- Əvvəlcə yeni ilə hansı əhvali-ruhiyyə ilə girdiniz ondan bəhs edək.
- Ötən ilimiz çox zəngin hadisələrlə dolu oldu və təbii ki, belə bir ildən sonra, adamın daha çox dincəlməyə həvəsi olur. Amma bizim dincələn vaxtımız da deyil. Axı, o boyda Qarabağ yolumuzu gözləyir. Bir təsəvvür edin, oraların hamısını başdan-ayağa yenidən qurmalıyıq. Bəziləri bu prosesə bərpa deyir, amma gedənlər bilir ki, oralarda bərpa edəsi heç nə qalmayıb, hamısı sıfırdan tikilməlidir. O yerləri lap gözəl tiksək belə, xalq yurd-yuvasına köçməyincə, oralar Qarabağ olası deyil. Torpağı Qarabağ edən qarabağlılar olacaq, inşallah, çünki bu didərginlik illərində görmüşəm - bizimkilər hara düşürsə, oranı mini-Qarabağa çevirir, ordan Qarabağın havası gəlir. Onu da deyim ki, hər ölkə başçısının qismətinə o qədər şəhəri, kəndi yenidən tikmək düşmür. Bu, hər nəslin qismətinə də yazılmayıb. Odur ki, insanlarımız da, rəhbərimiz də o müqəddəs yerləri qurmaqla adlarını tarixə əbədi yazmış olacaq.
- Müsahibələrinizin birində belə bir söz demisiniz ki, atamın ümidi var idi, bir gün yaxşı yazıçı olaram. Yaxşı jurnalist oldum, amma yaxşı yazıçı ola bilmədim. Yaxşı yazıçı olmanıza nə mane oldu?
- Məncə, arzu olmasa, insan həyatı dəyərdən düşər. Böyük işlərin hamısı böyük arzulardan, o arzuların ardınca yorulmadan getməkdən doğur. Amma bir reallıq da var və mən yazı-pozu aləmində ondan böyük reallıq tanımıram. Adam yazmaya bilirsə, gərək yazmasın. Mən də uşaq vaxtı atam kimi yazıçı olmağı düşünürdüm, amma ona özünü dolandırmaq vasitəsi, peşə kimi deyil, hobbi kimi baxırdım. Bununla belə povestim, hekayələrim o zamanların ən mötəbər jurnallarında, qəzetlərində dərc edilirdi, əks-sədaya səbəb olurdu. Sonra gördüm ki, yazmamaq da olar. Üstəlik, söhbət 90-cı illərdən gedirsə, dövran elə idi ki, səhər yuxudan duranda evə bir tikə çörəyi hardan gətirəcəyimizi düşünürdük, yazı yazmağı yox. O zamanların Azərbaycanı həyatın gərdişindən böyük arzuların xırda məzarlarda basdırıldığı məmləkət idi, biz də o arzuları ya içimizdə gəzdirib, yaxşı zamanlaradək süsləyir, ya da mənim kimi acımasız basdırırdıq. Mən də basdırdım getdi...
- Sizin dövrünüzdə yaxşı yazıçılar çox idi. Onların əksəriyyəti artıq dünyasını dəyişib. Müasir dövrdə ürəklə "yaxşı yazıçıdır" deyə bildiyiniz kimlər var?
- Mənim aləmimdə ədəbiyyatımızın ən böyük intibahı 60-80-ci illərdə olub, o ağır nəzarət, sosializm-realizminin yazı normasını müəyyən etdiyi şəraitdə ara-sıra yaxşı yazıçılar çıxırdı, əsərləri dillər əzbəri olur, xalq sevgisi qazanırdı. Və bu intibahın səbəbkarı yazarlardan çox, oxucular idi. Təsəvvür edin ki, ildə bir kitabı çıxan yazıçı aldığı qonorarla ailəsini ortabab dolandıra bilirdi. İndi də yaxşı yazıçılar var, yazdıqları əvvəlkilərinkindən yüz dəfə az olsa da, oxunur. Onların əksəriyyəti mənim dostlarımdır, amma ad çəkməyəcəm, çünki kimisə unuda bilərəm. Təəssüf ki, əvvəlki oxucu yoxdur. Bilirsiniz, indi zəmanə tam dəyişib, başqa dünyada yaşayırıq, gənclərin marağı başqa şeylərə köklənib, həyatımızda əyləncə real işdən daha çoxdur. Bunu senzura dövrünün yazarları daha yaxşı bilər, amma mənim aləmimdə azadlığın, sərbəstliyin senzurası daha qəddardır. Əvvəllər yazıçının, şairin eyhamla, sətiraltı deməyə çalışdığı mətləbləri indi hər sayt, hər sosial şəbəkə açıqca söyləyir. Odur ki, yazmaq, daha doğrusu, yazaraq populyarlaşıb dolanmaq çox çətinləşib.
- İndi bir çox yazıçılar çörəkpulu qazanmaq üçün jurnalistikaya üz tutub. Bu səbəbdəndir ki, həm oxucular, həm də yazıçılar necə deyərlər "Əli aşından da olub, Vəli aşından da". Elə sizin özünüz də illərdir bu yolayrıcında var-gəl etmisiniz. Ümumiyyətlə, yaradıcı adamın iki daşın arasında qalması ədəbi müstəvidə daha çox kimin faciəsidir. Yazıçının, yoxsa oxucunun?
- Əlbəttə, yazıçının. Yazıçı öz yazısı ilə oxucunun qəlbinə çöküb, həyatı zərrə qədər olsa belə dəyişə bilmirsə, nakam olur. O ki qaldı jurnalistikaya, indi tək yazarlar yox, əli qələm tutanların hamısı ora axışıb. Əvvəla, jurnalistika başqa peşə bilmədən və rüşvət almadan, nisbətən asan dolanmağın bəlkə də, yeganə yoludur, çarəsizlikdən gedirlər. Çünki mətbuata imkanlılar pul ayırır. Camaat üçün yox, öz reputasiyası üçün ayırır, ondan müdafiə mexanizmi düzəldir. Odur ki, handa bir jurnalistə desən ki, gəl səni hansı qurumasa mətbuat katibi təyin edək, qazandığından 100 manat da artıq alacaqsan, razılaşar. Əslində, yaxşı jurnalistin məmur olması cəmiyyətin ən böyük faciələrindən biridir. Məgər bu normal bir şeydir? Təbii ki, yox. Amma hansını dindirsən, görəcəksən ki, özünü son dərəcə məmnun hiss edir. Amma yazıçıya pul ayıran, onu dolandıran kimdir axı...
- Günümüzdə kitab nəşr etdirmək asan, amma onu oxucu kütləsi ilə qovuşdurmaq çətindir. Vəziyyət o qədər ağrılıdır ki, hər kəs kitabını bir-birinə hədiyyə edir. Kitabdan pul qazanmaq Azərbaycan yazıçısı üçün illərdir sadəcə arzu olaraq havadan asılı qalıb. Bu tilsimi sındırmaq gecdir, yoxsa hələ ümid var?
- Məncə, bizdə bu istək həmişə beşiyində qalacaq, reallaşmayacaq. Çünki Azərbaycan bazarı çox xırdadır, üstəlik, güzəran da çox ağırdır. Mən hərdən kitab mağazalarını gəzirəm, sırf müşahidə üçün. Rəflərə yaxınlaşan çoxdur, amma az adam görərəm ki, kitab alsın. İnsanları qınamıram da, çünki ən ucuz kitabın dəyərini belə pulla ifadə edəndə, görürsən ki, o pula iki toyuq alarsan, evdə qazanın qaynayar, ailən bir həftə dolanar.
- Yəni deyirsiniz kitab oxumaq üçün tox olmaq lazımdır əvvəlcə?
- Ümid ancaq varlılaradır, amma bizim varlıların kitab alması ilə də iş düzələn deyil, nə qədər varlımız var ki? İndi kimsə sovet dövrünü misal gətirəcək, deyəcək ki, o vaxt yazarlar vardı, kitabının pulu ilə dolanırdı. Hə, elədir, razıyam. Amma onda seçmələr nəşr edilirdi, hər şey oxucuya uyğun tənzimlənirdi, kitab yox deyildi. Məsələn, Rusiyada, Türkiyədə, İranda vəziyyət tamam başqadır, bazarları böyük olduğundan, hərə öz oxucusunu yığa bilir. Oralarda da ortabab kitab indi iki min tirajla nəşr edilir. Təsəvvür edin ki, 100 milyon əhalisi olan bir məmləkətdə kitab o tirajla çıxırsa, 10 milyonluq Azərbaycanda hansı tiraj olmalıdır? Təbii ki, on dəfə az, yəni iki yüz dənə. Belə satışla yazıçı dolana bilər? Odur ki, bizdə ən yaxşı dolananlar sifarişli yazanlar, bir də rus dilində yazıb, Rusiya bazarına çıxa bilənlərdir. Bu, obyektiv gerçəklikdir. Vəziyyəti nisbətən düzəltmək üçün cəmiyyətdə kitab kultu yaranmalıdır. Kitabxanaya, əvvəllərdəki kimi, evlərin yuxarı başı ayrılmalıdır, yerdəki kitabı tapdalayıb ötən gənclər yox, əyilib qaldıran uşaqlar tərbiyə etməliyik.
- Bu yaxınlarda "Qızılbarmaq Fatma" adlı kitabınız nəşr olundu. İstərdim bir az oxucularımıza kitabı yazmaq ideyasının necə yaranmasından danışasınız. Niyə Qızılbarmaq Fatmadan yazmaq gərəyi hiss etdiniz?
- İnsanların mütləq əksəriyyəti həyata durduğu nöqtədən baxır. Həyat isə çoxüzlü prizmadır, hardan baxsan, cəmi bir üzünü görəcəksən. Adamlar da beyinlərini yükləməməkçün çox vaxt elə olduğu nöqtədən baxır, prizmanın başqa səthlərində olanlarla maraqlanmır. Amma "mən həyatı bilirəm" sözünü qətiyyətlə demək üçün gərək başqa cəhətlərindən də xəbərin olsun. Fatma rəhmətlik də bir insan idi, amma o prizmanın tamam başqa səthində yaşayırdı. Onunla 99-cu ildə, "Avtoritet" adlı bir məşhur qəzetin redaktoru olarkən tanış oldum. Yazıq istəyirdi ki, həyatı haqqında kitab yazılsın, onun səhvlərindən kimsə ibrət götürsün. Üç gün, üç gecə onun evində qaldım, söylədiklərini birər-birər diktofona aldım. O vaxt Fatmanın yaşı 60-ı keçmişdi, cibgirliyə tövbəli idi, özünü onun-bunun falına baxmaqla dolandırırdı. Danışdıq ki, kitabı bir-iki ilə hazır edəcəm. Amma iş elə gətirdi ki, mən kitabı nəşrə hazırlayana kimi Fatma arvad da, tövbəsini pozdu. Daha doğrusu, bizim o vaxtkı qanun adamları ona evində rahatlıq vermədilər, hər həftə tutub bölməyə apardılar, falçılığına görə böyük haqq qoydular belinə, o da məcbur qalıb, evindən qaçaraq gizləndi və axırda köhnə peşəsinə qayıtmaqdan başqa çarə tapmadı. Mən də o kitabın əlyazmasını atdım bir qırağa. İki il qabaq isə eşitdim ki, Fatma dünyasını dəyişib, əlyazmanı götürüb bir də oxudum, gördüm ki, çap eləməsəm olmaz. Çünki artıq nə Fatma vardı, nə də onun doğulub boya-başa çatdığı şəhər. Bu kitab həm Fatma arvadın özünə, həm də elə o Bakıya nisgilli epitafiyadır...
- Kitabın təqdimatı ilə bağlı elan yazanda sosial şəbəkədə etiraz xarakterli rəylərə də rast gəldim. Hətta tənqid olundu "oğru" haqqında kitab yazmağınız. Bu reaksiyaları hesaba almışdınız, yoxsa sizin üçün sürpriz oldu?
- Bilirsən, elə yaşdayam ki, artıq fikirləşib qurtarmış adam olduğumdan, neçə illərdir sürpriz görməmişəm. Odur ki, belə rəylərin olacağını da bilirdim. Amma əsas bəlanı dedim axı - prizmanın bir səthində daşlaşıb qaldığından, beynin sümükləşdiyindən başqa müstəviləri görmək istəməmək, natamam həyat yaşayaraq, axırda peşman olmaq. Və ən qəribəsi də odur ki, bir müstəvidə yaşayanlar, başqa müstəvilərdəkinin yaşamaq haqqını belə danır. İndi Fatmanın kitabı artıq bir fakt kimi var və sevindirici cəhət odur ki, həmin kitabı oxuyan bircə adamdan belə dediklərinə bənzəyən bir rəy görməmişəm. Düzdür, haqqında ciddi məqalə yazan olmayıb, amma fikrinə hörmət etdiyim, o kitabı mənim yazdığımdan oxuyan adamların xoş rəylərini eşitmişəm, sosial şəbəkələrdə yazılanları görmüşəm. Çox istərdim ki, hamı oxusun Fatmanın kitabını...
- Mənə elə gəlir Azərbaycan oxucusunun nəbzini tutmusunuz bu kitabla. Hər nə qədər tənqid səslənsə də bu mövzular oxucu üçün həmişə maraqlıdır. Yanılıram?
- Hamı üçün yox. Yalnız həyatın hər üzünü tanımaq istəyənlər, öz qılafından çıxmağa qadir olarlar üçün, başqasının həyatında, təcrübəsində özünə gərəkli şeylər tapmağa ərinməyənlər üçün maraqlıdır. Onu da deyim ki, Fatma arvadın cibgir əri 20 Yanvar hadisələrində ölüb, zabit oğlu, Qazaxıstandan bura könüllü, Qarabağda döyüşməyə gəlmiş Kamil isə Agdamda itkin düşmüşdü...
- Ömrünüzün Qarabağlı illərini yaşayırsınız artıq. Qarabağla bağlı hərənin bir arzusu, bir əhdi var idi. Sizin əhdiniz nə idi?
- Hər gün şükürlər edirəm, İlahi bizə Qarabağlı günləri göstərdiyi üçün olmazın dərəcədə bəxtiyaram. Amma əhdim, təbii ki, var. Mənim bir qardaşım vardı, Vüqar adında, Qarabağın dəlisi idi. Rəhmətlik bu günləri görə bilmədi. Əhd eləmişəm ki, ömür vəfa eləsə, öz kəndimizdə, Ağdamın poladlısında onun və bütün şəhidlərimizin, nakamlarımızın xatirəsinə bir "Vüqar bağı" salım, qardaşımın ruhunu elə doğma yurdumuza qovuşdurum. Bir gözləntim də var. Ağdamda atamın adına bir küçə vardı və yenə olacaq, bərpadan sonra o küçənin açılışında şəxsən iştirak etmək istəyirəm. İnşallah olar yəqin, otuz ili dözmüşük, iki il də dözərik.
- 30 il sonra Ağdama getdiniz. Hər tinində, hər yolayrıcında xatirələri kök salan bir adamın 30 il sonra torpağına qovuşmasının ən təsirli ifadəsi nədir?
- Hələlik, mənim üçün bir neçə təsirli ifadəsi var bu hadisənin. Əvvəla, rəhmətlik Aydın Quliyevin dağılmış evinin düz qarşısında qurulmuş köşkdə Prezidentimizlə görüşməyin, Şahbulağın suyundan içməyim, dostum İlqar Rəsulun "Sara" adlı romanının orada təqdimatı və Ağdam məscidinin damında televiziyaya müsahibə verməyim. İndi bunların arasında seçməyə çətinlik çəkirəm, çünki hamısı həyatımın əzəmətli hadisələrindəndir. Amma Əlfi Qasımov küçəsi və "Vüqar bağı" açılanda, şəksiz, onlar olacaq.
Söhbətləşdi: Günel MUSA
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!