Xəbər verdiyimiz kimi, Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də Şuşada elmi simpozium keçirilib. "Ədəbi müstəvidə Qarabağın dünəni və bugünü" adlı simpoziumda ədəbiyyatımızın qarşısında duran vəzifələrdən, son 30 ildə yaradılmış ədəbi nümunələrdən, Vaqif Poeziya Günlərinin ədəbiyyat adamlarına verdiyi stimuldan və Molla Pənah Vaqifin bənzərsiz yaradıcılığından söz açılıb. Simpoziumda Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi, akademik, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, filologiya elmləri doktoru, "Ədəbiyyat qəzeti"nin və Ədəbiyyat İnstitutunun şöbə müdiri, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova, "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini, şair Adil Cəmil, yazıçı-publisist Mustafa Çəmənli, tənqidçi Əsəd Cahangir, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, yazar Ələmdar Cabbarlı, gənc şair Ramil Əhməd çıxış ediblər. Simpoziumun materiallarını təqdim edirik.
İlqar FƏHMİ
Əziz dostlar, sizin hər birinizi Vaqif Poeziya Günləri çərçivəsində keçirilən "Qarabağın dünəni və bugünü ədəbi müstəvidə" adlı simpoziumda salamlayıram. Biz bu gün həqiqətən də tarixi bir hadisənin içindəyik. Uzun illər fasilədən sonra azad Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi, simpoziumun təşkil olunması, həqiqətən də əlamətdar və yaddaqalan bir hadisədir.
Təbii ki, biz istərdik bu simpozium daha geniş tərkibdə, daha böyük alimlərimizin, ədəbiyyatşünaslarımızın iştirakıyla keçirilsin, lakin mövcud pandemiya vəziyyətini və burdakı məhdud şəraiti nəzərə alaraq bu dəfə simpoziumu yığcam şəkildə, məhdud heyətlə keçirmək qərara alındı. Üzümüzə gələn illərdə isə təbii ki, Vaqif poeziya günləri çərçivəsində daha möhtəşəm, hətta beynəlxalq bir elmi simpozium keçirməyi düşünürük...
Ancaq nə qədər yığcam şəkildə olsa da, əminəm ki, bu simpozium bir ilk kimi ədəbiyyatşünaslıq tariximizin səhifələrinə həkk olunacaq. Mən bütün iştirakçılarımızı bir daha salamlayıram və tədbirimizi açıq elan edirəm.
Nizami CƏFƏROV
Bu günlərdə keçmiş Qarabağ xanlığının paytaxtı Şuşada belə bir simpoziumun keçirilməsi, heç şübhəsiz, tarixi olduğu qədər də təbiidir. Və biz Şuşanın, ümumən dağlı-aranlı Qarabağın həm bir neçə onillik işğaldan, həm də bir neçə yüzillik iddialardan xilas olması üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün dünyanın gözləri qarşısında nümayiş etdirdiyi milli iradəyə minnətdarıq.
Molla Pənah Vaqif Poeziya Günlərinə yeni həyat verilməsi, bu günlər çərçivəsində Qarabağın dünəni, bugünü və sabahı barədə məhz ədəbi müstəvidə söhbət açılması bir daha göstərir ki, dövlətimiz xalqımızın mənəvi yüksəlişində ədəbiyyata böyük əhəmiyyət verməklə ulu öndər Heydər Əliyevin hər cəhətdən əsaslı mədəniyyət siyasətini inamla davam etdirir.
Əlbəttə, Qarabağda ədəbi mühit Vaqiflə başlanmır, ancaq Vaqif realizm adlandırdığımız ədəbi cərəyanın təməllərini məhz Qarabağda, Şuşada atmış, bütövlükdə, Qarabağ ədəbi mühitini Azərbaycan ədəbiyyatının ön sıralarına çıxarmışdır. Və bunu da etiraf etmək lazımdır ki, ədəbiyyatda Vaqif dövrü ideya-estetik xarakterinə görə güclü bir intibah hadisəsi idi. Çox keçmədi ki, Qarabağ Azərbaycan mədəniyyətinə Zakir, Natəvan kimi böyük şairlərlə yanaşı, milli şüurun inkişafına ciddi təsir göstərmiş "Qarabağnamə"lər bəxş etdi. Həmin əsərlərin hər birində Qarabağın tarixi o qədər müfəssəl təsvir olunur, olub-bitmişlərin dərinliklərinə o qədər təfərrüatı ilə varılır ki, burada erməniyə yer olmamasının özü artıq bu mənfur qəbilənin Qarabağa ərazi iddialarının əsassızlığını təsdiq edir.
Biz Şuşaya yeni salınmış Zəfər yolu ilə gəldik, Vaqifin təmir olunmuş məqbərəsi önündə müzəffər dövlət başçımızın dərin məzmunlu (və qürurverici) açılış nitqini, ədəbiyyatımızın canlı klassikləri Anarın, Nəriman Həsənzadənin, Elçinin çıxışlarını dinlədik... Elə bilirəm ki, bu gün Vaqif Poeziya Günlərində iştirak edən üç nəsil yazıçı nümayəndələrinin şəxsində Azərbaycan ədəbiyyatı yeni bir yaradıcılıq impulsu aldı. Neçə illərdi ki, ədəbiyyatımızın Şuşa nəfəsi çatışmırdı...
XXI əsr Azərbaycan mədəniyyətinin yüksəlişinə öndərlik edən, bugünkü unudulmaz günlərimizin də təşkilatçısı olan Heydər Əliyev Fonduna, onun rəhbəri Mehriban xanım Əliyevaya da təşəkkürlərimiz, əlbəttə, tükənməzdir. Şuşanın hələ məskunlaşmadığı, düşməndən azad edilmiş şəhərin yaşayış infrastrukturunun bərpa olunmasına yenicə başlandığı bir şəraitdə Vaqif Poeziya Günləri iştirakçılarına bu qədər gözəl şəraitin təmini böyük məmnunluq doğurur.
Tehran ƏLİŞANOĞLU
1. Dirçəliş. Bugün Qarabağ dirçəliş dövrünü, özünəqayıdış dönəmini yaşayır. Otuz illik əsarətdən qurtularaq tədricən canlanır, real həyatına qayıdır. Bunu biz Vaqif Poeziya günlərində əyani olaraq gördük; otuz ilin özgəliyindən, qorxunc yuxularından xilas olaraq isti nəfəsi ilə, gülümsəyən siması ilə bizi qarşılayan, ağuşuna alan doğma Şuşanın timsalında gördük. Bütün cismi hələ yaralı olsa da, qəlbi qəmgin, ağrılı xatirələrdən hələ qopmasa da, Şuşanın ruhunu diri gördük; Azərbaycan Prezidentinin dediyi kimi: "Şuşanın bərpası 14 yanvardan başlamışdır. Şuşanın dirçəlişi çox sürətlə gedir". Gecələr orda-burda, hardasa çənbərində gizlənməyə çalışan hər cür qaranlıqları yarıb sayrışan Şuşanın işıqlarını gur, inamlı, günəşli günlərə açılan səhərlərini əzmli gördük. Otuz ilin qaramatlığından sonra biz Şuşanı gülərüz gördük.
Qarabağın dirçəlişini Azərbaycan Prezidentinin Vaqif Poeziya günlərinin açılışında etdiyi yığcam və məzmunlu, xalqa, ictimaiyyətə hesabat xarakterli növbəti çıxışından da eşitdik, bilavasitə təsdiqini gördük. Prezidentin Şuşaya hər səfəri intibaha və inkişafa sübut addımlarla müşaiyət olunur. M.P.Vaqifin məqbərəsinin bərpası və ikinci açılışı ilə birgə, şairin büstünün, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, xalq artisti Bülbülün Ev muzeyinin, Xalça muzeyinin, Qarabağ mehmanxanasının bərpadan sonrakı açılışları və s. tədbirlər mədəniyyət paytaxtı Şuşaya can gəldiyini, həyatın qayıtdığını göstərən hadisələr oldu.
Dirçəliş havasını biz, Zəfər yolu ilə Şuşaya doğru yüksəldikcə daha da yaxından hiss edir, duyurduq. Bu yolla Ali baş komandan İlham Əliyevin öndərliyi ilə ilk olaraq misilsiz qəhrəmanlıqlar göstərmiş, şəhidlər verərək Şuşanı yenidən fəth etmiş müzəffər ordumuz keçmişdi. Karvanımız sanki irreal, amma hər an, gözümüzün qabağındaca real, görünən, zühur edən başqa bir zamana və məkana - Vaqif Poeziya günlərinə doğru şütüdükcə, ruhuna min-min rəhmət oxuduğumuz şəhidləri anır, tarix yazmış Azərbaycan əsgərinin fətholunmaz ruhunu keçdiyi yollardan, dərələrdən-çaylardan, dağlardan-daşlardan, çöllərdən-meşələrdən sormağa, oxumağa çalışırdıq. Gözümüzün qabağında vəhşi düşmənin viranə qoyduğu Füzuli şəhəri, bir-birini arxada qoyan evlərin, kəndlərin ağlagəlməz, heyrətamiz dağıntıları və hər an bu mənzərənin üstündən xətt çəkməyə, vətən torpağını özünə-əslinə qaytarmağa tələsən quruculuq işləri: möhkəm təməllər üzərində irəli şütüyən Zəfər yolu, heç vəchlə ondan geri qalmaq istəməyən yüksək gərginlikli elektrik xətləri, işıq dirəkləri, tikintisi başa çatmaqda olan Füzuli Hava Limanı, dağları-daşları yarıb həyat yoluna çevirən müasir texnika, qurulan tunellər, salınan körpülər... Böyük Vətəndən otuz ildir ayrı düşdüyümüz vətənə - Qarabağ torpağına körpülər bərpa olurdu. Baxdıqca, sevindikcə, külli-Qarabağı belə, quruculuq içində görmək keçirdi könlümüzdən...
2. Real və simvolik. Bugün Qarabağda yaşadığımız real hadisələrin sanki həm də bir simvolik mənası vardır. Bu məqama Azərbaycan Prezidenti də çıxışında diqqət çəkdi. Bu il məhz yanvarın 14-də Şuşaya səfərinin təsadüf olmadığını vurğuladı. Bu tarix Ulu öndər Heydər Əliyevin Molla Pənah Vaqif məqbərəsinin 39 il öncə açılışını etdiyi gündür. Həmin 1982-ci ilin iyul ayında Vaqif Poeziya günlərinin əsası qoyulmuş, Ümummilli liderin respublikaya rəhbərliyi dövründə daha bir mədəniyyət hadisəsinə rəvac verilmişdir. 2021-ci il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev tezliklə Şuşanın dirçəldiləcəyini, mədəni həyatının özünə qaytarılacağını, Xarı bülbül musiqi festivalının, Vaqif Poeziya günlərinin keçiriləcəyini bəyan edəndə nə qədər inanılmaz görünsə də, böyük sevincimizə, Heydər Əliyev Fondunun da təpər verdiyi bu yüksəliş tempi gözümüzün qabağındaca artıq reallıqdır. Bugün işığına yığışdığımız Vaqif Poeziya günləri bizi yarım əsr öncəyə, Azərbaycan mədəniyyətinin daha bir dirçəliş dövrünə, möhtəşəm yubileylər, festivallar, ədəbiyyat günləri, poeziya bayramları ilə müşaiyət olunan Heydər Əliyev epoxasına qaytardı. Ulu öndərin Şuşada böyük təntənə ilə Vaqif məqbərəsini ucaltması, sonraya saxlamadan qarlı qış günündə açılışını etməsi, yayda poeziya günlərinin keçirilməsi cidd-cəhdlə Qarabağı azərbaycansızlaşdırmağa çalışan qurnaz erməni siyasətinə qarşı düşünülmüş bir addım, Heydər Əliyevin rəhbərliyi dövründə gerçəkləşdirdiyi çoxsaylı tarixi-mədəni tədbirlərdən daha birisi idi. Burda da bugünlə bir səsləşmə görürəm. 44 günlük müharibədə tam məğlub olmuş düşmən öz mənfur xasiyyətindən əl çəkməyib, yenə də bütün dünyada vay-şivən qoparır, Şuşanın erməni şəhəri olduğunu sübut üçün cəfəng dəlillər axtarır...
Vaqifə qayıdış həm də elə Qarabağın tarixinə qayıtmaq deməkdir. Azərbaycan mədəniyyəti də, tarixi də, şəksiz ki, çox qədimdir. Amma müasir Azərbaycan mədəniyyəti, cəsarətlə demək olar ki, Qarabağdan başlayır, xanlıqlar dövründən nəşət tapır. Akademik Nizami Cəfərov tədqiqatlarında Vaqif dövrünü Azərbaycan milli varlığının intibahı kimi xarakterizə edir. Ədəbiyyatşünaslarımız, Firidun bəy Köçərlidən başlayaraq, istisnasız, Azərbaycan ədəbiyyatının yeni, çağdaş dövrünü M.P.Vaqif və müasirlərinin adı ilə bağlayır. Hələ M.F.Axundzadə yeni şeirin banisi olaraq Qarabağda M.P.Vaqifi və Q.Zakiri göstərirdi. Azərbaycan realist ədəbiyyatının M.P.Vaqifdən başlandığı bugün yekdil fikir olaraq qəbul edilir. Orta çağlardan qoparaq dünyəvi təfəkkürün, yeni həyat fəlsəfəsinin ilk ifadəçisi də "Toy-bayramdır bu dünyanın əzabı" deyən Vaqifdir. Qarabağ - Azərbaycan muğamının, Sadıqcanın yaratdığı Azərbaycan tarının vətənidir. Yeni Azərbaycan musiqisinin nəzəriyyəsi də Mir Möhsün Nəvvabın simasında, praktikası da ustad muğam ifaçılarının nümunəsində Şuşada, Qarabağda yaranmış, tüm Azərbaycanı əhatə etmişdir. Şuşanın özü, Nizami Cəfərovun dediyi kimi, intibahın yetirməsi, intibah hadisəsidir. Şəhərin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş, Azərbaycan milli ruhunun ifadəçisinə çevrilmişdir...
Nizami Cəfərov: Hər xanlıq mini-Azərbaycan dövlətini təmsil edirdi.
Daha bir intibah faktı. XIX əsrdə, sanki xanlıqlar dövründən yadigar qalan məclislər hərəkatı hər xanlıq mərkəzində bir məclislə təmsil olunurdusa, Xan qızı Natəvanın yaşadığı Şuşada iki idi: "Məclisi-üns" və "Məclisi-fəramuşan və ya xamuşan"ın timsalında. Əlbəttə, hamımıza məlum bu hadisələri təkrar xatırlatmaqda məqsədim: dirçəliş havasını yaşadığımız bu günlərin real olduğu qədər də simvolik mənasına diqqət çəkməkdir.
Belə ki, Azərbaycan adına müstəqilliyimizin də ilki XVIII əsr xanlıqlar hərəkatına gedib-çıxır. Müasir Azərbaycan cəmiyyəti və dövlətçiliyi məhz xanlıqlar dövründə formalaşmış, təşəkkül tapmış, ilkin müstəqillik təcrübəsinin dadına baxmışdır. İbrahimxəlil xanın - xan, Molla Pənahın vəzir olduğu Qarabağ xanlığı bunun ən parlaq təzahürlərindən idi. Ruhları şad olsun! Qarabağ xanlığının o zamankı geopolitika şəraitində yaşadığını bugün Azərbaycan dövləti eynən, daha böyük miqyasda yaşayır, dəf etməli olur.
Azərbaycan xalqı 200 ildən də çox işğal faktoruna rəğmən, müstəqillik ehtirası və əzmini ən müxtəlif və çətin dövrlərdən keçirib bugünə gətirmişdir. Azərbaycan cəmiyyəti, Azərbaycan varlığı heç bir şəraitdə inkişafından qalmamış, intibah ruhunu XIX əsrdə çar üsul-idarəsinə qarşı etiraz və maarifçilik hərəkatında, XX yüzilin əvvəllərində romantizm və milli istiqlal hərəkatında, sovet dönəminin Azərbaycan naminə müqavimət hərəkatında hifz edərək bizə ötürə bilmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətini də və üstündən yetmiş il keçəndən sonra müstəqil Azərbaycan dövlətimizi də yetirən həmin milli intibah ruhu - müstəqillik əzmidir.
Çıxışlarının birində Azərbaycan Prezidenti İlham Əliyev xatırladırdı ki: 44 günlük Vətən müharibəsində biz yalnız torpaqlarımızın azad olunması ilə, erməni işğalına son qoymaqla qalib olmadıq, həm də 200 ildir Qafqazda yuva salmış erməniçilik üzərində qələbə çaldıq. Bu faktora diqqətli olmalıyıq.
3. Ədəbiyyatın dərsləri. Vətən müharibəsində qələbənin qazanılmasında bütün Azərbaycan xalqı, müzəffər Azərbaycan ordusu ilə birgə, şəksiz ki, ədəbiyyatın da öz payı olmuşdur. Ən azı barışmazlıq ruhunu yaşatmaqla, gənc nəsli Qarabağ məsələsi ətrafında səfərbər etməklə ədəbiyyat Azərbaycan cəmiyyətini bu qələbəyə hazırlamışdır. Təkcə onu demək kifayətdir ki, son 30 il ərzində Azərbaycan ədəbiyyatının başlıca bir mövzusu olmuşdur - Qarabağ müharibəsi. İkinci Qarabağ savaşının qələbə ilə başa çatması münasibətilə bir məqalə yazdım, "Ədəbiyyat qəzeti"ndə dərc olundu: "Qalibiyyət və ədəbiyyatın dərsləri". Məqalədə göstərməyə çalışırdım ki, otuz ilin ağrı-acıları, çıxılmazlıq əhval-ruhiyyəsindən sonra dirçəliş ruhu, intibah havası yenidən ədəbiyyata qayıdır. Diskurs dəyişir. Diqqət etsək, müharibə günlərində Azərbaycan Prezidentinin hər çıxışı çağırış ruhlu: "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" şüarı ilə bitirdisə, bu gün qalibiyyət ruhlu: "Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!" nidası ilə tamamlanır.
Ədəbiyyatımızın qarşısında yeni üfüqlər açılır. Əgər əvvəl yazıçılarımız, şairlərimiz, ədiblərimiz dünyaya dekadans acısından, məğlub xalqın ağrıları açısından baxırdılarsa, bugün onu qalib xalqın nəzərlərindən görməyi, qalibiyyət nöqtəsindən yazmağı bacarmalıdırlar. Həm də yalnız son otuz ilin kontekstində deyil, əslində həmin otuz ilin mənzərələrinin özü də son 200 ilin tarixi təcrübəsindən süzülərək qələmə gəlməlidir. Milli ruhun oyanışı, mülli qürur, fəxarət notları yalnız pafos, patetika, ritorik mövqelərdə ifadə olunmur ki; bunu da danmadan ardınca analitika gəlməlidir. Dirçəlişimiz özünə-qayıdışla sona yetmir, yalnız başlayır.
Qəhrəman Azərbaycan əsgərinin böyük şücaətlə açdığı tarixi Zəfər yolunu ləyaqətlə başa vurmaq indi həm də, başqa sahələrdə olduğu kimi, ədəbiyyatın da öhdəsinə düşür. Düşünürəm ki, gələn il qırx illiyinə yığışacağımız Vaqif Poeziya günlərində ədəbiyyatımız həmin hesabata daha da müntəzir olacaqdır.
Adil CƏMİL
Dahilərin ruhu dolaşan müqəddəs Şuşa torpağını, tarixi şəhərimizi ziyarət etmək bizim üçün böyük şərəf və fərəhdir. 30 il ərzində xalqımız bütün məhrumiyyətlərə səbriylə sinə gərdi. Nəhayətdə Ali Baş Komandanımız, dəmir yumruqlu sərkərdəmiz İlham Əliyevin və müzəffər ordumuzun qüdrəti və qeyrəti sayəsində Şuşa işğaldan qurtuldu. Elə Qarabağın digər bölgələri - Ağdamı, Füzulisi, Zəngilanı, Cəbrayılı, Laçını... Kəlbəcəri kimi.
İndi Vaqif Poeziya bayramına toplaşmaq, böyük şairin məqbərəsi önündə şeir oxumaq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənənin sadəcə davamı deyil, həm də özunəqayıdışın bir rəmzidir. Nə xoşbəxtik ki, bu tarixi günləri yaşamaq bizə də nəsib oldu.
Bəllidir ki, Şuşanın bir adı da Qaladır. Şuşa sal daşlar, sıldırım qayalar üzərində "göyərən" bənzərsiz şəhərdir. "Daş haqqında düşüncələr" şeirimi oxusam güman edirəm, yerinə düşər:
Torpaqdımı daşın kökü,
Daşın nəsli hardan başlar?
Min illərdir insan ilə
Qardaşlaşıb qara daşlar.
İldırımlar qoparmayıb
Bu torpaqda bitən daşı.
İnsan yoxkən daşlar olub
Yer üzünün vətəndaşı.
Bu torpağa ömür qıyan
Bizdən əvvəl daş olubdur.
Baxıb vətənin daşına
İnsan vətəndaş olubdur...
Bir məramlı yolçulara
Nədənsə, "yoldaş" dedilər.
Bir qarından çıxanlara
Nədənsə, "qardaş" dedilər.
Közərtili, qızartılı
Ocaq daşı, od daşı var.
Yer üzünün daş yaddaşı,
Yaddaşların yad daşı var.
Yaman gündə sipər olub
Bu torpağın bürcü, daşı.
Həsrət çəkən iki qəlbi
Qovuşdurub elçi daşı.
Ulu babam keçmişimi
"Daş" fırçayla daşa çəkib.
Bu dünyadan gedəndə də
İnsan daşı başa çəkib...
Deməyin ki, bu daşların
Damarında qan işləməz.
Daş urzalı, urvalıdır -
Daşsız dəyirman işləməz...
Daş ömrünə bələd olub
Bu daşları daşımışıq;
Daş üstdə daş evə dönüb -
Daş içində yaşamışıq...
Şan-şöhrətli şəhərlərin
Daş naxışlı küçəsi var.
Daş köksündən bulaq çıxır,
Daşda qızıl külçəsi var...
Ömrümüzə-günümüzə
Gün calayıb daş beləcə.
Gözlərimin yaddaşında
Daş qalaydı kaş beləcə...
Heyiflər ki, belə deyil,
Belə deyil daş başatan.
Bəzən daşı gözdən salır
Çəpərimə o daş atan...
Bəzən "daşa dəyir" başım,
Bəzən çörək "daşdan çıxır".
Belə vaxtlar insan ağlı
Havalanıb başdan çıxır.
O zaman ki, daşqəlblilər
Yollarımı daşa salır,
Gecəm keçir... yuxum köçür -
Kirpiyimdən daş asılır...
İstəyirəm bu daşları
O daşlarla daşa basım -
Yolumuzda qara daşlar
Fürsət tapıb yaşamasın...
Azər TURAN
Poeziyamızda Qarabağı vəsf edən ilk şair Mir Həmzə Seyid Nigaridir. Məncə, ədəbi təfəkkürdə Qarabağ probleminə bir də bu kontekstdən nəzər yetirmək gərəkdir. Nigari başqaları kimi bir gözəlin zülfü ilə buxovlanmırdı, onu müjgan oxu yaralamırdı. Nigarinin "gülşən içində güllər ilə gülən" sevgili ilə irtibatı yox idi. Nigari Qarabağı ilahiləşdirməklə məşğul idi: "Kövsərü Tuba imiş çayi-çinari-Qarabağ, // Aləmi-cənnət imiş dari-diyari-Qarabağ". Yəni Qarabağın çayları və çinarları Cənnətdə Tuba ağacının altından axan Kövsər bulağıdır. Qarabağın yeri-yurdu cənnət aləmidir. Təbii ki, sufizmin fəhmi, pərdələr arxasındakı aləmi seyr gücü fərqliydi. Hələ, üstəlik, Seyid Nigarinin nəqşbəndi şeyxi və müridizmin Azərbaycandakı liderlərindən biri olması da onun Qarabağa baxışının elmi təsnifatının verilməsini zəruri edir. Nigari şeirləri Azərbaycan sufizminin Qarabağ amilinə hansı aspektdən yanaşdığını öyrənmək baxımından çox önəmlidir. Bunun şübhəsiz ki, metafizik bir anlamı da olmamış deyildi. Bu baxımdan, təbii ki, Azərbaycan bədii təfəkküründə Qarabağ nəqşəsini ilk növbədə Qarabağ türklərinin metafizik düşüncə dünyası yaradır. Seyid Nigarinin şeirindəki Qarabağ ağrısı "Məclisi-fəramuşan"ın təsəvvüründə yoxdur. Onların təsəvvüründə yoxdur, amma bunun təsəvvüfündə var... Biz Qarabağı həm də təsəvvüfdə araşdırmalıyıq. Sənətin bir də bu tərəfi, yəni yüksək estetik materiyası vardır. Bizim vətən cənnətimiz səkkizguşəli cənnətdir. Bayrağımızdakı səkkiz guşəli unikal ulduzun etimolojisi də bu amillə bağlıdır. Əhməd Ağaoğlunun türk şamanizimi motivlərində yazdığı "Tanrı dağında" hekayəsində keçən "səkkiz guşəli ana kainat" frazası bizə Azərbaycan bayrağındakı səkkiz guşəli ulduzun mifoloji mənşəyini dərk etməkdə yardımçı olur. Qarabağın etnoqrafik-romantikasını biz həm də Ağaoğlunun epistolyar irsinə nəzərən araşdıra bilərik. Əhməd Ağaoğlu Maltada sürgündəykən həyat yoldaşı Sitarə xanıma yazdığı məktubda Qarabağın miniatür avtoportretini yaratmışdı: "Xatirəm ta uzaqlara, gənclik zamanıma, Qarabağa, Qalanın o gözəl dağlarına, Başıucaya, Daşaltına, Heydər düzünə, Şahnəçiyə və Dəlikdaşa, o yerlərdəki gəzmələrə getdi! Bütün keçmişlər, bütün əqrabalar, dostlar, evimiz, sokaklar, baxçalarımız birər-birər önümdən keçdi!". Belə detallı təsvirlər bir də Yusif Vəzir Çəmənzəminlinin Vaqifdən bəhs edən "Qan içində" romanında var...
Bir halda ki, tarixdən də bəlli olduğu kimi, ilk səma ayinləri, yəni sufi rəqsləri XI yüzildə Anadolu ilə yanaşı, Qarabağ dağlarında da icra edilirmiş. O zaman bədii təfəkkürdə Qarabağ modelini yaradan amillərin sırasında və bəlkə də təməlində şamanizmin də əlamətlərini aramalıyıq. Bunu yuxarıda xatırlatdığım "Tanrı dağlarında" əsərində Əhməd Ağaoğlu etmişdi. Ordakı Tanrı dağlarını Xəlil Rza Ulutürkün "Tanrılar panteonu" adlandırdığı Qarabağ dağları kimi oxusaq və bura bir də Seyid Nigarinin təsəvvüfünü əlavə etsək görün nə baş verir? Qarabağ dağlarındakı sufizm elementlərindən, yaxud şamanist cizgilərdən Ermitaja, yaxud Ermitajda saxlanılan Qarabağda toxunmuş 2500 yaşlı Pazırıq xalçasındakı oğuz elementlərinə yönəlmək də olar... Bu xalça və ondakı elementlər Qarabağın bir türk Vətəni olaraq daha qədim dövrlərdə, tarixin iskit-saka mərhələsində formalaşdığının əyani dəlilidir. Xalça doğrudan da, əgər Ermitaj kartotekalarında, yaxud bukletlərində qeyd olunduğu kimi, Qarabağda toxunulubsa, elə bu xalçanın görünən elementləri "Türklər bu torpağın ilk sakinləridir" düşüncəsini isbatlamaq üçün yetərlidir. Bir daha təkrar edirəm, söhbət ən qədim sivilizasiya örnəklərindən olan 2500 yaşlı Pazırıq xalçasından gedir. Onun Qarabağda toxunulması və özündə sak-iskit dövrünün əlamətlərini, eləcə də türk-oğuz yaddaşının bütün tarixi mərhələlərini, naxışlarını bütövlükdə ehtiva etməsi və harmoniya ilə, rəmzlərlə dolu bu sənət abidəsinin Qarabağda yaradılması çox mətləblərə aydınlıq gətirir.
Və nəhayət, bu gün işığına toplaşdığımız Molla Pənah Vaqif. Onun "Görmədim" müxəmməsi tam cəsarətlə demək olar ki, Vaqifdən yüz il sonra Parisdə pərvəriş tapan dekadansın bütün cizgilərini özündə ehtiva edirdi. Milli poeziyamızda estetik qürub Vaqifin "Görmədim" müxəmməsi ilə başlayırdı. Və bu mənada Vaqif Azərbaycan ədəbiyyatının təkcə dil baxımından milliləşməsində deyil, estetikalar baxımından da dünyaviləşməsində ən həlledici rolu oynamış şairdir. Vaqifin, xüsusən, bu şeirindəki missiyası XVIII yüzildə modern ədəbiyyata doğru böyük bir sıçrayış oldu...
"Görmədim" müxəmməsində bir antitezis vardır:
Ey xoş onlar kim Məhəmməd Mustafanı sevdilər,
Oldular aşiq, Əliyyül-Mürtəzanı sevdilər,
Sidqü ixlas ilə pənc ali-əbanı sevdilər,
Çardəh məsumtək müşkülgüşanı sevdilər,
Dəxi onlardan gözəl yaxşı cəmaət görmədim.
Təəssüf ki, Vaqifin sovet dövrü nəşrlərində bu bənd ixtisar edilib. "Görmədim" müxəmməsi Firudin bəy Köçərlinin də, Salman Mümtazın da məlum kitablarında olduğu kimi verilsə də, bəlli səbəblərə görə Vaqifin nə 1968-ci il, nə də latın qrafikası ilə çap olunmuş son - 2004-cü il nəşrlərinə daxil edilməyib. Ümumiyyətlə, "Görmədim" müxəmməsi Vaqifin kitabxanalarımızda olan heç bir nəşrində bütöv görünmür, xatırlatdığımız bənd dediyim kimi, bütün kitablarda ixtisar edilib və bu günə qədər də bərpa edilmir. Bu mənada Şuşanın işğaldan azad edilməsi, Qarabağda yaranan yeni tarixi situasiya Vaqif külliyyatının yeni nəşrini də labüdləşdirir. Külliyyatın sovet dövrü nəşrlərindən ixtisar edilmiş bu misralar Vaqifin bərpa edilən məqbərəsi kimi, "Görmədim" müxəmməsinin tərkibində yenidən bərpa edilib tarixə və Azərbaycan xalqının yaddaşına təhvil verilməlidir. Vaqifin, ümumiyyətlə, türk ədəbiyyatının ilk dekadans şeiri - "Görmədim"in İkinci Qarabağ savaşından sonra yeni təhlili verilməlidir.
Dəyərli simpozium iştirakçıları, biz təkcə Qarabağın işğaldan azad edilməsindən sonra deyil, ümumən, müstəqillik dövrümüzdə Şuşada keçirilən ilk elmi simpoziumun iştirakçılarıyıq. Bu simpoziumda iştirak etmək hər birimizin tərcümeyi-halını zənginləşdirir. Tərcümeyi-halımızı, ömür yolumuzu zənginləşdirdiyi üçün Heydər Əliyev Fonduna sonsuz şükranlarımız vardır.
2014-cü ildə Salyanda Əli bəy Hüseynzadənin 150 illik yubiley tədbirində məruzə edərkən demişdim ki, beş ildən sonra Hüseynzadənin ən yaxın dostu, "Yaxın Şərqdə avropalaşma hərəkatının ən səmimi ideoloqu" adlandırılan Əhməd Ağaoğlunun 150 yaşı tamam olacaq. Və onun da 150 illik yubileyini doğulduğu Şuşa şəhərində qeyd etməyi bizə nəsib etməsini Tanrıdan təmənna etmişdim. Dəyərli dostlar, bu gün biz tarixi möcüzələrin qoynundayıq... Nigari demişkən, cənnət ağacının kölgəsindəyik. Ağaoğlunun vətənindəyik. Şuşada böyük quruculuq işlərinin getdiyini gördük. Mən həm də bu şəhərdə bir behişt rayihəsi duydum. Əlbəttə, bu, Şuşaya müqəddəslik statusu verən şəhidlərimizin rayihəsidir. Şuşa başdan-başa məbəddir.
28 il əvvəl Azərbaycan Qarabağı itirəndə insanlarımızın yaddaşında Seyid Nigari nəqşəsi, şüurunda Ağaoğlunun "Səkkizguşəli Ana Kainat" fəlsəfəsi yox idi. Bu gün biz "Səkkizguşəli Ana Kainatımızın" bütövlüyünə və Qarabağa həm də qarabağlı Seyid Nigarinin düşüncə dünyası ilə bir yerdə qayıdırıq. "Kövsərü Tuba imiş çayi-çinari-Qarabağ..."
Ali Baş Komandan İlham Əliyev təkcə milli ordunu deyil, bütövlükdə milli təfəkkürü və milli hissiyyatı hərəkətə gətirib Qarabağı işğaldan azad etdi. Bu gün Şuşanı xilas edən dəmir yumruqla yanaşı, Vaqif məqbərəsi də Vətən müharibəmizin zəfər simvollarından birinə çevrilir...
Azərbaycan Respublikasının Prezidenti dünən Vaqif məqbərəsinin açılışında 1982-ci ili xatırladıb dedi ki, "Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var". Prezidentin bu sözləri mənim yadıma 59 yaş simvolikası ilə bağlı başqa bir məqamı saldı. Hüseyn Cavidin qızı Turan Cavid də Cavidin həyatında rəqəmlərin rəmzi və mistik bir yeri olduğuna inanırdı. Bir dəfə ondan bu mistik məqama nə üçün belə ürəkdən inandığını soruşdum. Cavab verdi ki, Cavid 59 yaşında vəfat edib. Sibirdəki qəbrinin nömrəsi də 59 idi. Ölüm aktı da 59 nömrəliydi. Məqbərədə Cavidlər 59 ildən sonra (1937-96) görüşdülər. Məqbərənin inşaya başladığı gün (3 iyun 1996) Cavidin düz 59 il əvvəl (3 iyun 1937) həbs olunduğu gündü. Cavid cib dəftərçəsinə başının ölçüsünü qeyd edib - 59. Maraqlıdır ki, bu yaxınlarda köhnə sənədlərimi araşdıranda tələbə biletimə rast gəldim - o da 59 nömrəliymiş. 1982-ci ildə Cavid vətənə gətiriləndə mən də, bu işin təşəbbüskarı Heydər Əliyev də - hər ikimiz 59 yaşındaydıq".
Müqəddəs kitabımızda deyildiyi kimi, burda düşünüb ibrət alanlar üçün dəlillər vardır...
İlqar Fəhmi: Dəyərli fikirlər üçün çox sağ olun Azər müəllim. İstərdim ki, Elnarə xanım Akimova həm Şuşa təəssüratlarından, həm də ədəbiyyatşünaslıqda Vaqifin tədqiqi məsələlərindən bəhs etsin.
Elnarə AKİMOVA
Bu gün Şuşada olmağımız, burada Vaqif poeziya günlərinin keçirilməsi o qədər böyük hadisədir ki, bundan layiqincə danışmaq üçün ilk növbədə özümüzün şüuraltımız idrak etməlidir. Bu tarixi hadisə ilk növbədə, 1982-ci ilin 14 yanvarında Ümummilli liderimiz Heydər Əliyevin Şuşada Molla Pənah Vaqif məqbərəsinin açılışının bir növ başqa formada, amma eyni missiya çərçivəsində təkrarlanması nöqteyi-nəzərindən əhəmiyyətlidir. Aradan keçən 39 illik zaman müddəti bizim üçün sınaq məqamı oldu. Bakıdan Şuşaya gətirən uzun yolda yaşadığımız ağrıları, itkilərimizi, fəci və nisgil dolu illəri birər-birər xatırlayarkən qəfil qarşımızda görünən "Zəfər yolu" gözəl, işıqlı bir sabahın rəmzi kimi sanki bütün ağrıların üzərindən sığal çəkdi. Bu duyğunu bizə qazandıran Ali Baş komandan İlham Əliyevə, qəhrəman əsgərlərimizə sonsuz şükranlıq borcumuz var.
Şuşada ilk elmi simpoziumun iştirakçısı olmaq isə insana bir başqa fəxarət duyğusu yaşadır. Görünür, möcüzələrə inanmaq lazımdır.
Molla Pənah Vaqif ədəbiyyat tariximizdə mərhələ yaradan sənətkardır, realist şeirin ilk yaradıcılarındandır, sevgiyə və gözəlliyə, kədərə və əzaba yanaşması ilə fərqli müstəvidə qərarlaşan şairdir. Əlbəttə ki, Vaqif öz dövrünün tanınmış ictimai-siyasi xadimi, diplomatı olub, Qarabağ xanlığında ən mühüm qərarların verilməsində öz ağlı və səriştəsi ilə iştirak edib. Amma hər şeydən əvvəl Vaqif şairdir, bu günə qədər sevilən bir çox misilsiz poetik örnəklərin müəllifidir. Bəs Vaqifin Azərbaycan ədəbiyyatında yeri, rolu hansı xüsusiyyətləri ilə seçilir? Bunu ilk növbədə, dövrün özünün izahını verməklə aydınlaşdırmaq mümkündür. Məlumdur ki, XVII-XVIII əsrlər Azərbaycan mədəniyyətinin inkişaf tarixində intibah, oyanış dövrüdür. Bu dövrü fərqləndirən əsas cəhətlər milli dilin ədəbi yaradıcılıqda hakim mövqe tutması, xalq yaradıcılığının və milli folklor janrlarının tam təşəkkülü ilə əlamətdardır. Bu mənada, dövrünün şairi kimi Vaqifin üslubu özündən əvvəlki klassiklərin üslubundan fərqlənib. Daha rəvan, sadə üslub, hamının başa düşəcəyi, anlayacağı dil, milli bədii təfəkkürün və özünüdərketmənin təzahürünün güclənməsi və s.
Vaqif mərhələsinin özünün əvvəlki və sonrakı ədəbiyyata böyük təsiri oldu, bir növ körpü rolunu oynadı. O, özündən əvvəlki ədəbiyyatı milli zəmində yekunlaşdırdı və sonrakı ədiblərin bir çox maarifçi məsələlər və istiqamətlər yönündə fəaliyyət göstərmələrinə yol açdı. Təsadüfi deyil ki, Vaqifin açdığı işıqdan yola çıxan XIX əsr dühalarının - Mirzə Fətəli Axundzadənin, Mirzə Şəfi Vazehin və Abbasqulu ağa Bakıxanovun milli ədəbiyyatı və dili inkişaf etdirmək yönündə çabaları onların öz sahələrində yeniliklərə imza atmaları ilə nəticələndi. Zənnimcə, biz "Vaqifə qədər" olan bir dövrü tədqiq etmişik, indi qarşıda duran problemlərdən biri Vaqifdən sonrakı mərhələni öyrənmək, onun təsir etdiyi məqamları üzə çıxartmaq olmalıdır.
Vaqif yeni tipli ədəbiyyatın yaradıcısıdır. Onun şeirlərində təbiət öz zənginliyi və çoxçalarlılığı, insan öz mühiti və məişəti, xasiyyət və rəftarı, gözəllik və incəliyi ilə tərənnüm obyektidir. Professor Rüstəm Kamalın bu dövrlə bağlı maraqlı qənaəti var: "XVIII əsr Azərbaycan mədəniyyətini əslində "göz mədəniyyəti" adlandırmaq olar. Şuşanın tikilməsi də, Vaqifin poeziyası da "göz mədəniyyəti"nin təzahürüdür". Burada "görmə" məqamı üzərində dayanmağa ehtiyac var. Daha çox içə, daxilə yönəlmək mənasında. Yəni bu qüdrətli şair gerçəklərin yalnız zahiri tərəflərinin təsvirinə yönəlməmiş, acı və sərt həqiqətlərin görünən tərəfləri, zahiri əlamətləri ilə yanaşı, daxili mahiyyətini də mənalandırmış, bəzən isə hətta ziddiyyətləri ilə birlikdə əks etdirmiş, batinin dərkini verməyə nail olmuşdur. Şairin "Bayram oldu", "Görmədim" müxəmməsi və s. kimi şeirləri buna nümunə ola bilər.
Molla Pənah Vaqifin ilk tədqiqi Firudin bəy Köçərlinin, Salman Mümtazın adı ilə bağlıdır. Sonrakı illərdə Həmid Araslı, Araz Dadaşzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev ilə sahə böyüyüb. Hər birinin də dövrə və Vaqif yaradıcılığına fərqli yanaşması olub. Həmid Araslı onu realist şair, Araz Dadaşzadə realist ədəbi metoda yiyələnmiş ilk sənətkar, Əziz Mirəhmədov təsviri realizm üslubunun nümayəndəsi, Yaşar Qarayev realizmin hazırlıq mərhələsini yaradan ədib kimi xarakterizə edib. Bütün bu tədqiqatlar sovet dövründə gerçəkləşən işlərdir. Vaqifin müstəqillik illərində ədəbi prosesə yeriməsi akademik Nizami Cəfərovun adı ilə bağlıdır. Nizami Cəfərov 1988-ci ilin sonlarında "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "Azərbaycan intibahı: problemlər, mülahizələr" məqaləsində, daha sonra isə 1991-ci ildə işıq üzü görən "Füzulidən Vaqifə qədər" kitabında mifoloji yaddaş, folklor potensialı ilə Yeni dövr kontekstinə daxil olan XVIII əsri və Vaqif yaradıcılığını milli oyanış, intibah mədəniyyətinin zəmini kimi təqdim etdi. Bu fikir həmin dövr ədəbiyyatşünaslığında geniş polemikalara rəvac verdi, müxtəlif ədəbi instansiyalarda, o cümlədən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müzakirəsi təşkil olundu. Ölkənin demək olar ki, bütün ciddi alimləri bu tezislə bağlı fikir və mülahizələrini bölüşdülər. "Müstəqillik dövrünün ədəbi tənqidi" adlı tədqiqatım üzərində çalışarkən bu tezis ətrafında necə geniş müzakirələr aparıldığının şahidi olmuşdum. Bu müzakirələr sonucunda həm XVIII əsrə və onun yaradıcı şəxsiyyətlərinə, o cümlədən Vaqif irsinə münasibətdə çoxsaylı yanaşmalar meydana qoyuldu.
Vaqif irsinə son yanaşma kimi bu yaxınlarda çap olunan İsa Həbibbəylinin "Molla Pənah olan Vaqif" monoqrafiyasının adını çəkə bilərik ki, bu kitabda İsa müəllim Vaqifi erkən realizm ədəbi cərəyanının banisi kimi təqdim edir. Və nəinki XVIII əsr, ona qədər davam tapmış bütün ədəbi mərhələlər, klassik ədəbiyyat "Vaqif ədəbi mərhələsi"nə nəzərən tədqiq və şərh olunur.
Təbii ki, Vaqif elə bir parlaq ədəbi istedada malik sənətkardır ki, özü ilə bağlı ədəbiyyatşünaslıqda fərqli və modern sənət prinsipləri kontekstində araşdırmalara imkan verəcəkdir. Bu sırada, "Ədəbiyyat qəzeti"ndə çap olunan son dörd yazını da qeyd etmək istərdim: Cavanşir Yusiflinin "Formanın müqəddəs sirri" silsiləsindən Vaqif haqqında yazdığı II məqaləni, Azər Turanın "Poeziyada "Görmədim" müxəmməsi ilə başlayan estetik qürub, yaxud Vaqif ömrünün və türbəsinin faciəli aqibəti", Tahirə Məmmədin "Şuşa ədəbi məclisləri: funksiya və missiyası" və Səadət Şıxıyevanın "Nisgilli könüllərin tərcümanı Şuşa Qarabağ şairlərinin şeirləri əsasında" məqalələrini. Bu kitab və məqalələri niyə xatırlatdım? "Ədəbi müstəvidə Qarabağın dünəni və bugünü" mövzusunu müzakirə ediriksə gələcək tədqiqatçılara geniş müstəvilərə adlamağa impuls verən mətnlərlə bələdçilik etməliyik.
Məlumdur ki, Molla Pənah Vaqif ilk şeirlərini müəllimliklə məşğul olduğu illərdə yazmış, pedaqoji fəaliyyətinin Şuşa mərhələsində bədii yaradıcılıqla daha intensiv şəkildə məşğul olmuşdur. Lakin Molla Pənah Vaqif ömrünün son günlərini çox bədbin yaşamış, bu kədəri özünün "Görmədim" müxəmməsi ilə hərtərəfli ifadə etmişdir. Həyatının faciə ilə bitən sonluğu da şairimizin qoca vaxtında yazdığı şeirlərdə əsk olunmuş estetik qüruba adekvat olaraq yekunlaşmışdır. Cavanşir Yusiflinin yazdığı kimi, "gözəlliyi hiss etdiyinə, bildiyinə görə faciələrə tuş gəlmişdi", cəzalanmışdı sanki. Ancaq bu gün sevinirik ki, böyük şairimizin ruhu şaddır. Otuz ilə yaxın işğal dönəmindən sonra o, öz azadlığına, ruhsal bütövlüyünə qovuşub. Vaqifin türbəsi hər zaman Şuşada ziyarətgah olub. Allaha şükürlər olsun ki, hər şey əzəli və əbədi gerçəkliyinə qayıdır. Şairin bizə heç zaman yadlaşmayan məqbərəsi artıq indinin və sabahkı nəslin daim ziyarət edəcəyi müqəddəs mehraba, qutsal məkana çevrilməkdədir.
Mustafa ÇƏMƏNLİ
Mən də hər kəs kimi, Zəfər yolu ilə mənəviyyat paytaxtımız Şuşaya gəldiyim üçün böyük məmnunluq duyuram. Mən Qarabağın tacı Şuşa qalasına sonuncu dəfə işğaldan əvvəl - 1984-cü ildə gəlmişdim. O zaman ağlıma da gəlməzdi ki, 8 il sonra Şuşa erməni daşnakları tərəfindən işğal olunacaqdır. Xalqımız 28 il Şuşa həsrəti ilə yaşadı. Nəhayət, 2020-ci ilin 8 noyabrında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, müzəffər ordumuzun şücaəti sayəsində Şuşa qəsbkarların işğalından azad edildi. Dərhal mənəviyyat paytaxtımıza qovuşmağımız üçün Şuşaya Zəfər yolu çəkilməyə başladı. Tanrıdan arzum budur Zəfər yolumuz əbədiyyətə qədər uzansın
Gələn il ölkə başçısının Sərəncamı ilə Şuşa şəhərinin 270 illiyini keçirəcəyik. Şübhə etmirəm ki, bu şəhərin bünövrəsini qoyan Pənahəli xan Cavanşiri də minnətdarlıq hissi ilə yad edəcəyik. Pənahəli xan sağlığında öz qalası uğrunda Məhəmmədhəsən xan Qacarla, Fətəli xan Əfşarla, oğlu İbrahimxəlil xan Ağaməhəmməd şah Qacarla vuruşmuşdur. Biz görkəmli şairlərimizin, yazıçılarımızın, elm-sənət adamlarının adını əbədiləşdirdiyimiz kimi, zaman-zaman xalqının xidmətində durmuş onun yolunda hər bir cəfaya dözmüş şahlarımızın, xanlarımızın da adını əbədiləşdirməliyik. Arzu edirəm ki, Şuşa şəhərini bizə bəxş etmiş Pənahəli xan Cavanşirin heykəli onun öz doğma şəhərində ucaldılsın. Biz Şuşa şəhərinin təkcə gözəlliyi ilə fəxr etmirik, burada böyüyüb başa çatmış ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri ilə də fəxr edirik. Bu şəhər bizə Qasım bəy Zakiri, Xan qızı Natəvanı, Mir Möhsün Nəvvabı, Nəcəb bəy Vəzirovu, Haşım bəy Vəzirovu, Əbdürrəhim bəy Haqverdiyevi, Əhməd bəy Ağaoğlunu, Süleyman Sani Axundovu, Üzeyir bəy Hacıbəylini, Süleyman Ələsgərovu, Soltan Hacıbəyovu, Hacı Hüsünü, Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Segah İslamı, Xan Şuşinskini və daha onlarca istedad bəxş etmişdir. Biz Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, müzəffər ordumuzun parlaq qələbəsi nəticəsində adlarını çəkdiyimiz bu görkəmli şəxslərin vətəninə gəlmişik. İnanıram ki, bu gün onların da ruhu şaddır. Qoy qələbəmiz əbədi olsun! Üçrəngli bayrağımız həmişə Cıdır düzündə dalğalansın!
Əsəd CAHANGİR
Möhtərəm simpozium iştirakçıları! Sizi 27 illik ayrılıqdan sonra bu əlamətdar tarixdə - Vaqif Poeziya Günlərində Şuşada salamlamaqdan məmnunam!
On ay öncə Şuşada olmaq, onun küçələrində gəzmək, havasını udmaq, Natəvan bulağından içmək, Gövhər Ağa məscidində ibadət etmək, Cıdır düzündən Xəznə qayasına baxmaq hamı kimi, mənə də əlçatmaz xəyal kimi görünürdü. Odur ki, Ali Baş Komandanımız, Respublika Prezidenti Cənab İlham Əliyevə öz adımdan və bütün ziyalılar adından bu mümkünsüzü mümkün elədiyinə, belə xoşbəxt anları bizə yaşatdığına görə ürəkdən gələn səmimi minnətdarlığımı bildirir, Şuşanın alınması uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə uzun ömür arzulayıram. Arzu edirəm ki, Respublikamızın Birinci vitse-prezidenti, birinci ledi Mehriban xanım Əliyeva bundan sonra yalnız "Vaqif Poeziya Günləri"ndə olduğu kimi, ancaq sevincdən ağlasın.
Tarixdən məlumdur ki, Yer üzündə həyat Azərbaycandan, Qarabağdan, Azıx mağarasından başlayır və Qarabağda da bitə bilərdi. Lakin Tanrıya şükür olsun ki, Respublika Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı uzaqgörən iqtisadi və siyasi kurs, Azərbaycan əleyhinə yaradılan beynəlxalq informasiya blokadasının yarılması, ordumuzun ən müasir texnika ilə təchiz olunması 44 günlük qısa zamanda 30 illik problemi zəfərlə başa çatdırmağa və bununla da, dünya dövlətlərinin Üçüncü Cahan Savaşına cəlb olunması, bütöv xalqların, millətlərin fəlakətə sürüklənməsi kimi ümumbəşəri faciənin qarşısını almağa bizə imkan verdi. Çünki Qarabağ müharibəsi sadəcə regional olay deyil, dünyanın taleyinin həll olunduğu bir müharibə idi.
Qarabağ faktına mən bir neçə aspektdən yanaşıram. Dediyim kimi, Qarabağ regional yox, planetar faktdır. Qarabağ xanlığının əsasını qoyan Cavanşirlər qədim türk xalqlarına mənsub olduqlarından Qarabağ ümumtürk faktıdır. Onlar Pənahəli xanın başçılığı ilə Güneydən gəlib Qarabağ xanlığının əsasını qoyduqları üçün Qarabağ həm də quzeyli-güneyli bütöv Azərbaycan faktıdır. Məhz buna görə o, Qarabağdır, yəni Böyük Bağdır. Qarabağ anlayışı Qarabağ xanlığının tarixindən qat-qat dərin, Qarabağın önəmi Qarabağın ərazisindən qat-qat genişdir.
Hər bir xalqın tarixi və mədəni taleyində böyük önəmi olan bir məkan olur. Qədim yunanlar üçün onları səmavi qüvvələrə, kosmosa bağlayan belə bir məkan Olimp dağı idi. Azərbaycan xalqı üçün isə belə bir müqəddəs məkan Qarabağdır. Odur ki, Qarabağı itirmək bu kosmik, ilahi rabitəni itirmək, onu geri almaq isə bu kosmik, ilahi rabitəni bərpa etmək deməkdir. Və beləliklə, Qarabağ həm də kosmik, ilahi xarakter daşıyan məkandır. Təsadüfi deyil ki, hər dəfə xalqımızın tarixi taleyində dönüş başlayanda Qarabağ amili də yeni bir qüvvə ilə üzə çıxır. Müasir Azərbaycan dövlətçiliyinin əsası Qarabağda qoyulub. Müasir Azərbaycan poeziyasının banisi Qarabağ xanının vəziri, görkəmli şair Molla Pənah Vaqif olub. Müasir Azərbaycan ədəbi dilinin əsasında Qarabağ dialekti durur. Azərbaycan, türk, Şərq və dünya musiqisi tarixində inqilabi çevrilişin banisi olan dahi bəstəkar Üzeyir Hacıbəyli Qarabağda dünyaya göz açıb. Dünya musiqisinin nadir incisi olan ilk muğam operası - "Leyli və Məcnun"un əsası Şuşada qoyulub. Milli-mədəni varlığımızın əsas göstəricilərindən biri olan muğamın beşiyi Qarabağ, xüsusilə də onun paytaxtı Şuşa şəhəridir.
Bədxah ermənilərin Qarabağı, Şuşanı ələ keçirmək cəhdlərinin əsasında məhz o dururdu ki, onlar neçə minillik etnik yarımçıqlıq kompleksini aradan qaldırmaq, özlərini bir millət kimi təsdq etmək istəyir, bu məkrli siyasətlərini istər Səfəvilər, istər Çar Rusiyası, istərsə də Sovet hakimiyyəti illərində dönmədən həyata keçirirdilər. Ümummilli öndər Heydər Əliyev cənabları məhz bu məkrli erməni-daşnak siyasətini alt-üst etmək üçün 1982-ci il yanvar ayının 14-də, qarlı bir qış günü Azərbaycan ziyalıları ilə birlikdə böyük Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin Şuşada məqbərəsinin açılması ilə bağlı möhtəşəm tədbiri həyata keçirdi. Bu, bədxah qonşularımıza da, onların Kremldə oturan havadarlarına da "Qarabağ Azərbaycandır!", "Şuşa Azərbaycandır!" mesajı idi.
Qarabağın, eləcə də Şuşanın erməni vandalları tərəfindən talandığı son 30 il ərzində ən böyük dağıntıya məruz qalan memarlıq nümunələrindən birinin məhz Molla Pənah Vaqifin məqbərəsi olması da təsadüfi deyildi. Xəstə erməni-daşnak düşüncəsinə görə, bununla da Qarabağın həqiqi tarixi yer üzündən silinməli idi. Azərbaycan dövlətinin apardığı məqsədyönlü iqtisadi-siyasi kurs və bu kursa əsaslanan hərbi qələbəmiz erməni-daşnak qaragüruhunun arzularını gözündə qoydu. Şuşa bu gün azaddır! Qarabağ əbədi Azərbaycandır! Və bu gün Respublika Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, dövlət xadimləri və görkəmli ziyalılarımızın Vaqifn məqbərəsinin ikinci açılışına yığışması ilk öncə bu tarixi həqiqətin təsdiqidir. Bu, Azərbaycan Prezidentinin uzaqgörən iqtisadi və siyasi kursunun nəticəsi, onun bir sərkərdə kimi bacarığının göstəricisidir. Bu, Azərbaycan ordusunun yenilməzliyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın qələbəyə sarsılmaz inamının təzahürüdür. Bu, tarixi və ilahi ədalətin təntənəsidir.
Ələmdar CABBARLI
Hörmətli simpozium iştirakçıları, hər birinizi salamlayıram. İki gündür ki, həyatımızın ən xoşbəxt günlərini yaşayırıq. Bu xoşbəxtliyi bizə bəxş eləyən Tanrıya sonsuz şükürlər olsun. Bu günləri bizə yaşadan şəhidlərimizin ruhunu ehtiramla anırıq, qazilərimizə şəfalar diləyirik. Biz bu tarixi qələbəyə ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin müdrik və cəsarətli qərarlarının sayəsində nail olmuşuq. Tarixin ən müdrik qərarları qeyri-standart qərarlardır. Ən yaxşı nəticələr bu cür qərarların sayəsində əldə edilir. 2020-ci il sentyabrın 27-də - bütün dünyanın işğal olunmuş ərazilərimizi hələ də danışıqlar yolu ilə əldə edəcəyimizi düşünəndə cənab Prezidentimiz İlham Əliyev qeyri-standart, tarixi qərara imza atdı. 44 gün ərzində 30 illik işğala və yalnız 30 illik işğala deyil, ən azı 200 illik bir münaqişəyə son qoyuldu.
Tarixi zəfərlə bitən Vətən müharibəsindən sonra Qarabağda misilsiz quruculuq işləri başlayıb. Cənab Prezidentimiz 44 gün ərzində ön cəbhənin, diplomatiya cəbhəsinin və eləcə də informasiya savaşının Müzəffər Ali Baş Komandanı kimi tarixi xidmətlər göstərdi. Bu gün isə hörmətli Prezidentimiz quruculuq cəbhəsinin Müzəffər Ali Baş Komandanıdır. Biz bu quruculuq işlərinin həcmini, mahiyyətini çox qısa zaman ərzində çətin relyef şəraitində yüksək səviyyədə çəkilmiş tarixi Zəfər yolu ilə Şuşaya gələrkən daha parlaq şəkildə gördük. Şuşanın hər tərəfini işıqlandıran elektrik təsərrüfatının, bərpa edilmiş heykəllərin, muzeylərin, Xarıbülbül Musiqi Festivalının, artıq fəaliyyət göstərən və təməli qoyulan otellərin timsalında gördük. Çox qürurvericidir ki, quruculuq, bərpa işləri yalnız təmir-tikinti, yol təsərrüfatını əhatə etmir. Şuşanın zəngin mənəvi, ədəbi, mənəvi, ictimai mühiti də yenidən qurulur. Mədəni-mənəvi quruculuq isə daha çətindir, məsuliyyətlidir, burada çox incə, həssas məqamlar var. Bu gün burada - tarixi şəhərimiz, qeyrət qalamız, mədəniyyət paytaxtımız Şuşada cənab Prezidentimiz hörmətli İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Vaqif Poeziya Günlərinin keçirilməsi Şuşanın, Qarabağın zəngin mədəni, ədəbi mühitinin yenidən bərpası yolunda tarixi bir hadisədir. Bu gün bizim ruhumuzun diriliş günüdür. Şuşa Azərbaycanın ictimai-siyasi, ictimai-mədəni, elmi mühitinə, təhsil tariximizə əvəzsiz töhfələr verib. Eyni zamanda da Şuşa ədəbiyyatımıza böyük simalar bəxş edib. Burada zəngin ədəbi mühit olub, ədəbi məclislər, şeir günləri keçirilib. Mirzə Rəhim Fəna ilə Hacı Abbas Agahın yaratdığı "Məclisi-üns" ədəbi məclisi şöhrətlənərək öz fəaliyyətini sarayda və birbaşa Xan qızı Natəvanın rəhbərliyi ilə davam etdirib. Ondan başqa Mir Mövsüm Nəvvabın yaratdığı "Məclisi-fəramuşan" ədəbi məclisi Qarabağ ədəbi mühitinə böyük töhfələr verib. Bu mənada ulu öndərimiz Heydər Əliyev tərəfindən 39 il əvvəl Şuşada Vaqifin məqbərəsinin ucaldılması, poeziya günlərinin təşkili, bu gün isə möhtərəm cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Vaqif məqbərəsinin ikinci dəfə açılışı, azad Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi tarixi ənənələrin bərpasıdır. Bu hadisənin çox böyük ictimai, mədəni, siyasi əhəmiyyəti var. Bu hadisə ədəbi mühitimizə yeni impulslar verəcək, mahiyyətcə yeni əsərlərin, obrazlar sisteminin yaradılması üçün stimul olacaq, ədəbiyyatımıza yeni mövzular, yeni obrazlar gətirəcək. 30 illik işğal dövründə ədəbiyyatımızda daha çox həsrət, itirilmiş yurd acısı əks olunurdu. Bundan sonra isə ədəbiyyatımızda qələbə ruhlu şeirlər, poemalar, dram əsərləri, romanlar yaranacaq. Bu məqamda onu da vurğulamaq istəyirəm ki, bu illər ərzində Qarabağ ruhunun yaşadılmasında, xalqımızın mübarizə ovqatının formalaşmasında ədəbiyyatımız çox böyük rol oynayıb. Vaqif Poeziya Günləri isə bundan sonra qələbə ruhlu əsərlərin, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarını əks etdirən əsərlərin yazılması üçün bir vəsilə rolunu oynayacaq. Bu mənada gələcəkdə bu tədbir, onun tarixi mahiyyəti haqqında elmi məqalələr, tədqiqat əsərləri yazılacaqdır.
Əziz dostlar, simpozium Vaqif Poeziya Günləri çərçivəsində keçirildiyi üçün sonda tarixi zəfərimizə həsr etdiyim şeirimi oxumaq istəyirəm.
Şuşasız işimiz yarımçıq qalar -
Yarımçıq qalmadı işimiz - şükür!
Gözün aydın olsun, Pənahəli xan
Zillətdən qurtuldu Şuşamız - şükür!
Açılmaz bir düyün çıxdı tilsimdən,
Əla qiymət aldıq Vətən dərsindən!
Müzəffər Ordumun ayaq səsindən -
Silindi gözlərdən yaşımız - şükür!
Millət soykökünə, əzələ döndü,
Hər şəhid sönməyən məşələ döndü!
Oğullar hərə bir heykələ döndü -
Qayamız - Mübariz! Daşımız - Şükür!
Bayquş kəsə bilməz Vaqifin dilin,
Şaqraq nəğməsini Xanın, Bülbülün.
Çiçəyi çırtlayıb Xarıbülbülün,
Bahara çevrilib qışımız - şükür!
Yaddaşım dirilib, ruhum oyanıb,
Hamı səngərində sayıq dayanıb.
Yurdum başdan-başa nura boyanıb -
Ta bir də qaralmaz qaşımız - şükür.
Gerçəyə çevrildi hər arzu, murad,
Qarabağ təzədən açdı qol-qanad.
Gözün aydın olsun, qəhrəman Polad,
Aldı qisasını Paşamız - şükür!
Diqqətinizə görə təşəkkür edirəm.
Ramil ƏHMƏD
Şuşada olmağın mənim üçün iki tərəfi var - şəxsi və peşə tərəfi. Birincisi odur ki, anam və atam Şuşada texnikumda təhsil alıblar. İlk dəfə burada tanış olublar və ailə həyatı qurublar. Şuşada olduğum müddətdə onların təhsil aldığı, yaşadığı yerləri tapmaq, onların xatirələri olan yerlərdən keçmək məndə qəribə bir həyəcan, sevinc yaratdı. İkincisi isə bir yazar olaraq Vaqif Poeziya Günləri kimi gözəl bir ədəbiyyat festivalının bərpa olunması, qırılan ənənənin qaldığı yerdən davam etməsi məni sevindirir. Burada dəyərli ədəbiyyatşünaslarımız, şairlərimiz Molla Pənah Vaqiflə bağlı fikirlərini səsləndirdi. Hər birinin qısa nitqində diqqət çəkən maraqlı məqamlar vardı. Buna birini də mən əlavə edim. 1940-cı illərin qəzetini oxuyarkən Vaqifə abidə qoyulacağı yazısına rast gəlmişdim. Demək ki, sonra İkinci Dünya müharibəsi səbəbi ilə 42 il bu abidənin qoyulması gecikdi. Yalnız 1982-ci ildə ulu öndərin sayəsində Vaqifin abidəsi ucaldı və şeir günləri keçirilməsi ənənəsinin əsası qoyuldu. Gecikmələr olsa da, 1982-ci ildəki abidə 1940-cı ildə nəzərdə tutulandan daha böyük, daha əzmətli idi. 1940-da abidənin 13 metr olacağı planlaşdırılmışdısa, 1982-də 18 metrlik bir abidə ucaldı. Təəssüf ki, 1990-cı illərdə yaşanan müharibə yenidən bu abidənin taleyində mənfi bir rol oynadı. Cənab Prezidentin 2021-ci ilin yanvarında Şuşaya səfəri zamanı abidənin önündə etdiyi tarixi çıxışında Vaqif məqbərəsinin halı insanı kövrəldirdi. Bu gün çox şükür ki, bu abidə qısa bir müddət ərzində əvvəlki üslubunu qoruyaraq yenidən bərpa olundu, çox şükür ki, ölkəmizin həyatında önəmli olan bir ədəbiyyat festivalı yenidən keçirilir. Son çıxışçı olduğum üçün vaxtınızı çox almaq istəmirəm. Arzulayıram ki, gələn il yenidən bu doğma şəhərdə görüşək, bir-birimizdən öyrənək, ədəbiyyat söhbəti etmək üçün belə toplantılara yığışaq, təbii ki, maskasız, pandemiyasız bir gündə!
İlqar Fəhmi: Əziz dostlar, dəyərli həmkarlar, bu gün qısa zaman kəsiyində olsa da, çox dəyərli fikirlər dinlədik, həm Molla Pənah Vaqifin yaradıcılığının araşdırılması, həm də Qarabağ mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi ilə bağlı qiymətli fikirlər səsləndi. Hətta verilən bir neçə maraqlı təklif oldu ki, zənnimcə, gələcəkdə bunların reallaşması istiqamətində ciddi işlər görülə bilər. Şuşada Seyid Mirhəmzə Nigarinin irfan dünyası, Əhməd Ağaoğlunun sosioloji və milli görüşləri ilə bağlı ideyaları konsepsiya halına salıb beynəlxalq tədbirlərin həyata keçirilməsinə çalışmaq lazımdı...
Sonda, həm ümumilikdə Vaqif Poeziya günlərinin, həm də bu simpoziumun təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkür edirəm. Əminəm ki, növbəti illərdə Şuşa şəhəri daha böyük elmi konfranslara, simpoziumlara ev sahibliyi edəcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!