“Yaşayır şair olan kəslər öləndən sonra” - "Varislər" rubrikası - Müsahibə

"Varislər"in bugünkü qonağı unudulmaz ədəbiyyat adamı, gözəl insan, türk sevdalısı, əvəzsiz dost, gözəl şeirlər müəllifi, Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Rəfiq Zəka Xəndanın oğlu Xəndan bəydir.

 

1939-cu ilin yayında, böyük ədəbiyyatşünas Cəfər Xəndanın ailəsində dünyaya gəlmişdi. Rəfiq Zəka yaşadığı, böyüdüyü mühitdə dövrün ən say-seçmə ədəbiyyat adamlarını, şair və yazıçılarını görmüş, hələ uşaqlıq və yeniyetməlik illərindən Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, ondan sonrakı dövrlərdə isə İlyas Əfəndiyev, Hüseyn Arif, İsa Muğanna, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə kimi ustadların söhbətlərini eşitmişdi.

Şair ruhunu böyük türk coğrafiyasının birlik və həmrəylik sevdasına kökləyərək yaşayır, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin möhkəmlənməsi yolunda əmək sərf edir, azərbaycanlı müəlliflərin Türk mətbuatında, türkiyəli müəlliflərin isə Azərbaycan mətbuatında çap olunmasına, tanınmasına çalışırdı. O, heca və əruz vəznində yazdığı şeirləri ilə oxucuların diqqətini çəkir, şeirlərinə onlarca mahnı bəstələnirdi. Kitabları, dram əsərləri, maqələləri, qoşduğu lətifələr indi də xatırlanır, yazdığı mahnı mətnləri bu gün də radio dalğalarında, televiziya ekranlarında səslənir. Rəfiq Zəka cəmi 59 il yaşasa da xatirəsi hər zaman əzizdir. Bu gün qonağımız Rəfiq müəllimin yadigarı, oğlu Xəndan Rəfiq Zəkadır.

 

Mayor Cəfər Xəndanın oğlu

 

- Cəfər Xəndan kimi böyük ədəbiyyat adamının ailəsində anadan olmaq artıq, müəyyən mənada gələcək həyat yolunu seçmək deməkdir.

- Cəfər Xəndanın atası Zeynal kişi Azərbaycan Demokratik Cümhuriyyəti illərində, yəni 1918-ci ildə Göyçədən Gəncəyə köçüb, amma az sonra dünyasını dəyişib. Babam Cəfər Xəndan kiçik qardaşı və bacısıyla bir yerdə Cəncədəki uşaq evində böyüyüb. Sonra Gəncə Pedaqoji Texnikumunda oxuyub və həm də müəllim işləməyə başlayıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna, institutdan sonra aspiranturaya qəbul olub və artıq müəllim kimi fəaliyyətə başlayıb, assistentlikdən professorluğa qədər yüksəlib. Filologiya elmləri doktoru, 1950-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olub. Müharibə illərində hərbi jurnalist kimi fəaliyyət göstərib, ciddi ədəbi və elmi fəaliyyətlə məşğul olub, amma cəmi 51 il ömür sürüb. Atamın 22 yaşı olanda o,  atasını itirib, 22 yaşım olanda isə mən atamı itirdim.

Cəfər Xəndan Nizami Gəncəvidən, Füzulidən maraqlı tərcümələr edib. Məsələn, Nizaminin məşhur "Sənsiz" qəzəlini fars dilindən o tərcümə edib. Cəfər Xəndan fars, ərəb və türk dillərində sərbəst yazıb-oxuya bilib. Həmin dövrdə türkcə nəsə yazmaq risk idi. Evdə atamın arxivində xeyli köhnə şəkil qalıb. Hərdən onlara baxanda Mikayıl Müşfiqin, Cavidin, Ruhulla Axundovun yanında babamı görürəm. Uşaq vaxtı həmişə anamdan soruşurdum ki, necə olub babam repressiya illərindən qurtula bilib? Görünür, tale məsələsi böyük rol oynayır. Çünki həmin dövrdə çox ziyalını güllələsələr, Sibirin gedər-gəlməzinə göndərsələr də, xeyli adama toxunmayıblar. Əgər hamısını eyni aqibət gözləsəydi, çox amansız bir boşluq yaranardı cəmiyyətdə. Mən nə Cəfər Xəndanın, nə atamın yaradıcılığında bircə dənə Leninə, Stalinə, partiyaya həsr olunmuş şeir tapmamışam. İndi düşünürəm, babam da, atam da sanki tələsiblər. Hər ikisinin həyatı 60 yaş civarında bitib, amma nə qədər irs qoyub gediblər. Şeirlər, məqalələr, elmi işlər, dramaturgiya, tərcümə... yəni bu adamlar çox işləyiblər, yazıb-yaradıblar. Hiss ediblər ki, ömür tez qırılacaq. Cəfər Xəndan İkinci Dünya müharibəsində Sovet qoşunlarında xidmət edib və mayor rütbəsində geri qayıdıb. Atamın ona yazdığı "Mayor Cəfər Xəndan" adlı şeiri var.

 

Cənnətim Qarabağ

 

Sovet dövrü ziyalıları ət maşınından keçirsə də, kasıb balalarına, fəhlə uşaqlarına, kasıb-kusuba yol açırdı. Babam yetim oğlan olub, oxuyub, elmi iş müdafiə edib, yazıları çap olunub və artıq tanınıb, cəmiyyətdə qəbul edilib. O dövrdə kitab çox oxunurdu. Sonra kitabdan uzaq düşdük. İndi yenə yavaş-yavaş kitaba qayıdış başlayıb. Təəssüf edirəm ki, atam bu dövrü görmədi. 44 günlük müharibədə iştirak edən gənclər var, ağır və şərəfli döyüş yolu keçən uşaqlardır. Onlarla söhbətlərim olur. Deyirlər, biz uşaqlıqdan "Cənnətim Qarabağ" mahnısını eşidəndə (yeri gəlmişkən, sözləri atamındır) fikirləşirdik axı niyə "cənnətim Qarabağ?", amma gedib o yerləri görəndən sonra başa düşdük ki, doğrudan da, cənnətmiş. Cəfər Xəndanın anası Məhbubə xanım şuşalı qızı olub. Atam Qarabağda çox olmuşdu, təəssüf ki, mənə qismət olmamışdı, onunla bir yerdə o tərəflərə gedə bilməmişdim. İnşallah bundan sonra gedərik. Ordumuza və Prezidentimizə sayqımız sonsuzdur, çünki illərlə üstümüzdə olan ağır yükü 44 şərəfli gün ərzində çiynimizdən götürdülər. Allah şəhidlərə rəhmət eləsin, onların haqqını, qazilərimizin haqqını heç vaxt verə bilmərik.

 

- Əlbəttə, haqları ödənilməz. Azərbaycan Prezidenti öz qətiyyəti və uzaqgörənliyi ilə xalqımızın adını dünya tarixinə yazdı. Azərbaycanı kərpic-kərpic yenidən qurdu, iqtisadiyyatımızı qurdu, ordumuzu qurdu, beynəlxaq nüfuzumuzu bərpa etdi və vaxtı çatanda dünyanın ən müasir ordularından biri öz tarixi torpaqlarını işğaldan azad etdi. Biz şanslı adamlarıq ki, bu günləri yaşadıq. Çünki bu günləri yaşamaq arzusunda olan neçə-neçə ziyalımız, böyüyümüz Qarabağ nisgili ilə köçdü dünyadan.

Rəfiq Zəka Azərbaycan-Türkiyə ədəbi əlaqalərini quran şəxslərdən biri kimi yaddaşımızda yaşayır. Gəl bu mövzuda danışaq.               

- Bir daha deyirəm, kaş atam bu günləri görəydi, Azərbaycan-Türkiyə əlaqələrinin bu gün hansı səviyyədə olduğunu görəydi. Ağlım kəsəndən evimizdə Azərbaycan-Türkiyə bayraqlarını yanaşı görmüşəm. Atam qatı pantürkist idi. Yaxşı ki, 37-ci illərdə yaşamamışdı, yoxsa sorğu-sualsız güllələyərdilər onu. Evimizdə türk kitabları vardı, biz uşaqlıqdan o kitabları oxuyurduq, əlifba dəyişib latın qrafikasına keçəndə mən qətiyyən əziyyət çəkmədim.

Atam hələ sovet dövründə bir neçə dəfə Türkiyədə səfərdə olmuşdu. O vaxt çətin idi gedib-gəlmək. Gedənləri də DTK izləyirdi. Atam türklərlə əlaqə qurmaq üçün ilk vaxtlar Krıma gedirdi. Biz ora istirahətə gedirdik, amma atam türklərlə görüşür, onların söhbətlərini dinləyirdi. Azərbaycana gələn türkiyəli qonaqlarla mütləq görüşürdü, evimizə dəvət edirdi. Deyirdi biz bir millətik.

 

İstanbulun işıqları

 

O vaxt Qara dənizdən gəmiylə səyahətə çıxmışdılar. Həmin kruizdə gəmi bir neçə iri şəhərə yan alırdı və onlardan biri də İstanbul idi. Atam o səyahətə İstanbulu görmək üçün çıxmışdı. Cəmi 2 gün qalacaqdılar orda. Atam danışırdı ki, səhərə yaxın gəmi İstanbula yaxınlaşdı. Həmin gecə gözünə yuxu getməyib, uzaqdan İstanbulun işıqlarını, minarələrini görəndə gözləri dolub. O, hər dəfə Türkiyəyə gedib qayıdandan sonra mətbuatda silsilə yazıları çıxırdı.

Atam həmin iki gündə xeyli türk ziyalısıyla, şairi, yazıçısıyla görüşüb. Onlara şeirlərini oxuyub. Türklər atamın şeirlərini dinləyəndə təəccübləniblər, sovet ölkəsində belə türk sevdalısı olmaq onlarda heyrət doğurub. Məsələn, onun belə bir beyti vardı:

 

"Dünyanın yarısı türkdür

Türk dünya kadar büyükdür".

 

O vaxt belə sözlər yazmaq, bunu demək asan deyildi. Məsələn, adi bir misal çəkim. Atamın məşhur bir mahnıya yazdığı sözlər var: "Ötən günlərimi qaytaraydılar, Gələn günlərimi qurban verərdim". Buna görə onu DTK-ya çağırmışdılar. "Sən gələn günlərimi qurban verərdim deyəndə kommunizmi qurban vermək istəyirsən?". Hətta Akif İslamzadənin o möhtəşəm ifasına da bir müddət qadağa qoyulmuşdu, amma zaman hər şeyi yoluna qoyur. O sözlər də, musiqi də, ifa da yaşayır və əsrlərlə yaşayacaq.

 

Süleyman Rüstəmin aş qonaqlığı

 

- Deyirlər, Rəfiq Zəka zarafatcıl və hazırcavab olub. Onun iştirak etdiyi görüşlər, tədbirlər maraqlı keçib. Dostları onu çox istəyib. Həm də yaxşı lətifələr qoşurmuş... Mən sualı verəndə sənin üzünə təbəssüm qondu. Deyəsən, nəsə xatırladın?

- Hə, xatırladım. Akademiyanın keçmiş prezidenti Fərəməz Maqsudovla qonşu idik, həm də atamın dostu idi. Atam bəzən zarafatla hansısa yazıçının səsilə danışırdı. Telefonda onun səsini gerçək səsdən ümumiyyətlə ayırd etmək olmurdu. Demək, Süleyman Rüstəmin səsilə Xəlil Rzaya, Hüseyn Arifə, Fərəməz əmiyə və bir neçə başqa qələm adamına zəng vurub deyib ki, bəs sizi filan vaxt evimə aş qonaqlığına dəvət edirəm. Onlar vədələşib, deyilən vaxtda bir yerdə Süleyman Rüstəmin evinə gediblər. Süleyman Rüstəmin xanımı qapını açıb təəccüblənib. Bunlar da deyiblər ki, bəs Süleyman müəllim özü bizi aş qonaqlığına dəvət edib. Qadın çaşıb qalıb. Sonra başa düşüblər ki, atam onlarla zarafatlaşıb.

Bəstəkar Cahangir Cahangirov qonşumuz idi, atamla dost idilər. Fərəməz Maqsudov, Xəlil Rza, Hüseyn Arif tez-tez bulvara çıxırdılar, hərdən məni də aparırdılar. Fərəməz əmi məni tez-tez çiyninə götürürdü. Bir gün evə gələn kimi ağlamağa başladım. Atam ağlamağımın səbəbini soruşdu, dedim yuxarıdan baxdım, boyda hamıdan balaca sənsən. Atam gülüb dedi ki, Fərəməz əminin çiynindən baxanda hamı balaca görünər. Rəhmətlik hündürboy adam idi axı.

Fərəməz əmi məni çox istəyirdi. Mən də ərköyün böyüyürdüm. Çox vaxt səhərlər yuxudan məni Xəlil Rza oyadırdı. O, səhərlər bulvarda qaçırdı, sonra bizə çay içməyə gəlirdi. Atam şikayətlənirdi ki, Xəndan yenə məktəbə gecikəcək. Xəlil əmi gəlib yatağımın başında dayanır, ucadan deyirdi ki, "Qalx ayağa, oğul, artıq xalq oyanıb". Sonra şeir deyirdi, yatmaq olar?

Təsəvvür edin ki, səhər Cahangir Cahangirov, Fərəməz Maqsudov, Xəlil Rza, Vaqif Səmədoğlu məni məktəbə ötürüb, bulvara gəzməyə gedirlər. Məktəbin qarşısında direktor dayanıb və görür ki, birdən-birə o qədər məşhur sima məni məktəbə gətirir. Onlar da direktorla salamlaşıb, məni ötürüb ayrılırdılar. Direktor tez məni yanına çağırıb onların kim olduğunu soruşdu. Dedim, əşşi, Xəlil əmidir, Fərəməz əmidir, Cahangir əmidir, Vaqif əmidir... Adam çaşıb qaldı, ay bala, onları niyə narahat eləyirsən, istəsən özüm gəlib səni məktəbə gətirərəm, dedi.

- Rəfiq müəllim əruzda da şeirlər yazırdı. Bəstəkarlar onun sözlərinə musiqi bəstələyirdilər. Bu seçim necə gedirdi? Bəstəkarlar onun mətnlərini hansı üstünlüyünə görə seçirdilər?

 

Atamın mahnıları

 

- Əvvəla, bildiyiniz kimi, musiqi mətni nota yatmalıdır. Atam peşəkar idi, onun sözləri həmişə ritmik, ruha yaxın olurdu. Sizə şahidi olduğum bir faktı deyim. Bir gün qapı şiddətlə döyüldü. Açanda Cahangir Cahangirovu gördüm. Xəndan, ata hardadır? Atam öz kabinetində işləyirdi. Cahangir əmi zümzümə eləyə-eləyə onun yanına getdi. Mənimçün də maraqlı idi, onların yanında dayanıb qulaq asırdım. Atam soruşdu ki, de görüm nə deyirsən. Cahangir əmi dedi, melodiya gəlib, başladı atamçün zümzümə etməyə. Atam melodiyanı dinləyən kimi dedi ki, mətn hazırdı. Beləcə, onlarca mahnı yaranmışdı. "Dəli Kür" filmindəki məşhur "Ana Kür" mahnısı da elə yaranmışdı. Əbədi mahnılardan biridir. Gülağa Məmmədov da möhürünü vurub onun.

- Sənə bir söz deyim, Xəndan. Çox qəribədir, ola bilsin, indinin oxucusu, tamaşaçısı daha intellektlidir, amma səmimi deyil. O dövrdə ədəbiyyatda, incəsənətdə, ümumiyyətlə, davranışda, münasibətlərdə səmimiyyət vardı. Paxıllıq həmişə olub, sənət adamları arasında lap çox olub, amma indiki qədər mənasız paxıllıq olmayıb. Məncə, ona görə həmin dövrdə çəkilən filmlər bu gün də maraqla qarşılanır. Lap sənət baxımından zəif olsa belə, səmimiyyətdə çox şeyi üstələyir. Yazılan şeirlər, romanlar daha səmimi idi. Nədənsə, indi qəribə imitasiya yaranıb, hamı özünü dünya məşhurlarına oxşatmaq istəyir. Plagiat baş alıb gedir. Məncə, hər kəs özü olsa daha yaxşıdır. İmitasiya sərhəddən o tərəfə keçə bilmir, biz sadəcə bir-birimizi aldada bilərik, amma dünya tamaşaçısını, dünya oxucusunu aldatmaq olmur.

- Tamamilə doğrudur. Deyəsən, intellektual səviyyəmiz artdıqca mənəvi boşluqlarımız çoxalır. Mən Azdramada çox tamaşalara gedib baxmışam. Orada canlı ifalar olurdu, çox səviyyəli musiqi mətnləri yazılırdı tamaşalar üçün. Elə filmlərə yazılan musiqilər, əksəriyyəti dillər əzbəri idi. Təəssüf, son dövrlərdə yazılan film, tamaşa musiqiləri ekrandan, səhnədən o tərəfə keçə bilmir. O dəqiqə unudulur. Milli kolorit, səmimiyyət yükü itib sanki. Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Polad Bülbülüoğlu, Fərəc Qarayev, Xəyyam Mirzəzadə, Cahangir Cahangirov, Emin Sabitoğlu, Cavanşir Quliyev kimi bəstəkarların filmlərə yazdığı mahnılar, musiqilər sonradan ayrı-ayrı ifaçıların ifasında səslənirdi. Mahnı mətnləri dillərə düşürdü. Bu, başqa məktəb idi. İndi də istedadlı adamlar var, amma sanki azalıb onların sayı. Məncə, 50-80-ci illər Azərbaycan mədəniyyətinin, incəsənətinin qızıl dövrü olub.

- Əminəm ki, tezliklə yeni bir qızıl dövrü başlayacaq. Hər şey kitaba qayıdışdan başlamalıdır və bu proses artıq gedir. Bunu təbliğ etmək üçün xüsusi institutlar olmalıdır. Dövlət və qeyri-hökumət təşkilatları birgə işləməlidirlər. Qanunlar işlənməlidir. Və bunlar olacaq. Bir də, artıq dostluq, tanışlıq, qohumluq prinsiplərinə yox, istedad amilinə üstünlük verilməlidir.

- Həm də maraqlandırmaq lazımdır sənət adamlarını. Sənət adamı millətin güzgüsüdür, o, problemsiz yaşayıb-yaratmalıdır. Sosiallaşma çox şeyi adiləşdirdi, amma sənətkar müəyyən mənada əlçatmaz olmalıdır. Hər şeyi maqazinləşdirmək olmaz. Kimsə sensasiya xatirinə insanların şəxsi həyatını qabardır, sənət qalır bir tərəfdə. Amma əsas həmin adamın sənətidir. Çünki sənət daimidir. Sovet vaxtı biz hər yay mütləq harasa gəzməyə gedirdik. Çünki şair, yazıçı qonorar alırdı və normal dolana bilirdi. Nəşriyyatlar, jurnallar, radio-televiziya, kino... bütün bunlar sənət adamlarına yaxşı qonorar ödəyirdilər. İntiqam Qasımzadə dəfələrlə evə zəng vurub deyirdi ki, Xəndan, bilirəm, atan gələn deyil, onun adına qonorar var, gəl götür. Gedib imzalayıb alırdım.

 

Ötən günlərimi qaytaraydılar

 

- Hə, təəssüf ki, bu gün istedadlı, gerçək sənətkarlar kölgədə qalıb. Kimsə bir yazıçının, şairin kitabına 10 manat vermir, amma toyda müğənninin masasına əllilik atır, meyxanaçının cibinə yüzlük basır. Acınacaqlıdır. Nəsə, mənə qalsa bu gün "ötən günlərimi qaytaraydılar" deyəndə sovet quruluşunu yox, səmimiyyətimizi nəzərdə tutardım. Mövzudan uzaqlaşmayaq...

- Hə... Atamla Vaqif Səmədoğlu konservatoriyaya eyni vaxtda imtahan veriblər. Bunu mənə Vaqif əmi özü danışıb. Biri Səməd Vurğunun, digəri Universitetin rektoru, ədəbiyyatşünas Cəfər Xəndanın oğlu. İmtahan komissiyası deyib ki, sizi bizə tapşırıblar, deyiblər ikisinin də sıxıb suyunu çıxarın, bütün suallara əla cavab verməyincə əl çəkməyin. Elə də olub. Onları lap axıra saxlayıblar, hərə bir tərəfdən sual verib, təsəvvür edirsiniz qan-tər içində imtahandan çıxıblar. Amma atam təhsilini konservatoriyada davam etdirməmişdi, Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxumuşdu. Məncə, insanın öz sevdiyi peşəyə yiyələnməsi, sevdiyi işlə məşğul olması böyük səadətdir.

 

Yol qırağındakı quyu

 

Tez-tez Xəlil Rzanın bağına gedirdik. Bir dəfə yolumuzun üstünə çıxan quyunun yanında yazı gördük: "Həbib, sən ömrünün son baharında, Bir quyu ehsan et yol qırağında". Atamın xoşuna gəldi dedi, Xəlil bunun davamını yazmaq lazımdır. Təəssüf ki, yadımda qalmayıb, amma bir neçə beyt əlavə olundu və atamın növbəti kitabına salındı o şeir. Bir müddət sonra atama xəbər çatdı ki, bəs Həbib adlı bir nəfər onu axtarır. Görüşmüşdülər atamla, sonra o adam bağında yaxşı süfrə açdı, atam şair dostlarını yığıb getdi ora. Şeir məclisi quruldu, mən də iştirak elədim o məclisdə. Gözəl bir axşam keçdi.       

- Anayla necə tanış olmuşdu? Bir az ailəniz haqqında danış.

- Ana babam da şair idi, Azad Talışoğlu. Bəlkə eşitmisiniz?

- Əlbəttə, xatırlayıram. Həm də polis idi. Bakının polis rəisi olmuşdu.

- Elədir. Atamla babamın yaxşı zarafatı vardı. Təbii ki, atam əvvəlcə babamla tanış olmuşdu, sonra anamı görüb bəyənmişdi. Səmimiyyət, sevgi üzərində qurulan ailə idi. Anam Nailə xanım çox qısqanırdı atamı. Hətta bir türk şairəsi də atamın şeirlərinə vurulmuşdu, atamla görüşmüşdü və anam buna çox qısqanmışdı. Bacım balacaydı onda. Anamın hisslərini görüb, atama belə bir beyt yazmışdı...

Bir gün Fərəməz əmini babamla tanış edəndə babama deyib, dostum ağır eşidir, Fərəməz müəllimə də deyib ki, qayınatam bir az ağır eşidir. Nəsə, tanış eləyib onları deyib, Azad məllim, dostum akademikdir. Babam inanmayıb. Başlayıblar bir-birilə qışqıra-qışqıra danışmağa. Fərəməz müllim ayrı otağa keçəndə atama deyib ki, kişi lap kardır... Babam da təklikdə atama deyib ki, dostunla qışqıra-qışqıra danışmaqdan başım ağradı. Nənəm də o tərəfdən hirslənib ki, evdə kar var, bunlar niyə qışqıra-qışqıra danışırlar? Atam da uğunub gedib özündən. Elə bu vaxt televizorda Fərəməz müəllimi göstəriblər, babam çaşıb qalıb...

- Atanla dostluq edirdin? Bir də, demək istədiyin nəsə varmı?

- Əlbəttə, sərhədlər açılandan sonra atamla tez-tez Türkiyəyə gedirdik. Sirdaş idik. Şoxlu dostu vardı orda. Başına and içirdilər. Hətta indinin özündə də atamla maraqlanan, ailə ilə əlaqə saxlayan dostları var. Bu yaxınlarda Ürfan Ünvər Nesreddinoğlu Bakıya gəlmişdi, məni tapdı, görüşdük. Əlbəttə, xoş gəlir adama. 

Demək istədiyim isə odur ki, hər kəs öz ömrünü yaşayır. Yəqin, atamın alın yazısında 59 il yaşayacağı yazılmışdı, amma ölüm səbəbi infarkt oldu, özü də çox siqaret çəkməkdən. Çox çəkirdi və çəkindirə bilmirdik onu. Kaş doğmalarımızı qorumağa gücümüz çataydı...

 

Söhbətləşdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!