Şəfa VƏLİ: "Balaca bir körpənin qulağının dibində partlayan mərmilərin qarşısında ədəbiyyat mənasızdır" - "Fikir bucağı" - Müsahibə

"Fikir bucağı" layihəsinin qonağı yazıçı, ədəbiyyatşünas Şəfa Vəlidir.

 

- Şəfa xanım, ola bilərmi ki, Bakıdan uzaqda yaşamağız sizin aktiv yaradıq imkanlarıza sir edir?

- Ədəbiyyatda "bölgə" anlayışını qəbul etmirəm. Mən Şəkinin Yuxarıbaş məhəlləsində oturub əlimə keçən hər şeyi oxuyuramsa, bunu Bakıda rahat kabinetində oturan da bacarar, deyilmi? Yəni mənimçün oxumaq zaman-məkan məsələsi yox, həyat tərzidir... Bilirəm, "oxucu zövqü" deyilən anlayış da var. O anlayışı qoyuram bir tərəfə, bir misal çəkəcəyəm və özünüz faktlarla yoxlaya bilərsiniz. 2019-cu ilin avqust ayında "Ədəbiyyat qəzeti"ndə "İş və İşşa" hekayəm dərc olundu. Həmin il bizim hörmətli ədəbi tənqidçilərimizdən biri mütəmadi olaraq "Ədəbiyyat qəzeti"ndə çıxan hekayələr haqqında silsilə tənqidi yazılar yazırdı. Xüsusən də, gənc müəlliflərin əsərlərini önə çıxarırdı. İl bitdi, amma mən "İş və İşşa" haqqında o tənqidçimizdən bir cümlə belə görmədim. Etiraf edim ki, bu hekayənin onun diqqətini çəkəcəyini ummuşdum... O umacaqla gözlədiyim aylar ərzində həmin tənqidçimiz müxtəlif mövzulu hekayələr haqqında o qədər gözəl yazılar yazırdı ki... İnsafən, oxuduqca sevinirdim. Elə yazılar ədəbiyyat tariximizin qazancıdı. Amma sırf mənim hekayəmin oxunmamasına inanmıram. Oxumuşdu... Çünki qəzetin bütün saylarını oxuyur. Bəs, niyə hekayəm haqqında heç nə demədi? Xəyal qırıqlığıyla bu suala cavab axtardım, sonunda tapdım: adam məni tanımırdı... Bəli, bizdə ədəbiyyatda "bölgə" anlayışı yoxdur, bu sərhəd çoxdan aşılıb, amma genetikamızdakı "üz üzdən utanar" prinsipinə çox sadiqik.

- "Poçtalyona məktub" adlı şeirlər kitabınız çap olunub. Daha çox hansı mövzuda yazırsınız?

- Sevgi... Bunu həmişə deyirəm və şair olmağımla, şair doğulmağımla qürur duyuram. "Sovetdənqalma təvazökarlıq"dan xoşum gəlmir. Yaxud da, bir şeir kitabım ola-ola: "Mən şair deyiləm, əşşi..." - kimi sözlər deməyi ikiüzlülük olaraq qəbul edirəm. Amma bir şeirin yazılma anını anlatmağımı istəsəniz, bacarmaram... Almaniyada yaşayan türk əsilli şair Orhan Bahçıvanın iki misrası var: "Və Allah şairi yaratdı, "Səsi şeir olsun"-dedi...". Yəni şairlər belə yaradılır. Onların seçmə şansları yoxdur. İtirilmiş mədəniyyətlərin açarı daş tabletlərə yazılmış şeirlərdədir, bəşəriyyətin keçmişi, tarixi şeirlərdən öyrənilir... İlk kahinlər şairlər olub, onları söylədənin hansısa mistik qüvvə olduğuna inanıb əcdadlarımız. Bizim dövrdəsə mistika elmə uduzur. Bu, özlüyündə zehnin qalibiyyətidir. Və çox yaxşı haldır. Di gəl, kökü ürəkdə olmayan bir şeirin təkcə zehində mövcudluğu mümkün deyil, axı... Özünü intellektual göstərmək üçün şeiri yalnız elmdən ibarətmiş kimi təqdim edənlər də tanıyıram. Olsun, bu da onların reklamı olsun, mən qəbul etmirəm. Yaxud kiminsə bir qəşəng şeiri var, oxu, oxu, ağla, ağla... Və müəllif başlayır o şeirin "başına dönməyə"... Bu yönə dönür, şeirin bir misrasını uzadır, yeni şeir edir... O yana dönür, eyni şey... Bu, bir növ yaradıcılıq cəhdidir. İddia etmirəm ki, yazdığım bütün şeirlər şedevrdi, möhtəşəmdi. Amma mən özümü şair sayıram və öz hisslərimi, düşüncələrimi şeirlə dilə gətirdiyim üçün xoşbəxtəm. Şair taleyinin nakamlığı, "biri var, biri yox"undan danışmağa dəyməz; məlum mövzudu. İndiki dövrdə bir misrasına görə linç edilən şairləri də görürəm və həmin an o şairin nə dediyindən asılı olmayaraq, mən onun tərəfinə keçirəm. Sabah məni də hansısa misrama görə linç edə bilərlər... Və mən o misramdan imtina etmərəm. Mən o şeirin yazılma anını özüm izah edə bilmirəm... O şeir isə yazıldığı andan etibarən ümumun ixtiyarındadı. Burda şair, bir növ, o sözü çatdıran rolundadı. Və şairdən şeirin izahı istənməz. Əgər cəmiyyət o izahı istəyirsə, qoy özü axtarıb tapsın. Təbii ki, tapılan cavablar eyni olmayacaq. Bu məqamda Balzakın "Vadidəki zanbaq"da dediyi ilə razılaşıram: "Cəmiyyət ögey anadır, o, yalnız qürurunu oxşayan övladlarının başına sığal çəkir...". Mənim kitabımda sevgi şeiri çoxdur... Əgər buna görə cəmiyyət mənim başıma sığal çəkməyəcəksə, mən başımı sürtməyə bir kağız parçası taparam...

- Nəsr yaradıcılığınızda da uğurlu nümunələr var. Yaxşı hekayə yazmaq üçün bir yazıçı hansı keyfiyyətlərə sahib olmalıdır?

- Bildiyindən yazmaq qədər sadəlik. Hansısa müəllifin burda oturub ABŞ cəmiyyətindən hekayə yazmaq cəhdini alqışlayaram. Eyni zamanda ona anlatmağa çalışaram ki, bu səndə alınmayacaq. Dadını bilmədiyin bir yeməyi tərifləmək kimidir bilmədiyin şeydən yazmaq. Mənim hekayələrimin əksəriyyətində böyüdüyüm kənd mühiti var. Yaxud Gəncənin küçələri... Uzun illər Gəncədə yaşamışam. Ola bilər ki, bundan sonrakı hekayələrimdə Şəkini görmək mümkün olsun. Çünki mənim gördüyüm, yaşadığım bunlardı. "Yazıçı keyfiyyəti" dedikdə isə ilk yadıma düşən bu oldu: çox oxumaq... Adam Hallın "Casus postu" romanında Berlinin bir təsviri var ki, oxuyanda adamın dəhşətdən və zövqdən qanı donur. Bizdə isə hekayələrdə tələskənlik var. "Mavi yalın oğlanları" hekayəmi oxuyanda Səbuhi Şahmursoy bu iradı mənə bildirmişdi. Və mən indi - illər sonra etiraf edirəm ki, bəli, tələsmişəm orda. Halbuki, Mavi yalı daha gözəl təsvir edə bilərdim. Bu da mənim bədbəxtliyimdir ki, son nöqtəsi qoyulmuş bir əsərimə sonradan heç nə edə bilmirəm, başqa sözlə, "üzərində işləyə bilmirəm". Digər müəlliflərin əsərlərini - janrından asılı olmayaraq - zövqlə, səbrlə redaktə edirəm. Öz əsərlərimə təkrar qayıda bilmirəm. "Cib dəsmalım" şeirim də, "Kirkirə" hekayəm də bir nəfəsin məhsuludur. Və mən artıq o nəfəsi çoxdan almışam... Bitib... Bir də bax, bu nəfəs azdı bizim hekayələrdə.

- "Ədəbiyyatla bağlı kim nə düşünür?" yazısında bir qeydiniz diqqətimi çəkdi. "Ədəbiyyatdan küsmək... Bu, bir yazarın, bir oxucunun, hansısa fərdin şəxsi faciəsi deyil; bu, bütöv bir gələcəyin, kökü bir insanın ruhundan başlayan, ailə-nəsil-qonşu-iş yoldaşı-amal yoldaşı-cəmiyyət ardıcıllığıyla böyüyən qocaman bir ağacın içindən ahəstə-ahəstə qurumasıdır". Bu gün dünyanın qarışıq bir durumunda ədəbiyyatın rolu və əhəmiyyəti nə dərəcədə özünü doğruldur?

- Bu dəqiqələrdə Kiyevdə bir balaca körpənin qulağının dibində partlayan mərmilərin qarşısında ədəbiyyat mənasızdır... Həm də çox mənasızdır... 44 günlük Vətən müharibəmizdə şəhid olan Tural Cuvarovun anasının gözləri anadangəlmə görmür. Yəni o ana öz övladının üzünün cizgilərini heç vaxt görməyib... Hansı ədəbiyyat o anaya təsəllidir? Onun yeganə təsəllisi azad Şuşadır... Ki, getsə, oranı da görməyəcək, eləcə havasını ciyərlərinə çəkəcək. Mənim - Şəfa Vəlinin qələmi də, istedadı da o ananın qarşısında acizdir. Kənddə qonşumuzdular... Mən o kəndə getməyə yüz dəfə söz vermişəm özümə, cəsarətim çatmır. Gedim nə deyim ona? "Böyüyüb yazıçı olmuşam, oğlundan yazmaq istəyirəm..." - desəm, mənə nə deyər? Silahlar atəşlənəndə, insanlar öləndə ədəbiyyatın heç nəyə gücü çatmır. Hər şey baş verib qurtarandan sonra isə ədəbiyyat ən lazımlı, ən gərəkli vasitəyə çevrilir. Torpaqlarımızı azad edən oğullarımızı anlatmaq, gələcək nəsillərə tanıtmaq üçün var ədəbiyyat, onların ölümünün qarşısını almağa isə gücü çatmır... Bir insan ölümünün qarşısını ala bilməyən ədəbiyyata "ali deyil" demirəm, sadəcə, bu iki sözün əvvəlinə bir söz də artırıram: "İnsandan ali deyil...". Belə məqamda, təbii ki, ədəbiyyata küsdüyümüz də olur... Amma biz ədəbiyyatın aşiqləriyik. Aşiqlərinki də naz çəkməkdir... Bu gün küsürük, sabah könüllü şəkildə təslim oluruq...

- Şəfa Vəli üçün "Biz kimik?". Yaxud kim olduğumuzu necə müəyyən edə bilərik? Sözün fəlsəfi anlamında...

- İnsan heç vaxt özünü sonuna qədər tanıya bilmir. Nə fiziki, nə fəlsəfi, nə də mənəvi cəhətdən bu, mümkündür. İyirmili yaşlarda sinəmə döyüb: "Kim olduğumu bilirəm!" - dediyim olub, yəqin ki... Amma indi bunun tam əksini düşünürəm. Freyd Dostoyevskinin əsərlərini psixoanalizin açarı sayırdı. Bəs, bu qədər dərinə enən Dostoyevski özünü tam olaraq kəşf edə bilmişdimi? "Xan" nəşriyyatının "Məşhurlar" seriyasından "Məktublar"ı tərtib edərkən Dostoyevskinin iki məktubunu oxudum. O məktubların birində ehtiyac içərisində olmasına baxmayaraq, möhtaclığına sayqı duyan Dostoyevski, digərində isə bəşəriliyi çoxdan unutmuş olan, milliliyin fonunda fərdiliyi üstün tutan Dostoyevski vardı... Və bunlar "Bəyaz gecələr"i, "Dürüst oğru"nu yazan adamı tanımırdılar... Başqa bir misal da öz həmdövrlərimdən çəkim. Aləmzər Əlizadə var Gəncədə. Uşaq ədəbiyyatımızın bel sütunlarından sayılır onun yaradıcılığı. Amma qəhrəmanı Ruslan, Rizvan, Ülviyyə olan sevimli şeirlərin müəllifi ilə "Gözdən çıxan qara tikanlar"ı yazan adam eyni deyil... Burdan qarşımıza nə çıxır? İnsan hər gün özünü yenidən kəşf edir. Dünənki insanla bugünkü insan eyni deyil... Ölənədək bu axtarışlarımız davam edir. Ona görə də "Biz kimik?" essesində mən ən asan yolu seçdim: sualı ötürdüm məndən sonrakılara...

- "Epidemiyada darıxan qoca" hekayəniz müasir dövrün reallıqlarını əks etdirir. Pandemiya sizə necə təsir etdi? Sizcə, pandemiya dünya ədəbi yaradıcılıq baxımından nələri dəyişdi?

- Pandemiya ədəbiyyatda o qədər şeyi dəyişdi ki... "Hekayəmiz bitirmi?" essesində pandemiyanın ilk iki ayında ədəbi mühitdə müşahidə elədiklərimi yazdım. "Ustad" deyə müraciət etdiyim Əkbər Qoşalı yazdı ki: "İnsafın olsun...". Onda anladım ki, həqiqətən, insafsızlıq etmişdim o essedə... Amma sonra özümə bəraət qazandıracaq cümləni qurmağı bacardım: "Mən də pandemiya dövründə yaşayan müəllifəm...". Pandemiya yazı əhlini kitaba yönəltdi. Komiks replikası kimi görünür bu cümləm, fərqindəyəm.  Fəqət, həqiqət budur. Pandemiya bizi öz "qabığımıza" tıxanadək hamımız yazırdıq. Nəfəsliklərə möhtac qalanda isə tənhalıqdan sıxıldıq, köhnə dostları yad elədik. O dostlar da rəflərdə unutduqlarımız idi... "Ulduz" jurnalında Mustafa Çəmənlinin bir yazısı vardı, pandemiya dövründə yazılmışdı. Mustafa müəllim kitab rəfinin qarşısında durur və əbədi suallardan birinə cavab axtarır: "Mən öləndən sonra bu kitabların halı necə olacaq?". Onsuz da pandemiyadan iki il əvvəl kitabxanamın 80%-ni paylamışdım, yerdə qalanı da paylamaq üçün qərar verdim o yazını oxuyanda. Pandemiya bir də ədəbiyyatda ümidi cücərtdi. Müasir Azərbaycan ədəbiyyatının sadiq oxucusu mənimlə razılaşar ki, pandemiyaya qədərki ədəbiyyat "hönkür-hönkür ağlayırdı". Amma elə ki, ölümün qapıda olduğunu gördü, başladı həyata sarılmağa. İndi daha ümid dolu əsərlər oxuyuruq, belə demək mümkünsə, ədəbi obrazların şaqraq gülüşünü eşidə bilirik. 

- Bölgələrdə ədəbi proses necə inkişaf edir? Ümumiyyətlə, ədəbi prosesin bugünkü vəziyyəti sizi qane edirmi?

- Özümü heç bir bölgəyə aid etmirəm... Sadəcə, müşahidəm onu göstərir ki, bölgələrdə ədəbiyyat müəyyən imzaların mövcudiyyətinə əsaslanır. Qaynar mühit yoxdur... Qaynar mühit paytaxtdadı. Və hamının - ən ucqar kənddəki şairin də bu qaynayandan öz payını almaq istəməsi təbiidir. Amma bu məqamda da araya "...izm"lər haqqında geniş mühazirələr oxuyan, "qızıl qaydalar"dan bəhs edən yazıçı və tənqidçilərimiz girir. Əgər "...izm"siz ədəbiyyat qəbul eləmirsinizsə, onda gəlin yığışaq, o ucqar kənddəki şairin pəncərəsindən gördüyü, dərdini danışdığı dağlara yazdığı şeirləri də bir "...izm" altında birləşdirək və olduğu kimi qəbul edək də... Məsələn; "güzgüizm...". Qəbul edə bilmirik, hə? Çünki bunu biz yaradırıq, Qərb yox... Halbuki, Qərb "mirrorizm" desəydi, çoxdan cumardılar dəstəylə... Nə vaxt ki, özümüzün olanı sevəcəyik, onda ədəbiyyatımız da hamımızı qane edəcək... Sevgiylə yaratdığımız kimi, sevgiylə də oxumalı, oxutdurmalı, qorumalıyıq...

Söhbətləşdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!