Niyazi MEHDİ: "Qızların kitab oxuyan oğlanlardan xoşu gəlsəydi, oğlanlar əllərində kitabla gəzərdi" - "Fikir bucağı" - Müsahibə

"Fikir bucağı" layihəsinin qonağı tərcüməçi, filosof Niyazi Mehdidir.

 

- Niyazi müəllim, dünyanın ictimai-siyasi durumunun bu qədər ağır olduğu bir vaxtda elmin, təhsilin, ədəbiyyatın, fəlsəfənin qarşısında hansı vəzifələr durur?

- Bizdə "baş çıxarmaq" sözü var. Yəni aləm bir-birinə dəyib qarışanda, başın bu qarışığın dalğalarında yırğalanıb ora-bura atılanda onu bu qarmaqarışıqdan yuxarı çıxara bilirsənsə, nəyin necə olması ilə bağlı yuxarıdan baxıb baxış aydınlığını qazanırsan. Bu anlamda təhsilin, ədəbiyyatın, fəlsəfənin vəzifəsi günümüzün qarmaqarışığından baş çıxarmaqdan ötrü bizə oriyentirlər verməkdir. Sanki bizim çoxumuzun, yəni mən düşüncə, əxlaq adamlarını deyirəm, baş çıxarmaq üçün oriyentirləri var. Bu orientirlərə örnək: demokratiya, Avropa dəyərləri, ikisi də bayrağımızdakı qırmızı zolaqda - çağdaşlaşmaqda var. Ancaq hər ikisinin içinə girib anlamaq istəyəndə yenə aləm qarışır bir-birinə.

Bunu qısaca açım. Nə demokratiyanın, nə əxlaq normalarının, nə Avropa dəyərlərinin üstünlüyünü 2+2=4 kimi sübut etmək olmur. Camaatı çalıb-çapan demokratiya düşməninə və onun süfrəsindən yeyən "nökərlərinə" necə sübut edəsən ki, düz etmirsən? Cavabında minlərlə ailəsini zorla dolandıran və bu minlərdən yüzlərlə növbədə durub nökərlərə qoşulmaq istəyənləri göstərib deyəcək, neyniyim, bunlardan olum?! Onun Allaha inamı da elə deyil ki, cəhənnəmə düşməkdən başına dirənmiş tapançadan qorxan kimi qorxsun, çünki cənnət və cəhənnəm məsələsinin doğrudan da olmasına etibarı yoxdur. Bu üzdəndir ki, "pis adam olsan, cəhənnəmlik olarsan" sözü onu düzəltməz.

- Deməli, söylədiyiniz oriyentirlər də "baş çıxarmağa" dəstək olmur?

- Yox, bu qarışıq məsələdə baş çıxarmaq üçün ən yaxşı düşüncə alqoritmini əski yunan filosofu Parmenid verir. Alqoritmin adı belədir: "tərsini göstər ki, pisliyi üzə çıxsın". Buna "tərsinə yolla gedib sübut etmək" də deyirlər. Yəni tərsinə olsa, hansı fəlakətlərin baş verdiyini göstərib adamları ayıldırsan. Mirzə Cəlildə, Sabirdə tərsini göstərib sübut etmək epizodları çoxdur.

O da var ki, tərsinə gedəndə mübahisə yenə bitməyə bilər. Örnəyin, adama deyirsən ki, yaxşı, tutalım, Azərbaycan Avropa dəyərlərini yaxın buraxmır. Onda idmanımızda qızlar olmayacaq. Adam qayıdır ki, qızın idmanda nə işi var, getsin ərə, bozbaşını bişirsin. Deyirsən, axı, bütün qızlar gözəl-göyçək olmurlar ki, asan ərə getsinlər. Bir də qızlar var ki, boyu uzun Burla Xatun kimidir, boyları, tutalım, 175-dən yuxarıdır, yaraşıqlı da deyillər. Onlar bir küncə qısılıb dərd çəkmək əvəzinə, tutalım, gələcəyin yaxşı voleybolçusu, basketbolçusu olmaq üçün çalışanda həyatları məna qazanır və sonra görürsən, ad çıxaranda öz taylarına ərə də gedə bilirlər.

Cavabında bizim opponent deyəcək ki, niyə sayca az olan o qızlara görə Azərbaycan dədə-baba ailə dəyərlərindən vaz keçməlidir?! Beləcə, söhbət acı bağırsaq kimi uzana bilər. Beş nəfər bir tərəflə razılaşanda 10 nəfər o biri tərəflə razılaşar. Ancaq yenə də "gör, sən deyən olsa, dünya necə pis olar" yolu ilə getsən, daha tutarlı sübutlar qazana bilərsən. Sənətin bir vəzifəsi budur: millətin sevdiyi qaydanın, yolun hansı fəlakətlərə gətirdiyini göstərib adamları sarsıtmaq. Məsələn, bizdə "bir mənlə nə olacaq" deyimi çox güclüdür, hamımızın mənəviyyatını, əxlaqını turşu kimi yeyib dağıdır. Ədəbiyyat bunun ucunu tutub hansı fəlakətə gətirib çıxardığını göstərə bilər. Deyəsən, alman ruhani intellektualı Bultman düşdüyü konslagerlə ilgili demişdi: qabaqca nasistlər həmkarlar fəalını apardılar, mən dinmədim. Sonra kommunisti apardılar, yenə dinmədim. Axırda məni aparmağa gələndə dinəsi adam qalmamışdı. Ədəbiyyat və teatr bu tərsinə olanın gətirdiyi fəlakəti göstərərək çox təsirli süjetlər qurub.   

Bu gün Rusiyada on nəfər rus qoşunlarının Ukraynaya girməsini düz sayanda iki-üç nəfər düz saymır. Bir-iki aydan sonra Rusiya sanksiyalar sonucunda kapitalizmin, modernizmin parıltısını itirib sönük bir dünyaya, - görməmiş adamlar aləminə çevriləndə həmin 10 nəfərdən xeylisi peşman olacaq. Bunu bir-iki ayın gəlməsini gözləmədən indidən yaxşı bir şeir, yaxşı bir hekayə, yaxşı bir publisist yazı göstərə bilər. Ermənilərdə separatizmin nələrə gətirib çıxaracağını göstərən güclü yazılar, əsərlər olsaydı, bu günü aydın görərdilər. Onlar isə bütün bacarıqlarını soyqırım mənzərələrini düzüb-qoşmağa, türklərə nifrəti alovlandırmağa sərf etdilər və gəlib indi gəldiklərinə çıxdılar.

Bir anlaşmazlığı da deyim. Bütün erməni ədəbiyyatı "türk" sözünün pis konnotasiyasına, yəni əlavə mənalarına işləyib. Onlar bizə "türk" deyəndə ləzzət alırıq, heç ağlımıza da gəlmir ki, bizə "türk" deyəndə ürəklərində bu, söyüş kimi səslənir. Necə ki, oğlan anlamını verən "dığa"nın bizdə söyüş konnotasiyası var. 85-ci ildə Akademiyanın filosoflar dəstəsində mən Yerevana konfransa getmişdim. Sonda Fəlsəfə İnstitutunun direktoru bizi və gürcüləri evinə qonaq apardı. Direktorun qızının normal yaraşığı vardı, ancaq gözlərinin parıltısı anormal gözəllikdə idi. Bax, bu gözlər tez-tez mənə zillənirdi və ürəyim gedirdi ki, deyəsən, məndən xoşu gəlir. İndi fikirləşirəm ki, mənə "bu alçaq türklər beləymiş?!" sualı ilə baxırmış.

- Bəs Rusiyanın Ukraynaya girməsinin Azərbaycan üçün yaratdığı yeni vəziyyətlə bağlı nə deyə bilərsiniz?

- Bizdən kimlərsə düşünə bilər ki, Rusiyanın sanksiyalarda boğulması bizim üçün yaxşı olacaq. İrandan bizə yeyib-içməyə gələnlər kimi Dağıstandan da bizə Moskva, Piter turistləri brend tavarlar (türkün sözüdür) almaq üçün axışacaqlar. Yadınıza salın, Sovetlərdə Fransaya, İtaliyaya, yəni Batı Avropa ölkələrinə gedə bilən görməmiş Sovet turistlərini.

Ancaq geniş baxmağı bacarsaq, görərik ki, sonda bu da pisdir, çünki qonşumuzda ağır dolanışıqdan aqressivləşmiş toplum olacaq. Bəlkə də gəldiyim bu fikir yanlışdır, Rusiyadakı azərbaycanlıların xeylisi Bakıdan mal aparıb qara bazarda qazanacaqlar və s. Ancaq iqtisadçılar bütün variantları tapıb araşdırmalıdırlar. Mən isə "vəziyyəti yaxşı olan qonşu" variantını götürüm. Baxın görün, Avropada necə tez Polşa, Baltik ölkələri, Macarıstan, Bolqarıstan demokratik rejimə keçmək üçün hazır oldular. Ukrayna, rus qoysa, o da hazır olacaq. Bizim bəxtimizdən, onlar kimi hazır olmağa, Türkiyədən başqa qonşumuz yoxdur. Bəlkə dəyişib Sinqapur, Malayziya, İndoneziya kimi hibrit demokratiya yoluna keçsək, yaxşı olar? Bilmirəm. Bax, bütün bu dediklərim, yəni gəlişmək üçün "Sinqapur, İndoneziya, Malayziya yolu ilə gedək, yoxsa Avropa yolunu tutaq?" məsələsi saf-çürük edilməlidir. Bizdə elm, egitim (təhsil) bunları araşdırmalıdır. Ancaq hələ də dissertasiyalar ət tökürlər. Ona görə ət tökürlər ki, dəbdə olan "qlobalizasiya", "gender", "multikulturalizm" konularını götürsələr də bir dənə olsun parlaq ideya irəli sürmürlər. Hər halda iştirak etdiyim son 20 ilin fəlsəfə, kulturologiya ilə bağlı müdafiələri bunu deməyə əsas verir.

Bizdə hakimiyyət məsələsində geniş düşüncə azadlığı olmasa da, Allaha şükür, mədəniyyət, mənəviyyat, iqtisadi-sosial, siyasi problemlər alanlarında xeyli düşüncə özgürlüyü, sərbəstliyi var. Bu sahələrdə publisistlər, ekspertlər, ən əsası telekanallar yaxşı işləyib gəncləri bilgiləndirməyi bacarsalar, sonda insan haqlarının, tolerantlığın, qanunun aliliyinin növbəsi gələr. Bu "növbə" sözünü hərfi başa düşməyin. Ola bilər ki, əvvəl gələnlərin içində sonra gələsi olanlar kök atmış olsun. "Əvvəl toyuq olub, yoxsa yumurta?" sorusunun cavabındakı dolaşığı bilirsiniz. Belə dolaşıq "demokratiya yolunda hansı birinci gəlməlidir, ədalətli seçki, ədalətli məhkəmə, yoxsa insan haqları" sualında da var. Kimsə bu sualdakı ardıcıllığı düz saymayıb deyə bilər ki, hamısı bir-birilə bağlantıda gəlməlidir. Ancaq necə? Cavabı elm araşdırmalıdır. Hərçənd o da var ki, sual, təəccüblənməyin, ədəbiyyat və kinoya əla konular verir. Gənc yazarlar isə, deyəsən, belə mövzuları bədiiliyə yad sayırlar, çünki düşünürlər ki, onlar yetərincə çoxçalarlı psixoloji hallar, dramatik və ya romantik konfliktlər vermir.

- Niyazi müəllim, bu dediyiniz qarmaqarışıqlıqda özünüz necə baş çıxarırsınız?

- Bu 71 yaşımda görürəm ki, müdrikləşmək əvəzinə hər sahədə getdikcə çaş qalmış qocaya çevrilirəm. Ona görə də son zamanlar ağsaqqallığın bilgəliklə bərabərləşdirilməsinə məndə yaman quşqu yaranıb. Əvvəllər bəndənizə aydın idi: Azərbaycanın gücü, uğuru demokratikləşməkdədir. Ancaq indi görürəm ki, Cəbhə, Elçibəy dönəminin demokratiyası ilə biz İkinci Qarabağ savaşını uda bilməzdik, - o çağı sevsəm də, bunu kədərlə boynuma almalı oluram. Ən azı ona görə uda bilməzdik ki, o zamankı azadlıq mühitində siyası meydanda olan əsas aktyorların sorumsuz davranışları, sözləri, böyük pulların yiyələrini "qudurdub" Dövləti saymamaları qarmaqarışıqlıq yaradardı... Bəlkə də bu dediklərim mübahisəlidir. Ancaq baxın Birləşmiş Ştatlara, Avropa Birliyinə. Rəhman Bədəlov demişkən, demokratiya prosedurlara əməl etməkdir. Əməl etməksə qərarı gecikdirir. Bir də bu yaxınlarda bir ağıllı adamın sözü olmasın, demokratiya müharibə etməyi sevmir. Bax, çaşqınlığım belə şeylərə görədir. Düzdür, indi də düşünürəm ki, bizim toplum, bizim insan demokratikləşmə yolunda olmalıdır. İqtidarda və müxalifətdə demokratikləşmənin yol xəritəsi olmalıdır. Ancaq necə? Nəyi Türkiyədən, Çindən, Sinqapurdan, İndoneziyadan, hətta Gürcüstandan götürmək olar, nəyi sosial mühəndislik prinsipində özümüz tapa bilərik? Mən qarışıq, çoxumuzun gözündə dəhşətli dərəcədə böyük nüfuz qazanmış Prezident İlham Əliyev üzümüzə gələn 10 ildə necə, hansı siyasi rolda və ya vəzifədə demokratik və iqtisadi islahatların qarantı ola bilər? Belə qaranta böyük gərəyimiz var və ondan başqa heç kim bunu bacaracaq görünmür. Di gəl, cavabı mən bilmirəm.

- Tarix üçün müharibə və sülh anlayışları bu gün hansı reallıqları ortaya qoyur?

- Qabaqlar sanki aydın idi, bütün savaşları pisləyən pasifizmin dişsizliyi və doğurduğu anlaşmazlıq üzündən "ədalətli müharibə" anlayışı irəli sürülmüşdü. Pasifizm niyə dişsiz idi? Çünki hamının pasifist olmağa gücü çatmır, ən azı ona görə ki, İisus Xristos nə qədər anlatsa da, heç xristianlarn özləri haqlı intiqam almaqdan özlərini saxlaya bilməmişlər. Dünya ədəbiyyatı və teatrı, kinosu vendetdanın, "gözə göz" intiqamının gətirdiyi faciələri və ya komizmi nə qədər göstərsə də yenə öc almaq duyğusunu yox etməyib. İkinci Qarabağ savaşında "no war", yəni savaşa yox deyənlərə baxın, onlar daha çox qabaqlar hippi ideologiyasından xəbərsiz nazir balalarının dəb kimi hippilik etməsini andırırdılar.

Mən pasifist deyiləm, ancaq aşırı fədakarlığı ilə tanınış pasifistlərə heyranam. Elə pasifistlərə ki, Qandini, caynizmi, xristanlığı yaxşı bilirlər. Elə dərindən bilirlər ki, yağı düşmənin qılıncı qarşısında ölümün dik gözünə baxmağa mərdlikləri çatır. Davanı durdurmaq üçün savaşda olan tərəflərin hərəsində çoxmu belə pasifistləri tapmaq olar ki, barışıq gətirməyə gücləri çatsın?! Adətən, tapmaq olmur.

Deməliyəm ki, "ədalətli savaş" məsələsi də dolaşıqdır. Dünyada çoxları birinci çeçen savaşına qaxmış Dudayevçiləri ədalətli müharibə aparan sayırdılar. Di gəl, rus millətçiləri və hakimiyyəti öz savaşlarına ədalətli deyirdilər. Eləmi asandır ermənilərə sübut etmək ki, Qarabağda azərbaycanlılar ədalətli müharibə aparıblar?! Bu məsələ ədəbiyyat üçün çox dəyərli konu verir, ancaq mənim huşuma gəlmir elə bir Azərbaycan nəsri və ya şeiri ki, bu məsələnin dolaşıqlarını göz yaşları doğuran və ya qəh-qəhə çəkdirən əsərdə göstərsin. Bəlkə Vaqif Mustafayevin "Hər şey yaxşılığa doğru" filmi istisnadır.

Demokratiyanın bir böyük yetənəyi savaş və barış məsələsində konfliktlərin dinc yolla çözümüdür. Baxın BMT-yə və başqa uluslararası qurumlara, - çoxu münaqişələri dinc yolla çözmək aracıdır. Bir vaxtlar ideya atmışdım ki, konfliktlər virtuallaşdırılmalıdır. Necə virtuallaşdırmağı heç özüm də bilmirdim, sadəcə, ideyanın maraqlı və qəşəng səslənməsi onu söyləməyə məni itələmişdi. Virtuallaşdırmaq nədir? Cavabı dərindən bilmirəm. Olsa-olsa bunları söyləyə bilərəm: mədəniyyətlər gəlişdikcə, yüksəldikcə əzmək, döymək, tutub saxlamaq, boğmaq kimi "olmaz!" deyən eyləmləri yüngül, rəmzi, amma təsirli vasitələrlə əvəz edirlər. Küçədə təmir gedən yerin ağzında ağır dəmirdən əngəllər qoymaq yerinə zolaqlı lent çəkmək virtuallığa örnəkdir. Azərbaycanda 30-40 il qabaq "olmaz!"ı göstərmək üçün xəndəklər qazır, hasarlar tikirdilər. İndi isə xeyli hallarda lent çəkmək bəs edir. Ona görə də harasa qoymayan hasarların, dəmir qurğuların yerini tutan lentlərin, "olmaz" yazılmış lövhələrin sayı artıb və bu, Azərbaycanın uyqarlaşmasının bir göstəricisidir.   

- Azərbaycan ədəbiyyatı mövzu baxımından müasir dövrün tələbləri ilə ayaqlaşa bilirmi?

- Bayaqdan dediklərim göstərir ki, mövzu məsələsində bizim humanitar elmlərdə, ədəbiyyatda əməllicə qıtlıq var. Hərçənd dədə-baba mövzularına həsr olunmuş əsərlərə baxanda görərik ki, onların da arasında cılızları az deyil. Məsələn, bizim ədəbiyyatda sevgi və ya flört (rusca "flirt") söhbətləri primitiv səviyyədədir. Anarın Təhminə və Zauru, heyif ki, vəziyyəti dəyişdirmədi. Sözümü kəskinləşdirmək üçün bəlkə belə deyim?! Sovet dönəmindən sonra ədəbiyyatımızda bir-birini sevənlər hələ də... çuşqadırlar?! "Çoşqa" türkün sözü olduğu üçün işlədirəm. Flört, əslində mazax deməkdir. Ancaq baxın, "mazaxlaşırlar" deyəndə nəsə çuşqa, kobud, arsız oynaşma alınır, flört deyəndə isə abırlı, incə bir görüntü gözümüzə gəlir. Azərbaycan ədəbiyyatının çox uğurları var, İsa Hüseynovdan, Anardan, Elçindən, Əkrəm Əylislidən tutmuş, Mövlud Sülemanlıya, Kamal Abdullayacan - sıralama şərtidir, - hamısı gözəl incilər yaratmışlar. Ancaq, Allah eləsin yanılım, məncə, heç kim ədəbiyyatımızda mazaxlaşmanı flörtə çevirə bilməyib. Yəni elə etməyib ki, biz "mazax" sözünü eşidəndə ağlımıza "flört"ün incəliyi gəlsin.

- İstedad, hmət, inam. Bu üç anlayışın ur qazanmaq üçün oynadığı rol haqqında düşürsüz?

- Bu yaşımda yenə düşünürəm ki, istedad Allah vergisidir (ateist deyəcək, genetik vergidir). Ancaq çox nadir hallarda zəhmət çəkməyən istedadlı adam "arabasını" bir təkər üstündə sürə bilir. İnam çox adamda sübutların uzunçuluğundan qurtulmaq vasitəsi kimi yaxşıdır. Ancaq, tutalım, sufi inamı dəhşətli, heyrətamız bir şeydir. Di gəl, dini fanatizmə gətirən inam da dəhşətdir, ancaq yaramazlığın, kütbeyinliyin dəhşətidir.

- Niyazi müəllim, siz dii dil, lsəfə, əbiyyat incət problemləri ilə ardıl məşğul olursunuz. vri tbuatda ntəm çıxış edirsiniz. İngilis dilindən elmi rcür edirsiniz. Bu n Azərbaycan rcüsahəsində hansı problemləri qeyd edə bilərsiniz?

- Mən uslu dil, yəni ağıllı dil ideyasına gələndə gördüm ki, sözlərimiz nə qədər çox ilginc, tapıntılı yazılarda işlənirsə, o qədər də təpər qazanır. Bunda tərcümələrin üstünə böyük iş düşür. Onlar dünyanın ağıllı yazılarını dilimizə çevirəndə bu yazılarda sözlərimizi dövriyyəyə buraxaraq uslu edirlər. Ancaq yazıqlar olsun ki, çeviricilərimiz yersiz dərəcədə ərəb-fars sözlərinin vurğunudurlar. Onlar "ancaq" yerinə "lakin" və ya "amma" işlədirlər, "müvafiq" sözünü "uyğun", "məqsəd" sözünü "amac" kəlməsindən daha çox sevirlər. Mən demirəm bizdə dil purizmi Türkiyədəki kimi radikal olsun. Ancaq yavaş-yavaş öztürkcə sözlərinin işlənmə tezliyi artırılmalıdır. Halbuki çevirənlər bu məsələdə vecsizlik edib ərəb-fars sözlərinin tekstdə basırığını yaradırlar.

- Niyə Heydər seynovdan sonra Azərbaycan lsətarixində filosof yetişdi?

- Mən Heydər Hüseynovun yaradıcılığını bilmirəm. Bircə onu bilirəm ki, fəlsəfənin Bakıda öyrənilməsində böyük rolu olub və Rusiyanın Qafqazı götürməsinə qarşı vuruşmuş Şeyx Şamili, müridizmi araşdırıb. Ancaq etdikləri və ölümü bəs edib ki, azərbaycanlı ziyalıların yaddaşında adı mistik auraya bürünsün. Bu mistik auranın etgisindəndir ki, indiyənəcən də belə bir inam qalıb ki, ondan başqa bizdə filosof yetişməyib. Əslində, o qədər dəyərli filosoflarımız yetişib ki... Həsən Quliyev, Gündüz Sariyev, Rəhman Bədəlov, Əli Abbasov, Rahid Ulusel və başqa bilikli və istedadlı alimlərimiz. Sovet dönəmində Zahid Orucov vardı, Moskvada yaşayırdı və marksist-leninçi filosoflar arasında ad çıxarmışdı. Bəlkə siz A.F.Losev səviyyəsində olan filosofun yetişmədiyini deyirsiniz? Bəli, beləsi bizdə olmayıb. Gürcülərdə bircə Mamardaşvili olub, o da rusca yazıb. Beləsi başqa respublikalarda da olmayıb. Bəlkə siz Kant, Hegel kimi filosofların yetişdirmədiyimizi deyirsiniz? Beləsi heç Rusiyada da yetişməyib.

- Hansı əbi ərləri oxuduqdan sonra düşüncəriniz yişib?

- İndi mənim başımı və psixologiyamı yerli-dibli dəyişmiş əsərləri ağlıma gətirmək çətindir. Ancaq yox, biri yadıma düşdü. Hemenqueyin teleqraf üslubundan, yəni bər-bəzəksiz, metaforasız söyləmindən etgilənmişdim. Mənim ərəb-fars sözlərinin bəzəyindən qurtulmağımda, bəlkə də, Hemenqueyin təsiri rol oynamışdı. İndi olsa-olsa məndə yeni ideyalar, düşüncələr doğurmuş əsərləri yada sala bilərəm. Uzun sürə şeirə soyuq idim, Vaqif Səmədoğludan və Ramiz Rövşəndən sonra bir az dəyişdim. Mənim Ortaçağ müsəlman mədəniyyəti üzrə doktorluq işimdə konsentrik model, batinilik və sinonimləşdirmə, omonimləşdirmə mexanizmi haqqında fəsillər var. Onlar hamısı fəlsəfə tarixi üçün yeni idi və Nizaminin, Füzulinin, Nəsiminin əsərlərində yozduqlarımdan doğmuşdu. Təsəvvüf rəvayətləri, Bektaşi fıkraları, davranışları da mənim düşüncəmdə kiçik zəlzələlər yaratmışdı.

Çağımıza gəlsəm, örnək üçün deyə bilərəm ki, son 10-15 ildə Kamal Abdullanın "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi" və xeyli hekayəsi məndə yeni ideyalar, düşüncələr oyadıb. İnanmıram ki, bu, dostbazlıqdan gəlsin, ancaq Kamalın əsərlərinə yazdığım yazıları götürün, hamısında fəlsəfəyə, estetikaya, mədəniyyətə dəxli olan yeni, yəni yalnız mənə məxsus düşüncələrə rast gələ bilərsiniz. Örnəyin, alman filosofu Laybinitsin monadalogiya fəlsəfəsi var. İdeyası budur ki, varlıq monadalardan düzlənib. Ancaq heç bir monadadan o birilərinə "pəncərə" yoxdur, hər monada içindəkilər çözüləndə dişarı dünyadan xəbər tutur. Kamalı oxuyanda anladım ki, biz hamımız monadayıq, dişarı dünya bizə dolayısı, yəni duyğu orqanlarımızdan axan siqnallardan dolanıb gələrək açılır. Bu üzdən insan dolayılığa məhkumdur, bircə Tanrıdan başqa. Yalnız Tanrıdır, hər nəsnəni birbaşa bilən. Sonra bu düşüncə mənə Danilevskinin, Şpenqlerin mədəniyyətlərin qapalılığı ideyasını anlatdı. Beləcə, mən heç kimin ağlına gəlməyən bir ilişgini gördüm: Laybinitsin monadaları ilə Danilevskinin, Şpenqlerin qapalı mədəniyyət nəzəriyyələri arasında yaxınlığı gördüm. Öncələr anlamırdım, mədəniyyətlər arasında bu qədər intensiv kommunikasiyalar olduğu halda necə söyləmək olar ki, onlar bir-birinə qapalıdırlar? Sonra anladım: mədəniyyətlər bir-birinə birbaşa açılmırlar, bir-birindən nəyi bilirlərsə, dolayı bilirlər. Bu anlamda onlar bir-birinə qapalıdırlar.

Tanınmış strukturalist Yuliya Kristeva demişdi ki, tekst, əslində, intertekstdir. Yəni tekstin mənaları içinin dərinliyində deyil - sufilər buna "batinində deyil" deyərdilər, - o biri tekstlərlə səs-səsə verməsində, baxışmasında və ya kontekstindədir. Bundan itələnib Kamal Abdullann "Yarımçıq əlyazma"sını düşünəndə birincisi aydın etdim ki, Kristevanın o diskursu Mixail Baxtinin XX yüzil düşüncəsini silkələmiş "polifonik roman" ideyasından doğmuşdu. Baxtin nə deyirdi? Deyirdi, elə romanlar var ki, onların söyləmində müəllifin səsi başqalarının səsi ilə hörgülənir, monoloqlarda isə, adətən, başqasının sözü, etirazı olur. "Yarımçıq əlyazma"nı intertekst kimi götürmək üçün mən ona Konfutsinin "Oğul sayqısı" və Nitsşenin "Biz Tanrını öldürmüşük" deyimlərindən baxdım və gəldiyim düşüncələr bunlar oldu: XX yüzildə bütün modernist sənət və düşüncə Nitsşenin "Biz Tanrını öldürmüşük" dedisindən doğub, çünki onlar hamısı tanrısallıq aurasında olan dəyərləri, sənət kurallarını öldürməklə öz necəliklərini yapıblar. "Yarımçıq əlyazma" Şah İsmayılla və Dədə Qorqud ərənləri ilə bağlı bizdəki sayqını ironik və lağlağı cizgilərlə dağıtmaqla modernizmlə (və bəlkə də post-modernizmlə) səs-səsə verir. Uzunçuluq olmasın, elə oradaca bu düşüncəyə gəldim ki, Konfutsinin "oğul sayqısı", əslində, sırf ailə kuralı deyil, toplumsal düzənə yönəlmiş qayda-qanundur. Mədəniyyətdə gələnəklər, törənlər və başqa qaydalar onlara "oğul sayqısı" olanda gücünü saxlayır və artırır. Bundan çıxardığım sonuc: Azərbaycanın çağdaşlaşmaq ideoloqları əski dəyərlərə sayqını itirməliydilər ki, islahat düşüncəsinə yiyələnsinlər. Mirzə Cəlildə, Sabirdə gələnəklərə, törənlərə amansız gülüş həmin sayqının itməsindən gəlirdi.

- Ədəbi tənqid haqqında düşüncələriniz...

- Mənə pisləyən, çatışmazlıqları üzə çıxaran tənqid ilginc deyil. İndi deyəcəyim düşüncə 80-ci illərdə Vaqif İbrahimoğlnun kabinetindəki söhbətlərdə ağlıma gəlmişdi və o vaxtdan onu tutub gedirəm. İdeya belə idi: əgər əsər sənə ləzzət verirsə, nəsə çatışmazlıq kimi görünsə, boş burax, çünki ola bilməz ki, belə ləzzət verən əsəri yaratmağa gücü çatan yazar primitiv yanlışlığa yol versin. Bu üzdən güman et ki, sənə çatışmazlıq kimi görünən ondan gəlir ki, əsərin kodunu yaxşı bilmirsən. Ona görə mənim ədəbi tənqid janrında olan yazılarımda nöqsan axtarışı görməzsən. Yazılarıda mən bəyəndiyim əsərin tekstual şəbəkəsindəki döyüntülərdən yeni düşüncələrə çıxmışam, yəni bədii əsəri elmi əsərə proyeksiya etmişəm.

- Sovet dövründə yazıçının, şairin dolanışığı əsasən kitablardan çıxırdı. İndi elə deyil. Kitab satışını və kitab oxuma göstəricilərini necə yüksəltmək olar?

- 10-15 il əvvəl bir məqalə yazmışdım, ideyası bu idi ki, alim və yazarlar yaxşı əsərlərinə görə yaxşı qazananda bu, onların yaradıcılığına böyük stimul olur, yaradıcılığın ləzzətinə əlavə ləzzətlər artırır. Yaradıcı adam, axı, çox hallarda kompleksi olan adamdır, tez-tez özünə inamsızlıq onu üzür. Bu durumda pul onun dadına çata bilər, çata bilməsə də ailəsinə çatar.

Bütünlükdə Azərbaycanda pula yanaşma, pul psixologiyası (mənim terminimdir) dəyişməlidir. Biz kasıblıq fəlsəfəsindən ("pul əl çirkidir" deməkdən) hələ də qurtulmamışıq. Adamlarımız yaradcılıqlarına görə pul söhbətini aparmaqdan utanırlar. Məncə, Batıda işinin əvəzində sənə pulun konvertdə verilməsi onun üçün deyil ki, birdən əlini açıb pul alan dilənçiyə oxşadarsan özünü. Konvertə qoyurlar ki, başqaları görməsin pul nə qədərdir.

Baxın Batının tanınmış yazarlarına, - bunu Şahbaz Xuduoğludan bilirəm, - görün onlar qonorar məsələsinə necə ciddi baxırlar. Elə ciddi baxırlar ki, Azərbaycan kimi ölkələrdə çıxmış kitablarının verdiyi qəpik-quruşu da həvəslə gözləyirlər. Biz isə məqaləmizə görə pul, qonorar gözləyəndə utana-utana soruşuruq, qonorar olacaq?

Bizim kitablar Güney Azərbaycanda satılsaydı, tirajı çox olardı və naşirə, yazara babat pul gətirərdi. Quzeydə kitab alıcıları çox olsaydı, onlar bundan da qazanardılar. Son 5-6 ildə Şahbaz Xuduoğludan başlayan təşəbbüslə kitablar əvvəllərə baxanda çox satılır, ancaq yenə də oxucu mədəniyyəti ürəkaçan deyil. Çıxış yolu nədədir, bilmirəm. Bir dəfə zarafatla demişdim ki, qızların kitab oxuyan oğlanlardan xoşu gəlsəydi, oğlanlar əllərində kitabla gəzərdi. Heyhat, Azərbaycan qızları da kitab oxumurlar. Radio kanallarını maşın sürənlər bankrot olmağa qoymurlar, çünki onlardır radioya qulaq asanlar. Bəlkə kitab oxusunu artıran fəndlər də var ki, xəbərimiz yoxdur? Hər halda yüksək kitab satışına çatmaq Dövlət problemidir, millətin qorunması, yəni milli təhlükəsizlik məsələsidir, ona görə də TV kanallarında bu məsələ üzrə axtarışlar, reklamlar, diskussiyalar olmalıdır. Televiziya və Radio ilə bağlı qanunvericilikdə onlardan oxu mədəniyyətini yüksəldən, alıcılıq qabiliyyətini artıran proqramların hazırlanması tələbi olmalıdır.

- Azərbaycan ədəbiyyatından dünya ədəbiyyatına çıxa biləcək əsərlər və müəlliflər...

- Güman ki, siz Markes, Umberto Eko kimi super ulduzların əsərlərini deyirsiniz. Belə əsərlər yoxdur. Ancaq onu da deyim ki, belə əsərlər təkcə konu və forma uğurlarına görə yox, min cür başqa amillərə görə dünya çapında bestseller, yəni yaxşı satılan olublar. Axı, dedim, tekst əslində intertekstdir. Örnəyin Pasternakın "Doktor Jivaqo" romanı çağımızın ən yaxşı romanlarından biridir, ancaq o yaxşı romanların heç birinə görə Nobel ödülü verilməyib. Eləcə də Şoloxovun "Sakit Don"u. Bu intertekst məsələsi təsviri sənətdə daha qabarıq görünür. Maleviçin "Qara kvadrat"ının dəyəri 1 milyon dollardan başlayır. Bu qiymətə təəccüblənəndə birdən ağlıma gəldi ki, intertekst müstəvisindən baxsaq, bu milyona "Qara kvadrat"ın neçə on illər saxlanmasının xərci, sığorta pulu, ona həsr olunmuş parlaq analizlərin verdiyi dəyərlər və onun gələcəkdə gətirəcəyi pulların nə qədərisə aiddir.

İndi ədəbiyyata qayıtsaq, demək olar ki, romanı dünya çapında çox dəbdə olan yazar, məsəl üçün CNN-də və ya başqa sayılan Mediada tərifləsə, məzmunca romanın dəyəri ən yüksək dərəcəyə çatmasa belə, bu da onu başqalarnıdan qabağa çıxaracaq. Yazarın başına qalmaqallı iş gəlsə, bu da əsərlə ilgili güclü reklam effekti verəcək. Əslində, mənim bu cavabım eskiz xarakterlidir. Konkret ədəbiyyat, təsviri sənət əsərini yüksək dəyərə mindirən intertekst amillərini üzə çıxaran dissertasiyalar, kitablar olmalıdır. 

- Ədəbi mükafatlara münasibətiniz...

- Münasibətim yaxşıdır, mükafatın pul tərəfi yüksək olsa və mükafat nüfuzlu olsa. Bir də mükafat vermək üçün seçimdə dostbazlıq və ya tapış işləməsə. Ən ciddi məsələlərdən biri ödüllərin verilməsində dostbazlığı, tanışbazlığı yaxın buraxmayan prosedurları qurmaqdır.

- Fəxri adlar, titullar haqqında nə düşünürsünüz?

- Onlara da yaxşı baxıram, əgər daşıyıcılarının xidmətinin, nüfuzunun gerçək göstəricisidirsə. Yazıqlar olsun ki, bizdə xeyli parlaq alimlər var ki, akademik seçilməsini heç kim ağlına gətirmir. Rəhman Bədəlov, Əli Abbasov, Aydın Talıbzadə belə alimlərdəndir. Bu o demək deyil ki, Akademiyanın müxbir üzvləri və akademiklərinin hamısı ciddi seçim ölçülərinə cavab vermir. Mən sevinirəm ki, Tehran Əlişanoğlu akademikliyə seçilmək üçün yada düşüb. Akademiklər arasında Kamal Abdulla, Nizami Cəfərov, Muxtar İmanov kimi yüksək intellektuallar və sadəcə, yaxşı adamlar var. Bu yerdə deməliyəm ki, ölkənin akademiklərinin sırasının ölkənin gerçək parlaq alimləri sırasına uyğun gəlməməsi unikal Azərbaycan faktı deyil. A.F.Losev akademik olmamışdı, eləcə də Yuri Lotman. Losev və Lotman kimi alimlərin kampaniyası akademik adına layıiq olsa da akademik olmayanlara yaxşı təsəlli verər.  

- Azərbaycan ədəbiyyatında fəlsəfi ədəbiyyat nümunələri niyə yazılmır? Səbəblər və nəticələr...

- Fəlsəfi ədəbiyyat nəyə deyirsiniz? Antik çağda Lukretsi Kar adında roma düşünəri vardı, "Nəsnələrin təbiəti" poemasını yazmışdı və ya Ortaçağda Əttar "Quşların dili" ("Məntiq ət-tayr") poemasını yazmışdı, - belə əsərləri deyirsiniz? Yoxsa ekzistensialist nəzəriyyələrini sənət əsərində bildirən Sartr, Kamyunun əsərlərini deyirsiniz? Məncə, çağımızda çox az bu tip fəlsəfi ədəbiyyat var. Ancaq fəlsəfi düşüncə paradiqmlərini əsərin dilinin, kodunun o biri paradiqmləri ilə ritmik oyuna salan əsərlər deyirsinizsə, onlar bizdə də var. Kamal Abdullanın bəzi hekayələri, "Sehrbazlar dərəsi" elədir. Aydın Talıbzadənin "Əbühübb" romanında zamana həsr olunmuş yer var, zamanın fəlsəfəsi haqqında Avqustinin, Kantın söylədiklərindən sonra məni yaxşıca tutan o oldu. Görün romanda zaman haqqında nələr deyilir:

Zaman səninlə gedir, səninlə qayıtmır.

İndi (yəni zamanın indisi) heç hara getmir, heç haradan gəlmir.

İndi əbədi var (Platonda əbədilik dəyişməz andır).

Keçmiş əbədi dayanıb.

Gələcək əbədi gəlir.

Əslində, onların heç biri yerindən tərpənmir. Əslndə, bunların hamısı təsəvvürdür, aldanışdır. (Kantın zamana aprior forma deməsini yada salın).

Ölüm həmişə gələcəkdən gəlir. Gələcək həmişə öldürməyə gəlir (əla deyib!).

Yaddaş ən böyük qəbiristanlıqdır.

Heç kim keçmişdən qorxmur. Hamı gələcəkdən xoflanır (əla deyib).

Tələssən də, tələsməsən də ölümünə vaxtında çatacaqsan.

- Oxumağa vacib bildiyiniz beş müəllif və əsər...

- Bu soruya cavabım maraqlı olmayacaq. Dünya ədəbiyyatında o qədər gözəl yazarlar var ki, arasından beş nəfəri seçmək məndə heç bir kayf yaratmır. Bütün bu söhbətimizdə qorxuram ki, mən ədəbiyyat üzrə ensiklopedik biliyi olan adam kimi görünüm. İşdə isə elə deyil. Mənim ömrümün böyük bir zaman kəsiyi olub ki, bədii ədəbiyyatsız yaşamışam. Bu məsələdə mənə o təskinlik verir ki, Darvin 30 yaşından sonra romanlar oxuyanda heyifsilənib ki, necə olub bu gözəl muşqulatdan xəbərsiz yaşayıb. Bu gün yazarlar var ki, estetik dadbiliminə (zövqünə) inandığım dostlarımdan onlar haqqında yüksək sözlər eşidirəm, məsələn, Şərif Ağ haqqında, xalam qızının əri olsa da indiyənəcən ondan bir şey oxumamışam. Ancaq FB yazılarından görürəm ki, istedaddır. Aqşin Yeniseyin fəlsəfi-kulturoloji yazılarını çox sevirəm. Hərçənd modernist ruhda əndrəbadi adı olan bir romanı vardı, onu oxuyanda məni tutmamışdı. Eşitmişəm ki, başqa yaxşı romanı da var, təəssüf, onu hələ oxumamışam. Kəramət Böyükçölün istedadı göz qabağındadır, di gəl onun da romanlarını oxumamışam. 

- Dünya kino sahəsində mütləq izlənilməli filmlər və ya seriallar...

- Mən, əslində, Azərbaycanda ilk, dünyada üç-dörd nəfərdən sonra gələn adamam ki, kinonun semiotikasından yazmışam. Bu yöndə ilk kitabı Y.Lotman yazıb. Vyaç.Vs. İvanov kimi ünlü alimin dediyinə görə, kinonun semiotikası üzrə düşüncələr Eyzenşteynin montaj, kadrlar haqqında yazılarına səpələnib. Çağımızda isə Lotmandan başqa, kinonun semiotikası haqqında məqalə yazanlar Paola Pozolini, Umberto Eko, Rolan Bart, Kristian Mets olub. Ancaq kinonun semiotikası haqqında ilk dissertasiyanı yazmağıma baxmayaraq, dediyiniz fimlər və seriallar o qədər çoxdur ki, adlarını çəkə bilməyəcəm. Sadəcə, gənc yazarlara bir məsləhətim var, bədii söyləmlərində, yəni təhkiyələrində kinematoqrafın montaj, iri, orta, ümumi kadr prinsipindən istifadə etməyi öyrənsinlər. Bunun üçün Eyzenşteyni də oxusalar, yaxşı olar.

 

Söhbətləşdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!