Elya Süleyman: "Filmə yalanlarla başlamışam" - Müsahibə

 

Yunan-roma pravoslav əsilli, fələstinli kinorejissor və aktyor  Elya Süleyman (Elia Suleiman) 1960-cı il iyulun 28-də İsraildə, Bibliyaya görə İsa peyğəmbərin doğulduğu Nazaret şəhərində anadan olub.

E.Süleyman 1982-1993-cü illər arasında Nyu-Yorkda yaşayıb. Orada yaşadığı illərdə "Mübahisənin Sonuna Giriş" (1990) (Ceysi Salum ilə birgə) eksperimental sənədli və "Sui-qəsd yolu ilə hörmət" (1993) adlı qısametrajlı filmlərini çəkib. Hər iki film çoxsaylı mükafatlar qazanıb.

E.Süleyman pedaqoji fəaliyyətlə də məşğul olub. Rejissor 1994-cü ildə Qüdsə köçüb və İordan çayının qərb sahilində yerləşən Birzeyt Universitetində dərs deməyə başlayıb. Ona Avropa Komissiyasının maliyyə dəstəyi ilə universitetdə Kino və Media Departamentinin yaradılması tapşırılıb. 2008-ci ildə Elya Süleyman Sas-Fe şəhərində yerləşən Avropa Liseyində professor olub. O, dünyanın müxtəlif ölkələrinin ən qabaqcıl universitetlərində mühazirələr deməyə davam edir.

1996-cı ildə çəkdiyi ilk bədii filmi "İtkinliyin xronikası" elə həmin ildə Venesiya Film Festivalında "Ən Yaxşı Debüt Film" Mükafatını qazanıb.

Rejissor daha çox Fələstindəki həyatdan bəhs edən ironik filmləri ilə tanınır. 2002-ci ildə Fələstində işğal şəraitində yaşanan həyatdan bəhs edən "Müqəddəs Müqavimət" filmi Kann Film Festivalında Münsiflər Heyəti Mükafatına və Beynəlxalq Tənqidçilər Mükafatına layiq görülüb. Film müasir tragikomediya janrındadır. Eyni zamanda 2002-ci ildə Romada keçirilən 15-ci Avropa Film Mükafatlarından "Ən Yaxşı Xarici Film" Mükafatını alıb. Qeyd edək ki, burada qaliblər Avropa Film Akamediyasının üzvləri tərəfindən seçilir.

E.Süleyman 2006-cı ildə Kann Film Festivalının doqquz nəfərlik münsiflər heyəti üzvlərindən biri olub. Onun trilogiyasında üçüncü film, 2009-cu ildə çəkilən, yarı-bioqrafik film olan "Qalan vaxt" Kann Film Festivalına seçilərək rəsmi seçim kateqoriyasında yarışıb. "Qalan vaxt" filmi elə çəkildiyi il Toronto Beynəlxalq Film Festivalında nümayiş etdirilib. 2009-cu il oktyabrın 17-də Əbu-Dabidə keçirilən Yaxın Şərq Film Festivalında "Ən Yaxşı Yaxın Şərq Bədii Filmi" Nominasiyası üzrə "Qara İnci" mükafatını qazanıb. Həmin ilin noyabrında film Asiya Sakit Okean Ekran Mükafatlarında Münsiflər Heyəti Böyük Mükafatını qazanıb. Film Mar del Plata Beynəlxalq Film Festivalında Argentina Kino Tənqidçiləri Assosiasiyasının Tənqidçilər Mükafatını qazanıb.

Rejissorun son filmi "Cənnət bu olmalıdır" 2019-cu ildə Kann Film Festivalında iştirak edib və elə həmin il Toronto Beynəlxalq Film Festivalında filmin Şimali Amerika premyerası olub. Rejissorun "Havana, mən səni sevirəm" (2012), "Hər kəsin filmi" (2007), "Kiber Fələstin" (1999) adlı filmləri də var.

E.Süleyman livanlı müğənni və aktrisa Yasmin Hamdanla evlidir.

Rejissorun müxtəlif vaxtlarda verdiyi müsahibələrdən maraqlı hissələri təqdim edirik.

 

- Sizi kinorejissor olmağa ilk nə ruhlandırıb? Bir neçə müsahibənizi, haqqınızda yazıları oxusam da, buna dəqiq cavab tapa bilməmişəm.

- Mən də dəqiq cavabı bilmirəm. Kino təhsilim yoxdur. Gənc olanda kino məktəbinə getmişdim, amma davam etmədim. Mənim daha çox hekayəm var idi. Mən çox gözəl hekayələr danışırdım, çox dramatik hekayələr. Özüm haqqında, ətraf mühit haqqında. Çox inandırıcı olardı. Başımda çoxlu fantaziyalar olardı, hamısını danışardım. Bu, əlbəttə ki, kino deyil, amma təməldə bu vardı. Nazaretdə anadan olmuşam, bura balaca şəhərdir və yeganə xilas yolu xəyal qurmaqdır. Çoxlu yalan danışdığımı xatırlayıram. Mənə "Kim olmaq istəyirsən?" sualı veriləndə "Sinemaçı olacağam" deyirdim. Baxmayaraq ki, necə olacağım barədə heç bir fikrim yox idi! Deyəsən, belə-belə, yalan danışmaqdan utanmadan özümü kəşf etməyə başladım, nə də olsa uşaq idim!

- Həqiqətə nifrət edirdiniz?

- Xeyr, söhbət nifrətdən getmir. Bu, həqiqətən mənim özümə baxma, özümü necə görməyimlə bağlı məsələ idi. Bu danışdığım prosesdən sonra özümə daha çox vaxt ayırmağa başladım. Kitablar oxumağa başladım; 20 yaşımın əvvəllərində. Con Bergerlə o zaman tanış oldum. Əvvəl kim idi, bilmirdim. Amma sonra çox yaxın olduq və o məni dəstəklədi. O, tamamilə ovsunlayıcı adamdır. Ondan xahiş etdim ki, mənə oxu siyahısı tərtib etsin. O da içində Adonis kimi adların da olduğu siyahı tərtib etdi. Kitablardan sonra filmlər gəldi. Baxdım, baxdım, baxdım! Bəs, bunların birləşməsi necə oldu, mən də bilmirəm.

- Yenilikçiliyi və özünəməxsus üslubunuzu yaratmaqda ustadınız var idi?

- Təbii ki, mən tək deyildim, adlar çoxdur, amma bir-iki misal çəkim. Bəzi adlar var ki, onların filmləri sizə təsir edir, çünki necəsə sizi təsvir edir. Mənim üçün bu adlardan birincisi Yasuciro Ozudur. Onun filmləri bir tərəfdən "Əslində, mən də bacararam" hissini verir, digər tərəfdən, ondakı fərqi dərhal görə bilərsiniz. Onun filmləri məni valeh etmişdi. Onun çəkdiklərində təmtəraqlı münasibətinin olmaması, kameranın sadəcə bir yerdə dayanması, gözümüzün içinə baxmaması... Müasir dövr rejissorlarından Hou Syao-syan da o rejissorlardan biridir. Özünün ab-havası və kiçik nişanələri var onda da. Əlbəttə ki, bir də Robert Bresson. Onun üslubu mənə çox-çox təsir edib.

- Fələstin kinosu mövzusunda da kitablar yazan, iyirmidən çox kitab müəllifi İran əsilli amerikalı professor Həmid Dadaşi sizin üslubunuzu "ədəbsizliyə qarşı qeyri-ciddilik" kimi təsvir edir. Bu təriflə birlikdə "kinoyla müqavimət" sizin üçün nə ifadə edir?

- Bu, əlbəttə ki, akademik bir dildir. Mən özümü döyüşçü, müqavimətçi kimi tanıda bilmərəm. Yəni müqavimət, müharibə xatirinə kino çəkmirəm. Təbii ki, işğalın həyatımıza gətirdiyi qəbuledilməz məqamlar var və bunlar istər-istəməz xatırlanır. Yaşanan absurdluq onsuz, mütləq şəkildə filmdə yer alır. Bütün bunlar "müqavimət" paketinə qoşula bilər. Amma demək olmaz ki, məni film çəkməyə vadar edən "müqavimət" olub. Film çəkmək istəyirəm, çünki içimdəkiləri paylaşmaq istəyirəm. Həmişə nəyinsə "əleyhinə" olmaq lazım deyil. Poetik yol buradan yaranmır, nəyəsə qarşı inkişaf etmir, kortəbii olaraq mövcuddur. Bəlkə də bu, müqavimətin ən təbii yoludur. Mən poetik üslub yaratmağa çalışıram.

- Üslubunuz, eyni zamanda sürrealdır, lakin inandırıcılıq problemi də yoxdur. Görəsən, Fələstinin yaşadığı qeyri-real şeylərə öyrəşdiyimiz üçün belədir?

- Burada ən qəribəsi odur ki, qədim bir qurban, yəni yəhudilər başqa bir xalqı da eyni şəkildə qurban veriblər. Bu, müstəmləkə tarixinin uzantısıdır. Digər tərəfdən, işğal altında olma vəziyyəti özünü kəşf etməyə təkan verir və yaradıcılığı təşviq edir. Reallıq və sürrealizm məsələsinə gəlincə, bu, onsuz Fələstində daha ən təməldən bir-birinə qarışmış vəziyyətdir. Fələstinlilərin kimliyi yox olma üzərinə quruludur. Ölkəniz yoxdur, hökumətiniz yox, mədəniyyətiniz yox, eviniz yoxdur deyirlər. Yenə də, İsrailin kimliyindən daha güclü bir kimliyə sahibdir. Çünki işğalla, qətliamla formalaşmağa çalışan bir kimlik qarşısında özünü müdafiə edən kimlik daha güclü olur. Amma, məncə, sürrealizm, absurdluq və mizan hər yerdə var. Baxdığımız hər yerdə gözəlliyi görə bilərik və əslində, kinonun işi budur. Məsələn, mənim filmlərimdə reallığı deyil, reallığın içindən seçilmiş bir anı görürsən. İstəyirsiniz buna potensial reallıq deyək. Bu görüntüyə inanmağınız və bundan zövq almağınız üçün çox çalışıram. Bunu rədd etməyib bundan həzz alırsınızsa bu məni xoşbəxt edir. Kino poetik bir şeydirsə, uğurunu tam da burada qazanır. Mən filmlərimdə reallıqdan bir parça yerləşdirirəm. "Müqəddəs Müqavimət" filmində tankın partlaması səhnəsini xatırlayın. Doğrudan da, bir gün yolda maşınla gedirdim və şaftalı yeyirdim. Düz tumunu atan zaman arxamda bir İsrail tankı gördüm və "bom"! Birdən beynimdə o tankın partladığını gördüm. Bunu da filmə gətirdim.

- "Müqəddəs Müqavimət" filminin Oskar namizədliyinə mane olmağa çalışdılar. Buna qarşılıq olaraq Ken Louç tərəfindən imzalanan İsrailə qarşı mədəni boykot var. Ceyn Fonda, Viqqo Mortensen kimi sənətçilər Toronto Film Festivalının Təl-Əviv bölümünün təşkil edilməsinə etiraz etdilər. Sizcə, Fələstin mədəni baxımdan əvvəlkindən daha yaxşı vəziyyətdədir?

- "Müqəddəs Müqavimət" filmini Fələstin adından yarışa bilməz deyə rədd etdilər. Mən də filmin qəbulu üçün səy göstərdim, dünyanın digər yerlərini qəbul edərkən Fələstini qəbul etməməyin mümkün olmayacağını müdafiə etdim. Bu dəfə bunun texniki problem olduğunu iddia etdilər. Daha sonra "Cənnət bu gün" filmi namizəd oldu. "Müqəddəs Müqavimət"dən sonra bir qapı açıldı. Əslində, bu ümumi qəbul olunmuş nəzəriyyələrə qarşı müqavimət göstərmək daha çətindir. Çünki onlar bunu qəsdən edirlər. Məsələn, siz Fələstin filmini seçəndə, bu, eyni zamanda Fələstinə də, o rejissora da hörmət olduğundan, buna görə, daha doğrusu, bunun qarşısını ala bilmədiklərinə görə utanırlar. Bu, ikiüzlülükdür; müdafiə etdikləri hər şeyə ziddirlər və təbii ki, bunun öhdəsindən gələ bilmirlər. Sözdə balans qurulmağı istənir, amma bir tərəf işğalçı, digər tərəf işğal edilmiş. Nə balans! Mən həyatım boyu bununla mübarizə aparmışam. Yeri gəlmişkən, Oskar Amerika kino sənayesində bir hadisədir. Əlbəttə ki, tanınırsınız, sizə hədsiz məşhurluq gətirir, amma Kann, Venesiya, Berlin, İstanbul, Rotterdam deyil! Dünya kinosu buralarda görüşür. Onsuz da bütün ustalar Oskar almadan getdilər.

 

Hazırladı: Nilufər HACILI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!