"Ədəbiyyatdan böyük meydan yoxdur" - "Fikir bucağı" layihəsinin qonağı şair, yazıçı Sayman Aruzdur

 

- Sayman bəy, istərdim oxuculara sözlə, ədəbiyyatla ilk tanışlığınız barədə danışasınız...

- Şəhriyarın qəşəng bir sözü var: "Şair ola bilməzsən anan doğmasa şair...". Mən elə gözümü açandan eyni xətt üzrə böyüyən, inkişaf edən adam olmuşam. Sinifdə bütün uşaqların inşasını yazan, ən yüksək balı həmişə ədəbiyyatda, inşada alan, bütün klassik və ya modern şeirlərin hamısını əzbərləyən, danışığında onlardan istifadə edən - bu proses uşaqlıqdan məndə olub. İndiki Saymanla qırx il bundan əvvəlki Sayman arasında sadəcə yaş fərqi var. Doğrudan da, anadangəlmə şairəm, ədəbiyyat həvəskarı, ədəbiyyat fədaisi, bax, beləyəm. Sadəcə, indi mühit dəyişib, yaş dəyişib, düşüncələr dəyişib, bax belə...

- Uşaq yaşlarınızda xiyabanda kitab satmısınız. O dövrün mühiti necə idi? 

- Sulduzun o dövr mühiti çox qaranlıq və qorxulu bir mühit idi. Çünki İran-İraq savaşı bir tərəfdən, terror aktları, müxtəlif hücumlar və s. Yəni çox qəribə bir mühit idi, digər tərəfdən İran inqilabının təzəcə qalib gəldiyi bir vaxt idi və sol təfəkkürlü, Avropa meyilli kitabların hamısı qadağan idi. Kimin əlində o cür kitabları tuturdularsa, həbsə atırdılar, çox ciddi ittihamlarla. Adi bir disk əlində tutsaydılar belə, hansısa bir mahnı diski olsa belə səni həbs edirdilər. Yəni o dönəmdə təsəvvür edin ki, mənim atam necə böyük cəsarət və şərəf sahibidir ki, məni o yola sövq etdi. Mənim bir balaca arabam var idi, onu da atam düzəltmişdi mənə. Arabamın qabağına da yazmışdım: "Saymanın səyyar kitabxanası". Bir qutunun içinə doldururdum kitabları, üst-üstə yığıb, küçədə satırdım. Gizli kitabları da qoyurdum ayrı bir qutuya, həmin qutunun da üstündə otururdum. Kim istəyirdisə, həmin o gizli kitablardan çıxarıb verirdim. Uşaq idim, heç düşünmürdüm ki, məni həbs edə bilərlər, qorxmurdum ki, cəzalana bilərəm. Kitablarımın əksəriyyəti sol təfəkkürlü kitablar idi. Marksın "Kapital" kitabı, Engelsin düşüncələr kitabı, Avropa ədəbiyyatından Oskar Uayldın kitabları və s. daha məşhur idi. Halbuki bu kitablar o dövr qadağan olunmuş kitablar idi.

- Bu o dövr üçün çətin addımlar idi. Başqa hansı çətinliklərlə qarşılaşmaq olardı?

- Mən o vaxtlar böyük risklər eləmişəm. Hətta yadıma gəlir, bir ara biz çox ciddi həbslə üz-üzə qaldıq. Onda hələ balaca idim və təbii olaraq atam daha çox təhlükə ilə üzləşirdi. Yadıma gəlir ki, bir gün atam həyətdə quyu qazdı və bütün kitabları ora doldurub basdırdı. Dedim, ay ata, niyə belə edirsən? Atam qayıtdı ki, bala, narahat olma, kitab da tum kimidi, hara basdırsan, ordan nəsə cücərəcək. O vaxt təhlükəsizlik orqanları gəlib bizim evi yoxladılar, axtarış apardılar, ancaq heç nə tapa bilmədilər. Bilmədilər ki, torpağın altında kitablar göyərirdi...

- Bütün bu proseslər sizin yaradıcılığınıza necə təsir etdi?

- Bu proseslər məni bir az da gücləndirdi. Təbii ki, döyüşkən, mübariz, eyni zamanda öz yoluna imanla baş qoyan insan, mövqeyi dəyişməyən insan o hədələrdən, qorxulardan sarsılmaz. Əksinə, bir az da möhkəmlənər. Mənim atam çox möhkəm adamdı, çox mütəfəkkir adamdı. Ona o qədər təzyiqlər, basqılar oldu, o bir dəfə də olsun mənə bunu bildirmədi. O, həmişə mənə deyib ki, biz bunları ona görə qəbul edirik ki, sən müvəffəq olasan. Bizim ailənin, nəslin, bütün Sulduzun ümidi mənə idi... O basqı, sıxıntı altında yaşayan xalqın səsi idim... Bizə hökümət tərəfindən basqılar olsa da, xalq həmişə bizə dəstək olub. Atamın mağazası bir ocağa çevrilib. Yəni xalq hər gün atama baş çəkir, onun əhvalını öyrənir, bir köməklik lazım olub-olmadığını soruşurdular... Biz də bu yola əbədi baş qoymuşuq. Belə deyim, mən bu yolu seçməmişəm, yol məni seçib...

- Dərgilərdə, qəzetlərdə çap olunmaq, yazmaq, bu istiqamətdə vəziyyət necə idi? Hal-hazırda necə görürsünüz?

- Hal-hazırda elə bir dərgi, qəzet yoxdu. Bizim gənclik dövründə müəyyən qədər imkanlar var idi. "Yarpaq", "Yaşmaq", "Şərq" kimi bir çox dərgilər vardı. Ancaq indi belə bir ənənə qalmayıb. Ümumiyyətlə, müqayisə aparsaq hər iki tərəfdə olan gedişlərlə bağlı heç müqayisə etmək belə düzgün deyil. Burda müstəqil bir dövlət var, orada isə belə bir şərait yoxdu. Ona görə də mən həmişə deyirəm, əgər biz Cənubi Azərbaycandakı soydaşlarımızı vaxtında himayə edə bilməsək, xüsusilə də cəmiyyətin mütəfəkkir şairləri, yazıçılarını vaxtında ələ ala bilməsək, dövlətin himayəsini göstərə bilməsək, vaxt gələr həmin zümrə düşmənin təbliğatı nəticəsində bizə qarşı çıxa bilərlər. Vaxtilə başımıza gələn bəlaların böyük əksəriyyəti öz içimizdə olan manqurtların əli ilə həyata keçirilib. Onun da səbəbi vaxtında lazımi işlərin görülməməsi, həmin ziyalılara diqqətin göstərilməməsidir. 60 milyonluq xalqıq... Bunu keçən dəfə bir tədbirdə də dedim. Həmin tədbirdə çox adam var idi. Mədəniyyət Nazirliyindən, Təhsil Nazirliyindən, Prezident köməkçilərindən və s. adamlar var idi. Dedim ki, biz 60 milyonuq. Hamımız da ana dilimizdə danışırıq. Sadəcə olaraq on milyonumuzun ana dilində təhsil almaq imkanı var... 

- Bunun səbəblərini nədə görürsünüz?

- Biz Vətən dilində danışmağı yadırğamışıq. Bizə Vətən dilinin təbliğatı lazımdı. Vətən maraqları, Vətən yolu, Vətən müqəddəsliyi, həmrəyliyin vacibliyini çatdıra bilmək. Yəni cənubda biz deyə bilmirik ki, niyə Azərbaycan yaxşıdı... Deyirlər ki, yaşayırıq da, qazanırıq da... Düşünmürlər ki, ac olasan, ancaq azad olub yaşayasan, nəinki kölə kimi yaşayasan... Ona görə də Vətən dilinin təbliğinə ehtiyac var. Biz bu gün gərək soydaşlarımızı himayə edək, ictimai şüur onların arxasında olmalıdır. Mən illərdi bu məsələ ilə bağlı danışıram, mübarizə aparıram, müxtəlif və davamlı basqılarla rastlaşıram... Ancaq məqsədim və yoluma iman etdiyim üçün Bəzz qalası kimi dayanıram, dözürəm...

- Dövlət diqqəti necə olmalıdır bu məsələlərdə?

- Təbii ki, mən dövlətin öz üzərimdə himayəsini, diqqətini yüksək qiymətləndirirəm. Elə fürsətdən istifadə edib, təşəkkürümü bildirirəm. Bu gün dövlət diqqəti olmasaydı, biz bunları qeyd edə bilməzdik, nə Sayman burda olmazdı, nə də Saymanın "Körpü" verilişi olmazdı və s. Demək ki, bu diqqət və himayə var. Burada iki detal var: bir cənubdan bura kimi normal kadrların hazırlanması, tutaq ki, dövlətimiz kimisə Cənub məsələsi ilə bağlı harasa yerləşdirmək istəyir. O kadr isə yoxdu. Biz həmin kadrı ya bura kimi yetişdirməmişik. Ki onun da günahı özümüzdədi. Ya da bura kimi yetişdirməyiblər ki, biz ondan dərs alıb, bu gün özümüz kadrlar yetişdirək. İkinci məsələ, biz cənab Prezidentin sözünü özümüzə əsas götürməliyik. Biz qorxaq siyasət yürütmürük. Hər hansı bir xarici mənbəyə asılılıq yoxdu bizim siyasətimizdə, müstəqil siyasət yürüdürük. Bizim dünya azərbaycanlılarının həmrəylik qurultayımız var, "Həmrəylik günü" bayramımız var. Demək ki, dünyada yaşayan soydaşlarımızla bağlı məsələlərdə də müstəqil və ciddi mövqe ortaya qoya bilərik. Biz bunu etməliyik.

- Ədəbiyyat həm də təbliğ etmək üçün bir vasitə deyilmi?

- Gecə-gündüz təbliğatla məşğulam, ancaq tək mənimlə iş bitmir axı... Milli Məclisdə Azərbaycanda yaşayan bir sıra icmaların nümayəndələri var, etnik qrupların belə nümayəndələri var... Səttarxanın evinə kimi yıxdılar, tarixi abidələrimiz məhv olur. Bağırxanın məzarı bu gün Rey şəhərində hansısa bazarın ortasında camaatın ayağı altındadır. Hər gün minlərlə insan Bağırxanın məzarını tapdalayır. Ərk qalasını dağıtdılar. Bir dənə olsun abidəmiz qalmadı. Urmu gölünü bilərəkdən qurutdular. Xalqımızın ana dilini əlindən alıblar. Bu kimi məsələləri kim deməlidir? Qurduğumuz müstəqil dövlətimiz dünyada yaşayan 60 milyondan artıq azərbaycanlının dövlətidir. Bütün beynəlxalq qanunlar bizə tərəfdir. Bu kimi məqamları həmişə diqqətdə saxlamalıyıq.

- Cənubi Azərbaycan ədəbiyyatından söz düşmüşkən, niyə məhz Şəhriyar daha çox yadda qalıb? Bu nə ilə bağlı ola bilər?

- Bu da təbliğatla bağlı məsələdir. Şəhriyardan da güclü şairlər olub. Səhəndin şeirləri Şəhriyarın şeirlərindən zəif deyil ki. Sadəcə olaraq Şəhriyar "Heydərbabaya salam"ı kifayət qədər təbliğ edilib. Şəhriyar dönəmin qadağalarına rəğmən Azərbaycan dilinin saflığını, adət-ənənələrini qoruyub saxladı. Bir millətin mədəniyyətini, dilini yox olmağa qoymadı. Yoxsa şeiriyyat baxımından Şəhriyardan qat-qat güclü şairlər var. Məsələn, Yəhya Şeyda kimi qəzəl ustadı olub. Mən deyərdim Füzuli səviyyəsində bir şair olub.

- Təbliğat mexanizmi necə olmalıdır və fəaliyyət prinsipləri nələrdən ibarət olmalıdır?

- Lap min ədəd kitab yazsaq belə, təbliğat olmasa, oxucu əlinə kitab çatmasa, nə faydası var ki? Kütləvi informasiya vasitələrindən istifadə etməklə güclü təbliğat işinə ehtiyacımız var. Mən "Körpü" verilişi ilə az-çox bunu etməyə çalışıram.

- Yazıçı, şair üçün stimul olaraq verilən qonorar, mükafat nə qədər obyektiv önəm kəsb edir? Bununla bağlı nə deyə bilərsiniz?

- Təbii ki, ədəbiyyatda pul olmadığı üçün maddi maraq da axtarmaq olmur. Ona görə də mütləq şəkildə kənardan maddi himayə lazımdır. Çünki yazıçı, qələm əhli dünyanı bütün maddi maraqları ilə bərabər bir tərəfə, qələmi ayrı bir tərəfə qoyur. Əgər qələm sahibinin maddi təminatı olmasa, təbii olaraq onun qələmi onun ehtiyacına işləyəcək. Yəni qələm, düşüncəyə deyil, hər hansı bir ehtiyacın təmin edilməsi üçün vasitəyə çevriləcəkdir. Bu isə olduqca təhlükəli tendensiyadır.

- Ədəbi tənqidlə bağlı nə düşünürsünüz?

- Görünən odur ki, bugünkü tənqid sözü "yaxşı ilə pisi ayırd etmək" anlamına gəlmir. Təəssüflər olsun ki, bizim tənqidçilərin bir çoxu ya tərifçidi, ya töhmətçi kimi çıxış edirlər. Tənqid təhlil ilə paralel olmalıdır. Bizim Azərbaycanda hansısa əsəri təhlil etmək imkanına sahib şəxslərə ehtiyac var. 

- Gənc yazarların yaradıcılıq nümunələri ilə bağlı düşüncələrinizi bilmək istərdim...

- Əsl yazıçı xalqdan seçilməməlidir. Müəyyən qiyafədə özünü "yazıçı" kimi təqdim edənlər çoxalıb. Bu tənqid sahəsində də belədir və bunun arxasında böyük bir iddia var. Gənclər öz üzərində çalışmırlar, qonaqlıq, müəyyən tanışlıqlar və s. kimi məsələlərlə ədəbiyyat görüntüsü yaradırlar, ancaq bu ədəbiyyat deyil. Bu sarı ədəbiyyatdır. Ciddi ədəbiyyatlar meydanlarda yaranır. Ədəbiyyatdan böyük siyasət, ciddi meydan yoxdur.

- Təşəkkür edirəm, Sayman bəy. Qarşıdan gələn Novruz bayramınız da mübarək!

- Çox sağ olun, mən də sizi və doğma "Ədəbiyyat qəzeti" ni təbrik edirəm.

 

Söhbətləşdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!