Alpay Azər: "Fitri istedadsızların iddiası mənə çatmır..." - "Fikir bucağı" - Müsahibə

 

- Alpay müəllim, bir neçə hekayənizi oxudum, hekayələrinizin dili çox aydındır və rahat da oxunur. Ümumiyyətlə, hekayənin səliqəli, rahat oxunaqlı və aydın olması üçün hansı məsələlər labüddür?

- "Essevari fikirlər"də də yazmışdım ki, mənə görə yazıçılar bir neçə kateqoriyaya bölünür: var üslubçu yazıçılar, var süjetçi yazıçılar, bir də var fəlsəfi təfəkkürlü yazıçılar. Təbii ki, burada üslubçu yazıçı fəlsəfi təfəkkürlü də ola bilər. Məsələn, deyək, Nobokov. Nobokovun nəsri ilə tanış olanda görürük ki, müəllifin həm gözəl üslubu var, həm də gözəl fəlsəfi təfəkkürü. Yaxud Azərbaycan ədəbiyyatından Mövlud Süleymanlını deyə bilərik. Gözəl üslubçudur, gözəl süjetçidir, amma mən deyə bilmərəm ki, Mövlud Süleymanlı fəlsəfi təfəkkürlü yazıçıdır. Mən özümü daha çox süjetçi yazıçılar kateqoriyasına aid edirəm. Belə ki, daima yazılarımda müxtəlif hadisələr qururam, gənc yazarlarla da söhbətlərimdə xüsusilə bir məqamı qeyd edirəm ki, əgər yazıçının təxəyyülü yoxdursa, ümumiyyətlə nəsrdən söhbət gedə bilməz. Təxəyyül nəsrin "dəmir qanunudur". Əgər təxəyyül yoxdursa, nəsr yazmağın məntiqi və mənası yoxdur. Çox nadir hallarda hadisə o qədər maraqlı olur ki, sən sadəcə onu götürüb yazırsan. Bu da həmişə belə olmur. Ona görə də hər hansı bir hadisəni biz görürük, o bizim beynimizdə oturur və biz təxəyyülümüzü işə salırıq. Bununla bağlı yazıçılar da mənə bildiriblər ki, yazılarımda axıcılıq var. Bir dəfə gənc yazar dostumuz Təvəkkül Boysunar da mənə bildirdi ki, siz üslubçu yazıçısınız, dedim yox, mən süjetli yazıçıyam. Bununla bağlı müzakirəmiz də olmuşdu.

- Ədəbi mühitdə mövcud olan "qruplaşma" və müxtəlif cəbhələrdən təmsil olunmalarla bağlı nə düşünürsünüz?

- Bu barədə mən bir dəfə feysbukda status yazmışdım. Yazmışdım ki, ədəbi mühitdə "dəstəbazlıq" var. Əgər bu dəstəbazlıq adekvatdırsa, yəni istedada adekvatdırsa, burda hər hansı bir nöqsan görmürəm. Bunun mənfi tərəfi nədir, deməli, ifrat təvazökarlar, istedadları olduqları halda kənarda qalırlar. Məsələn, Nicat Məmmədov adlı bir gənc yazıçı var, dünya çapında yazısı olan bir imzadır. Ancaq onu tanıyanlar ədəbi mühitdə olan imzalardı. Nədənsə, onun haqqında yazmırlar. O, şair-esseistdir, mən rus ədəbi mühiti ilə tanışam, əlaqələrim var. Deməli, özünü təsdiq etmiş ciddi qələm adamları ondan rəy almaq üçün yazılarını ona göndərir. Məsələn, İsraildə yaşayan, Sumqayıtda anadan olan rus yazıçısı Aleksandr Liçevski. Yəni bu məqamda ifrat təvazökarlıq məhz ədəbi qruplaşmalar fonunda öz zərərini göstərir.

- Azərbaycan nəsrində olan təkrarçılıqdan və mövzu baxımından kasadçılıqdan nə deyə bilərsiniz? Bu barədə nə düşünürsünüz?

- Ümumiyyətlə, eyni mövzudan, eyni mühitdən çox yazılanda, o mətn hətta güclü bir mətn olsa belə, o mətn bezdirici olur. Nə qədər eyni mövzulardan yazmaq olar?! Ancaq elə müəlliflər də var ki, mövzu etibarilə hər zaman seçilirlər. Məsələn, Ataqam. Ataqam Afrika həyatında o qədər gözəl bir mövzu tapıb yazır ki... Sənan İsmayılov var, son vaxtlar elmi-fantastika mövzusunda yazır. Onun da fərqli yanaşması var. Fransada yaşayan Şamxal Həsənov maraqlı imzadır. Aslan Quliyev rus dünya mühitindən çox yazır. Daha sonra İlham Əzizov maraqlı mövzularda mətnlər yazır.

- Müasir ədəbi mətnlərin dili ilə bağlı nə deyə bilərsiniz?

- Sözsüz ki, bu gün Cəlil Məmmədquluzadə üslubunda, lap elə Mövlud Süleymanlı üslubunda yazılan mətnlər qıcıq doğura bilər. Buna təqlidçilik də deyilə bilər. Ancaq xüsusi bir üslubu olmayan, yeni bir mövzu ətrafında yazan biri əlbəttə maraq doğuracaq. Mövzu yeni olmalıdır, təkrarçılıqdan uzaq olmalıdır. Bu zaman mətnin dili də önə çıxır. Mətnin dili axıcı və aydın olmalıdır ki, daha çox oxucu tərəfindən qəbullansın. Dil önəmlidir, burada, təbii ki, zəngin mütaliə bacarığını da qeyd etmək lazımdır.

- Ədəbi proseslə bağlı fikirlərinizi bilmək istərdik...

- Ədəbi proseslərlə bağlı silsilə müsahibələr hazırlayırdım. Lakin təəssüf ki, bir neçə nəfər bu proseslə bağlı fikirlərini bölüşmədi və ya sualları cavablandırıb yollamadılar. Ədəbi proses bir neçə müstəvidə olur. İlk növbədə əsərlər yazılır, poeziya, nəsr, esseistika və s. Bu, ədəbi prosesin bir qoludur. Bir də var yazılan əsərlərə adekvat reaksiya - tənqidçilər, ədəbiyyatşünaslar tərəfindən olan reaksiya. Ədəbi proses keçən onillikdə daha çox intensiv idi, daha çox müsabiqələr keçirilirdi. Müzakirələr olurdu, məsələn, Oxu zalı layihəsində roman müzakirəsi keçirilirdi. Bu bir ədəbi hadisə idi. Milli kitab mükafatı və s. Bu onillikdə isə hadisələr müəyyən qədər səngiyib. Amma tam olaraq aradan qalxmayıb. Belə bir fikir də söyləyirlər ki, ədəbi proses ölüb. Ədəbi proses nə vaxt ölə bilər? Heç kim yazmasın, şeir yazılmasın, hekayə yazılmasın və s.

- Ədəbi proseslərin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

- Konkret olaraq, "Ədəbiyyat qəzeti" ilə bağlı demək istəyirəm. Mən qəzeti izləyirəm, çıxan hekayələri oxuyuram. İstərdim ki, qəzetdə tənqidi yazılara daha çox yer ayrılsın, düzdür, tənqidə yer ayrılır, ancaq daha çox tənqidlə bağlı yazılara yer ayrılsa, düşünürəm ki, daha yaxşı olar. Ümumiyyətlə, qəzet maraqlı çıxır, bu öz yerində, həm də yaşlı yazıçıların tənqid olunmasına da yer ayrılmasını istərdim. Təbii ki, əsaslı tənqid olmaq şərtilə. Bir də belə bir təklif edərdim ki, yaradıcılıq imkanlarını stimullaşdırmaq üçün daha çox müsabiqələr keçirilsin.

- Müsabiqələrin obyektivliyi ilə bağlı nə düşünürsünüz?

- Müsabiqələrin keçirilməsi ilə bağlı, məsələn, hekayələrlə bağlı müsabiqədə bir sıra hekayələri oxudum, qismən ədalətli idi. Aydın məsələdir ki, dünyanın heç bir yerində müsabiqələr tam ədalətli və şəffaf keçirilmir. Mən bir dəfə bu barədə yazmışdım. Yazmışdım ki, axı ədəbi müsabiqə boks yarışı deyil ki, sən orda hansısa zərbələrdən sonra xalları hesablaya biləsən. Konkret bir riyazi hesablama yoxdur, ona görə də nisbidir. Bu barədə yeri gəlmişkən bir məsələni deyim ki, müsabiqələrlə bağlı kodeks hazırlamaq istəyirəm. Məsələn, deyək ki, tapşırılmalar olmamalıdır, zənglər olmamalıdır, dostluq münasibətləri üzərində qurulmamalıdır və s. Mətnə qiymət verilməlidir və müəllifin adı anonim olmalıdır, istər şeir, istərsə də hekayə olsun, fərq etməz.

- Ədəbi tənqidlə bağlı fikirlərinizi bilmək istərdik... Ədəbi tənqiddə aşırı istifadə olunan terminlərlə bağlı nə deyə bilərsiniz?

- Düzdür, mən tam olaraq ədəbi tənqidi izləmirəm. Ancaq tənqidinə inandığım tənqidçilər var. Məsələn, Cavanşir Yusiflini demək istərdim. Ola bilsin, terminlərlə bağlı onu nəzərdə tutursunuz... Cavanşir Yusifli daha çox publika üçün yox, elə ədəbiyyat adamları üçün yazır. Elnarə Akimova maraqlı tənqidçidir. Elnarə xanımın tənqidi daha aydın, daha anlaşılandır bu mənada. Hətta buna elmi-populyar üslub da demək olar, sırf akademik deyil. İradə Musayeva tənqiddən çəkinmir. Nə dərəcədə obyektiv və ya qeyri-obyektiv olduğunu deyə bilmərəm. Ancaq bu da təqdirəlayiq haldır ki, tənqiddən çəkinmir.

- Kitab satışı ilə bağlı durumu necə qiymətləndirirsiniz? Gənc yazarlar kitab satışından necə qazanc əldə edə bilərlər?

- Mən bunu bir neçə dəfə qeyd etmişəm. Xüsusilə gənc yazarlarla bağlı. Yazıçılığa, ümumiyyətlə yaradıcılığa bioloji varlığın təminatçısı kimi baxmayın, özünüzə sənət tapın, sonra yazıçılıqla ikinci planda məşğul olun. O sovet dövründə elə idi ki, hər yazılan mətnə qonorar yazılırdı və bununla da yazıçı öz dolanışığını təmin etmiş olurdu. Poemaya görə maşın verirdilər, yazılara görə ev verirdilər, bu qaldı keçmiş dövrdə... Mən sizə deyim ki, bu, Avropa ölkələrində də belədir. İsraildə olanda bir görüşdə mənə dedilər ki, burda da elə deyil. Ümumiyyətlə, yazıçılıq bir sənət deyil. Yaşamaq üçün yazıçılıq sənətini seçmək doğru deyil. O zaman nə etməli? Dövlət müsabiqələr təşkil etməlidir. İndi Mədəniyyət Nazirliyi müəyyən işlər görmək istəyir. Bu yaxınlarda iclas keçirildi, mən də orda iştirak edirdim. Mükafatların adları, qonorar məbləğinin artırılması ilə bağlı fikirlər səsləndi.

- Tərcümə sahəsində görülən işləri necə qiymətləndirirsiniz?

- Mən ingilis və rus dillərini bildiyim üçün daha çox elə orijinaldan oxumağa üstünlük verirəm. Məsələn, Təvəkkül Boysunarın tərcümələrini çox bəyənirəm. Onun Şervod Andersonun hekayələrinin tərcümələri uğurludur. Yeri gəlmişkən, onun tərcümələri də qiymətləndirildi, Tərcümə mərkəzi tərəfindən mükafata layiq görüldü. Nəriman Əbdülrəhmanlının rus dilindən olan tərcümələrinə baxmışam, pis deyil, yaxşıdı. Vilayət Hacıyevin tərcümələrini yüksək qiymətləndirirəm. Fürsətdən istifadə edib demək istəyirəm ki, tərcümələrlə bağlı işləri dövlət öz üzərinə götürsə yaxşı olar. Marsel Prustun "İtirilmiş zamanın axtarışında" silsiləsinin tərcüməsi olsa yaxşı olar. Bu barədə bir dəfə Cavanşir Yusifli demişdi ki, tərcüməyə başlayıb, sonradan o işə dəstək olmadı, deyəsən, qaldı. Əlbəttə, bu işdə həm də yaxşı qonorar olmalıdır.

- Yazıçı üçün mütaliə yaradıcılıq baxımından hansı rola malikdir?

- Bir məsələ var ki, bu, yaradıcılığın dəmir qanunudur, mütaliə mütləq vacibdir. İstedad, zəhmət, mütaliə. Bu üç komponent bir arada olmalıdır. Çünki mütaliə olmadan, insan öz qüsurlarını görə bilmir. Yaxud da dəfələrlə işlənmiş mövzularda orijinallıq göstərə bilməyəcəksən və s. Sistemli mütaliə olsa, daha yaxşı olar.

- Alpay müəllim, cəmiyyətdə ziyalı kimdir sualı tez-tez verilir. Sizcə, ziyalı kimdir?

- Ümumi olaraq belə bir fikir var ki, ziyalı ictimai həqiqəti, millətin həqiqətini deyə bilən adama deyilir. Burada yazıçılara daha çox fokuslanılır. O da yəqin ki, "söz"lə bağlıdır. Yazıçı yazır, rejissor göstərir, aktyor oynayır. Hərçənd, orda da söz elementləri var. Görünür, bu baxımdan ədəbiyyatın üzərinə böyük iş düşür. Əgər sən əsərində bunu deyə bilirsənsə, niyə əməlində bunu göstərməyəsən?! Ancaq belə bir fikir də var, yazıçı ilk növbədə mətni ilə məşğul olmalıdır. Bu məqamda yazıçı ziyalı ola da bilər, olmaya da. O, ziyalılığı seçə də bilər, seçməyə də... Bəlkə də paradoksal səslənəcək, amma mənə görə Çingiz Aytmatov ziyalı deyil. Bunun da öz səbəbləri var, ancaq böyük yazıçıdır.

- Ədəbi adlar, titullar nə dərəcədə doğru yanaşmadı?

- Mənim münasibətim adlarla, titullarla bağlı normaldır. Bu məsələyə bir az tənqidlə yanaşırlar. Deyirlər ki, ümumiyyətlə adları ləğv eləmək lazımdır. Sistemli şəkildə özünü təsdiqləmiş imzalara "Xalq yazıçısı" və ya "Xalq şairi" titulunun verilməsi normaldır. Hə, o "Xalq yazıçısı" adına layiqdir, ya yox, bu başqa məsələdir. Bəlkə burda düşünmək olar ki, "Xalq yazıçısı" həm də ziyalı olsa yaxşı olar. Çünki burada "xalq" sözü var. Fransanın özündə də belə titullar var. Məsələn, "legioner" titulu. Yəni burada böyük bir qüsur yoxdur. Əsas məsələ layiq olub olmamaq məsələsidir.

- Mərhum yazıçı, atanız Azər Abdullanın yazıçı kimi yaradıcılığınıza təsiri olubmu?

- Atam nəsrdə özünü təsdiqləmiş imzalardan idi. "Qəmərlidən keçən qatar", "Gül yağışı" kimi əsərlər şişirtmədən deyə bilərəm ki, Azərbaycan ədəbiyyatının şah əsərləridir. Mənə təsiri olubmu, yox. Belə deyək, genetik olaraq, yazıçı kimi, əlbəttə, təsiri var. Ancaq sırf yaradıcılıq baxımından mənə təsiri olmayıb. Biz başqa mövzularda yazmışıq. Həmçinin fərqli üslub və təhkiyələrdə yazmışıq. Onda daha çox poetik nəsrdə, o həm də şair idi, məndə isə poetik nəsr deyil. Onu da qeyd edim ki, mənim ilk hekayələrimdə onun redaktələri olub.

- Belə bir deyim var: "Gərək yazıçının, şairin taleyi də gətirsin". Bu haqda nə deyə bilərsiniz?

- Belə deyək, bu gün ədəbi mətbu orqanlar çoxdur. Yəni yazılarını çap etdirmək üçün alternativlər var. Rəhmətlik atam deyirdi ki, o vaxt "Azərbaycan" jurnalında bir müəllifin yazısı çıxırdısa, bu böyük bir hadisə sayılırdı. Yəni alternativ o zaman çox deyildi. Məsələn, Əliabbas bizim gözəl yazıçımızdır, ancaq haqsızlıqla üzləşib. "Ulduz" jurnalında onu çap etməyiblər o vaxt. Burada zövq məsələsi də ola bilər, qısqanclıq məsələsi də. Amma indi istedadsız da yazıları ilə çıxa bilir, istedadlı da. Fitri istedadsızların iddiası mənə çatmır.

- Yazı mətbəxinizdən danışa bilərsinizmi? Necə yazırsınız, yazı prosesində hər hansı bir plan qurursunuzmu?

- Bununla bağlı "Essevari fikirlər"də yazmışdım. Daima məndə olan enerjini tükədirəm, yazı prosesində. Yazmamaq olmur, qaldı ki, onu necə həyata keçirmək olur? Hər gün yazıram, ya da redaktə edirəm. Elə gün olmur ki, yazmayıb. Kafedə daha çox yazı prosesi mənə rahatdır. Qələmlə yazıram, bir kolleksiyam da var. Ağ kağızda yazdıqca enerji alıram. İkinci romana başlamışam, bir az tənbəllik edirəm. Görünür, roman tam oturmayıb beynimdə.

- Çox sağ olun, Azər müəllim. Maraqlı cavablar üçün.

- Sağ olun, mən də sizə təşəkkür edirəm.

 

Söhbətləşdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!