İlhamə İSMAYILOVA: "Mən taleyimdə fərqli Faiq gördüm" - Unudulmaz şair Faiq İsmayılovun həyat yoldaşı ilə müsahibə

 

Faiq İsmayılov... Yaşadığı dövrün, 90-cı illərin əvvəllərinin çöküş ruhlu poeziya orbitində öz səsi, simvolikası, intonasiyası ilə doğulan şairimiz. Hansı ki, qısa ömür bioqrafiyasına sığışan mətnləri ilə milli müstəqillik dövrü şeirinin günümüzədək davam edən ovqat çalarının təyin olunmasında əsas göstəriciyə çevrilməkdədir.

Martın 2-də istedadlı şairin 60 yaşı tamam olur. Bu münasibətlə Faiq İsmayılovun həyat yoldaşı, Mingəçevir Dövlət Universitetinin baş müəllimi İlhamə xanımla müsahibəni "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.

 

- İlhamə xanım, gəlin söhbətə Faiqlə tanışlığınızdan başlayaq.

- İlk öncə oxucusu olduğum dəyərli "Ədəbiyyat qəzeti" əməkdaşlarını və oxucularını salamlayıram. Özüm haqqında öncə onu deyim ki, ixtisasca pedaqoq- psixoloqam və Mingəçevir Dövlət Universitetinin baş müəllimiyəm. 1993-cü ilə qədər Mingəçevirdə pedaqoji yönümlu ali və ya orta ixtisas məktəbi olmadığı üçün bir müddət uşaq bağçasında tərbiyəçi və metodist vəzifəsində çalışmışam. Faiq bir müddət Mingəçevir Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərib, bəzi səbəblərdən qəzetdə jurnalist kimi fəaliyyətini davam etdirirdi. Teatrdan olan yoldaşlarla əlaqə saxlayırdı. Onlardan biri də mənim həm yaxın rəfiqəm, həm də yaxın qohumum Süsənin həyat yoldaşı Tahir idi. Tahirin 2 qızı bizim bağçaya gəlirdi. Həmin vaxtlar Tahir "Kukla teatrı" yaratmışdı və Faiq də həmin teatr üçün pyeslər yazırdı. Birlikdə uşaqları götürmək üçün bağçaya gəlmişdilər və Faiq məni orda görmüşdü. Ailələrində evliliklə bağlı təklifləri dəfələrlə rədd etdiyindən bu xəbər ailəsi üçün çox sevindirici olur. Ancaq uzun müddət məndən razılıq ala bilmir, həftə sonu hər dəfə kənddə bundan xəbər gözləyirlər və qınamağa başlayırlar. Bundan sonra dostlar, qohumlar işə qarışır. Uzun söz-söhbətlər nəhayət, xeyirlə nəticələnir. Çox tərəddüd edirdim. Yəqin, ixtisasımla bağlı idi. Tanımaq istəyirdim. O vaxtlar qəzetdə çıxan yazılarını oxudum. Yazılarında özü vardı. Bir də dostu Azərin bir məktubu. Bir gün əlində məktub gördüm. Dostumdan gəlib, dedi. Etiket qaydalarına uyğun olmasa da oxumaq istədiyimi dedim. Razılıq verməyincə, "yəqin, keçmişinin qaranlıq səhifələri var orda, ona görə qoymursan" dedim. Razılaşdı. Düşündüyüm kimi məktub onu dərindən tanımağım üçün vəsilə oldu. Niyə oxumağa vermədiyini də anladım. Məktubda Faiqə müraciətlə çox dəyərli fikirlər yazılmışdı. O vaxtlar başa düşməmişdim, sonralar anladım ki, Faiqi sağlığında dəyərləndirən Azər, o fikirləri ilə onu yaşadıb, həyata bağlayıb. Çünki Faiq də Azərin səviyyəsinə bələd idi və onun fikrini sıradan birinin fikri kimi qəbul etmirdi. Beləcə, tanıdım və razılıq verdim. Onu da etiraf edim ki, ilk söhbətimizdən onun təsirinə düşdüm. Valideynlərim də razılaşdı, çünki atam mənim özüm haqqında qərarlarıma önəm verirdi. İnanırdı ki, səhv etmərəm.

- Qısa bir ömür, qısa bir evlilik. Faiqdən geriyə nə qaldı?

- İl var əsrə bərabər. Bu mənim iki illik ailə həyatıma da aiddi. Hər günümün, bəlkə də, iki il qədər dəyəri var. Evlilik dönəmimiz çox ağır illərə - 1991-in aprelindən 1993-cü ilin aprelinə təsadüf etdi. Bu illəri xarakterizə etmək istəmirəm. İndi fikirləşirəm ki, əslində, bizimki ailə həyatından daha çox, istedadlı bir yazarla onun heyranının bir ortaq məkanı paylaşması olub. O yazırdı, mən də həvəslə onun yazılarını oxuyub fikir bildirirdim.

Deyirsiz Faiqdən sonra nə qaldı. Çox şey. İlk öncə deyim çox gözəl xatirələr, dəyərli dostlar. Onun incəsənətin müxtəlif sahələri üzrə verdiyi biliklər. Bir universitetin verə bilməyəcəyi elmi səviyyə. Uşaqlıqdan anam bizdə mütaliə vərdişi yaradıb, ədəbiyyatı çox sevirəm. Faiq mənə teatrı, rejissor, aktyor sənətini sevdirdi. Kitabları oxuduqdan sonra müzakirə edirdik. Yadımdadır, "Qətl günü" əsərini onun təhlilindən sonra dərindən başa düşmüşdüm. Kinoteatrların fəaliyyəti zəifləmişdi o dönəmlər. Birlikdə yalnız "Qəzəlxan" filminə baxdıq. Baş rolun - Əliağa Vahid rolunun ifaçısı Loğman Kərimovun rolunu çox bəyənmişdi.

- Faiq İsmayılov bənzərsiz bir şair olduğunun fərqində idimi, sizcə? Yoxsa yazmaq onun üçün sadəcə həyat tərzinə çevrilmişdi?

- Fərqində idi. Bu əminliyi dostu Azər Turan yaratmışdı onda. Yadımdadır, Azər məktublarında yazırdı ki, sən dahisən, gələn yüzilin şairisən. Bu kimi sözlər. O məktublar hələ də durur.

Az yazırdı. Özü də qeyd edirdi ki, şeir, sənət düşündürməlidir. Az sözlə çox fikir ifadə etmək lazımdır. Ona görə qısa şeirlər yazmağa üstünlük verirdi. Faiqin özünün də sevdiyi, hörmət etdiyim şairlərdən biri onu tanınmış iki şairlə müqayisə edir və qeyd edir ki, əlbəttə, Faiq onlar deyil. Bu müqayisə çox təsir etdi mənə. Faiq, doğrudan da, bənzərsizdir.

Mən yaradıcı adamları iki qrupa bölürəm: bəxti gətirənlər və talesizlər. Faiqi talesiz adlandırmıram. Düzdür, az yaşadı, amma onu yaşadacaq şeirlər qaldı özündən sonra. Bu da hər şairə nəsib olan tale deyil.

- Faiq İsmayılovla ədəbi mühitin münasibəti necə oldu, yaxud indi necədi? Sizcə, ona layiq olduğu dəyəri verə bildilərmi?

- Faiq dünyasını dəyişəndən sonra onun əlyazmaları ilə baş-başa qaldım. Mənim üçün çox çətin idi. Mən Faiqin simasında həm də yaxın dostumu, sevimli şairimi, müəllimimi itirmişdim. O vaxtlar həm də çox gənc idim. 25 yaşım vardı. Bir müddət günümü yalnız əlyazmaların arasında keçirtdim. Bəzi yazılarını topladım. Bütün iş düşdü Azər Turanın çiyinlərinə. Şeirlərinin də bir qismi onda idi. Bu gün ədəbi mühitdə Faiqin tanınmasında Azərin rolu var. Açığı, hec kəsin etməyəcəyi işləri gördü. Öz kitablarının əvəzinə Faiqin kitablarını nəşr etdirdi. Unudulmağa qoymadı Faiqi. Haqqında "Ölüm süvarisi" adlı kitab yazdı. Ən sanballı fikir adamları - Xalq yazıçısı Anar, Ramiz Rövşən, Adil Mirseyid, Rüstəm Kamal, Elnarə Akimova, İradə Musayeva, Mətanət Vahid Faiq haqqında məqalələr yazdılar. Şeirləri və bütün bu yazılar "İynə boyu böyük dünya" kitabında toplandı. Ülvi Babasoy Faiq haqqında "Doğumun unuduluşu" adlı çox gözəl kitab yazdı və Azər o kitaba da nəfəs verdi. İndi də ara-sıra yazılar çap olunur. Faiq haqqında yazanlardan, onun haqqında dəyərli fikirlər söyləyənlərdən Allah razı olsun. Çünki bunları edəcək və edə biləcək varisi yoxdu Faiqin. Çox az yaşadı. Sevinirəm ki, onun haqqında azlar - sanballı fikir adamları yazıb.

- Faiqdən yazanlar onun poeziyasındakı çöküş ruhunu, dekadans əhvalı daim önə çəkirlər, nə idi onun şeirlərindəki qara ovqatın səbəbi? Nələrin acısını çəkirdi şair?

- Faiqdən yazanların hər birinə minnətdaram. Ancaq razılaşmadığım bəzi məqamlar var. Faiqin şairliyinin onun taleyi ilə çox da əlaqəsi yoxdur. Faiq necə tale yaşamasına baxmayaraq, nə güldən, nə bülbüldən yaza bilməzdi. Yəni o ovqatın şairi deyildi. Faiqin az öncə qeyd etdiyim kimi, şeirlə bağlı öz kriteriyaları var idi. Az sözlə çox fikir ifadə etmək, kədərdən yazmaq, düşündürmək. Bu, bir az da Faiqin şair kimi formalaşdığı dövrün özünün gərginliyi ilə bağlı məsələdir. Faiq əslində çox işıqlı adam idi. Uşaqları çox sevirdi. Uşaq şeirləri yazırdı, çox yüksək yumor hissinə malik idi, siyasi lətifələr yazırdı.

Qaldı sualın 2-ci hissəsinə, yəni nəyin acısını çəkirdi?

Faiq əqidəli bir şəxsiyyət idi. Dediyim kimi, bizim evliliyimiz çox ağır illərə - 1991-in aprelindən 1993-cü ilin aprelinə qədər çəkdi. Ömrünün sonlarında isə Faiq demək olar ki, şeir yazmırdı. Dəfələrlə döyüş zonasına, əsgərlərlə görüşə getmişdi. Bir neçə dəfə maşınları atəşə məruz qalmışdı. Yalnız qayıdandan sonra bilirdim ki, cəbhədən gəlir. Bir dəfə dedi ki, şəhid olmaq istəyirəm. Düşünmədən dedim: bəs mən? Məni heçmi düşünmürsən? Cavab qısa oldu - öncə Vətəndir. Mingəçevirdə Şəhidlər xiyabanının salınması onun adı ilə bağlıdır. İlk şəhidləri qəbiristanlıqda dəfn edirdilər. Qəzetdə məsələ qaldırdı. O vaxt mübahisə doğuran məsələyə aydınlıq gətirdi. Deyirdi ki, şəhidin məqamı ucadı, onları gözdən, könüldən uzaqda dəfn etmək olmaz. Bu gün nə qədər and içsək də, beş il, on il sonra mərasimdən mərasimə yad edəcəyik.

İlk kitabı da şəhidlər haqqında məlumat kitabı oldu. Siqnal nüsxəsini son nəfəsində əlinə aldı. O dönəmdə bu, respublikada nəşr edilən ilk şəhidlər kitabı idi. Qəzetdə hər şəhid haqqında rekviyem dərc edirdi. Soruşdum, bəs niyə məlumat kitabı? Dedi ki, kimsə kömək etmək istəyərsə, ünvan və məlumatı olsun.

Faiqdən mənə qalan bir də psixoloji travmalar oldu. Düzdür, indi düşünürəm ki, o ağrılar mənə hardasa yaxşı mənada təsir göstərdi. İndi İkinci Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə imkanım çatdığı qədər psixoloji dəstək oluram. Çünki onları daha dərindən başa düşürəm. Şəhidlər xiyabanına gedəndə "mən burda fərqli hisslər keçirirəm" deyən Faiqi indi daha yaxşı anlayıram. Bir də şəhid balalarına yaxınlaşıb, başlarına sığal çəkəndə başa düşürəm Faiqi.

- Hansı şeiri onun özünü daha yaxşı ifadə edir?

- Adətən Faiqdən yazanlar onun "Yağma qar", yaxud "Fağir oğlanlara" şeirində şairin öz obrazını yaratdığı fikrini səsləndirirlər. Mənsə deyirəm heç biri. Onun yaradıcılığına və həyatına bələd olan biri kimi bunu əminliklə deyirəm. Mən taleyimdə fərqli Faiq gördüm. "Daşa da kəpənək kimi qonmaq istəyirəm mən", yaxud "yarpaqlar hamısı / ürək şəklində. / Saralmış ürəklər, / Solmuş ürəklər / Son dəfə xırıldar / əgər tapdasan. / Alım ayağımı çiyinlərimə!" kimi misraları Faiqin xarakterini, içindəki mərhəmət hissini daha yaxşı ifadə edir.

Sonda Faiqə həmişə qəzetinizdə səhifələr ayırdığınız, unutmadığınız və unutdurmadığınız üçün dərin minnətdarlığımı bildirirəm.

 

Söhbətləşdi: Cəmilə SEYİD


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!