Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin rəhbəri Arif Buzovnalı ilə professor Vüsalə Musalının söhbəti
Dərin təsəvvüfi dünyagörüşünə malik, bəlağəti gözəl bilən Azərbaycan şairləri klassik ədəbiyyatımızın memarlarıdır. Bu gün də onların adını qürurla çəkir, yubileylərini qeyd edir, əsərlərini təhlil və nəşr edirik. Bütün bunlarla bərabər, Azərbaycan klassik şairləri həm yaşadıqları dövrdə, həm də özlərindən sonra ədəbiyyatımıza ciddi təsir göstərə bilmiş, ədəbi məktəblər yaratmışlar.
Bu minvalla Azərbaycan ədəbiyyatında klassik ənənə qırılmadan davam etmişdir. Ədəbi məclislər bu ənənənin yaşaması üçün mərkəz rolunu yerinə yetirirdi.
Müasir Azərbaycan ədəbiyyatında klassik poeziya ənənələri öz mövcudluğunu davam etdirməkdədir. Bu şeiri yaşadanlar isə əsasən Bakı ədəbi mühitini təmsil edən şairlərdir. Klassik şeir, muğam Bakının ruhudur. Bakı ədəbi mühitini klassik şeirsiz təsəvvür etmək mümkün deyil.
Müasir Azərbaycan ədəbiyyatında klassik şeir ənənəsi üzərində araşdırmalarımız bizi bu şeiri yaşadanlarla söhbətlərə yönləndirdi. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyi Xəzər (Bakı) Bölməsi klassik şeir yazan gənc şairlərin ustad məktəbinə çevrilmişdir. Klassik şeirin bugünkü vəziyyəti, Bakı ədəbi mühiti, klassik ədəbiyyatın tədrisi və araşdırılmasındakı problemlərə işıq salmaq üçün Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsinin rəhbəri, şair Arif Buzovnalı ilə söhbətləşdik.
- Arif müəllim, klassik şeir Sizin üçün nədir?
- Klassik şeir mənim üçün və ümumiyyətlə ədəbiyyatı sevənlər üçün ruhani qidadır, zövqün mənbəyidir. İnsanın özü ilə yaradanı arasında, "mən"i ilə bağlantıdır, rabitədir. İnsanlıq tarixidir, insana xas üstün keyfiyyətlərin sığınacağı, yaşam yeridir. Hisslərin toqquşduğu, fikirlərin savaşdığı, arzuların dəyişdiyi meydandır. Hər hansı bir fikri nəsrlə bir neçə cümlə daxilində deməyə cəhd edirsən və çatdırmaqda çətinlik çəkirsən. Klassik şeir xüsusi sözlərin seçimi vasitəsilə, əruzun ritmikası, ahəngdarlığı, dinamikası ilə çox rahatlıqla o duyğunu, hissi ifadə edə bilir. Klassik şeiri nəsrə çevirməyə çalışsan, şeirlə deyə bildiyindən artığını deyə bilməyəcəksən və bəlkə də uzun-uzadı şərh verməli olacaqsan. Şairin içərisində olan o duyğu və şeir arasında bağlantı onu nəsrlə ifadə etməkdən daha rahat və təsirlidir. Şeir duyğunun tərcümanıdır.
Ruhu doyduran, onun xəstəliklərini sağaldan klassik şeirdir. Biz iki əsr bizim olmayanların içində yaşamışıq. Bizə yad olanlarla qidalanmışıq. Bizim ruhumuza uymayanları oxumuşuq. Özümüzünkü nədir, bəzən onu unutmuşuq. Klassik ədəbiyyat bizim ruhumuzu təmizləyir, mənəviyyatımızı zənginləşdirir, həm ruhumuzun qidasına çevrilir, həm də əsrlərin təcrübəsini özündə yaşadır.
- Necə oldu ki, Azərbaycan ədəbiyyatındakı klassik şeir ənənəsi kəsintisiz bir şəkildə bu günümüzə gəlib çatdı?
- Bunun bir neçə səbəbi var və bu səbəblər bir-birilə müəyyən mənada bağlıdır. XX əsrin əvvəllərində dünyada baş verən dəyişikliklər - inqilablar, imperiyaların dağılması ədəbiyyatın da dünyaya, həyata baxışını dəyişdirdi. Artıq yaradıcı insanlar hər hansı bir duyğunun, hadisənin, işin ruhani, mənəvi tərəfindən daha çox ictimai-sosial tərəfində baxmağa çalışdılar. Bir növ kütləvi yaşam, kütləvi baxış fərdiliyin önünə keçdi. Artıq şairlər bir şəxsin deyil, qrupların, xalqların, millətlərin dilindən danışmağa başladılar. Bu mənada ruhani yaşam, mənəvi zövq fərdi olduğu üçün geri planda qaldı. Dünyada baş verən dəyişikliklər istər-istəməz Azərbaycan ədəbiyyatına da öz təsirini göstərdi. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında milli duyğuları ifadə edən şeirlər qələmə alındı. Şeir bu minvalla siyasiləşdi, sosiallaşdı və psixoloji silaha çevrildi. Bu mənada yavaş-yavaş klassik şeir də bir çox duyğulara hesablanmış incə sənətlər kimi tənəzzülə doğru getdi.
Hər hansı bir quruluş dəyişkənliyi zamanı dini, mənəvi dəyərlərin mərkəzdən uzaqlaşdırılmasına cəhd edilib. Bəzən isə bu dəyərlər quruluşun diktəsinə tam tabe olaraq, onun istəklərini həyata keçirərək fəaliyyət göstərib. XIX əsrin sonlarında yaranmış ədəbi məclislər Sovet hakimiyyətinin qurulması ilə bağlandı, dağıdıldı. Bakıda bir neçə yerdə şəxsi evlərdə gizli ədəbi məclislər fəaliyyət göstərirdi. Bu məslislərin adı yox idi. Bu toplantılarda Məşədi Azər, Əbdülxalıq Yusif, Məmmədağa Cürmi və digərləri şeirləşir, ədəbiyyatdan danışır, klassik ədəbi nümunələri təhlil edir, fikir mübadiləsi aparırdılar. Beləcə, klassik şeirin sirləri və min illik ədəbiyyat texnikası da o məclislərdə iştirak edənlərə ötürülürdü.
Bundan başqa, XX əsrdə qəzəlin yaşamasında Əliağa Vahidin və qəzəlin muğamın ayrılmaz parçası olmasının önəmli rolu olmuşdur. Vahid klassik şeirin qorunmasına, sosrealizm içərisində yayılmasına və gələcəyə ötürülməsinə şərait yaratdı. Məzmun fərqinə və məna dayazlığına baxmayaraq "qəzəl" libasında klassik şeir sosial mühitdə özünə yer tapa bildi. Klassik şeiri yaşadan bir digər qüvvə də satira idi. Sovet hakimiyyəti illərində sistem cəmiyyətdəki çatışmazlıqları aradan qaldırmaq üçün və xalqın arasında ictimai qınağı formalaşdırmaq üçün satirik şeirin yazılmasına icazə vermşdi. Əruzun oynaq bəhrlərində daha gözəl səslənən və digər vəznlərdən akustik ləzzəti ilə seçilən satirik şeirlərin sevilməsi və sovet rejimi tərəfindən qəbul edilməsi həm də Əruz ədəbiyyatının yaşaması demək idi. Əruz vəzninin ahəngi, ritmi və oynaq bəhrləri satirik şeir üçün münasib idi. Əliağa Vahid, Rüfət Əhmədzadə, Cəfər Rəmzi, Rəfiq Zəka, "Kirpi" jurnalında şeirlərini dərc etdirən digər şairlər istər-istəməz əruz vəznini də qorumuş oldular. Bəlkə də niyyətləri əruzu qorumaq deyildi, amma nəticə etibarilə əruz vəznini yaşatdılar.
- Arif müəllim, Azərbaycan şair və qəzəlxanları klassik şeiri qoruyub günümüzə gətirdilər. Klassik şeirin vəziyyətini necə dəyərləndirirsiniz?
- XX əsrin 90-cı illərində "Füzuli ədəbi məclisi", "Məcməüş-şüəra ədəbi məclisi"nin fəaliyyət göstərməsi onu göstərdi ki, o körpülər sağlam olub və estafet ötürülə bilib. Yəni 70 illik sovet hakimiyyəti dövründə Bakıda klassik şeir itmədi və bu gün də yaşayır. Onu da qeyd edim ki, bu gün klassik şeir ənənəsi Azərbaycanda Şərqin heç bir yerində olmadığı qədər güclüdür.
Klassik şeir ənənəsinin bugününü qənaətbəxş dəyərləndirirəm. Gənc şairlərimizin bir çoxu klassik şeiri anlayır, şərh edir, əruz ölçüsündə qələmlərini sınayırlar. Düşünürəm ki, qarşıdakı onillikdə artıq Azərbaycan ədəbiyyatı deyiləndə əruz ölçülü ədəbiyyat da onun böyük bir hissəsini təşkil edəcək. Əruz ölçülü şeirin texnikası mürəkkəb və çoxcəhətlidir. Ahəngi pozmadan fikri misranın içində həll etmək, onu bəlağətin gözəlliklərindən məhrum etmədən qafiyəli bir sistemə tabe etmək həqiqətən də çətindir. Şeiri söz sənətlərinin tələbinə uyğun şəkildə yazmaq və eyni zamanda çatdırmaq istədiyin fikri də ən dolğun biçimdə ifadə etmək şairdən hünər istəyir. Bu gün əminliklə deyə bilərəm ki, bu hünər sahibləri Azərbaycanda var və olacaq.
- Ədəbi məclislər Bakı ədəbi mühitinə nə verdi?
- Ədəbi məclislər bu işin universitetidir. Hətta bu mövzu ilə bağlı universitetlərdə dərslər keçilsə belə, məclis effekti verə bilməz. Ədəbi məclis şairlərin yetişmə məkanıdır. Burada klassik ədəbiyyat ənənəsi, bəlağət, Şərq fəlsəfəsi, təsəvvüf, təriqətlər və s. öyrənilir. Klassik ədəbiyyat, eyni zamanda tarix və fəlsəfənin kəsişdiyi yerdir. Nizamidən, Füzulidən, Nəsimidən qidalan bir gənc bu kultun üzərində yazmağa-yaratmağa davam edəcək və ümummilli bir missiyanın davamçısına çevriləcək. Yazılan hər əsərin söykəndiyi bir ideya və istiqamətləndiyi bir hədəf olacaq. Ədəbi məclislər öz kimliyini unutmamaq və bu kimliyin qüdrətini gələcəyə daşımaq ədəbini öyrədir, desəm, doğru olar.
- Ədəbiyyat sovet təbliğatını həyata keçirmək üçün ən mühüm vasitə idi. Sovet hakimiyyəti illərində Azərbaycan ədəbiyyatının tədrisi sovet ideologiyası əsasında həyata keçirildi. Bu da klassik ədəbiyyatımızın tədrisinə mənfi təsirini göstərdi. Müstəqilliyimizin 30 yaşı olmasına baxmayaraq Azərbaycan klassik ədəbiyyatının tədris proqramı dəyişdirilməmişdir. Sizin bu məsələyə münasibətinizi öyrənmək istəyərdim.
- Əruz orta məktəb proqramlarında var idi. Bu proqrama görə müəllim şeir haqqında ümumi məlumat verir və şeiri şagirdlərə əzbərlədirdi. Şagird şeirin ritmini bilmədən, oradakı sözlərin mənasını anlamadan şeiri əzbərləyirdi. Klassik ədəbiyyatın tədrisi ilə bağlı bu boşluqda sovet sisteminin çox böyük mənfi təsiri oldu. Məktəblərə gələn gənc müəllimlər indi də klassik şeiri anlamaqda çətinlik çəkirlər. Bəzən klassik şeiri üzündən belə oxuya bilmirlər. Təəssüf ki, bu mənada görülməli çox iş var. Ali məktəblərdə klassik ədəbiyyatın incəliklərini tədris edə biləcək müəllimlər, ustadlar yetişməli, bu sahə müəyyən proqram əsasında təlim edilməlidir. Azərbaycanda 2019-cu il "Nəsimi İli", 2021-ci il "Nizami İli" elan ediləndə düşünürəm ki, bütün klassik ədəbiyyat aşiqləri sevinmişdilər. Bu iki il həm ədəbiyyatımıza, həm yaradıcı gəncliyə, həm də ümumilikdə cəmiyyətə böyük ədəbi xidmət göstərmiş oldu. Azərbaycan xalqı iki dahinin fikir dünyasına qərq oldu və iki ilə Şərq tarixini süzgəcdən keçirmiş oldu. Bu təkanlar klassik şeirin təhsil ocaqlarının tədris proqramında özünə daimi yer edəcəyindən xəbər verir.
- İslam tarixi, əxlaqı, fəlsəfəsi, təsəvvüf tarixi və bütövlükdə klassik ədəbiyyatın qaynaqlarını öyrənmədən klassik şeiri tədris etmək mümkündürmü?
- Bu gün tədris müəssisələrində klassik ədəbiyyatın tədrisi şairlərin həyat və yaradıcılığının öyrənilməsi, şeirlərinin əzbərlənməsi şəklində həyata keçirilir. Ədəbiyyatı öyrənmək bu şairlərin adlarını öyrənib, şeirlərini əzbərləmək deyildir. Bu əsərlərin şərhi önəmlidir. Klassik əsərlər Azərbaycan xalqının sosial-mədəni həyatının əsas qaynaqlarındandır. Ədəbiyyat bir xalqın mədəni tərəqqisinin göstəricisidir. Bir var yazdırılan, diktə edilən tarix, bir də var özü-özünə təbii şəkildə yazılan tarix. Mənə görə klassik ədəbiyyat özündə klassik fəndləri də yaşatmaqla, eyni zamanda təbii tarixi də yaratmış və yaşatmışdır. Ümumiyyətlə, şeir kimi zərif və dərin sənətlər hər kəs üçün deyil. Bu sənətlər hazırlıqlı insanlar üçündür. Klassik şeirdən zövq almaq üçün onu eşitdiyin anda anlamaq şərtdir. Duyğular, hisslər ümumən hər kəsə məlumdur, amma onlar hansı hadisələrlə, obrazlarla ifadə olunub, müəllif hisslərinin sərhədini, ölçüsünü necə göstərmək istəyib, bunu anlamaq və duymaq üçün həmin hadisə və obrazlarla tanışlıq vacibdir. Misal üçün "Şahi" təxəllüslü XV əsr şairinin bir beytinə nəzər salaq:
Şətmidir, Qülzümmidir, ya abi-Ceyhun, ya Fərat,
Həsrətindən hər du çeşmimdən axan culərmidir?
Əgər oxucu "Şət"in Dəclə və Fərat caylarının birləşdiyi yerə verildiyi Şəttülərəb, "Qülzüm"ün Xəzər dənizi, "Ceyhun"un Amudərya çayı olduğunu bilmirsə, bu poetik lövhədən heç bir zövq ala bilməz. Eyni zamanda klassik şeirin sirlərini açmaq üçün oxucu irfani istilahlardan, təsəvvüf terminlərindən, din tarixindən və şəriət qaydalarından, Şərqin böyük ustadlarının əsərlərindən xəbərdar olmalı, geniş dünyagörüşünə sahib olmalıdır. Bu açarları olmayanlar klassik ədəbiyyatın sehrli aləminə daxil ola bilməzlər.
- Ustad, məlum olduğu kimi, əruz vəznində yazan şairlərimiz qəlibləşmiş mövzularla bərabər, milli fikir, düşüncə, türkçülük, Qarabağ və s. kimi mövzulara müraciət edirlər. Dildə də sadələşmə hiss edilməkdədir. Siz qəzəlxan olaraq klassik şeirimizdə mövzu və üslub baxımından hansı dəyişiklikləri müşahidə edirsiniz?
- Klassik ənənəni davam etdirən və əruzla şeir yazan şair Azərbaycan ədəbi dilini, Azərbaycan dilinin qrammatikasını gözəl bilsin və buna riayət etsin. Dilimizin gözəlliklərini şeirin ölçüsünə qurban verməsin. Şeir daha çox ana dilimizdəki sözlərdən ibarət olsa gözəl olar. Şeirin öz dili olmalıdır. O, nəsr kimi yazılmamalıdır. Bir çox məqamlar var. Əsas məsələ şeirin dili və ruhudur. Şeir diri, canlı olmalı, danışa, cavab verə bilməlidir. Nəzərə almaq lazımdır ki, böyük fikirləri sadə dillə çatdırmaq özü bir məharət tələb edir. Ən uyğun sözləri seçmək kifayət etmir, həm də əruz ahənginə cavab verən sözlər seçilməlidir. Bu baxımdan məzmunu, dili və şeirin tələblərini qorumaq asan məsələ deyil. XXI əsrin ədəbiyyatımızdakı bu boşluğu dolduracağına inanıram. İnanıram ki, ədəbiyyat tariximiz boyunca yazıldığı kimi, bundan sonra da Əruz meydanında hər mövzuda qələm çalınacaq. Mövzu məsələsi isə çox sadədir. Düşünən insan "mövzu" axtara bilməz, buna ehtiyac qalmaz. Zatən, düşünmək özü elə mövzudur. Dünyada baş verənlərdən, öz həyatında müşahidə etdiklərindən, oxuduqlarından, eşitdiklərindən bir nəticəyə gəlirsən və bu nəticəni doğru və bilinən obrazlarla ifadə edirsən. Bütün "mövzu"lar bu həyati obrazların ətrafında hazır dayanmış olur.
- Sovet hakimiyyətinin ən çətin günlərində belə Bakı və Bakıətrafı kəndlərdə klassik şeir yaşadı. Cəfər Rəmzinin nəşr etdirdiyi "Deyilən söz yadigardır" adlı antologiyadan da Bakı ədəbi mühitinin gözəl şairlər yetişdirərək Azərbaycan ədəbiyyatını zənginləşdirdiyini görürük. Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsi ətrafında yetişən şairlərin həyat və yaradıcılığı, şeirlərindən nümunələri əhatə edən "Xəzər təzkirəsi" haqqında nə deyə bilərsiniz?
- Bakı və Bakıətrafı kəndlərdə, Azərbaycanın cənub bölgəsində klassik şeirə maraq, meyil var. Bu meyildə dini mərasimlərdə oxunan qəsidə və mərsiyələrin də rolu vardır. Əruz ahəngi onların qulaqlarına yad deyil. Mən deyərdim ki, əruz ölçülü klassik şeir yazma ənənəsi məhdud çərçivədən çıxmışdır. Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin üzvləri arasında müxtəlif bölgələrimizdə yaşayan şairlər var.
Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsi olaraq 10-dan artıq müəllifin kitabını çap etmişik. Bundan əlavə, "Xəzər təzkirəsi" adı altında 36 şairin həyatı, yaradıcılığı və şeirlərindən örnəkləri nəşr etmişik. Mütəmadi olaraq Azərbaycandakı qəzet və jurnallarda "Yazıçılar Birliyindən çələng", "Klassik şeir çələngi" rubrikalarında şairlərimizin şeirləri çap olunur. Türkiyə Yazarlar Birliyi, Yazarlar Vəqfi ilə əlaqələrimiz var. Bizim şairlərimizin əruz ölçülü şeirləri istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda təşkil olunan müsabiqələrdə bir çox mükafatlar alıb. Bütün bu uğurlara Yazıçılar Birliyi Xəzər Bölməsi yarandıqdan sonra nail olmuşuq. "Xəzər təzkirəsi" müasir Əruz ölçülü ədəbiyyatın simvoludur, varlığının sübutudur. Təzkirə gələnəyini də yaşatmaqla bərabər, bu kitab həm də əruzun Azərbaycan üzrə xəritəsidir. Bir neçə əsr susqunluqdan sonra Gəncənin, Şirvanın, Naxçıvanın da əruz ləngərinə köklənməsi qürurvericidir.
- Hacı, son beş ildə nəşr olunan ədəbiyyat tarixlərini nəzərdən keçirdiyimiz zaman çağdaş ədəbiyyatımızda klassik ənənələri yaşadan Bakı ədəbi mühiti, məktəb yaratmış qəzəlxanlarımız, şairlərimiz haqqında məlumat verilmədiyini müşahidə edirik. Məncə, ədəbiyyat tarixləri dövrün ədəbiyyat məhsullarını, cərəyanları və s. əhatə etməlidir. Bakının sosial-mədəni həyatını, inanc dünyasını, etnoqrafiyasını və ümumən ruhunu əks etdirən bu əsərlər niyə ədəbiyyat tarixlərimizə daxil edilmir?
- Bütün sahələrdə dəyişikliklər gedir. Bəzilərində sürətlə, bəzilərində bir az ləng. Bakı ədəbi mühitinin ədəbiyyat dünyasına qoşulması dildə rahat deyilsə də, proses elə də asan proses deyil. Bəzi maneələr var ki, hələ də sovet ideyalarında ilişib qalıb. Ədəbiyyatdan qidalanan bir para "şairnümalar" da var ki, həqiqi ədəbiyyatın meydana çıxmasında maraqlı deyillər. Amma bütün bu maneələr aşılacaq, əsl sənət nümunələri gün üzünə çıxacaq. Zatən, hər nəfis əsər qədirbilən oxucuların qəlbində özünə yer edir. Zövq əhli sevdiyi şairin əsərini tapır da, paylaşır da. Bu ədəbi nümunələrin tədris proqramlarına daxil edilməsini, geniş miqyasda çap olunmasını, beynəlxalq ədəbiyyat layihələrində yer almasını arzu edir və bunun üçün çalışırıq.
- Təşəkkür edirəm. Çox sağ olun.
- Həm Azərbaycanda, həm də Azərbaycandan kənarda ədəbiyyatımızı həm təmsil, həm təbliğ etdiyinizə görə sizə təşəkkür edirəm. Sağ olun ki, kimliyimizi, varlığımızı yaşadan Divan ədəbiyyatının keşiyində dayanmısınız.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!