Zarafatsız, tam mənası ilə ciddi... - Hacı Firudin QURBANSOY

 

Son illərdə hər ili bir dahi sənətkarın adı ilə yaşamağımız ömrümüzü daha da mənalı edir. Xüsusilə, Şeyx Nizami ilində dünya şöhrətli korifey şairimizin həyat və yaradıcılığına çoxsaylı yeni tədqiqçi nəzərlərinin yönəlməsini mən müsbət qəbul edirəm. Bu sahədə mübahisələr yarada bilən mövzuları da məqbul sayıram, necə deyərlər, həqiqət mübahisələrdən doğar. Bu il bəndənin Şeyx Nizami mövzuları əhatəsində bir qədər araşdırması işıq üzü gördü deyə, əbədiyaşar şairimizə az da ölsa, borcumu verdiyimi düşünürəm.

Şəxsiyyətinə, elminə böyük hörmət bəslədiyim, gərəkli alimimiz Məsiağa Məhəmmədinin "Ədəbiyyat qəzeti"nin 45 (5331) nömrəli sayında dərc olunmuş "Nizami mətnləri ilə zarafat etmək olmaz" məqaləsini diqqətlə oxudum. Əvvəlcə ona sevindim ki, nə yaxşı, Məsiağa müəllim ötən zamanların indi unutduğumuz məqaləyə münasibət bildirmək kimi gözəl ənənəsini yenidən gündəmə gətirdi. Məsələ, mənim xeyli illər öncəsi yazdığım və bu günlərdə "Ədəbiyyat qəzeti"nin Nizami Gəncəvi xüsusi buraxılışında çap olunan məqaləm barədədir. Sonra, bir qədər aşağılayıcı əda ilə yazılmış rəyi oxuyub biləndə ki, Şeyxin mətnlərilə, demə mən "zarafat" edirmişəm, bax burada razılaşmadım. "Qurani-Kərim" ayələrinə, Peyğəmbər və İmam hədislərinə söykənən "Xəmsə" beytlərinə kim qeyri-ciddi yanaşa bilər ki?.. Adamın ağzı əyilər... Ona görə də, fikirlərimi yığcam şəkildə yenidən yazmağı qərara aldım.

Mərhum Rüstəm Əliyevin bir böyük alim kimi hansı mərtəbədə durduğunu, zənnimcə, hamı bilir, bu heç "söz konusu" da deyil. Şəxsən mən və yaşıdlarım, həm də bu kişinin əsərlərini mütaliə edə-edə nəyisə öyrənməyə çalışmışıq. Farsşünaslıq sahəsində Rüstəm müəllimin gördüyü işlərin əvəzi yoxdur, "iranşünaslıq" terminini bilərəkdən işlətmirəm, çünki konkret dil sferasını göstərmək istəyirəm. "Sirlər xəzinəsi"ndən mərhum alimimiz Rüstəm Əliyevin etdiyi filoloji tərcümədə iki beytin qüsuru haqqında söz açıb fikrimi əsaslandırmışdım. Məsiağa müəllimdən başqa, farscanı bilən hər kəsdən xoş rəylər eşitmişdim. Hətta məqaləmi bəyənib, eynilə "Ulduz" jurnalında yenidən çap etdilər.

Məsiağa müəllimin ənənədən gələn ustadına böyük ehtiramı məni mütəəssir etdi. Şərq adamı öz ustadını elə ideal qəbul edir ki, onun səhvlərini belə görmək istəmir. Gəlin, etiraf edək ki, "Məxzən ul-əsrar" əsərindən edilmiş iki beytin "pafoslu" çıxmasın, nə ustadımız mərhum Rüstəm Əliyevin, nə də dostumuz Məsiağa müəllimin tərcüməsi düz deyil. Hər bir filoloq bilir ki, sözün leksik mənasından başqa, semantik, simvolik mənaları da olur. Elə bir klassik ədibimız yoxdur ki, "mey" sözündən istifadə etməsin. Belə məna çıxarmaq olar ki, orta yüzil şairlərimiz içkibaz imiş? Qətiyyən, yox! Mey irfan poeziyasında bir rəmzdir, insana cənnətdə veriləcək şərabın ekvivalenti qismində çıxış edir. Bir sıra başqa simvollar kimi, elmdən gələn rəmzlər də mövcuddur, çox təəssüf ki, bu sahə bizdə yaxşı öyrənilməyib. Nücum, musiqi, din, tarix, tibb elmlərindən gələn biliklərə edilən işarələri xəbərdar olanlar tutur, şairin kiçicik bir eyhamı neçə səhifəlik şərhlərlə izah oluna bilir. Əlbəttə, həm filoloji, həm də məqalə müəllifinin etdiyi hərfi tərcümələr yerindədir, Şeyxin dediyi söz isə tam mənası ilə başqadır. Məsiağa müəllimin mübahisə doğuran fikirlərini izah etmək üçün iran alimlərindən gətirdiyi izahları qənaətbəxş saymıram, çünki onları rusların "bukvayed" - dediyi hərfə bağlı olub nüktədanlığı unutmuş, təfsirçilik girdabında cizginən mövqedə görürəm. Bir də, dahi şairimizə İran alimlərinin cırnadıcı münasibəti ayrıca söhbətin mövzusudur. Məqaləmdəki fikirlərimi mügadiə etməklə, arqumentlərimi bir daha göstərirəm;

Əvvələn, əsərin göstərilən beytlərinin Məsiağa müəllimin qəbul etdiyi tərcüməsini, yəni

 

"O gecə fələklə bir süfrədə oturanda

Mənim qabağıma bir qədər sümük at.

Axı mən sənin itin olmaqdan dəm vururam,

Sənə qul olmağımı ucadan söyləyirəm"

 

- misralarını qara yumorsuz necə ciddi qəbul etmək olar? "Öz süfrəsinin aslanı olmağı başqa süfrənin pişiyi" olmaqdan üstün tutan Şeyx Nizamini, əstəğfürullah, ona atılacaq sümüyü tutmağa hazır köpək yerində hansı naxələf təsəvvür edə bilər? Bu, həqarət deyilsə, bəs nədir? Bir də, Şir bürcündə dünyaya gələnlərin astra-portretinə uyğun olaraq Şeyx heç kəsin, hətta şahların da önündə alçalmağı özünə rəva bilmirdi, bacarmırdı, yoxsa o, bir sarayın məliküşşüərası olar, ruzisi bol yaşayardı. "Kasad nücumi biliklər"lə göstərilən beytlərin həqiqi mənasını fəhm etmək, həqiqətən mümkün deyil. Mən də mərhum tərcüməçinin çevirməsində məhz bu halı irad tutmuşdum.

Saniyən, Ərzincan hakimi Fəxrəddin Bəhram şaha müraciətlə Şeyx onu niyə fələkdə bir süfrədə oturmuş kimi göstərir? Fələk nə deməkdir? Cavab verirəm, müasir astronomiyanın da qəbul etdiyi göyün 9 sferası; 9 fələk, yəni "noh fələk"dir. Söhbət burada nücum elmindən gedir. 7 fələkdə bürclər və ulduzlar yerləşir, 2 fələkdə səma cismləri yoxdur. Ona görə talesizliyini göstərmək üçün indi də "yeddi fələkdə bir ulduzum yoxdur" - deyirlər. Ərzincan hakiminin ismi Bəhram (pəhləvicəsi Vahram) Mars səyyarəsinin adıdır. Səyyarələr fələkdə, zodiak bürclərilə bir sferada yerləşir. Günəş sisteminin planetlərilə, o cümlədən Bəhramın (Marsın) da keçdiyi 12 zodiak bürclərindən üçü süfrə üçün materal verir; Qoç, (Həməl - Quzu), Buğa (Sur - Buzov), Oğlaq (Cədi - Çəpiş) ətindən kabab hazırlayıb "fələk süfrəsində məclis qurmağı" poetik obraz kimi görmək olar. Bürclərdəki ulduzları məcazi, xəyali xətlərlə birləşdirəndə şişlər üzərində kabab tikələrini təsəvvür etmək mümkündür. Ona görə də şair ləzzətli sümüklü tikələrin ona göndərilməsini deməklə, əməyinə görə layiqli qələmiyyənin (qonorarın) verilməsini istəyir. Daha, əstəğfürullah, it kimi sümük arzulamır. Bəs it məsələsi haradan çıxdı? Qalaktikamızda 88 bürc mövcuddur ki, onların içində "Kəlbi-Əkbər" (Böyük Köpək) və "Kəlbi-Əsğər" (Kiçik Köpək) bürcləri də var. Kəlbi-Əkbər bürcündə Şira adında parlaq bir qoşa ulduz var, latıncası Siriusdur. Bu ulduz şahların, sultanların, hökmdarların ulduzu sayılır. "Sənin itliyindən dəm vururam" - deməklə, Şeyx Şira ulduzunun yerləşdiyi Kəlbi-Əkbər bürcünə işarə edir. Xatırladaq ki, Məkkə camaatı Məhəmməd (s.ə.s) Peyğəmbərdən öncə, İbn Kəbşə adlı birinin təhrikiylə Şira ulduzuna sitayiş etmişlər.

Salisən, fərmanlarında "o boyda Şah Abbas"ın ulu babası "Sözümüz. Kəlbi-Əli Şah İsmayıl Səfəvi", yəni (İmam) Əlinin iti Şah İsmayıl Səfəvi yazıb.

Rabiən, Şeyxin yaşadığı Gəncə heç bir siyasi, iqtisadi rabitə ilə Ərzincana bağlı və tabe deyildi ki, şair özünü Bəhram şahın təəbəsi, bəndəsi saysın. Bəndəliyindən danışıram - deməklə, şahı Şeyx göylərdən yerə endirir, sonrakı beytlərdə bu fikirləri təkzib etmir.

Xamisən, Şeyx Nizaminin qüdsi beytlərinin ən kamil bədii tərcüməsi, heç şübhəsiz ki, mərhum Mir Cəlal Zəkiyə məxsusdur. O, başqa şair-tərcüməçilərdən fərqli olaraq Şeyx Nizaminin dəri ("dər" - qapı sözündəndir, saraya məxsus mənasındadır, əyan-əşrəfin yüksək ədalı dili deməkdir) farscasından birbaşa tərcümə edir, əsərin vəznini, bəzən qafiyələrini də saxlayır və çətin anlaşılan hər beytə elmi şərhlər də yazırdı. Bəzən şərhlər yüz səhifəni aşır, dissertasiya həcminə yaxınlaşırdı. Bu böyük mütərcim haqqında mərhum Rüstəm Əliyev "samorodok" - qızıl külçəsi deyirdi. Allah qismət eləsin, onun bütün tərcümələri kütləvi tirajla çap olunub geniş xalq kütlələrinə çatsın, onda oxuyub müqayisə edənlər görər ki, hansı tərcümə daha keyfiyyətlidir.

Sözümün axırında Rüstəm Əliyevin ruhuna həmdü sənalar etməklə, Məsiağa müəllimə öz böyük minnətdarlığımı bildirirəm, çünki nöqtəsini qoyduğum məsələyə məni o yenidən döndərdi və əlimdə başqa vacib iş olmasına baxmayaraq, böyük məmnuniyyətlə bir də Şeyx Nizami mövzusuna qayıtdım.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!