Olduğu kimi görünən, göründüyü kimi olan adam - "Varislər" rubrikası - Müsahibə

"Varislər"in bugünkü qonağı ötən əsrin altmışıncı illərində ədəbiyyata gəldiyi andan yazıları oxucular tərəfindən maraqla qarşılanan, romanları əl-əl gəzən, gənclərin sevimlisinə çevrilən unudulmaz yazıçı, yazdığı lirik şeirləri ilə özünü təsdiq etmiş şair, şərqşünas, filologiya üzrə fəlsəfə doktoru, gözəl insan Əlibala Hacızadənin qızı Asya xanım Hacızadədir.

 

Şərqşünas, yazıçı, yoxsa mütərcim?

 

1935-ci ilin avqustunda Biləsuvar rayonunun Ağalıkənd kəndində göz açmışdı dünyaya. İkinci Dünya savaşı başa çatanda on yaşı vardı, müharibənin ağrılarını, itkilərini, sınaqlarını öz uşaq yaddaşı ilə görmüş, o ağır günləri unutmamışdı. Əlibala Hacızadə 1953-1958-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində, fars şöbəsində ali təhsil almış, sonradan uzun müddət EA-nın indiki Şərqşünaslıq İnstitutunda elmi fəaliyyətlə məşğul olmuş, bir müddət Əfqanıstanda mütərcimlik etmişdi.

1956-cı ildə gənc yazarların əsərlərindən ibarət almanaxa daxil edilən "Mənim müəllimim" adlı hekayəsi onun ədəbiyyata vəsiqəsi oldu. Sonradan Azərbaycanda ən böyük tirajla, özü də dəfələrlə çap olunan "Təyyarə kölgəsində", "Vəfalım mənim" kimi romanları, "İtkin gəlin", "Əfsanəsiz illər" və "Ayrılığın sonu yoxmuş" adlı məşhur trilogiyası ona bir yazıçı kimi ən böyük oxucu sevgisini qazandırmışdı.

 

- Asya xanım, ənənəni pozmayaq. Gəlin Əlibala Hacızadənin doğulduğu ailədən, atası Qüdrət kişidən başlayaq. Kim olub Əlibala müəllimin valideynləri?

- Babamız Qüdrət kişi də, nənəmiz Asya xanım da müəllim olublar. Mən rəhmətlik nənəmin adaşıyam. O dövrdə təhsilə o qədər də önəm verilmirdi, amma onların hər ikisi savadlı, ziyalı adamlar kimi xatırlanıblar. Həm də bir-birlərini böyük məhəbbətlə sevib ailə qurublar. Atamgili ailədə üç uşaq olublar, atam evin böyük uşağıdır.

 

Proletariat sevgisi və...

 

Sonra da özündən kiçik bacıları gəlirdi. Bir bibimin adı Melis idi. Ailə kommunist ruhlu olduğundan qızın adını Marks, Engels, Lenin və İosif Stalinin xatirəsinə bu kommunist liderlərinin adının baş hərflərinə uyğun qoyub. O biri bibimin də adı Svetlana idi. Məncə, bu da Stalinin qızının adına uyğundur.

- Belə çıxır ki, Qüdrət kişi təpədən-dırnağa qədər stalinpərəst olub?

- Belə çıxır da... Düz fikirləşirsiniz, ötən əsrin otuzuncu illəri, rayon yeri... əlbəttə, qeyri-adi səslənə bilərdi. Amma görünür, babam da, nənəm də sovet ideologiyasına tam etibar eləyiblər.

- Bəlkə Stalindən, onun repressiya maşınından, sürgündən, güllələnmədən qorxub, özlərini bu cür sığortalayıblar? 

- Bəlkə də... Bu suala dəqiq cavab verə bilmərəm. 1941-1945-ci illər müharibəsi başlayanda babam cəbhəyə gedib, bir də qələbədən sonra qayıdıb. Ondan bir qədər sonra nənəm dünyasını dəyişib. Babam ikinci dəfə ailə qurub və bu nikahdan da Nizami adlı oğlu olub. Artıq bibilərim də, əmim də rəhmətə gediblər.

Atamın yeniyetməliyi, gəncliyi böyük sıxıntılarla qalmışdı onun yaddaşında. Kasıb kənd uşağı. Bir pencəklə qışı keçirib. Amma əlaçı olub. Atamın universitetə qəbul olunması da maraqlıdır. Demək, o vaxt dörd imtahan verilirdi. Atam qəbul imtahanlarının üçündən əla alıb. Rayondan onunla gələn və bir otaqda qalan tanış oğlan isə kəsilib.

 

Həmid Araslı olmasaydı...

 

Bu adam paxıllıqdan atamın imtahan vərəqəsini cırıb atıb. Atam az qala ağlını itirirmiş. Çarəsizliklə gedib universitetə. Deyiblər imtahan vərəqəsi olmadan səni sonuncu imtahana buraxa bilmərik. Bu vaxt təsadüfən akademik Həmid Araslı onun pərt halda bir küncə çəkilib dayandığını görüb. Təbii ki, o vaxt atam onun Həmid Araslı olduğunu bilməyib. Akademik nə baş verdiyini soruşub, atam vəziyyəti danışıb ona. Həmid müəllim atamın o biri imtahanlardan əla aldığını eşidəndə kömək etmək fikrinə düşüb. Qabağa keçib, atamı imtahan komissiyasına aparıb, dublikat imtahan vərəqəsi açdırıb, onu sonuncu imtahana salıb.    

- Hə, olub elə böyük kişilər. Nə yaxşı ki, "Varislər" layihəsində böyük Həmid Araslının varisi Nüşabə xanım Araslı ilə də görüşmüşəm. Həmid müəllimin oğlu, rəhmətlik Elman Araslı ilə də Səudiyyədə olanda görüşmüşdük. Son dərəcə ziyalı və təpədən-dırnağa qədər Vətən adamlar. Davam edək...

- Hə, sonradan Həmid müəllimlə atam bir yerdə işlədilər. Atam ilk yazılarını oxumağa, fikrini öyrənməyə Həmid müəllimə verirdi. Həmid müəllim çox bəyənmişdi onun ilk yazılarını. Şeirlərini də, hekayələrini də oxuyub, deyib şeirlərin də yaxşıdır, amma nəsrin daha uğurludu. Hətta titul vərəqindəki Əlibala Hacıyevdəki "yevi" pozub Hacızadə eləmişdi soyadını atamın və sonradan elə o soyadla da tanındı. Yəqin, şeir yazmağından gəlirdi, kim oxuyurdusa atamın nəsrini, deyirdi "su kimi içirik".

- Asya xanım, sizin uşaqlıq illəriniz Əfqanıstanda keçib. Neçə yaşına qədər yaşamısınız orda?

- Beş yaşım olana qədər. Əslində, hərdən mənə elə gəlir ki, çox şeyi xatırlayıram, yaddaşımı qurdaladıqca görürəm ki, bu xatirələr tam deyil, haradasa qırılır, bitir. Amma tam xatırladığım şeylər də var. 

- Əlibala müəllim məşhur "İtkin gəlin"in Əfsanəsini kəcavədə gəlin köçərkən görmüşdü və romanın ilk sətirləri o vaxt yaranmışdı. O Əfsanəni siz də görmüşdünüz?

 

"Bir dəfə məni oğurlamışdılar"

 

- Yox, təəssüf ki, o Əfsanəni ancaq atam görmüşdü, amma mən Məhəmməd Zahir şahı hərbi paradda görmüşdüm. Biz orada sovet qoşunlarına aid hərbi şəhərcikdə yaşayırdıq. Atam hərbi tərcüməçi idi. Düz dörd il Əfqanıstanda yaşadıq. Atamı gənc mütəxəssis kimi təyinatla göndərmişdilər Əfqanıstana. O, ali məktəbi bitirəndən sonra ailə qurmuşdu. Biz ailədə üç uşaq olmuşuq, mən evin kiçiyiyəm. 

- Nə qalıb yaddaşınızda Əfqanıstanla bağlı? 

- Yol boyu sıralanan kiçik dükanları xatırlayıram. Demək olar hər cür xırdavat satılırdı elə dükanlarda. Yerə palaz sərirdilər, mallarını yığırdılar üstünə, özləri də yerdə oturub alver eləyirdilər. Amma bizim yaşadığımız yerdə daha çox sovet ittifaqından olanlar yaşayırdılar. Biz yerli əfqanları az-az görürdük. O vaxt sülh dövrü idi, sovet adamlarına yaxşı münasibət vardı. Deyim ki, Zahir şah əfqan tarixində xoş xatirələrlə qalan şəxslərdəndir. Bilirsiniz nə yadımda qalıb? Bir dəfə məni oğurlamışdılar. Biz beşmərtəbəli binalarda yaşayırdıq, həyətdə yaşıdlarımızla oynayırdıq. Bir ucaboylu, bər-bəzəkli libas geymiş qadın idi, əlimdən tutub, məni aparmağa başladı. Üzümə gülə-gülə aparırdı məni. Hiss elədim ki, məhəllədən uzaqlaşıram. Mənə tapşırmışdılar axı, uzağa getmə. Dartınıb bunun əlindən çıxmaq istəyirdim. Nəsə, birtəhər çıxdım bunun əlindən. Yaxşı ki, çox da uzaqlaşmamışdıq, ancaq düz getmişdik. Qaça-qaça qayıtdım məhəlləyə. Amma o qorxunu hələ də unutmamışam. Hə, bir də atamdan sonradan eşitdiyim Əfqanıstan xatirələrindən birini heç vaxt unutmuram. Demək, əfqanlara paraşütdən atılmağı öyrədirlər. Atam da tərcüməçilik edir. Qəfildən bir əfqan atamdan soruşur: "Ağa, birdən paraşüt açılmasa, sonra bizi yenə öz işimizə qaytararlar?". Atam da gülüb deyib ki, sağ qalsan mütləq qaytararlar.   

- Bir pencəkdə tələbəlik yaşayan Əlibala Hacızadə "adamın ürəyini sızladan" o illərdən nə danışırdı? Həmid Araslı ilə tələbə Əlibalanın münasibəti necə olub sonradan?

- Bəlkə də Həmid müəllim qəbul kağızının dublikatını çıxartmağa kömək etməsəydi, Əlibala Hacızadənin taleyi başqa cür olardı. Atam universitetə qəbul olunandan sonra Həmid müəllimə yaxınlaşıb, minnətdarlıq etmək istəyib, amma sonra fikirləşib ki, Həmid müəllim bunu yaltaqlıq kimi, gələcəkdə ona "daydaylıq" eləmək arzusu kimi qəbul edər, ona görə təhsilini bitirənə qədər heç nə deməyib. Həmid Araslı, Mir Cəlal kimi müəllimlər imkansız, amma savadlı tələbələrə həmişə dayaq olublar. Həm mənəvi, həm də maddi dəstək göstəriblər. Atam həmişə o iki şəxsin adını ehtiramla xatırlayırdı.

- Əlibala Hacızadə uzun illər EA-nın Şərqşünaslıq İnstitutunda çalışdı, amma ciddi olaraq elmlə məşğul olmadı, alim kimi deyil, daha çox yazıçı kimi qaldı tarixdə. Səbəb nə idi? 

 

Yazıçı yoxsa, alim?

 

- Yox, atam elmlə də ciddi məşğul olurdu. Yəqin, elmi ad almamasını nəzərdə tutursunuz. Elmlər namizədi idi də... Ümumiyyətlə, o, nəylə məşğul olurdusa, işinə ciddi yanaşırdı. EA-da çalışdığı illərdə çox maraqlı tərcümələr edib. Məsələn, XX əsr İran şeirinin məşhur simalarından olan Fərruxi Yəzdiyə həsr etdiyi monoqrafiya çox maraqla qarşılanmışdı. Amma doğru qeyd edirsiniz, o, daha çox yaddaşlarda yazıçı kimi qaldı. Sonuncu ad günü ərəfəsində narahat idim, fikirləşirdim ki, atamı yada salan yoxdu, amma birdən "ASAN könüllüləri" zəng vurub atamın xatirə gününü keçirmək istədiklərini bildirdilər. Əlbəttə, belə münasibətlər xoşdur. Əlibala Hacızadəni gənc nəsil də, yaşlı nəsil də unutmur. Atamın şeirlərini söylədilər, maraqlı kompozisiya hazırlamışdılar. Çox gözəl tədbir keçdi. Sonra "Belə-belə işlər" layihəsində atam haqqında maraqlı süjet hazırlayıblar. Kitabları yenə çap olunur. Bunu nəşriyyatlar öz təşəbbüsləri ilə edirlər. 

- Ədəbiyyata şeirlə gəlmişdi. Əksər sevgi şeirlərini romanlarının içində əridirdi. Ailədə onun şeirlərini əzbər bilən vardı?

- Əlbəttə, onun şeirləri tez əzbərlənirdi, çünki səmimi idi hamısı. Mən onun "Sən Allah, yuxuma girmə gecələr" şeirini çox sevirdim.      

 

"Sən Allah, yuxuma girmə gecələr,

Qorxuram sevincdən öləm yuxuda".

 

Atamın şeirlərinə xeyli mahnı da bəstələnib. Hətta Sərdar Ortac da onun "Nədəndi" şeirinə yazılmış mahnını oxuyurdu, çox populyar idi. Aygün Kazımova da, Brilliant Dadaşova da "Sevəcəyəm"i oxuyurlar, amma mətnin müəllifinin kim olduğunu yazmırlar. Bu doğru deyil axı. Sonra "İtkin gəlin" serialına çox gözəl musiqilər yazılmışdı. Orada səslənən mahnılar da populyar idi.

- "Təyyarə kölgəsi" və "Vəfalım mənim" romanının mövzusu real həyatdan götürülüb deyirdilər. Elm adamlarının şəxsi həyatı, elm cameəsində baş alıb gedən konfliktlər və s. hər iki romanda maraqla qarşılanırdı. Əlibala Hacızadənin özü də elm adamı idi deyə bilərik. Yəqin, o, romanlardakı obrazların prototipləri ilə hər gün üz-üzə gəlirmiş...

- Əslində, "Təyyarə kölgəsi" daha çox sevgi romanı kimi diqqət çəkmişdi, amma atamın başı bu romanın davamı sayılan "Vəfalım mənim"ə görə çox ağrıdı. Elm adamlarından kim oxuyurmuşsa öz obrazını görürmüş orada. Atam təzə adlar da gətirirdi əsərlərinə. Məsələn, onun Əfsanəsindən sonra çox adam qızının adını Əfsanə, Elməddinindən sonra oğlunun adını Elməddin qoymağa başlamışdı. Amma mən o, əsərlərinin mövzusunu haradan götürürdü sualına təfsilatı ilə cavab verə bilmərəm. Atam evdə işlə bağlı nəsə danışmağı xoşlamazdı. Evdə çap makinası vardı, çox vaxt birbaşa ora yazırdı, amma əlyazma kimi olan yazıları da çoxdur. "Xruşşovka" deyilən ikiotaqlı evdə yaşayırdıq. Darısqallıq idi əlbəttə. Mətbəxdə də işləyirdi, qonaq otağında da. Yəni yazmaq məqamı gəldisə harada olmasından asılı deyildi, oturub yaza bilirdi.

- Əlibala Hacızadənin kitabları böyük tirajla çap olunur və sürətlə satılırdı. Yaxşı qonorar alırdı demək. Konkret kitab dükanı müdirləri vardı ki, o kitabları əlatdan baha satıb, yaxşı qazanırdılar. Kitablar əl-əl gəzməkdən üzülürdü, vərəqləri tökülürdü, adamlar onları bərpa edirdilər. Dövlət kitabxanalarında o kitabları oxumaq üçün oxucular uzun növbələrə yazılmışdılar. Hətta ulu öndər Azərbaycan KP MK-nın birinci katibi olduğu vaxt pambıqçılarla görüşəndə qızlar tarlada ondan "İtkin gəlin" romanı istəmişdilər və Heydər Əliyev kitabın təkrar nəşrinə tapşırıq vermişdi... Amma Əlibala Hacızadəyə varlı, imkanlı yazıçı demək olmazdı, həmişə sakit və kasıb görünürdü.

- Deyim ki, hər şeylə təmin olunmuş kimi yaşayırdıq, cavabım səmimi olmaz. Amma xatırlayıram, hər qonorarda mütləq evə nəsə qiymətli bir şey alınırdı: mebel, televizor, soyuducu və s. Ortabab dolanmışıq. Hər şey hesablı, ölçülü olub. Valideynlərimiz çalışıb ki, zəruri şeylərə ehtiyac duymayaq.

- Yaxın dostları kim idi bəs?  Kimlərsə gəlib-gedirdi evə dostlarından?

- Yaxın dostları... Nahid Hacıyev, İlyas Tapdıqla yaxın idi. Hətta soyadları eyni olduğundan çox adam Nahid müəllimlə atamı əmioğlu, yaxın qohum bilirdilər. Amma dostları evə gəlməkdənsə, atamı harasa məclislərə, qonaqlıqlara dəvət edirdilər. Sanki atam dostlar üçün məclislərin yaraşığıydı. Maraqlı söhbətləri, Şərq ədəbiyyatından bildiyi parçalar, lətifələr həmişə xoş qarşılanırdı.

- Hobbisi vardımı?

 

Onun çox ziyanlı hobbisi vardı

 

- Hə, çox ziyanlı bir hobbisi vardı... Həddən çox siqaret çəkirdi. Bəzən qələm dostları ona kitablarını imzalayıb bağışlayırdılar, onunsa oxumağa vaxtı olmurdu. Bir müddət sonra müəllif kitab haqqında təəssüratlarını soruşanda zarafatla deyirdi ki, mən oxucu deyiləm, yazıçıyam. Bəlkə də şəkillərdə qaraqabaq biri kimi görünür, amma gözəl yumor hissi vardı. Bilirsiniz, elə adamlar var, ailədə bir cür olurlar, cəmiyyətdə başqa cür. Yəni Ruminin məşhur sözü var ey, "Ya olduğun kimi görün, ya göründüyün kimi ol". Baxın, mənim atam olduğu kimi də, göründüyü kimi də eyni adam idi. Necə öz ailəsini, övladlarını çox istəyirdisə, eyni ilə də başqalarını, dostlarını, onların balalarını sevirdi. Hətta bir dəfə müsahibə verəndə jurnalist soruşmuşdu, Əlibala müəllim, niyə hamı sizi çox istəyir? Atam demişdi, çünki mən də hamını çox istəyirəm. Bəli, o cür adamların ürəyi geniş olmalıdır. Məsuliyyətli, təvazökar, sadə, müdrik adam idi. O, realist idi, həyatı olduğu kimi qəbul edirdi. Çətinliklərə, ağrılara üsyan etmirdi. 

Ata kimi bizə öyüd verərkən doğru olun, yalandan, riyakarlıqdan qaçın, ehtiyacı olana kömək edin deyirdi. Bir də heç unutmadığım nəsihəti vardı: əgər deyəcəyiniz bir kəlmə xoş söz kiminsə ürəyini açacaqsa, o sözü həmin adamdan əsirgəməyin. Deyin, qoy ürəyi fərəhlənsin. Çünki özü o prinsiplə yaşayırdı. Ən depressiyada olan adam belə onunla danışandan sonra sanki rahatlanırdı.

- Sizin, yəni övladlarının hansısa peşəni seçməyinizə onun məsləhəti, diktəsi olubmu? Bir də, ailədə ədəbi yaradıcılıqla məşğul olan varmı?

- Qətiyyən. Peşə seçməyimizə özümüz qərar vermişik. Mən jurnalistikanı bitirmişəm, bacım filologiyanı, qardaşım da atamın yolu ilə gedib, şərqşünasılığın fars şöbəsini bitirib. Xeyr, heç kəs ədəbi yaradıcılıqla məşğul olmadı ailədə. Bircə mən jurnalist oldum. 12 il Moskvada yaşamışam, AZƏRTAC-ın müxbiri kimi fəaliyyət göstərmişəm. 2013-cü ildən sonra AZƏRTAC-ın Ərəb və Afrika ölkələri üzrə müxbiriyəm. Müxtəlif qəzetlərdə işləmişəm. Cənab Prezidenti müşayiət edən jurnalistlərdən biri olmuşam.     

- Sizə elə gəlmirmi ki, "İtkin gəlin" Əlibala Hacızadənin yazmaq istədiyi roman idi, amma sonrakı iki roman sırf oxucuların istəyi ilə yazıldı?

- Mən elə deməzdim. Məncə, ehtiyac vardı "Əfsanəsiz illər"ə də, "Ayrlığın sonu yoxmuş"a da. Çünki birinci roman sanki bitməmişdi.

- Əslində, romanın bitməməsi, finalın oxucunun ixtiyarına buraxılması daha maraqlı olur bəzən. Yazıçının atdığı simvolikanı hər oxucu bir cür yozur. Amma Əlibala Hacızadə bundan çəkinmədi və belə deyək, əsərə etdiyi əlavələri də peşəkarlıqla, maraqlı yazdı. Siz isə öz fikrinizdə qalırsınız və güman eləyirsiniz ki, "İtkin gəlin"in davamı mütləq yazılmalıydı.

Bizim Əlibala müəllim və onun komandası ilə Sumqayıtda maraqlı görüşümüz olub. "Cahan" juralı və "Şəhriyar" qəzetinin yaradıcı heyəti ilə görüşmüşdük. Əlibala müəllim, Əhəd Muxtar, Eyvaz Taha, Cavanşir Yusifli iştirak eləmişdi o tədbirdə. Yəni qismət olmuşdu, həyatda bir neçə dəfə görüşə bilmişdik. Ruhu şad olsun.

Əlibala müəllimin ömrünün son illərindən danışaq bir az. Deyəsən, sıxıntı çəkirdi...

 

Atam yaxşı adam idi axı...

 

- Təəssüflər olsun ki, həmin dövrdə mən Azərbaycanda yaşamırdım. İşimlə əlaqədar olaraq Moskvada idim. Atam bacım və qardaşımla qalırdı. Xərçəng tapıldı böyrəyində. Əvvəl inanmadıq qoyulan diaqnoza. Çünki elə xeyirxah, yaxşı adamın o cür sağalmaz xəstəliyə tutulması dəhşətli idi. Axı bütün həyatını naqisliklə, insanlara pislik eləməklə keçirən o qədər adam var ki... amma atam... İki ilə qədər çəkdi xəstəliyi. Bakıda həkimlər əməliyyat eləmək istəyirdilər, qoymadıq. Çünki zəmanət vermirdilər əməliyyatdan çıxıb-çıxmayacağına. Moskvaya yanıma gətirtdim onu. Orada yaxşı müayinə etdilər və Bakıda qoyulan diaqnoz qoyuldu, artıq gec idi, metastaz vermişdi. Böyrəyi iflas etdi. Moskvadakı həkimlər ümumiyyətlə onun əməliyyat olunmasını mümkün görmədilər. Dedilər nə qədər ömrü qalıbsa qoy yaşasın, sadəcə ağrılarını azaldaq.

Biz gizlədirdik ondan xəstəliyini, bilmirdi nə baş verir. Amma çox həssas adam idi axı, başa düşürdü və bizi incitmək istəmirdi. Nikbin adam idi, həyata bağlı idi, deyirdi nə xəstəlik, mən xəstəliyi yaxın buraxan deyiləm. Bəlkə də anam dünyasını dəyişməsəydi atam 3-4 il yaşayardı. Biz atamızın itkisinə hazırlaşmışdıq, qəfildən anam rəhmətə getdi və cəmi əlli gündən sonra atam da dünyasını dəyişdi. Belə...

 

Söhbətləşdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!