və dağlardan səda gəldi" isə 33 həftə qalıb. Yazmaqla yanaşı, qaçqınların müdafiəsi ilə məşğul olan Hüseyni, BMT-nın dəstəyi ilə Əfqanıstana qayıdan əfqan qaçqınlarına dəstək olmaq üçün Xalid Hüseyni Fondunu yaradıb.
İlk romanıyla qazandığı uğurlardan sonra səssiz qalan yazarın dünya ədəbiyyatındakı yeri sonrakı iki romanla daha möhkəmlənib. Mükafatlar da gecikməyib, "Britaniya Kitab Mükafatları" daxil, müxtəlif mükafatlara layiq görülən yazarın "Çərpələng uçuran" romanı əsasında isveçrəli rejissor Mark Forsterin çəkdiyi eyniadlı film 30-a yaxın Film Festivalında iştirak edərək bir neçə əsas mükafatı qazanıb. 65-ci Qızıl Qlobus mükafatlarında "Xarici dildə ən yaxşı film" və "Ən yaxşı orijinal musiqi" mükafatlarını qazanıb. 2008-ci ildə ingiliscə olmayan "Ən yaxşı film" mükafatına, 80-ci Akademiya Mükafatlarında musiqisinə görə mükafata layiq görülür.
Hüseyni hazırda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığında xoşməramlı səfir kimi qaçqınlara kömək edir. İran əsilli amerikan olan Röya Hüseyni ilə evlidir, onların Haris və Fərəh adlı iki uşağı var. Ailə Şimali Kaliforniyada yaşayır. Yazar fars və puştu dillərini mükəmməl bilir və özünü dünyəvi müsəlman kimi təqdim edir.
Xalid Hüseyninin "Çərpələng uçuran" və "Min möhtəşəm günəş" romanları mövzusunda müsahibəsini təqdim edirik.
- "Çərpələng uçuran" milyonlarla oxucuya əfqan xalqının və onların gündəlik həyatının əslində necə olduğuna dair ilk real görüntü verməklə, dünyanın Əfqanıstan haqqında təsəvvürünü dəyişməyə kömək etdi. Yeni romanınız da kommunist inqilabından Sovet işğalına, ABŞ-ın Talibana qarşı apardığı mücadiləyə qədər Əfqanıstan tarixində son otuz il ərzində baş verən mühüm hadisələri əhatə edir. Xüsusilə, oradakı mövcud vəziyyəti və qazandığınız böyük uğurları nəzərə alaraq, doğulduğunuz ölkənin problemlərini dünyaya göstərmək üçün xüsusi məsuliyyət hiss edirsinizmi?
- Bir yazıçı kimi mənim üçün hekayə həmişə hər şeydən üstün olub. Mən heç vaxt geniş, dərin fikirlərlə və əlbəttə ki, konkret gündəm mövzularıyla bağlı yazmaq üçün yazı masa arxasında oturmamışam. Yazarın öz mədəniyyətini təmsil etmək və bu barədə başqalarını maarifləndirmək məsuliyyətini hiss etməsi kifayət qədər ağır yükdür. Mənimçün bu, həmişə çox şəxsi, intim bir yerdən, insan münasibətlərindən başlayır və sonra oradan genişlənir. Kitabda məni maraqlandıran əsas mövzu bu iki qadının ümidləri, arzuları və məyusluqları, mənəvi dünyaları, onları bir yerə gətirən xüsusi səbəblər, sağ qalmaq əzmləri və münasibətlərinin mənalı, güclü bir şeyə çevrilməsi, hətta onları əhatə edən dünyanın dağılması və xaosa sürüklənməsidir. Amma yazdıqca hekayənin səhifəbəsəhifə genişləndiyinin, daha iddialı hala gəldiyinin şahidi oldum. Mən başa düşdüm ki, bu iki qadının hekayəsini, təqribən 1970-ci illərdən 11 sentyabr hadisəsindən sonrakı dövrə qədər Əfqanıstan hekayəsini danışmadan yazmaq, sadəcə mümkün deyil. Bu hekayədə Əfqanıstandakı qarışıqlıq və ölkənin vəhşətə məruz qalmış yaxın keçmişi yavaş-yavaş təkcə fon olmaqdan çıxaraq əsas mövzuya çevrildi. Tədricən Əfqanıstanın özü, daha dəqiq desək, Kabil bu romanda, məncə, "Çərpələng uçuran"dan daha böyük bir xarakterə çevrildi. Amma bu, müəyyən sosial məsuliyyət çərçivəsində ölkəmdə baş verənlər mövzusunda oxucuları məlumatlandırma narahatlığından əlavə, hekayəçilik xatirinə idi. Bununla belə, demək istəyirəm ki, "Min möhtəşəm günəş" romanının inandırıcı və bir az da şəxsi münasibətlər zəminindən baxılanda son 30 ildə Əfqanıstanda nələr yaşandığını göstərən bir hekayə olaraq qiymətləndirilməsi məni məmnun edər.
- Oxucuların bu romana münasibətini necə təsəvvür edirsiniz?
- Sırf bir yazıçı kimi ümid edirəm ki, oxucular bu romanda mənim bədii ədəbiyyat oxuyanda axtardığım şeyi kəşf edəcəklər: nəql edilən hekayə, əsas qəhrəmanların təcrübələri ilə necəsə dəyişdiklərinə dair aydınlanma hissi... Oxucular bu hekayənin emosiyalarına cavab verəcəklər, böyük mədəni fərqlərə baxmayaraq, onlar da özlərini Məryəm və Leylanın yerinə qoyub, onların arzuları, ümidlərini hiss edəcək və sağ qalmaq üçün gündəlik mübarizə aparacaqlar. Mən bir əfqan kimi oxucuların əfqanlara, daha dəqiq desək, müharibənin və ekstremizmin nəticələrinin sarsıdıcı zərbələr vurduğu əfqan qadınlarına qarşı empatiya hissi ilə yaxınlaşmalarını istərdim. Ümid edirəm ki, bu roman tozlu bir küçədə gedən burkalı qadının tanış obrazına dərinlik və emosional sətiraltı məna gətirər.
- Yeni kitabınızın adı haradan gəlir?
- Bu ad, XVII əsrdə yaşamış azərbaycanlı, bəzi mənbələrdə fars hesab edilən Saib Təbrizinin Kabil haqqında şeirindən gəlir. Şair bu şeiri şəhərə ilk dəfə səfər edib dərindən təsirlənəndən sonra yazıb. Kitabdakı əsas qəhrəmanın sevimli şəhərini olduqca məyus şəkildə tərk edərkən ağladığı səhnədə istifadə etmək üçün Kabil haqqında şeirlərin ingiliscə tərcümələrini araşdıranda bu xüsusi beyti tapdım. Mən başa düşdüm ki, mən səhnə üçün nəinki düzgün xətt, həm də sonrakı misrada görünən "min möhtəşəm günəş" ifadəsi ilə romanın başlığını tapmışam. Şeiri fars dilindən Dr. Cozefin Devis tərcümə edib.
- Talibanın hakimiyyəti dövründə təqdim etdiyiniz Əfqanıstan portreti bir çox oxucunu təəccübləndirə bilər. Məsələn, Talibanın musiqi və filmlərə qadağası hamıya məlumdur, lakin qara bazardakı televizorlarda, videmaqnitofonlarda gizli şəkildə xarici müğənnilərə belə qulaq asılması bir çox oxucuya qəribə gəlir. Ölkədə Talibanın həqiqi mənada necə güclü hakimiyyətindən söz gedə bilər? Bu ənənələr altında pop mədəniyyəti necə yaşayır?
- Talibanın mədəni vandalizm aktları - ən dəhşətlisi Bamiyan Buddalarının məhv edilməsidir - Əfqanıstan mədəniyyətinə və incəsənət sahəsinə dağıdıcı təsir göstərib. Taliban saysız-hesabsız filmləri, videomaqnitofonları, musiqi lentlərini, kitabları və rəsmləri yandırıb. Onlar kinorejissorları, musiqiçiləri, rəssamları və heykəltəraşları həbs etdiriblər. Bu məhdudiyyətlər bəzi sənətçiləri öz sənətlərini tərk etməyə, bir çoxlarının isə gizli şəkildə fəaliyyətlərini davam etdirməyə məcbur edib. Bəziləri evinin damında rəsmlə, musiqi ilə məşğul olub. Bəziləri də romanlarını yaza bilmək üçün qadın geyimləri geyinərək, qadın kimi bəzənərək tikiş kurslarında bir yerə toplaşırdılar. Qalanları da Talibanı aldatmaq üçün müxtəlif dahiyanə yollar tapırdılar. Buna bir məşhur örnək göstərmək istəyirəm: Bir rəssam Talibanın əmriylə yağlı boya rəsmlərindəki insan surətlərini boyayır. Təbii ki, bunu Taliban hakimiyyəti devrildikdən sonra yuyula biləcək sulu boya ilə edir. Bütün bunlar, Talibanın, demək olar ki, bütün incəsənət sahəsi adamları ilə ciddi mübarizə apardığı vaxtda sənətçilərin xilas üçün tapdıqları təhlükəli və cəsarətli üsullardı.
- Yazarlığa başlamazdan əvvəl həkim olmusunuz. Həkim olmaqla yazar olmaq necə müqayisə oluna bilər?
- Mən tibblə məşğul olmaqdan həzz alırdım və həmişə xəstələrimin özlərini və yaxınlarını güvənərək mənə əmanət etmələri ilə fəxr edirdim. Amma yazarlıq, "Çərpələng uçuran" romanındakı Əmir kimi uşaqlıqdan arzum olub. Yazmaq məni qısa müddətlik olsa da xoşbəxt edir, özəl adam olduğumu hiss etdirir, həm də mənim dolanışıq mənbəyimdir. Bu, gerçəkləşən bir xəyaldır.
İki peşə arasında, insan təbiəti haqqında az da olsa məlumat sahibi olmaq xaricində çox da oxşarlıq tapmadım. Yazarlar və həkimlər insanların dedikləri və etdikləri şeylərin arxasındakı motivləri, onların qorxularını, ümidlərini, istəklərini başa düşmək baxımdan oxşardırlar. Hər iki peşədə, istər müayinədə olan xəstə, istərsə də hekayədəki qəhrəman olsun, sosial-iqtisadi mənşəyin, ailənin, mədəniyyətin, dilin, dinin və digər amillərin insanı necə formalaşdırdığını qavramaq lazımdır.
- "Min möhtəşəm günəş"i yazmaq, "Çərpələng uçuran" əsərini yazmaqdan nə ilə fərqlənirdi?
- Mən "Çərpələng uçuran"ı yazanda heç kim bunu gözləmirdi! İkinci romanın yazılmasının çətinliyi ilk romanın nə qədər uğurlu olması ilə düz mütənasib görünür. Mənim üçün başlanğıcda özümlə bağlı şübhələrimin və tərəddüdlərimin olduğu, həmçinin öz ədəbi imkanlarımı və sərhədlərimi şübhə altına aldığım, yenidən nəzərdən keçirdiyim bir dövr oldu. Bu, xüsusən də kitabı səbirsizliklə gözləyən insanların olduğundan xəbərdar olanda belə oldu: kitab satıcıları, mənim naşirim və əlbəttə ki, oxucu kütləsi kitabı gözləyirdi. Bu, həm gözəldir - axı siz işinizin gözlənilməsini istəyirsiniz - həm də qorxunc - işiniz səbirsizliklə gözlənilir!
Bu qorxuların bəzilərini yaşamış olsam da (həyat yoldaşım da təsdiq edə bilər), tədricən onları təbii qarşılamağı və gözümdə böyütməməyi öyrəndim. Yazmağa başladıqca, hekayə sürətləndikcə və özümü Məryəm və Leyla dünyasına qərq etdikcə bu qorxular öz-özünə yox oldu. İnkişaf edən hekayə məni ələ keçirdi və fon səs-küyünü tənzimləməyə və yaratdığım dünyada yaşamağa imkan verdi.
Ayrıca, hesab edirəm ki, "Min möhtəşəm günəş" ilk romanımdam müəyyən mənada daha iddialı kitabdır. Hekayə müxtəlif dövrlərdə baş verir, müəyyən illəri atlayaraq, təxminən qırx beş il ərzində baş verənləri əhatə edir. Xarakterlər daha geniş çərçivədə ələ alınır, ikili perspektiv var romanda, Əfqanıstandakı müharibələr və siyasi qarışıqlıqlar "Çərpələng uçuran" romanından daha təfərrüatlı şəkildə təsvir edilib.
- İki kitabda ümumi mövzular olduğunu düşünürsünüz?
- Hər iki romanda personajlar münaqişənin ortasındadır və xarici qüvvələr tərəfindən sıxışdırılır. Onların daxili dünyalarına tez-tez vəhşi və mərhəmətsiz xarici dünya təsir edir, onların öz həyatları ilə bağlı verdikləri qərarlara nəzarət edə bilmədikləri şeylər təsir edir: inqilablar, müharibələr, ekstremizm və zülm. Məncə, bu, "Min möhtəşəm günəş"ə daha çox aiddir. "Çərpələng uçuran" romanında Əmir uzun illər Əfqanıstandan uzaqda ABŞ-da mühacir kimi yaşayıb. Onun qaçdığı qorxuları və çətinlikləri Məryəm və Leyla birbaşa yaşayır; bu mənada onların həyatı Əfqanıstandakı hadisələrdən, Əmirin həyatına nisbətən daha kəskin şəkildə təsirlənir.
Hər iki romanda mövzu, həm də valideyn və övlad arasındakı münasibətləridir. Mən bunu əvvəlcədən nəzərdə tutmamışdım, amma ailələrin və uşaqların bir-birinə olan sevgiləri, xəyal qırıqlıqları və nəhayət, bir-birlərinə olan hörmətlərini itirmələri mənim də diqqətimi həddindən çox çəkdi. Bu baxımdan, bu iki roman haqqında belə nəticəyə gəlmək olar: "Çərpələn uçuran" ata-oğul hekayəsidir, "Min möhtəşəm günəş" isə ana-qız hekayəsi.
Nəhayət, düşünürəm ki, hər iki roman sevgi mövzusundadır. Xarakterlər mübarizə aparır və sevgi ilə insan münasibətləri sayəsində xilas olurlar. "Çərpələng uçuran" kitabında bu, daha çox kişilər arasındaydı. "Min möhtəşəm günəş"də sevgi müxtəlif formalarda özünü göstərir, istər kişi ilə qadın arasındakı romantik sevgi, istər valideyn sevgisi, istərsə də ailəyə, evə, ölkəyə, Allaha məhəbbət. Düşünürəm ki, hər iki romanda da sevgi əvvəl-axır xarakterləri tənhalıqlarından kənara çıxarır, onlara öz çərçivələrini aşma gücü verir, zəifliklərini üzə çıxarır.
- "Çərpələng uçuran" iki kişinin dostluğu haqqındadır və hekayə kişi baxış bucağından danışılıb. "Min möhtəşəm günəş"də siz iki qadın arasındakı münasibətə diqqət çəkmisiniz və hekayədə onların alternativ perspektivlərindən danışılır. Niyə bu dəfə qadın baxış bucağından yazmağa qərar verdiniz?
- Mən "Çərpələng uçuran" əsərini yazıb bitirəndən sonra bir müddət əfqan qadınlarının hekayəsini yazmaq haqqında düşündüm. Bu ilk roman kişilərin dominant olduğu hekayə idi. Əmirin arvadı Soraya istisna olmaqla, bütün qəhrəmanlar kişi idi. Əfqan cəmiyyətinin "Çərpələng uçuran"da toxunmadığım bir tərəfi var idi, hekayə ideyaları ilə münbit olduğunu hiss etdiyim bütöv bir mənzərə. Axı, son otuz ildə, xüsusən Sovetlər geri çəkildikdən və qruplaşmalar arası döyüşlər başlayandan sonra əfqan qadınlarının başına çox şey gəlib. Vətəndaş müharibəsinin başlaması ilə Əfqanıstanda qadınlar zorlama və məcburi evlilik kimi gender əsaslı insan hüquqları pozuntularına məruz qaldılar. Onlardan döyüş qəniməti kimi istifadə olunurdu. Onlar qaçırılaraq fahişəliyə cəlb olunurdu. Taliban gələndə qadınlara qeyri-insani məhdudiyyətlər qoyur, onların hərəkət, ifadə azadlığını məhdudlaşdırır, təhsil almasına, işə başlamasına qadağa qoyur, onları sıxışdırır, təhqir edir, döyürdülər.
Mən 2003-cü ilin yazında Kabilə getmişdim, orada dörd, beş, altı uşaqla küçələrin tinlərində oturub pul dilənən burkalı qadınlar gördüyümü xatırlayıram. Onların küçədə cüt-cüt gəzdiyi, cırıq paltarda uşaqlarının arxasınca getdiyini və həyatın onları bu nöqtəyə necə gətirdiyini düşündüyüm yadımdadır. Onların arzuları, ümidləri, gözləntiləri nə olub? Onlar heç aşiq olublar? Ərləri kim idi? Əfqanıstanda illərdir davam edən müharibələrdə kimləri, nələri itiriblər?
Mən Kabildə o qadınların çoxu ilə danışdım. Onların həyat hekayələri həqiqətən ürək ağrıdan idi. Məsələn, altı uşaq anası olan bir qadın mənə dedi ki, yol polisi olan əri ayda 40 dollar qazanır və altı aydır maaş almır. O, sağ qalmaq üçün dostlarından və qohumlarından borc götürmüşdü, lakin borclarını qaytara bilmədiyi üçün ona borc verməyi dayandırmışdılar. Buna görə də o, hər gün uşaqlarını Kabilin müxtəlif bölgələrinə küçələrin tinlərində dilənmək üçün göndərirdi. Başqa bir qadınla danışanda mənə dəhşətli bir fakt danışdı: dul qalmış qonşusu aclıq təhlükəsi ilə üzləşib, çörək qırıntılarına siçovul zəhəri qoyub uşaqlarına yedizdirib, sonra da özü yeyib. Atası ucbatından belindən aşağı iflic olmuş balaca qızla tanış oldum. O, anası ilə gün çıxandan gün batana qədər Kabil küçələrində dilənirdi.
"Min möhtəşəm günəş"i yazmağa başlayanda dönə-dönə o dözümlü qadınlar haqqında düşünürdüm. Kabildə görüşdüyüm heç bir qadın nə Leyla, nə də Məryəmin prototipi olmasa da, onların səsləri, üzləri və inanılmaz sağ qalma hekayələri həmişə mənimlə idi, bu roman üçün ilham qaynağım onların ümumi ruhu oldu.
- Bu romanda bir neçə güclü qadın obrazı var. Onları necə yaratdınız? Onlar öz ailəniz, dostlarınız arasında tanıdığınız qadınlara, oxuduğunuza, təsəvvürünüzə əsaslanır?
- Onlar ailə üzvlərimdən və ya tanıdığım insanlardan götürülməyib. Bu baxımdan, bu ikinci roman "Çərpələng uçuran"dan daha az avtobioqrafikdir. Əsərdə baş verən hadisələr mənim təxəyyülümdən və daha çox 2003-cü ildə Kabildə gördüyüm, görüşdüyüm qadınların taleyindən götürülüb.
- "Çərpələng uçuran" bir çox oxu qrupları və şəhərlər, icmalar tərəfindən ictimai oxu proqramlarının əsas tərkib hissəsi kimi əlavə edildi. Sizcə, niyə belə oldu? Sizcə, insanlar hekayələrinizdən nəyi götürürlər?
- "Çərpələng uçuran" çoxqatlıdır, ona görə də oxuculara müzakirə etmək üçün mədəni, dini, siyasi, tarixi və ədəbi məqamlar təqdim edir. Amma mən güman edirəm ki, onun kitab qrupları arasında populyar olmasının əsas səbəbi əsərin insan hekayəsi üzərində qurulmasıdır. Dostluq, xəyanət, günahkarlıq, atalar-oğullar arası narahatedici sevgi mövzuları dünyəvi olduğuna görə, təkcə əfqanlara məxsus olmadığına görə, kitab mədəni, dini, iqri və cinsi fərqlərini aşaraq müxtəlif keçmişlərə sahib oxucular arasında da rezonans doğurdu. Məncə, insanlar bu kitabdakı duyğulara reaksiya (cavab) verirlər. 11 Sentyabr hadisələrini və terrora qarşı mübarizəni nəzərə alsaq, əlbəttə ki, Əfqanıstana beynəlxalq maraq da var. Bir çox oxucu üçün bu kitab həqiqətən o mədəniyyətə açılan bir pəncərədir. Deməli, kitabda haqqında danışılan ölkəyə maraq da var.
- "Çərpələng uçuran" kitabının nəşrindən sonra həyat sizin üçün necə dəyişdi?
- Əvvəllər etdiyimdən daha çox səyahət edirəm. Ədəbiyyat və nəşriyyat sahəsində çoxlu yeni dostlarım var və uzun müddət yaradıcılığına heyran olduğum yazarlarla görüşmək və onlarla söhbət etmək şərəfinə nail olmuşam. Bundan əlavə, tibbdən uzaqlaşaraq, vaxtımın çoxunu çoxdan arzuladığım bir şey olan yazılarıma diqqət yetirməyə sərf etmişəm. İndi günlərim yeni hekayələr yaratmaqla, düşünməklə keçir. Əlavə olaraq, qaçqınlarla bağlı problemlərin araşdırılması üçün BMT ilə işləyirəm. "Çərpələng uçuran" kitabının nəşri həyatıma dərin təsir edib, həyatımı kökündən dəyişdi. Amma həyat yoldaşım, uşaqlarım, böyük ailəm və bütün köhnə dostlarımla bağlı heç nə dəyişməyib.
- ABŞ-a köçəndən uzun müddət sonra Əfqanıstana səfər etmisiniz. Geri qayıtmaq necə hiss idi? Yenidən oraya qayıtmaq istərdiniz? İndi qayıtmağınız mümkündür?
- Kitabda Əmirin bələdçisinə "Öz ölkəmdə özümü turist kimi hiss edirəm" dediyi bir yer var, Kabilə qayıdanda mən də bu hissi keçirdim. Axı mən dörddə bir əsrdən çox idi ki, orada olmamışdım. Mən orada nə Sovetlərə qarşı müharibədə iştirak etmişəm, nə mücahidlərin, nə də Talibanın hücumlarında ölkəmi qorumaq naminə döyüşmüşəm. Mən minaya düşüb heç bir əzamı itirməmişəm, qaçqın düşərgəsində yaşamaq məcburiyyətində qalmamışam. Mənim qayıtmağımda, əlbəttə ki, sağ qalanın günahı elementi var idi. Bir tərəfdən hamı mənim dilimdə danışırdı, mədəniyyətimi paylaşırdı deyə, özümü oraya aid hiss edirdim, digər tərəfdən, özümü autsayder, çox şanslı autsayder kimi hiss edirdim, bütün hallarda autsayder idim.
Şəhərin çox hissəsinin baxımsız qaldığını, dağıdıldığını gördüm. Dul qadınların, yetimlərin, minaya düşərək, bombalanma səbəbindən əzalarını itirmiş insanların sayı şok edəcək qədər çox idi. Silah bolluğu da var idi və mən Kabildə 1970-ci illərdə heç xatırlamadığım silah mədəniyyətinin olduğunu müəyyən etdim. Amma mənim ən çox təəccübləndiyim o idi ki, gördükləri ağlasığmaz vəhşiliklərə, çəkdikləri dəhşətli əziyyətlərə, məşəqqətlərə baxmayaraq, əfqanlar öz təvazökarlıqlarını, lütfkarlıqlarını, qonaqpərvərliklərini, ümidlərini itirməmişdilər. Mən onların dözümlülüyünə görə oralardan heyranlıqla ayrıldım. Əlbəttə ki, yenidən oraya qayıtmağa ümid edirəm, lakin hazırda bu haqda konkret planlarım yoxdur.
2007
Hazırladı: Nilufər HACILI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!