Aybəniz Vəkilova haqqında xatirələr - Aslan Salmansoyun təqdimatında

 

Sentyabrın 9-u ulu Səməd Vurğunun “ay üzlü”sü, Yusif Səmədoğlunun “ceyran bacı”sı, Vaqif Səmədoğlunun isə “qız qardaşı” Aybəniz xanımın doğum günüdür...

 

Aslan SALMANSOY

vurğunşünas

 

Hörmətli, Azər Turan!

Müqəddəs Vurğun ocağına doğma bir ailənin üzvü kimi Siz də yaxşı bilirsiniz ki, Aybəniz xanım fədakar əməyi və atasına olan tükənməz  sevgisi ilə  öz adını Səməd Vurğunun ev-muzeyini yaradanların və yaşadanların ön sırasına əbədi həkk etmişdir: o, uzun illər muzeyin baş mühafizi vəzifəsində çalışmış və işlədiyi müddətdə (sonralar isə direktor kimi) həm şairlə bağlı əşyaları – eksponatları toplayıb hifz etmiş, sistemləşdirmiş, həm də atasının ruhunun “qaraçuxası” –fədakar keşikçisi, qoruyucusu olmuşdur.

S.Vurğunun 1960-cı illərin ortalarından başlayaraq çap edilən əsərləri də Aybəniz xanımın adı ilə bağlıdır. O, şairin 1966, 1976, 1986, 2004 və 2005-ci illərdə nəşr edilən əsərlərinin ya tərtibçisi, ya da redaktoru olmuşdur. Atasının “Ömrümün gündəliyindən”, “Dinlə, Xavər!”, “Lənkəran şeirləri”, “Dəlilər evi”, “Xalça” və başqa şeirləri, “M.Quluzadənin ədəbi səyahəti” adlı məqaləsi onun sayəsində işıq üzü görmüşdür. O, Vurğun haqqında yazılan tədqiqat əsərlərinin bir neçəsinin, “Səməd Vurğun” sənədli filminin elmi məsləhətçisi olmuş, “Vurğun ocağı – 25” adlı albom, “Səməd Vurğun – 100” bukleti, “Sözləri Səməd Vurğunundur” adlı mahnı diski, internetdə şairin həyat və yaradıcılığına, eləcə də muzeyin fəaliyyətinə həsr olunmuş sayt və bir çox başqa gərəkli işlər onun rəhbərliyi altında həyata keçirilmişdir.

1994-cü ildə “Səməd Vurğun Fondu”nu təsis etmiş və onun prezidenti olmuş Aybəniz xanım “Şərəf nişanı” ordeni, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülmüş, Mədəniyyət Nazirliyinin mükafat və fəxri fərmanları ilə təltif olunmuş, eləcə də  Türk xalqları mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adına layiq görülmüşdür.

Aybəniz xanım atasına olan müqəddəs övladlıq borcunu qaytarmaq üçün ömürünün yarıdan çoxunu – qırx ilinə yaxın bir dövrünü sərf etmiş və müqabilində sənəti əbədi yaşayacaq “Vurğun” imzasının yanına öz “Vurğunqızı” imzasını əlavə etmək şərəfini qazanmışdır. Nə zaman ki, Səməd Vurğunun adı çəkiləcək, Vurğun ocağından və ocağında söz deyiləcək, onda bu ocağın işığını uzun illər  sönməyə qoymayan o “abı qız” (S.Vurğun) – Aybəniz də yada düşəcək və layiqli övlad kimi ruhuna dualar oxunacaqdır. O Aybəniz ki, atasının ruhunun keşiyində fədakarlıqla dayanmağı – pasibanlıq etməyi bacardı və bu fədakarlıqdan doymadı...

Hörmətli Azər Turan, zəngin və mənalı ömür yaşamış Aybəniz Vurğunqızı haqqında bir neçə ildən bəri hazırladığımız “Aybəniz əfsanəsi” adlı xatirələr kitabı yaxınlarda işıq üzü görəcəkdir. Doğmalarının, dostlarının və həmkarlarının həzin bir kədər, sonsuz sevgi və ruhuna ehtiramla qələmə aldıqları bu xatirələr Aybəniz xanımı, ilk növbədə, fenomenal istedad sahibi və böyük şəxsiyyət Səməd Vurğunun layiqli varisi – bütün varlığı ilə atasına bağlı, həyatını dahi sənətkarın irsini toplayıb nəşr, tədqiq və təbliğinə  həsr edən, müqəddəs ocağının işığını sönməyə qoymayan – muzeyini sevilən mədəniyyət və ədəbiyyat məbədinə, ziyarətgaha çevirən, ruhunu yaşadan, eləcə də gözəl ana, istəkli nənə, safürəkli, sədaqətli rəfiqə, qayğıkeş, əliaçıq və xeyirxah, zərif, eyni zamanda obyektiv, cəsarətli, sözü üzə deyən, dili qılınc kimi kəskin, hazırcavab, incə yumorlu insan... və nəhayət, Əməkdar mədəniyyət işçisi, peşəkar muzeyşünas, ədəbiyyatşünas, fəxri elmlər doktoru və professor... kimi tanıdır. Həmin xatirələrdən bir neçəsini Sizə göndəririk. Əminik ki, oxucular bu təvazökar və fədakar xanımı daha yaxından tanıyacaq və onu ehtiramla yad edəcəklər.

                                                                              

   

  Aygün VƏKİLOVA                                                                                                                                                                                                                                                                                                       

                     Valideynləri sevmək azdır...

Dayılarımdan biri – rəhmətlik Yusif Səmədoğlu yazıçı, o biri – Vaqif Səmədoğlu şairdir. Aybəniz  xanım isə nə yazıçıdı, nə şair, həyatını atasına, babam Səməd Vurğuna həsr elədi. Xüsusən, 1975-ci ildə Səməd Vurğunun ev-muzeyi açılandan sonra. Atasına olan ehtiramına görə  o, böyük hörmət, nüfuz qazanmışdı. Atasının istedadı oğlanlarına, şəxsi keyfiyyətləri – istiqanlılığı, qohumcanlılığı anama keçmişdi. Bunu həmişə nənəm Xavər xanım da deyirdi.

Babam “ay üzlü”sünü hədsiz dərəcədə sevirmiş. Bunun bir tarixçəsi var.  Səməd Vurğun 3 yaşında bacısı Nabatı, 6 yaşında anası Məhbub xanımı itirib. Həmişə Xavər xanıma deyərmiş ki, mənə elə bil qan qohumu olan qadın məhəbbəti qismət deyil – həm bacımı, həm də anamı uşaqkən itirmişəm.

Anamı “anam-bacım, bircə qızım” çağırarmış babam. Hətta anam uşaqlıqda xəstələnəndə deyib ki, Xavər, bu qıza bir şey olsa, yaşaya bilməyəcəyəm.

Sonra tale elə gətirdi ki, nəvələr hamısı qız oldu... Xavər xanımla qəbir üstə gedəndə həmişə deyərdi ki, Ay Səməd, gözünü aç bax, nəvələrinin hamısı qızdı...

Hesab edirəm ki, babamın anama sevgisi qarşılıqlı oldu. “Aybəniz  Vurğunqızı”  adını  ləyaqətlə daşıyan anam bütün  həyatını  atasının  adının   əbədiləşdirilməsinə həsr etdi. Valideynləri sevmək azdır. Onları yaşatmaq  lazımdır. Aybəniz xanım da Səməd Vurğun adını yaşatdı. Bizim muzeyin  yaranmasında da onun böyük rolu olub. Muzeyin ekspozisiyası nənəm Xavər  xanımın  qoruduğu  materiallar  əsasında qurulsa da, ən böyük  yükü  çiynində  anam daşıdı. Fondun zənginləşdirilməsi və muzeydə keçirilən rəngarəng tədbirlər ilk növbədə onun adı ilə bağlıdır. S.Vurğunun öz xatirə günləri, bizim  görkəmli  yazıçılara, şairlərə,  alimlərə, bəstəkarlara həsr edilən, eləcə də tarixi günlərlə bağlı  tədbirlər, məhz Aybəniz xanımın birbaşa rəhbərliyi və iştirakı ilə keçirilib...

Anam həmçinin Şüvəlandakı bağ evini də çox sevir, oranın abadlığı ilə də məşğul olurdu. O, təbiətə, torpağa çox bağlıydı. Ayağına rezin çəkmə geyib, bütün günü torpaqda çalışır, ağac əkir, bağa su verirdi. Həmişə deyirdi ki, mən kənd adamıyam.

Bir dəfə bağ evindən tezdən mənə zəng elədi: “Aygün, gecə bir səs oldu, elə qorxdum ki, elə bildim müharibə başladı, təyyarələr uçuşur...”.

      (Yaxınlıqda elektrik stansiyası vardı, ordan nəsə uğultu gəlib). 70-ci illəriydi, bilmirəm müharibə hardan ağlına gəlmişdi. Soruşdum, - ana, o anda gözünün önünə kim gəldi? Elə bildim yeganə qızı olan məni deyəcək. Amma qayıtdı ki, atamın kabineti...

Aybəniz  xanım  dünyasını  dəyişəndə vidalaşmaq  üçün  cənazəsini  muzeyə  gətirəndə mən  xahiş etdim ki, əvvəlcə onu sevimli atasının  kabinetinə  aparsınlar. Oranı  ziyarət  edəndən  sonra  bütün  otaqları gəzdirdim, sonra vidalaşmaq  üçün  qonaq  otağına  gətirdik. Aybəniz  xanım,  doğrudan da, canıyla,  varlığıyla  atasına  bağlı  idi. Ancaq Səməd  Vurğunu və  muzeyi... bir  də  bağı  çox  sevirdi. O  da  atasından  qalıb. Ata  yadigarıdır...

Dəblə geyinməyi xoşlardı. Ancaq dəbdəbə vurğunu deyildi. Qonşuda, qohumda, tanış evində bahalı əşya, qiymətli bəzək şeyləri, təmir görəndə “kaş biz də belə edəydik”, – deyə darılmazdı. Bircə Səməd Vurğunun qızı olması ona bəs edirdi. Sadə həyat tərzi keçirər, azla qane olmağı bacarardı. Bağ evimizin təmirsiz olmasından heç vaxt sıxılmazdı. Kimlər gəlməzdi bizim evə – şairlər, yazıçılar, Moskvadan qonaqlar... Ancaq anam bu sadəlikdən sıxıntı keçirməzdi.

Səfərləri xoşlayırdı. Xeyli xarici ölkələrdə olmuşdu. Kiçik hədiyyələr alardı. O, dünyasını dəyişəndə mənim 50 yaşım vardı, hələ də ondan çəkinirdim. Daim məni nəzarətində saxlayırdı. Zəhmi də vardı, nəvazişi də.

Kəndə gedəndə yerdə yatardı. Heç yadımdan çıxmaz. Səməd Vurğunun 80 illiyi münasibətilə Masallının Tüklə kəndinə getmişdik. Gecə kənddə qalası olduq. Dayım qızı Mehriban, anam, bir də mən bir otaqda gecələdik. İki çarpayı hazırlamışdılar, bir yer də döşəmədə salmışdılar. O yerdə biz yox, anam özü  yatdı. Səhər tədbir oldu, Telman Nəzərli adlı bir şair çıxış elədi. Sonra həmin gecəyə həsr etdiyi şeirini oxudu. Təxminən məzmunu beləydi ki, quşlar da oxumur, külək də əsmir, çünki bu kənddə Aybəniz yatır. Biz də Mehribanla şeirə qulaq asa-asa bir-birimizə baxırdıq ki, ayıb olsun bizə, Aybəniz gecəni büzüşüb yerdə yatıb...

Anamın sadəliyini təsdiq edən başqa bir xatirə də yadıma düşür. Bir gün mənə dedi ki, bir rəfiqəm var Moskvada, Alla xanım. O bizə qonaq gələcək və mən onu bağımıza aparacam. Bağımız elə də təmrli deyildi. Buna görə narahat oldum və dedim ki, onu bəlkə evimizə dəvət edək? Anam narahatlığımı hiss etdi və dedi: “Sən narahat olma, onunla o qədər gözəl və maraqlı söhbətlərimiz olacaq, xatirələrimizi bölüşəcəyik ki, nə evin təmiri, nə də pəncərələr diqqət çəkəcək”. Doğrudan da elə oldu. O, haqlı idi. Qonaq gəldi, nə divarlar, nə də pəncərələr yada düşdü, onların xatirələri, maraqlı söhbətləri qarşısında.

Bir dəfə Borçalıya getmişdik. Qohumlar gəlib görüşür və hər biri kənd sovqatlarından – pendir, hinduşka, toyuq gətirib verirdilər. Anam da hamısını götürürdü. Nənəm həmişə zarafatla deyərdi ki, bu qız əmisi Mehdixana oxşayıb, Səmədə yox, nə verirlər yığır. Anam da deyərdi ki, özləri verir, götürməsəm xətirlərinə dəyər... Bu zaman gəlib dedilər ki, qapıya yolçu gəlib, pul istəyir. Anam dedi, gedin o yolçuya deyin ki, görmür nə gündəyəm? Mən özüm qohumlardan pay yığıram. Təbii ki, bu bir zarafat idi. Anam gedib yolçu ilə görüşdü, pul verib qayıtdı...

Tez-tez deyərdi: “İnsanlar ona görə ünsiyyətdən qaçırlar ki, qonaq qarşılayanda necə süfrə açacaqlarının, təmtəraq düzəldəcəklərinin qayğısını çəkirlər. Halbuki qonağa pendir-çörək də yetər”.

Pula təmkinli münasibəti vardı. Var-dövlətə xüsusi meyil göstərmirdi. Bir dəfə sovet vaxtı imkanlı yaxın qohumlardan biri anama təklif eləmişdi ki, öz adına “Volqa” al. Onda “Volqa”nın qiyməti 10 min rubl idi, o isə 30 min verirdi. Anam maşını alıb ona verməli idi. Anam bunu mənə dedi. 20 min rubl az pul deyildi. Dedi ki, bağ evini də təmir eləyərik. Dedim, mama, bu pul, bizə lazım deyil. Güldü, halal olsun, dedi, mən artıq imtina etmişəm. Sonra o maşını başqa qohum vasitəsilə aldılar...

Şeir yazmağı filan yox idi. Yazıbsa da, mən bilməmişəm. Ancaq bir rəfiqəsinin dediyinə görə, nə zamansa yazıb. Özü mənim nəsə yazdığımı görmüşdü, özünün isə yazıb-yazmadığını deməmişdi. Onu da deyim ki, gözəl səsi vardı, yaxşı rəqs eləyirdi. Maraqlı həmsöhbət idi...

Mən 1993-cü ildə ailə qurdum. Bir az tərəddüd eləyirdim, onda anam da bir az nasazıydı. Dedi: “Aygün, nahaq götür-qoy edirsən. Onu bil ki, mən həmişə səninlə olmayacağam. Mənsiz sənə çox çətin olar, çünki mənə – anana bağlı qızsan, ailə qurmaq lazımdı”. Xavər nənəm də çox istəyirdi ailə qurum, ancaq istəyirdi ki, getdiyim adam qazaxlı olsun. Hərçənd özü Dərbəndliydi, Dağıstanın türk nəslindən. Mən qazaxlı ilə ailə qurdum, yoldaşım Mehman qazaxlıdır...

1990-cı illərdə Heydər Əliyev Moskvadan Azərbaycana dönəndə Aybəniz xanım onu ziyarət etmək üçün Naxçıvana yola düşdü. Anam dedi ki, Səməd Vurğunun ev-muzeyini 1975-ci ildə Heydər Əliyev açıb, indi onun vəziyyəti yaxşı deyil, gedib ona baş çəkməliyəm. O vaxt Naxçıvanın Daxili İşlər Nazirliyində bizim qohum işləyirdi. Onun vasitəsilə gedib Heydər Əliyevlə görüşmüşdü. Çox mütəəssir qayıtmışdı...

Heydər Əliyev Yusif Səmədoğlunun yubileyindəki çıxışında dedi ki, mən dəqiqləşdirdim görüm, Aybəniz xanım Naxçıvana gəzməyə qohumugilə gəlib, yoxsa mənimlə görüşməyə. Bildirdilər ki, yox, məhz mənim yanıma gəlib.

Xavər xanım rəhmətə gedəndə çox ağlayırdım. Bir dəfə Aybəniz xanım işdən zəng eləmişdi. Gördü səsim kallaşıb, narahat oldu. Dedi: “Aygün, mən öləndə neynəyəcəksən?..”.

Anamla atamın arasında da böyük məhəbbət olub. Atam Gavə professor Abbasqulu Abbaszadənin oğluydu, zahirən çox yaraşıqlı idi. 1955-ci ildə evləniblər, 1958-ci ildə mən dünyaya gəlmişəm. Anam atam haqda danışmağı çox xoşlamazdı. Möhkəm sevib, sonra da ayrılmışdılar... Anam incimişdi.

Mən məktəbdə oxuyanda həmişə bir kişi yaxından-uzaqdan məni müşayiət edirdi. Əvvəl-əvvəl o kişinin atam olduğunu bilmirdim. Həmişə anama deyirdim, kaş o yaraşıqlı kişi mənim atam olaydı.

1968-ci ildə məni maşın vurmuşdu, palatamı güllə-çiçəklə bəzəmişdilər. Soruşdum, bu palatanı kim bəzəyib, dedilər qohumun. Sonradan bildim ki, atam eləyib. Bir dəfə balaca olanda atam məni bulvardan qaçırmaq istəmiş, anamgili hay-həşir salmışdılar. Yəni həmişə arxamızca gəzirdi. On yaşım olanda anam dedi ki, bax, o yaraşıqlı kişi sənin atandı. Məni atamla Barat Şəkinskayanın qızı Solmaz xanımın evində tanış elədilər. Çox sevinirdim ki, bu gözəl kişi mənim atamdı. Sevindiyimdən gəlib, evdə şamlar yandırdım...

Səməd Vurğunun bir şeiri vardı – “Xavərə”:

Yusifin, Vaqifin görüm var olsun,

Aybəniz hamıdan bəxiyar olsun,

Yüz il də Vurğuna Xavər yar olsun,

Ən əziz diləyim, köməyim sənsən.

Yox, Aybəniz bəxtiyar olmayıb, qadın kimi. Amma deyim ki, bunu faciəyə, dərdə də çevirmədi. Bəzən elə ailələrə qonaq gedirdik ki, ordan çıxanda ailə qurmadığına şükür eləyib deyirdi: “Belə kişilərin olmasındansa, ailəsiz qalmaq daha yaxşıdı. O dərəcədə ağıllı qadınıydı, deyərdi: “Mən elə-belə, hər yetənlə ailə qura bilmərəm. Gərək sevəm, sevdiyim də bu sevgiyə layiq ola. Yalnız bir dəfə sevmişdi – atamı, vəssalam. Mən bilirəm... Atamla anamı barışdırmağa cəhd etmədim. Hər şey məndən qabaq, mənsiz həll olunmuşdu...

Bilmirəm, bəlkə də, yaxşı insan qarşısına çıxsaydı, ailə qurardı... Düzdü, elçilər düşürdü. Hərəni bir dil ilə yola salırdı. Onu bir rəssam sevmişdi, anama da təklif eləmişdi ki, qızını Bakıda qoy, gedək Moskvaya. Anam razı olmamışdı. Beləcə imtinalarla yaşadı.

 Hərdən mənə elə gəlirdi ki, Xavər nənəm mənim anamdı, Aybəniz isə atam. Bir az kişi xasiyyətli olmuşdu. Ailənin yükü onun çiyinlərindəydi.

70 illiyində mənim toy paltarımı geymişdi. Ziyafət üçün ayrıca milli paltar tikdirmişdi. Dedi, - atamın arzusuydu ki, qadınlar toya, məclisə milli paltarda gəlsinlər. Bu, onun atası Səməd Vurğuna olan ehtiramının son nümunəsi oldu. Xasiyyətcə çox nikbin qadınıydı. Qəflətən xəstəlik tutdu. Anamın ölümü mənə böyük stress yaşatdı.

O, dünyasını dəyişəndə evdəki əşyalar da dondu, dayandı. O, sağ olanda isə əşyalar sanki canlıydı, danışırdı. Hər gün yuxuma gəlir, hər gün. Məni muzeyə rəhbər təyin edəndə yuxuda gördüm sevinir, konfet paylayır. Elə burda, bu evdə...

                                                 

                                                                                                                                                                                                                              

İntiqam QASIMZADƏ

Əməkdar incəsənət xadimi,

“Azərbaycan”  jurnalının baş redaktoru

Aybəniz insanları özünə maqnit kimi cəzb edirdi...

Mən yeniyetmə vaxtlarımdan Aybənizi tanıyırdım. Bu, adi tanışlıq deyildi, yaxın dost münasibəti idi; qohumluq dərəcəsinə qədər yaxın münasibət. Bu doğmalıq isə ədəbiyyata olan münasibətimiz və atalarımızın yaxın dostluğu idi. Mənim atam Səməd Vurğunla əqidə, məslək dostu idi, onunla bir çox məclislərdə iştirak etmişdi. Aralarında on il yaş fərqi olsa da, Səməd Vurğun onlardan sonra gələn ədəbi nəslin istedadlı bir nümayəndəsi kimi Böyükağa Qasımzadəni çox istəyirdi. Atam Səməd Vurğundan bir il sonra dünyasını dəyişdi və biz Aybənizlə bir müddət, nədənsə, uzaqlaşdıq. Bəlkə də bu, onun ailə qurması ilə bağlı oldu?! Nəhayət, bir gün, 1964-cü ildə yazıçıların Krımda – Koktobeldəki Yaradıcılıq Evində  istirahət zamanı görüşdük. Görüşdük ki, Aybəniz dünyasını dəyişənə qədər bir də heç vaxt ayrılmayaq... Dünyanın işi belədir. Yaxın, doğma adamlar  dünyalarını dəyişəndən sonra tamam yox olmurlar... Onlar insanların ürəyində silinməz izlər qoyurlar. Aybəniz də mənimçün belə insanlardan idi. Uzaq Krımda, Moskvada, Bakıda, Şüvəlanda onun ad gününü qeyd eləmişik. O mənim üçün ilk növbədə, bir insan kimi, yazıçı övladı, ədəbiyyata xidmət edən bir insan kimi çox yaxın idi. Bunun kökündə mənəvi yaxınlıq dururdu. Onunla bizim ədəbi maraqlarımız, zövqlərimiz üst-üstə düşürdü. Yusifin o zaman “Fotofantaziya” adında bir hekayəsi çap olunmuşdu. Yadımdadı, bu hekayə barəsində mənim Aybənizlə saatlarla söhbətlərimiz, müzakirələrimiz olub. İnsan mənən özünə yaxın insanlarla rastlaşanda çox xoşbəxt olur; Aybəniz də, çox keçmədi ki, Vaqif də, Yusif də mənimçün belə doğma və əziz insanlar oldular. Xavər xalaya gəlincə isə, onu heç vaxt unuda bilmərəm. Mənim xətrimi çox istəyirdi, özü də bunu tez-tez dilinə də gətirirdi. 

O zaman Aybənizgili Myasnikov küçəsi, 4-də yaşayırdılar; indi o mənzil Səməd Vurğunun ev-muzeyidir. 60-cı illərin əvvəllərində Yusif də (ailəsi ilə), Vaqif də orda yaşayırdılar. O dövrün gənc sənət adamları, gənc alimləri – Anar, Emin Sabitoğlu, Xəyyam Mirzəzadə, Araz Dadaşzadə, Maqsud İbrahimbəyov, Rəhman Bədəlov və başqaları – Səməd Vurğunun bu evinə ad günlərinə, başqa tədbirlərə gələrdilər. Maraqlı söhbətlər edilərdi. Emin Sabitoğlu və yaşca hamıdan böyük olan məşhur müğənni Mirzə Babayev bu məclislərə xüsusi şənlik bəxş edirdilər.                                                                      

Adi günlər də bu mənzilə gələn dostlar olardı – Vaqif Səmədoğlunun dostları (Yusif Səmədoğlu 1964-65-ci illərdə artıq ailəsi ilə təzə mənzilə köçmüşdü); onların arasında mən də olardım. O zamanlar Aybəniz bizim çox zəhmətimizi çəkib; gecədən xeyli keçənə qədər davam edən söhbətlərin – ən çox ədəbiyyat söhbətlərinin arasında o, nə isə yüngülvari bir şey hazırlayıb süfrəyə gətirərdi. Fasilələrlə özü də bizimlə oturardı. Vaqif təzə yazdığı şeirlərini oxuyardı; Aybənizin hərdən arada məzəli atmacaları da olardı. Onun çox gözəl ədəbi zövqü vardı. Müasirlik duyumu güclüydü.          

Aybəniz ədəbiyyata çox sıx bağlı idi. Heç vaxt kənarda seyrçi qalmazdı. Onun bir çox gənclərin 60-70-ci illərdə ədəbiyyata gəlməsində də böyük rolu olmuşdu. Hesab edirəm ki, özü az yazsa da, bir ədəbiyyat yaradıcısı olmasa da, ədəbiyyata xidmət edən, onun üçün çalışan insan idi. Aybəniz Səməd Vurğun irsini daim öyrənir, axtarırdı, tapırdı, sistemləşdirirdi. Aybəniz filologiya elmləri doktoru adına layiq bir insan idi. Türklərin ona professor adını verməsi də o zaman, zənnimcə, təsadüfi deyildi və çox da yerinə düşmüşdü.

O, ümumiyyətlə, istedadlı bir insan idi. İstedadının bir cəhəti də geniş əlaqələr yaratmaq bacarığı idi; özü də yalnız Azərbaycan daxilində yox, başqa ölkələrin sənət adamları, alimləri ilə də... Ukraynada, Rusiya şəhərlərində, xüsusən Moskvada, Özbəkistanda xeyli dostları vardı. Bu dostluq səmərəli ədəbi əlaqələr kimi bəhrəsini də verirdi. Moskva ədəbi mühitində onu tanıyırdılar, xətrini çox istəyirdilər. Məsələn, çox görkəmli rus şairi Robert Rojdestvenski ilə, onun ailəsi ilə çox yaxın idi. Onu evlərində ən yaxın bir adamları kimi qəbul edirdilər. Aybəniz onlara öz evi kimi gedib-gəlirdi. Universiteti bitirəndə mən Rojdestvenskinin yaradıcılığından  diplom işi yazırdım; o zaman mən bunun şahidi oldum və bəhrəsini də gördüm – şairin özündən bir çox materiallar əldə etdim.

Səməd Vurğun vəfat etdikdən sonra, mən əminliklə deyirəm ki, atasının bütün nəşrləri Aybənizin adı ilə bağlı idi. O, ömrünü şairin poeziyasının nəşrinə, layiqincə təbliği və tədqiqinə, bir də yeganə övladı Aygünün tərbiyəsinə həsr etmişdi.

Səməd Vurğunun ev-muzeyinin yaradılması Aybənizin adı ilə bağlıdır. O muzeyi qurmaqla Aybəniz Azərbaycan muzeyşünaslığında yeni addımlar atdı, dəyərli işlər gördü.

Səməd Vurğun haqqında yazılan dissertasiyalarla, məqalələrlə əlaqədar, demək olar ki, bütün alimlər Aybənizə müraciət edirdi. Yusif də var idi, Vaqif də. Lakin bu işlə ciddi və ardıcıl olaraq Aybəniz məşğul olurdu. Şairin arxivinə müraciət edənlər üçün şərait yaradırdı...

Atasının xasiyyətinin bəzi cəhətlərinin izləri Aybənizdə də vardı. Sadə insanlara, kənddə yaşayan qohum-əqrəbaya qarşı çox mehriban idi. Onların hər işinə yaramağa, əllərindən tutmağa çalışırdı. Lazım gələndə vaxtını saatlarla, günlərlə onlara həsr edirdi. Özü də bunu görk üçün eləmirdi.

Məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım ömrünün son illəri xəstə idi, küçəyə çıxa bilmirdi, qayğıya, qulluq olunmağa ehtiyacı vardı; kasıb da bir insan idi. Aybəniz onu himayəsinə götürmüşdü. Texnikumlardan biri ilə danışmışdı. Tələbələri təşkil etmişdilər, Sara xanıma növbə ilə qulluq edirdilər. Aybəniz özü də hər gün gəlib-gedirdi yanına; yeməyini, dərmanını aparırdı.     

 Yazıçıların və yaxud böyük sənətkarların övladları haqqında danışanda deyirlər ki, onlar dibçəkdə böyümuş, pərqu döşəklərdə yatmış və heç bir çətinlik görməyən “ata uşaqları”dırlar. Lakin çətinlik, yalnız yataq yerinin narahatlığında, qarın dolusu yeməməkdə, kasıblıqda deyil. Çətinlik tamam başqa məfhumdur. Bu mənada Aybənizin də həyatının çətinlikləri az olmayıb...

Aybəniz insanları özünə maqnit kimi cəzb edən bir insandı. O mənim qəlbimdə daim yaşayır və nə qədər bu dünyada varam, yaşayacaqdır.                                   

                                                                                                                                                    

                                                                     

                                                                                                                                         

Xanım  ŞADLİNSKAYA

Səməd Vurğun ev-muzeyinin baş mühafizi

Yumruq boyda ürəyində dağ boyda Səməd Vurğunu yaşadırdı...

     Xalq  şairi  Səməd  Vurğunun  qızı  Aybəniz  xanım. Atası  kimi  olduqca  sadə, humanist, mərd, qayğıkeş, anası kimi alicənab, həssas, yaraşıqlı Aybəniz xanım. Yusif  və Vaqif  Səmədoğullarının “qız qardaşı” Aybəniz  xanım. Urəyi dünya qədər böyük, səxavətli, xasiyyəti və görünüşü ilə babası Səməd Vurğuna cox bənzəyən və ürəyimdə heykəl olan Aygünün anası, övladım qədər sevdiyim Vurğunun  nənəsi Aybəniz xanım. Və mənim üçün unudulmaz  insan olan Aybəniz xanım.

 Bütün qızlar atalarını daha cox sevirlər. Aybəniz xanımın sevgisi isə fərqli idi. O, həyatını, ömrünü atasına həsr etdi. Atası haqqında cox danışmazdı. Yumruq boyda urəyində dağ  boyda  Səməd Vurğunu yaşadırdı. Onun ücün atası həmişə sağ idi, sanki.

Mən Aybəniz xanımla 22 il muzeydə bir yerdə işləmişəm. Xavər xanım  şairin sağlığından qoruyub saxladığı arxivi muzeyə təhvil vermiş, Aybəniz xanım isə bütün yükü öz zərif çiyinlərində daşımışdı – atasının müqəddəs ocağını yaratmışdı.

 Hər xasiyyətinə bələd idim. İş zamanı olduqca ciddi, hər cəhətdən tələbkar olan Aybəniz xanımla işləmək elə də asan deyildi. Onunla danışarkən gərək “nöqtəni, vergülü düzgün qoyaydın”. Ona görə də “muzeydə bekarçılıq olar” – deyib işə düzələn bəzi qızlar onun işdəki dəst-xəttinə tab gətirə bilmirdilər. Aybəniz xanım mənə muzey işini  xırdalıqlarına qədər  öyrətdi. Bir dəfə də,  hətta  yarızarafat, yarıciddi  “mənimlə  yola  gedirsənsə, demək qayınananla da yola gedəcəksən” – deyib güldü. Yəni özü də  xasiyyətinin ağır olduğunu bilirdi. Amma  bu  xasiyyəti  iş  vaxtı  bitənə kimi idi. Sonra tamam fərqli adam olurdu. Muzey onun ücün müqəddəs idi. Vaxtilə atası qalxdığı pilləkənlərlə evinə deyil, artıq  işinə  qalxırdı. Ev atasının adını daşıyan  muzey olmuşdu. Demək, işinə  də, evinə də  eyni  məsuliyyətlə  yanaşmalısan ki, ocağın gur yansın.

 …Səməd Vurğun Qori Müəllimlər Seminariyasının Qazax rayonundakı Azərbaycan  bölməsində təhsil alarkən dərnək rəhbəri Teymur bəy Şadlinskinin diqqətini cəlb etmiş, onu Məcnun roluna hazırlamış və təbii ki, o da bu rolun öhdəsindən  məharətlə  gəlmişdi. Bu faktı bilirdim. Amma bir gün səhər işə gələndə Aybəniz xanım əlindəki qəzeti mənə uzadıb, – “Ay Xanım, biz qohum imişik ki, oxu bunu” – dedi. Məqalədə Naxçıvan Vəkilovlarından və onların  Şadlinskilərlə olan qohumluğundan yazılmışdı. Mən də cavabında, – “Aybəniz xanım, məni bu muzeyə qan qohumluğu bağlayırmış ki” – dedim. Bu söz ona elə ləzzət elədi ki, xeyli güldü.

  Bir dəfə qonşunun səhlənkarlığından  evində  yanğın olmuş və muzey tərəfə də kecmişdi. Şairin iş otağının  divarının bir hissəsi yüngül  zədə  görmüşdü. Təbii ki, əlaqədar təşkilatlardan, öz nazirliyimizdən nümayəndələr gəldi. Sənədlər hazırlandı, aktlar tərtib edildi. Amma Aybəniz xanım çox təlaşlı və gərgin idi. Biz də, təbii ki, pis olmuşduq. Amma QORUYAN qorumuşdu muzeyi. Başqa cür də ola bilərdi. Hamı gedəndən sonra Aybəniz xanım uşaq kimi əlimdən tutdu, –Xanım, gedək atamın otağına bir yerdə ağlayaq, – deyib, məni şairin iş otağına  apardı: “Təsəvvür edirsən, atamın oxuduğu kitablar, şeirlərini yazdığı masa, oturduğu kreslo, kitab şkafi yana bilərdi. Onlara bir şey olsaydı, mən də ölərdim. Bu otaq mənim üçün müqəddəsdi”, – deyib, hönkür-hönkür ağladı. Mən o gün anladım ki, onun üçün ən qiymətli və xatirələrlə dolu olan otaq atasının iş otağı imiş…

 Aybəniz xanım çox güclü  şəxsiyyət idi. Ancaq amansız xəstəlik onu yaman  yaxaladı, gücünü əlindən aldı. Demək olar ki, hər gün Aygüngilə gedib, ona baş çəkirdim. Onun baxışlarını hec vaxt unuda bilməyəcəyəm, ümidsiz, gücsüz, imdad diləyən baxışlarını…

Aybəniz xanım qibtə olunacaq ana idi, çünki  Aygün  kimi qızı var idi.  Bir gün otaqda ikimiz idik. Qəfildən mənə, – Xanım, məni bağışla, – dedi. Təəccübləndim: “Mənə nə yamanlıq etmisiniz ki, Sizi bağışlayım?”. “Yox, yox, bəlkə də məndən nə vaxtsa incimisən, bağışla”, – dedi.  “Aybəniz xanım, mənə elə söz deməyin. Əgər mən  bilmədən nəzakətsizlik etmişəmsə, siz məni bağışlayın”, – dedim və onu qucaqladım. Sonralar başa düşdüm ki, Aybəniz xanım məndən halallıq alırmış…

Aybəniz xanım, sizdən sonra muzeyin baş mühafizi vəzifəsində mən işləyirəm. Bacardığım qədər yolunuzu davam etdirirəm. Sizin kimi olmasam da, Sizə bənzəməyə calışıram. Aygündən sonra işdən də ayrılmaq istədim. Ancaq hansısa qüvvə mənim muzeydən ayrılmağıma imkan vermədi. Bəlkə, bu, SİZLƏRİN RUHU idi… Bəlkə də vicdan borcu… Bilmirəm… Hansı qüvvədirsə, yenə halal edin…

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!