Qan Turalı: "Bu gün kütləni razı salmaq asan məsələ deyil..." - "Fikir bucağı" - Müsahibə

"Fikir bucağı" layihəsində Azərbaycan ədəbi mühitinin tanınmış imzaları ilə həmsöhbət olub, müxtəlif mövzularda müzakirələr aparmağı düşünürük. Bu layihədə ədəbiyyat, kino, fəlsəfə, tarix və s. mövzularda oxucuları maraqlandıran suallar cavablandırılacaq. Layihənin ilk qonağı yazıçı Qan Turalıdır.

 

- Tural y, istəyirəm yaradıq rinizlə bağdanışasız. Necədi ziyyət, yazı prosesi necə gedir?

- Düzü, yaradıcılıq işlərim bir az arxa plana keçib. Bu da müəyyən qədər pandemiya ilə əlaqədardı. Düzdür, pandemiya dövründə bir çox yaxşı hesab elədiyim yazılar yazdım, çoxlu yeni araşdırmalar elədim, çoxlu sayda həm yerli, həm də xarici müəlliflərin kitablarını oxudum. "Korona gözəlləməsi" adlı bir yazı yazdım. Pandemiya dövründə özümü anlamaq üçün çox ağır bir yazı prosesi keçdim. Azərbaycan tarixi ilə bağlı, ədəbiyyatı ilə bağlı çox kitablar oxudum. Hər ikisini paralel şəkildə. Xalq cümhuriyyəti dövrünə aid, 37-ci illərin repressiyaları ilə bağlı, həm də ötən əsrin 20-25-ci illəri ilə bağlı dövrün ictimai-siyasi proseslərini əks etdirən kitablar oxudum. Xüsusilə Nərimanovla bağlı, daha əvvəl Axundovla bağlı, mənim çox sevdiyim Cəlil Məmmədquluzadə ilə bağlı bir çox araşdırma yazıları ilə tanış oldum. Elə bilirəm ki, bir müddətdən sonra yenidən yazı perioduna qayıdacam, bu proseslərdən sonra buna özümdə ehtiyac duyuram.

- Yazı prosesinə öncən hazırlaşırsızmı, bununla bağsusi bir planız varmı?

- Məndə yaradıcılıq prosesi, belə demək mümkünsə, üç mərhələdən ibarətdir: birinci mərhələdə yazmaq dövrüdür, ancaq yazıram, başqa bir iş görmürəm, ikinci mərhələdə oxumaq dövrüdür, bu dövrdə ancaq oxuyur, müxtəlif araşdırmalar aparıram, üçüncü mərhələ isə kinoya baxmaq dövrüdür. Bir vaxtlar dünya kino sahəsində baş verən hadisələri yaxından izləyirdim, seriallara baxırdım. Amma indi nə qədər seriallar üst-üstə yığılıb qalıb. Oxu prosesi ilə bağlı onu deyə bilərəm ki, yeni il ərəfəsində Türkiyədən on beş kitab sifariş verdim. İndi o kitabları oxuyub qurtarıram, az qalıb.

- n bu ri rmək üçün vaxtınecə müəyyən edirsiniz?

- Çalışıram işlərimi kompleks şəklində görüm. Həm ssenari yazıram, həm jurnalistika ilə bağlı, kino ilə bağlı araşdırmalar edirəm. Mənim bir ideyam var. Bunu ilk dəfə sizə deyirəm. Azərbaycan ədəbiyyatı ilə bağlı bir kinolayihə üzərində işləyirəm. Hələ danışıqlar gedir, istəyirəm layihənin maddi-texniki bazası çox yüksək səviyyədə olsun. Mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatı üçün də çox əhəmiyyətli bir layihə olacaq.

- Sizcə, müasir Azərbaycan ədəbiyyatının ideya baxımında qurucusu kimdir?

- Müasir Azərbaycan ədəbiyyatının ideya baxımından qurucusu Mirzə Fətəli Axundovdur. Çox təəssüf ki, Axundovun dini baxımından görüşləri daha çox qabardılır. Əlbəttə, Axundovun dünyagörüşü məlumdur. Axundov ateistdir. Amma mənə elə gəlir ki, onun diapazonu son dərəcədə genişdir. Ateizm onun bir istiqamətidir. Maarifçiliyin bir xəttidir. Ümumilikdə Axundov öyrənilməyə layiq böyük bir yaradıcı şəxsiyyətdir. Mənim özümün də Axundovla bağlı xeyli suallarım var.

- Hansı suallardı?

- Məsələn, birini deyim, Axundov XIX əsrin 50-ci illərində komediyalar yazır. Komediyaları yazıb qurtardıqdan sonra, yeganə nəsr əsəri olan "Aldanmış kəvakib" əsərini yazır. Nəyə görə "Aldanmış kəvakib" əsərinin dili son dərəcədə qəlizdi, komediyaların dili son dərəcə asan... Mənə elə gəlir ki, mübahisələndirilməli bir məsələdir.

- Nərimanovla bağlı nə düşünürsünüz?

- Nərimanovun ictimai-siyasi fəaliyyəti, həm bir partiya lideri kimi fəaliyyəti və əlbəttə, ədəbi fəaliyyəti daha geniş öyrənilməlidir. Onun istər Cümhuriyyət dönəmində, istərsə də Sovet hakimiyyətinin ilk illərində olan fəaliyyəti, həmçinin yazıçı kimi obrazı, rolu mənə elə gəlir, son dərəcədə qiymətlidir. Bir də mənə elə gəlir ki, bizim ədəbiyyatla bağlı ilişdiyimiz və çıxa bilmədiyimiz məqamların əsasında bizim ədəbiyyatla bağlı ideya mənbələrini düzgün hazırlayıb ortaya qoya bilməməyimizdir. Buna ilk dəfə filosof Heydər Hüseynov cəhd göstərmişdi, ancaq bugünün imkanları çərçivəsində bu məsələni yoluna qoymaq olar.

- Tural bəy, çıxışlarınızda tez-tez intellektualıqla bağlı fikirləriniz diqqəti çəkir. Sizcə, müasir dövrdə intellektuallıq nədir?

- Modern dövrdə intellektual olmaq vacibdir. Xüsusilə ətrafımızda baş verən hadisələr, davranışlar və imkanlar bunu bizdən tələb edir. Bu gün ədəbiyyat da bu cür mürəkkəb bir situasiyada yer alır. Bununla bağlı Orxan Pamuk öz "Saf və düşüncəli romançı" əsərində bu prosesi izah edir. Xüsusilə müasir dövrdə yazıçı düşüncəli olmalıdır. Orxan Pamukun təbirincə desək. O ki qaldı mənim çıxışlarımda intellektuallıqla bağlı söylədiklərimə. Bir dəfə bir verilişdə qonaqlardan biri tamamilə cəfəng bir məsələ haqqında danışırdı. Mən ona sual verdim ki, Tarkovskinin iki filminin adını deyə bilərsən? Yəni bu minimal bir bilikdir. Hamının bilməli olduğu bir şeydir. Amma məsələ bundadır ki, zamanımızda elə adamlar var ki, minimum biliyi olmadan gəlib elə böyük mətləblərdən danışırlar ki... Mən də açığı, nə qədər səbirli olsam da, bu kimi məsələrdə özümü saxlaya bilmirəm.

- Cəmiyyətdə kimin sözü önəmlidir? Ziyalıların əsas funksiyasını nədə görürsünüz?

- Bilirsiniz burda problem hardadı? Alim, akademik, yazıçı, yəni xüsusi bir adı olan, bir ünvan daşıyan adamın ilk işi dürüstlük olmalıdır. Siyasətçi yalan danışa bilər, amma ölkə prokuroru yalan danışa bilməz, ölkə ziyalısı yalan danışa bilməz, ölkənin alimi yalan danışa bilməz. Küçədə sadə bir vətəndaş da yalan danışa bilər. Amma jurnalist yalan danışa bilməz, bu onun peşəsinə ziddir. Mən özüm də universitetdə dərs deyirəm. Mənim orta məktəbdə ən çox sevdiyim fənn bir ədəbiyyat olub, bir də tarix. Dərsliklər düzgün hazırlanmır. Tarix fənnində bizim beynimizi doldururlar ki, Axistian belə getdi, Vaçaqan belə gəldi, Gödək Əhməd belə elədi. Hələ də mən Gödək Əhmədin Uzun Həsənin nəvəsi olması ilə barışa bilmirəm (gülür). Dərsliklərdə ancaq il öyrədilir, mahiyyətə varılmır. Beləliklə, ondan həqiqəti ortaya çıxarmaq məsələsi qalır kənarda. Həyatda olduğu kimi ancaq əzbərçiliklə yaşayırıq.

- Necə olmalıdı? Hansı dəyişikliklərə ehtiyac var?

- Bir yazıçımız o gün yazıb ki, Nərimanov "böyük aldanışların adamıdı...". Birincisi, Nərimanovun aldadıldığını mən də qəbul edirəm. Ancaq birincisi, tarixi ictimai situasiya var. Bəli, Rəsulzadə böyük şəxsiyyətdi, eyni zamanda Nərimanov da böyük şəxsiyyətdi. Bu kimi məsələlərə daha dəqiq və dərin baxılmalıdır. Bizim elmi idrakımız hələ buna hazır deyil.

- Azərbaycan ədəbiyyatı ilə bağlı hansı həqiqətlər və yalanlar sizi narahat edir?

- Azərbaycan elminin titanları var. Məsələn, Abbas Zamanov. Onun haqqında bu yaxınlarda bir yazı oxudum. Deməli, Səməd Vurğunun vəfatının beş illiyi ilə əlaqədar anım gecəsi keçirilir. Abbas Zamanov da Bakı Dövlət Universitetinin müəllimdir o dövrdə. Gənc bir alimdi. O, təkzibedilməz faktlarla sübut edir ki, "Millət necə tarac olur-olsun" şeirinin müəllifi Mirzə Ələkbər Sabir yox, Cəlil Məmmədquluzadədir. Ancaq bu həqiqətə Azərbaycan ədəbiyyatı hələ də susur. Kitablarda, dərsliklərdə də bu fakt yanlış gedir. Bir dəfə hələ bununla bağlı bir yazı yazanda Abbas Zamanova istinad etmişdim, bir dostum zəng edib mənə dedi ki, bəs naxçıvanlılar buna görə sənə yaxşı bir qonaqlıq verməlidirlər (gülür). Əlbəttə, mənim üçün Sabir böyük şairdi. Mənim yerlimdi. Həmin şeir Cəlil Məmmədquluzadədən bir şey aparmır, nə də Sabirdən. Ancaq həqiqət nədir o da olmaldır. O şeir elə də böyük şeir deyil, Sabirin ondan qat-qat güclü şeirləri var. Bu məsələni niyə danışdım. Abbas Zamanov dürüst bir alimdir, ancaq Azərbaycan elminin ona reaksiyasına baxın...

- Ədəbi mühitin təsiri çox önəmlidir. Bu haqda nə deyə bilərsiniz?

- 2001-ci ildə Azad Yazarlar ocağı təsis olunmuşdu. Mən isə onun sıralarına 2005-ci ildə qoşulmuşam. Elə bir mühit idi ki, sözün əsl mənasında o mühitdə mən çox şey öyrəndim. Ömrüm boyu kitablar, mütaliə mənə ən yaxın olub. O dövrdə qəzetə, kitaba münasibət daha yaxşı idi, daha çox tələbat var idi. İnsanlar informasiya ehtiyaclarını qəzetlə, kitabla, jurnalla qarşılayırdılar. İndi bu proses bir qədər sünidir.

- Sovet dövrü ilə bağlı deyilənlər birmənalı qarşılanmır. Ancaq ədəbiyyat, kino, incəsənət sahəsində sanki o dövrün fəaliyyəti daha məhsuldar idi. Necə düşünürsünüz?

- Mənim çox sevdiyim bir rejissor var: Kristof Kioslovski. Polşalı rejissordu. Ömrünün çox hissəsi sovet dövrünə təsadüf elədi, az bir hissəsi müstəqillik dövrünə düşdü. Həmin dövrdə, yəni Sovet dövründə o, hökumətlə böyük konfliktlər yaşadı, filmlər çəkdi. Sonralar o belə bir açıqlama verdi: "Sən demə, Sovet dövründə, senzura dönəmində film çəkmək daha asan imiş, nəinki kapitalizm dövründə...". O bunu belə izah edirdi ki, Sovet dövründə insanlar hakimiyyətlə mübarizə aparırdı, kapitalizmdə isə kütlə ilə. Kütlə ilə mübarizə aparmaq daha çətindir. Bu gün kütləni razı salmaq asan məsələ deyil.

- İnsanlar sanki düşünmək istəmir. Bizi əhatə edən mühit daha asan qəbuledilən informasiyaya ehtiyac duyur. Bu barədə nə deyə bilərsiniz?

- "Beyin konfortu" deyilən bir anlam var. Düşünmədən, yalan və həqiqət olmasının fərqinə varmadan qəbullanmaq halı var. O gün marşrutda bir maraqlı hadisənin şahidi oldum. Deməli, yolu bağlayıblar, məlum olub ki, bir adam yolun ortasında ölüb. Sərnişinlərdən biri qayıtdı ki, hə o qadını namus üstündə öldürüblər. Adam düşünmədən, həqiqətin nə olduğunu bilmədən qərar çıxarır. Bu da artıq cəmiyyətdə hər şeyin fərqinə varılmadan qəbul olunmasına gətirib çıxarır. Düşünmək insanın varlığını bildirir. Demək, insan düşünmək istəmir. Demək, varlığını itirir...

- Təşəkkür edirəm, Tural bəy, maraqlı cavablarınız üçün.

- Sağ olun.

 

Söhbətləşdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!