“Kubada biz bu gün də Trotski haqqında danışmaqdan çəkinirik” - Kuba yazıçısı Leonardo Paduranın türk mətbuatına müsahibəsi

 

Kuba ədəbiyyatının yaşayan ən önəmli yazıçısı hesab edilən Leonardo Padura 1955-ci ildə ölkənin paytaxtı Havanada anadan olub və bu gün də orada yaşamaqdadır. Padura Havana Universitetində Latın Amerikası ədəbiyyatı üzrə təhsil alıb. Dünyada və öz ölkəsində də Leonardo Padura kimi tanınan, bütöv adı Leonardo de la Caridad Padura (ata soyadı - tərc.) Fuentes (ana soyadı - tərc.) olan yazıçı, eyni zamanda jurnalist və tənqidçi kimi də tanınır. "Mən Pol Oster olmaq istərdim" başlıqlı esselərindən birində siyasət, ölkəsinin iqtisadi-sosial vəziyyəti, eləcə də niyə Kubada yaşadığı haqqında verilən çoxsaylı suallardan şikayətlənir. İnqilab dövrünün beynəlxalq miqyasda ən uğur qazanmış kubalı romançısıdır və Sovet İttifaqının dağılmasından sonra 1990-cı illərdə Kuba detektiv janrının yenilənməsinə cavabdeh olan yazıçı hesab edilir. Sevgidən bəhs edən ilk qısa romanını (Fiebre de caballos ("At qızdırması")) 1983-1984-cü illər arasında yazıb. Sonrakı altı il ərzində o, mədəni və tarixi mövzularda geniş reportajlar hazırlayaraq jurnalist kimi fəaliyyətini davam etdirib. Təxminən bu vaxtlarda o, polis məmuru Mario Kondedən bəhs edən ilk romanını yazmağa başlayıb. Onun "Bitter Lemon Press" tərəfindən ingilis dilində nəşr olunan detektiv Mario Kondenin yer aldığı Havana seriyalı cinayət romanları bir çox dillərə tərcümə edilib və bütün dünyada ədəbi mükafatlar qazanıb. 2007-ci ildən o, Kubanın beynəlxalq aləmdə ən tanınmış yazıçılarından biridir. L.Paduranın ssenariləri, qısa hekayələrdən ibarət iki kitabı və detektiv romanları 10 dilə tərcümə edilib. 2012-ci ildə Padura Milli Ədəbiyyat Mükafatına, bu cür mükafatlar arasında ən yaxşı hesab edilən Kubanın milli ədəbi mükafatına və 2015-ci ildə ispandilli dünyanın ən mühüm ədəbi mükafatlarından biri olan, İber-Amerika Nobel Mükafatı kimi qəbul edilən Asturiya Şahzadəsi Ədəbi Mükafatına layiq görülüb.

2014-cü ilin yanvarında onun Trotskinin qatili haqqında olan tarixi romanı, "İtləri sevən adam" əsəri ingilis dilində nəşr edilib. Bu əsər ədəbi tənqidçilər tərəfindən yazıçının ən mühüm əsəri hesab edilir. L.Paduranın "İtləri sevən adam" əsəri sürgündə olan inqilabçının keşməkeşli həyatı və onu izləyən NKVD agentinin sui-qəsd planları ilə davam edən möhtəşəm siyasi trillerdir.

Leonardo Paduranın Türkiyə mətbuatına verdiyi müsahibəni təqdim edirik.

 

- Siz dünyada ən tanınmış müasir Kuba yazıçısı kimi tanınırsınız. Digər tərəfdən, dünya oxucuları sizi tanımaqda bir qədər gecikdilər. Romanlarınız indiyədək neçə ölkədə nəşr olunub?

- İndiyə qədər kitablarım 30 dildə nəşr edilib. Ən son türk və xorvat dillərinə tərcümə edilib. İlk tərcümələr (fransızca, italyanca və b.) 90-cı illərin axırlarında başlayıb və bunlar mənim əsas qəhrəmanı Mario Konde olan detektiv romanlarım olub. Bəzi dillərə niyə gec tərcümə edildiyini bilmirəm. Nəşriyyatlarla, yoxsa bazarla bağlı məsələdir, həqiqətən bilmirəm...

- Tarixi romanlarınızla yanaşı, detektiv romanlarınızla da tanınırsınız. Bu iki fərqli janrda yazmağa sizi nə vadar edir?

- Oturub yazmağa başlayanda mənim üçün ən önəmlisi ideyanın olmasıdır. Sonra o ideya mövzuya çevrilir, bu da mənə arqumenti ortaya qoymağa imkan verir. Roman janrlarına gəlincə, klişe nümunələrə sadiq qalmağı sevmədiyim üçün yazmağa başlayanda birinci detektiv roman kimi başlayıram, sonra tarixi janra keçirəm, ikisinin qarışığı kimi başlayır roman. Ayrıca, romanın hansı janrda olacağı onun mövzusundan, sözügedən janrın qaynaqlarından necə istifadə etməyindən asılıdır.

Ancaq həmişə diqqət etdiyim şey sosial məzmunlu hekayə olmasıdır. Çünki mən hər şeydən çox belə yazıçıyam: Fikirlərini romanları vasitəsilə ifadə edən sosial salnaməçiyəm - ortada hekayəsi danışılacaq bir cinayətin olub-olmamasından, tarixi araşdırma tələb edib-etməməsindən asılı olmayaraq. Mən yazıçının sosial məsuliyyət daşıdığına inananlardanam və buna görə nə lazımdırsa etməyi qarşıma məqsəd qoyuram.

- "İtləri sevən adam" kitabınız Rus inqilabı, Stalin, Trotski, Böyükada illəri, İspaniya Vətəndaş Müharibəsi və "Xüsusi dövr" adlanan Kubanın çətin illəri kimi dünya oxucularını maraqlandıra biləcək insanlardan və hadisələrdən bəhs edir. Bu hekayəni yazmağa necə qərar verdiniz?

- Trotski tarixi şəxsiyyət kimi mənim marağımı çəkdi, çünki Kubada Trotskidən çox az bəhs edilirdi. Trotski məsələsində Kuba Sovet İttifaqı ilə eyni siyasət aparırdı: heç kim onun haqqında danışmırdı. Bu gün də bu barədə nəsə deməkdən uzaq dururuq.

Bu susqunluq məni maraqlandırdığına görə onun haqqında yazılanları və onun öz yazdıqlarını oxumağa başladım... Sonra bildim ki, onun qatili Kubada yaşayıb və 1978-ci ildə elə Kubada vəfat edib. Yəni Ramon Merkader mənim şəhərimdə, mənim vaxtımda yaşamışdı... Beləcə, roman ideyası yarandı.

Sonra anladım ki, Trotskinin qətlinin necə planlaşdırıldığını və həyata keçirildiyini çatdırmaqla yanaşı, sosialist utopiyasının necə yolunu azdığını, Stalinin insanların qədim zamanlardan bəri arzuladığı bərabərlikçi siyasi layihəni necə məhv etdiyini də izah edə bilərəm.

Romanın əsas məqamı hər şeydən çox budur: Utopiyanın insanların əlindən necə çıxdığı və sosial quruluşu milyonlarla insanın kabusa çevrilmiş xəyalı üzərində qurulmuş Kuba kimi ölkədə yaşayan insanların bunu necə yaşadıqlarını və başlarına nələrin gəldiyidir.

- Stalin və Trotski tanınmış şəxsiyyətlərdir, lakin Trotskinin qatili Ramon Merkader o qədər də tanınmır. Ramon Merkader kimdir? İdealist, qatil və ya qurban?

- Doğrusu, heç kim Ramon Merkaderin kim olduğunu bilmir. Düşünürəm ki, Merkader özü də bilmirdi. Ən azı, iki həyat hekayəsi, bir neçə adı və hekayəsi olan adamdır... Bu çox çətin şey olmalıdır.

Amma məncə, sualınızın cavabı belədir: Sosializmin qələbəsi üçün hər cür fədakarlığın edilə biləcəyinə və bu prosesə ən yaxşı rəhbərlik edəcək şəxsin Stalin olduğuna inanan idealist; öldürməyə hazır olan bir qatil, lakin pul üçün deyil, tarixi və ideoloji bir işin şərəfinə sahib olmaq üçün; həm də gildən heykəl düzəldirmiş kimi müxtəlif formalara salınaraq cəhənnəmin ortasına göndərilən qurban.

Ancaq maraqlıdır ki, bu adam, eyni zamanda çox ağıllıdır, müxtəlif rollara girə bilən, aktyor kimi davranan, başqalarını öz işinə alət edə bilən adamdır. Bütün bunları eyni vaxtda bacardığına görə, görünür, kinik xasiyyəti olub. O, son dərəcə çətin, mürəkkəb bir adamdır, bu adamın arxasında duran əsl şəxsin kim olduğunu düşünəndə, beynimizdə heç vaxt tamamilə aydınlaşdıra bilməyəcəyimiz qaranlıq bir stiqma yaranır. Haqqında öyrənməyi bacadıqlarımla kim olduğunu görə bilməyimizə bir az da olsa kömək edəcək işıq tutmağa çalışdım, amma yenə də ortaya çıxan onun sadəcə bir siluetidir.

- Trotski Sovet İttifaqından sürgün edildikdən sonra 4 ildən çox İstanbulda yaşayıb, ən mühüm əsərlərini Böyükadada yazıb. Sonra Fransaya, oradan da Norveçə və nəhayət, Meksikaya gedib. Bəlkə də onun ən çox qonaqpərvərlik gördüyü, rahat işlədiyi yer Türkiyə olub. Üstəlik, Rusiyaya daha yaxın idi, dostları onu rahat ziyarət edə bildirdilər. Sizcə, o, Türkiyəni tərk etməklə səhv etdi?

- Trotski siyasətçi idi və siyasətçi kimi düşünürdü. Ona görə də o, bütün qərarlarını siyasətçi kimi verdi, hətta ailəsini, eləcə də bir çox dost və ardıcıllarını qurban verdi. Siyasi mübarizənin aparıldığı mühitə yaxın olmalı idi, Böyükadada çox təcrid olunmuşdu. Fransada daha fəal ola biləcəyinə inanırdı. Bu, tarixi səhv ola bilər, amma mübarizəni davam etdirmək istəyən və bunun üçün ən yaxşı yer axtaran adam üçün bu hərəkət başadüşüləndir. Təbii ki, bəlkə də səhv idi. Dahilər belə səhv edirlər.

- Stalinin 20 milyon Sovet vətəndaşını öldürdüyü deyilir. Trotski hakimiyyəti ələ keçirsəydi, vəziyyət başqa cür ola bilərdi?

- Bəlkə, fərqli olardı. Mən həmişə demişəm ki, öldürülən insanların sayını nəzərə alsaq, Trotski bəlkə də bir milyon insanı öldürəcəkdi: amma, o, sadəcə, öldürülməli olduğunu düşündüyü insanları öldürəcəkdi. Stalin isə sosiopat idi, daim öldürməyə davam edirdi. Trotski özünə arxayın idi, Stalin yox. Trotski siyasətçi idi, Stalin dəli fanatik. Ancaq əslində nə olacağını heç vaxt bilmərik. Biz artıq baş verənlərə tarix deyirik, başqa vəziyyət olarsa nələr baş verəcəyinə deyil.

- "İtləri sevən adam" təkcə tarixi şəxsiyyətlərin qeyri-adi hekayətlərini deyil, həm də utopiyanın necə və niyə yolunu azdığını, uydurma obraz olan İvan vasitəsilə otuz il ərzində Kubada nələrin yaşandığını da realist şəkildə izah edir. Bu haqda bir az danışa bilərsiniz? İnqilabdan altmış il sonra Kubanın öz utopiyası hansı vəziyyətdədir?

- Kuba yazıçısı İvan romandakı uydurma personajdır, lakin o, həm də personajların ən realıdır: realdır, çünki onu tanıyıram, onun kim olduğunu, düşüncələrini, məyusluqlarını bilirəm. İvan bizim nəsil yazıçılardan biridir, onun təcrübələri mənimkinə və Kubada tanıdığım bir çox başqa yazıçılara bənzəyir. İvan Kubanın ən yaxın tarixinin ən çətin illərində, bir yazıçının xor görülməklə qalmayıb, həm də intellektual və bədii cəhətdən tamamilə məhv edildiyi bir dövrdə yaşayır.

Kuba mədəniyyətində 70-ci illəri boş yerə "qaranlıq dövr" adlandırmırlar. Bu çox geniş və mürəkkəb mövzudur; bunu bir neçə sözlə izah etmək çətin olsa da, onlarca ziyalının müxtəlif səbəblərdən - ideoloji, cinsi, dini səbəblərlə - marjinallaşdırılmış olduğunu deyə bilərəm.

Eyni siyasi və iqtisadi sistem bu gün də Kubada davam edir, lakin bir çox dəyişikliklər baş verib - xüsusən də cəmiyyətdə - və bu dəyişikliklərin müxtəlif tarixi səbəbləri var. İstənilən halda, bir sənətkarı məhv edə bilən və ya yoxmuş kimi davranan bir sistem var. Özümdən bir misal gətirim: Kitablarım vətənim Kubadan daha çox xaricdə nəşr olunub; burada məndən müsahibə almırlar, televiziyalara çağırmırlar, aldığım mükafatlardan xəbər belə hazırlamırlar... amma məni cəzalandırmağa da çalışmırlar. Sistem belə işləyir.

- Bu gün əksər Latın Amerikası ölkələrinin çoxu kütləvi sosial-iqtisadi bərabərsizliklər, korrupsiya, yüksək cinayət göstəriciləri və siyasi qeyri-sabitliklə mübarizə aparır. Kuba, deyəsən, bu problemlərlə qarşılaşmayıb, ən azından bu səviyyədə. Bu fikirlə razısınız?

- Eyni fikirdəyəm. Kuba cəmiyyəti, hər şeyə rəğmən, qitənin qalan hissəsinə nisbətən daha bərabərlikçi bir cəmiyyətdir. Siyasi sistem altmış ildir ki, belədir və Fidel Kastronun olub-olmamasından asılı olmayaraq bu sistemin həmişə qorunub saxlanacağı deyilir. Cinayət nisbəti haqqında da haqlısınız: Kuba bir çox xırda cinayətlərin (məsələn, rüşvət) törədildiyi yerdir, amma zorakı cəmiyyət deyil. Hesab edirəm ki, bunlar törədilmiş cinayətlərin, aparılan araşdırmaların və s. mövzu olduğu detektiv romanlarımda çox gözəl əks olunub, lakin qitənin digər ölkələrində olduğu kimi ümumi siyasi və sosial zorakılıq yoxdur.

- Kuba inqilabı rus inqilabından fərqli olaraq həm Türkiyədə, həm də dünyada bir çox solçular üçün hələ də yaşayır. Kuba xalqının embarqo və digər amillərə görə çətin şəraitdə yaşadığı məlumdur, lakin Kuba hamı üçün pulsuz təhsil sistemi yaratması ilə, səhiyyə sisteminin xalq üçün əlçatan, ödənişsiz olması ilə təriflənir. Kuba xalqının çox cəsur olduğunu, çətinliklərə mahnı oxumaqla, rəqs etməklə sinə gərdiyini də bilirik. Sizcə, bu, romantik baxış bucağını, yoxsa reallığı əks etdirir?

- Romantik baxış bucağıdır, amma eyni zamanda reallığı əks etdirir. İzah edim: Adanın kənarından baxanda Kuba ya qüsurları ilə, ya da uğurları ilə görünür. Baxanın mövqeyindən asılı olaraq ya cəhənnəm, ya da sosialist cənnəti olduğu deyilir.

Kuba xalqının üzləşdiyi bəzi çətinliklərin ABŞ-ın ticarət və iqtisadi embarqosundan qaynaqlandığını, bunun adadakı həyatı çox çətinləşdirdiyi doğrudur. Türkiyənin Kuba kimi 60 il boyu Amerika embarqosu altında yaşadığını təsəvvür edə bilərsiniz?

Amma real olan digər şey odur ki, Kubanın iqtisadi sistemi illərdir çox səmərəsiz, çox doqmatik olub. İndi bunu bir az dəyişdirməyə çalışırlar, amma sadəcə bir az...

Bütün bunlar kubalıların böyük məhrumiyyətlər yaşamasına səbəb olub, hələ də bu məhrumiyyətlərdən əziyyət çəkirik. Məktəblər və xəstəxanalar həm pulsuz, həm də keyfiyyətli olsa da, əhalinin əksəriyyəti buna görə yoxsullaşdı. Lakin bütün bunlara bir mədəni amil də əlavə edilməlidir: kubalıların xarakteri. Bizə yoxsulluq, pis siyasi və iqtisadi qərarlar daha çox təsir etmirsə, bu, kubalıların xarakterindən irəli gəlir. Hər halda, deməliyəm ki, Kuba bu gün böyük iqtisadi sıxıntı içindədir, bir çox insanın böyük iqtisadi, sosial və mənəvi ehtiyaclarını ödəyə bilmir.

- İspan vətəndaşlığınız olsa da, Kubada yaşamağa üstünlük verirsiniz. Bundan əlavə, mənsubiyyət, dostluq və sürgün kimi mövzular əsərlərinizdə mühüm yer tutur. Çətinliklərə baxmayaraq niyə Kubada yaşamaqda israr edirsiniz?

- Çünki mən kubalıyam. Çünki mən kubalı yazıçıyam. Çünki mən Kuba haqqında yazan bir kubalıyam və yazmaq üçün mənə kubalıların həyatı, reallığı, düşüncə tərzi lazımdır. İllər əvvəl burada qalmağa qərar verdim. Kubadan kənarda işlədiyim naşirlər və film prodüserləri var, amma mən Kubada yazıram. Mən Kubadakı həyatdan qidalanıram.

Kubanın mədəni həyatının idarəçiləri məni gözəgörünməz etməyə çalışsalar da, Kubada çoxlu sayda oxucum var və hər şeydən əvvəl öz mədəniyyətim, öz dilim, öz tarixim buradadır. Mənim evim buradadır və mən buradakı həyatı öz yaradıcılığıma görə şərh edə bilirəm. Ona görə də mən həmişə deyirəm ki, iki ölkənin, Kuba və İspaniyanın vətəndaşlığına sahibəm (bunun da çox faydası olur, məsələn, səyahət edərkən), ancaq bir vətənim var: mən bütünlüklə kubalıyam.

 

2021

Hazırladı: Nilufər HACILI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!