Barometr. Oçerk günün ədəbi mənzərəsində - Südabə AĞABALAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2020-2021-ci illər ədəbi prosesinə həsr olunmuş müşavirəsindəki məruzənin ixtisar olunmuş variantı

 

XX əsrin 90-cı illərində cəmiyyətin sosializmdən, ədəbiyyatın sosializm realizmindən xilas olması ilə mövcud ideoloji stereotiplər aradan qaldırılaraq, milli-kulturoloji zəminə söykənən yeni baxışlar sisteminin əsası qoyuldu. Müasir ədəbi prosesin yenidən dəyərləndirilməsi, bir sıra nəzəri məsələlərin yeni təfəkkür işığında təhlilə cəlb olunması aktuallaşdı. Cəmiyyətdə paradoksların tüğyanı bütövlükdə humanitar mədəniyyəti dəb, yoxsa dəyər dilemması ilə sınağa çəkdi.

İctimai-siyasi təsisatlar mədəni mühitin yalnız məzmununa və mahiyyətinə nüfuz etmir. Dəyişikliyin və trendin leksik şərtiliyini yönləndirməsi ilə dövriyyədə olan ritorik sistemi də dəyişir. Bu, hər şeydən əvvəl, sənətin və yaradıcı fərdin üslubunda, dil sistemində özünü göstərir. Ənənəyə münasibətdə nihilist mövqe nümayişi mədəniyyət intellektinin ötürülməsində, milli humanitar düşüncədə rabitənin qırılması kimi arzuolunmaz təhlükənin səviyyəsini artırır.

Bədii yaradıcılıq janrlarının keyfiyyət dəyişikliklərinə məruz qalması da tez-tez polemika predmetinə çevrilir. Tarixin şəkli kimi qiymətləndirilən janrlar ədəbi məktəblər, istiqamətlər çərçivəsində canlı ədəbi prosesi tərk edir, canlanır, dominant olur, əriyir... Müəyyən janrlar az qala survival qalıq kimi qələmə verilir, onların arxivə göndərilməsi təkliflərinin izahı siyasi-ideoloji ştamplarla müşayiət olunur. İctimai-siyasi həyat məsələlərini işıqlandıran ədəbiyyat növü - publisistika janrlarına, xüsusilə oçerkə münasibət də bu sıradadır. Təəssüf ki, janr nəzəriyyələri yalnız üzdə olan, ilk baxışda nəzərə çarpan nüanslar üzərində dayanmaqla, "copy-past" yolu ilə, simulyativ effektlərə aludəçiliyi təşviq edir. Humanitar elmlərin qarşılıqlı əlaqəsini araşdıran komparativistikanın janrlararası əlaqə, janrların transformasiyası problemini diqqətdə saxlaması oçerki çıxdaş etmək hökmündən xilas edə bilər. Xəsis açıq lüğət məlumatları oçerki epik növün həcm etibarilə hekayəyə yaxın janrı kimi təqdim edir və hekayədən fərqini oçerkin faktiki həyat materialı, sənədlilik əsasında yazılması kimi izah edir. Sovet ideoloji təlimat materialları da ideoloji təbliğatın ruporu kimi gördüyü oçerki ideya-məzmun səviyyəsinin yüksəldilməsinə, eləcə də onun sənətkarlıq xüsusiyyətlərinin, bədii keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirirdi. Maksim Qorkinin "Heç kim oçerki hekayədən fərqləndirən müəyyən əlamətləri kifayət qədər aydınlığı ilə verə bilməz" fikrini vikipediya məlumatının təsdiqi kimi qəbul etmək olar.

Son iki ilin ədəbi mənzərəsində oçerk janrı necə təqdim olunur? Mövzu ilə bağlı araşdırma araşdırarkən oçerkin "qürubunu" əsaslandırmağa çalışan arqumentlər sırasında "indi həcmcə böyük yazıların oxunmaması" haqqında həcmcə xeyli böyük bir yazı diqqətimi həm də imzasına görə çəkdi. Müəllifin adını etik baxımdan çəkməyəcəyəm, əslində, bu arqument tez-tez səsləndirilir və müəyyən həqiqət də var. Amma "oçerki "esse" əvəz edir" fikrini birmənalı qəbul etmək də doğru deyil. Oçerkin taleyinə "ölüm hökmü" oxuyan bir müsahibədəki məntiq nə qədər təəccüblü idisə, bir o qədər də təəssüf doğururdu. Müəllif fikrini belə izah edir ki, publisistika janrları arasında bircə "oçerk" sözü ruscadır, elə bu məntiqlə də ümumiyyətlə janrdan imtina etməyə dəyər(?!). İlk baxışda Azərbaycan tarixinin meydan idarəçiliyi ovqatı ilə səsləşən, amiranə tonla müşayiət olunan bu tipli yanaşmalar ən yumşaq tərzdə deyilsə, mədəni müxtəlifliyə dözümlü münasibətin müstəsna milli keyfiyyətini şübhə altına alır. Müstəqilliyə, milli maraqlara uyğun olmayan atributlardan imtina çağırışları, eləcə də onların arzuolunmaz təsirlərilə bağlı narahatlıq başadüşüləndir. Amma bu narahatlığın ifadə formaları tolerant mühit, multikultural yanaşma ilə bağlı humanitar siyasətin mövqeyinə kölgə salmamalıdır. Cəmiyyətin qaynar, mürəkkəb həyatında baş verən yenilənmələr, əsaslı dəyişikliklər oçerki - elə bir oçerki ki, burada həyat həqiqəti dərindən dərk edilir, hadisələrin mahiyyəti elmi yolla və sənət yolu ilə açılır, bu iki yol daim qarşılıqlı surətdə bu gün də sosial sifarişə səfərbər edir; müasir münaqişələrin təbiətini daha cəsarətlə açmaq, həll yollarını daha ciddi şəkildə axtarmaq, ekoloji və mənəvi böhran həddini səciyyələndirən çoxsaylı aktual problemlər, reallığın simulyasiyası fonunda yeni insanın obrazının cizgilərinin, onun cəmiyyətdə baş verən dəyişikliklərə münasibətinin müəyyən edilməsi və s. mövzular.

Azərbaycan oçerkinin təsnifatında ədəbi, fəlsəfi, portret-oçerklər, səyahət oçerkləri, elmi tarixi oçerkləri son iki ilin mənzərəsində daha çox nəzərə çarpır. Yazıçı-dramaturq, filosof Firuz Mustafanın bədii-mənəvi mədəniyyətin aktual problemləri ilə bağlı oçerklərini də daxil etdiyi "Fəlsəfə işığında" kitabı 2020-ci ilin nəşr məhsuludur. Onun oçerklərinin səciyyəsi kimi dil və düşüncə sadəliyi, mövzu ilə bağlı qənaətlərini hökm səviyyəsinə qaldırmaması, xalqın, millətin özünüdərkində elmin, mədəniyyətin rolunun düzgün, ardıcıl şərhidir.

Azərbaycan ədəbi-bədii təcrübəsində səyahətnamələrin parlaq nümunələri xalqların və ölkələrin tarixini, həyat və yaşayışını, dövrlərin ictimai-mədəni həyatını, məişətini, etnoqrafik mənzərələri öyrənmək, tanımaq və tanıtmaq baxımından maraqlı bələdçidir. Siyasi-ideoloji sərhədlərin uzaq saldığı ölkələr və xalqlar arasında, bir növ, mənəvi körpü rolunu oynayan səyahət oçerkləri parlaq bədii publisistika faktı kimi qiymətlidir. Dilarə Adilgilin "Şərqdə 36 gün" (jurnal variantı "Azərbaycan" jurnalında dərc olunub) kitabı (2020-ci il) bədii mətn kimi oxunmaqla yanaşı, müəllifin dünyagörüşü, zövqü, intellekti haqqında təqdimatdır. Telman Orucovun "525-ci qəzet"də (17 oktyabr 2020-ci il) "Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr" oçerki də janrın maraqlı nümunəsi olmaqla yanaşı, süjet ardıcıllığı və kompozisiya bitkinliyi ilə yadda qalır. Əlbəttə, nümunələrin sayını artırmaq olar.

Sosioloji oçerkin mükəmməl nümunələri olan "Katarsis" (2019), "29-cu gün" (2019), "Ağıldan bəla" (2020), "İslam və elm" (2021) yazıları ixtisasca riyaziyyatçı olan professor Fuad Vəliyevin vətəndaş - alim kimi böhran həddini yaşayan insanlığın, təbiətin və mənəviyyatın ekologiyası ilə bağlı xəbərdarlığıdır. Kommunikasiya tipi, üslub xüsusiyyətləri və auditoriya ünvanlılığı baxımından xüsusi kurslarda öyrənilməyə tövsiyə oluna biləcək bu oçerklərin sosial marağın ifadəçisi kimi çıxış edən müəllifinin intellektual bazası ayrılıqda nümunə kimi təqdir olunacaq səviyyədədir.

Bir vaxtlar tənqidçi-ədəbiyyatşünas kimi ədəbi prosesə fəal və obyektiv müdaxilələri ilə yadda qalan Nizaməddin Mustafanın "Türk - islam mədəniyyətinin cüt gücü: şeir və musiqi" ("Azərbaycan" jurnalı. 2020-ci il N 10-11) adlı elmi-publisistik tədqiqatı mövzuya konseptual baxışı və şərhi ilə oçerk müəllifinin fərqli-fərdi psixoloji tipini də uğurla təqdim edir.

80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən başlayaraq, Azərbaycan mətbuatında tarixi oçerklərin yer alması tarixi keçmişə maraq, tarixi yaddaşın bərpası və milli mənlik şüurunun inkişafında xüsusilə əhəmiyyətli idi. Onlar həm də oçerk müəlliflərinin intellektual səviyyəsi, elmi dünyagörüşü, obyektivliyə söykənən şərhləri, polemik mövzularda ədalətli mövqeyinin aydın ifadəsi olan publisistik üslubu ilə yadda qalır. Ziya Bünyadov, Aydın Məmmədov, İlyas Babayev, Nəcəf Nəcəfov və başqa müəlliflərin bu janrda yazıları milli azadlıq hərəkatının vüsət almasına böyük təkan verirdi. Nurəddin Babayevin, Ziyəddin Göyüşovun, Adil Əsədovun mənəviyyat, əxlaq, sosial təzadlar, fəlsəfə mövzularını əhatə edən oçerkləri ictimai müzakirələrə səbəb olmaqla, cəmiyyətdə sağlam mənəvi mühitə nail olmaq, polemika mədəniyyəti, plüralist yanaşmalara yol açırdı. Müstəqillik dövrü bədii fikrində və ədəbiyyatşünaslığında yazıçı publisistikası, o cümlədən ədəbi oçerklər maraq doğurmaqla yanaşı, eyni zamanda portret oçerkinin maraqlı nümunələri yaranmışdır. Janrın təkamülünü izləməyə imkan verən biblioqrafik nəşrlərlə tanışlıq deməyə əsas verir ki, "Azərbaycan" jurnalının, "Ədəbiyyat qəzeti"nin, "525-ci qəzet"in səhifələrində oçerkin onlarca nümunəsi qorunur.

AMEA Elm Tarixi İnstitutunun hazırladığı "Təbiətşünaslığın tarixinə dair oçerklər"i cari təqvimin uğurlu nəşri həm də bu sahədə ilk mühüm mənbə kimi qiymətləndirilir.

"Azərbaycanın hərb tarixi. Tarixi oçerklər" kitabı da 2021-ci ilin nəşrləri sırasındadır.

Azərbaycanın siyasi müstəqilliyinin 25 illiyi münasibətilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi ikicildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" kitabında toplanmış ədəbi oçerklərin müəyyən nümunələri bu janrın aktuallığını itirmədiyindən, forma-məzmun axtarışlarının dinamikasından danışmağa əsas verir və elmi tədqiqat predmeti kimi dəyərləndirməyə açıqdır.

Əlbəttə, janrın inkişafı, hər şeydən əvvəl, müəllif yaradıcılığı və müəllif mövqeyi ilə birbaşa bağlıdır. Azərbaycan oçerkistikasında kifayət qədər ciddi adların kəmiyyət çoxluğu həm də janrın bədii sənətkarlıq mövqeyindən qiymtləndirilməsində keyfiyyət göstəricisi ola bilmişdirmi? Mirzə İbrahimov, Rəsul Rza, Mehdi Hüseyn, Əli Vəliyev, Əvəz Sadıq, Mir Cəlal Paşayev, Qulu Xəlilov, Gülhüseyn Hüseynoğlu, Şamil Şahməmmədov, Nuhbala Quliyev, İmran Qasımov, Məmməd Araz, Əlfi Qasımov, Əfqan, Yusif Əzimzadə, Səyavuş Sərxanlı, Anar, Hidayət, Rafiq Səməndər, Seyfulla Şamilov və onlarca imzaların sırasında Rafael Hüseynov, İsa Həbibbəyli, Qəzənfər Paşayev, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Niyazi Mehdi, Vilayət Quliyev, Qurban Bayramov, Rüstəm Kamal, Tofiq Nurəli, Loğman Rəşidzadə - predmetin ictimai əhəmiyyətinin dəqiq aydınlaşdırılması, mətn sözlüyünə, "ictimai əxlaq" anlayışına həssaslıq, ədəbi dilin imkanlarını peşəkarcasına səfərbər edən, elmi-publisistik dil və üslub özünəməxsusluğu təqdim edən portret oçerkləri janrın taleyi il bağlı nikbin düşünməyə əsas verir. Niyazi Mehdinin "Ədəbiyyat qəzeti"nin 18 fevral 2020-ci il tarixli sayında dərc olunmuş ""Mən" olmağımın tarixçəsindən" oçerki öz baxışı və sözü, faktla işləmək, çoxsaylı məlumat, müşahidər arasında birləşdirici tendensiyanın məharətlə təqdiminə asanlıqla nail olan fikir və intellekt sahibinin obrazını ifadə edir.

Şirindil Alışanovun elmi-publisistik üslubuna xas olan həmişə linqvistik obrazlılığın mənadan uzaqlaşmaması ilə intuitiv və təcrübi biliyin səriştəli uzlaşması nümunələrindən biri, "Azərbaycan" qəzetində dərc olunmuş (22.12.2020) "Şərəfli ömür yolu" oçerkini qeyd etmək istəyirəm. 

Professor Asif Hacılının Axıska türklərinin ernoqrafik yaddaşına xüsusi diqqətin növbəti nümunəsi olan "Yaxın və uzaq Borçalı" oçerki ("525-ci qəzet", 17 oktyabr 2020-ci il), Qəşəm Nəcəfzadənin, Valeh Bahaduroğlunun "Azərbaycan" jurnalında dərc olunmuş etnoqrafik oçerkləri Tərəkəmə həyatının yaddaşını yaşatmaqla, bədii nəsr üçün zəngin material vəd edir.

Ədəbi tənqidin oçerki "xatırlaması" faktına gəlincə, Tehran Əlişanoğlunun və Anarın "Söz dünyası" haqqında "qeydlərim" ("525-ci qəzet", 10. 2021-ci il) yazıçının kitaba daxil etdiyi ədəbi oçerklərini təhlil edir, onların ədəbi fikir tariximizdə yeri və rolu haqqında söz açır.

2020-2021-ci illər ədəbi mənzərəsində oçerkin ən parlaq mövzusu 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun Azərbaycan tarixinin ən parlaq zəfərinə həsr olunmuş "Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" (Bakı, "Təhsil", 2021) hesab oluna bilər. Yenə də Tehran Əlişanoğlu kitabına daxil edilmiş yazıların janr təsnifatını apararaq, oçerklərin bədii məziyyətlərindən "Ədəbiyyat qəzeti"nin səhifələrində söz açır.

Bununla belə, izlədiyimiz bu dövrdə tanış olmaq imkanı əldə etdiyimiz oçerklərdə rast gəlinən bəzi qüsurları belə ümumiləşdirmək olar: müəllif məramına xidmət etməli olan publisistik elementlərdən düzgün istifadə olunmaması, fakt- problem arasında əsaslandırılmış daxili əlaqənin olub-olmaması nəzərə alınmır, fikir-fakt uyğunsuzluğu, materialla səriştəsiz, səthi davranmaq, kompozisiyanın düzgün qurulmaması. Sanki "oçerk necə yazılmalıdır?" sualına cavab kimi, qısa avtobioqrafik faktların vikipediyadan götürülmüş xəsis məlumatlara ayrı-ayrı yazılardan montaj yolu ilə naşıcasına pərçimlənmiş mətn "yaradılır".

Janrlar arasında özünəməxsusluqların nəzərə alınması, klassik formalardan imtina cəhdləri mətbuatımızı, ədəbi dilimizi bəsitləşdirməklə yanaşı, bədii-estetik mənzərəni solğunlaşdırır. Şou-biznesin əsas janrı kimi təqdim edilən müsahibə insanı, onun düşüncə və duyğularını verməkdə nə qədər gücsüzdürsə, robot- jurnalist nəslinin yetişdirilməsi jurnalistikanın elm, yaradıcılıq sahələri kimi inkişafını şübhə altına alır. Zamanın, mühitin obrazının yaradılması ilə dövrlər və nəsillərarası əlaqə və bağların möhkəmləndirilməsi kimi tarixi missiyanın yerinə yetirilməsində jurnalistikanın, mətbu sözün vəzifə və rolunu unutmaq tarix və zaman qarşısında cavabdehlik məsuliyyətindən imtina etməkdir. Konkret olaraq oçerk janrına diqqət artırılmasına gəlincə, sovet dövrü oçerkinin ritorika və pafosundan imtina etmək kifayətdir, onun mədəniyyət tariximizdəki rolunu ideoloji ittihamlarla heçə endirməklə ədəbi-bədii düşüncəmiz, jurnalistikamız heç nə qazanmır. Nəticədə, ədəbiyyatın, yaxud jurnalistikanın janrı olmasının əhəmiyyəti yoxdur, əsas odur ki, hər ikisinin materialı söz, ünvanı insandır.

Yüksək texnologiyalar, əcnəbi dillər, brend markaların mənimsənilməsi ilə yanaşı, milli dildə düşünüb danışmaq, yazmaq vərdişlərini peşəkar fəaliyyət tərzinə çevirmək mühümdür. Mühüm olan milli məzmuna malik jurnalistikanın inkişafında forma-məzmun ahənginə nail olmaqdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!