"Varislər"in bugünkü qonağı şeirlərilə XX əsr Azərbaycan ədəbiyyatına yeni nəfəs, yeni üslub gətirən, misraları dillər əzbəri olan, yazdığı musiqi mətnləri bu gün də sevgilə xatırlanan, dram əsərləri maraqla izlənən Xalq şairi, xatirəsi hər zaman doğmalıqla anılan Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım Vəkilovadır.
Səməd Vurğunun ailəsində
1939-cu ilin yayında, böyük Səməd Vurğunun ailəsində gəlmişdi dünyaya. Qazax mahalındakı məşhur Vəkilovlar nəslinin davamçılarından biri, həm də təkcə Azərbaycanda deyil, bütünlüklə türk coğrafiyasında, sovet məkanında tanınan, sevilən Səməd Vurğunun övladı kimi həmişə diqqət mərkəzində olmuş, hörmətlə qarışılanmışdı.
O, Dövlət Konservatoriyasında təhsil aldıqdan sonra müxtəlif illərdə Azərbaycan Sovet Ensiklopediyasında İncəsənət redaksiyasının müdiri, "Azərbaycanfilm" kinostudiyasındakı kinoaktyor teatrında ədəbi hissə müdiri vəzifələrində və müxtəlif mətbuat orqanlarında işləmişdi. 1963-cü ildə "Yeddi şeir" adlı silsilə şeirləri "Azərbaycan" jurnalında dərc edilən Vaqif Səmədoğlunun ədəbiyyata gəlişi birmənalı qarşılanmamışdı. O dövrdə daha çox ənənəvi şeiri qəbul edən ədəbi tənqid və oxucu onun yazılarını tənqid etdi, dodaq büzdü, amma tezliklə onun özünə inamı, qətiyyəti bütün tənqidləri üstələyə bildi və qısa zaman kəsiyindən sonra Azərbaycan ədəbiyyatı ciddi bir imzayla qarşılaşdığını qəbul etməyə məcbur oldu.
Bu gün ölümündən ötən altı il ərzində yaddaşlarımızda hər zaman diri olan, əbədiyaşar olan Vaqif Səmədoğlunu bizə əmanət qoyub getdiyi Nüşabə xanım Vəkilova ilə bir yerdə, hər zamankı doğma məkanda - Səməd Vurğunun ev-muzeyində yad edəcəyik.
- Nüşabə xanım, sizinlə bu doğma məkanda görüşməkdən məmnunam. Mənim S.Vurğunun ev-muzeyinə ilk ziyarətim düz qırx il əvvəl, 1981-ci ildə, hələ boynu qalstuklu pioner olduğum vaxt baş tutub və o ziyarət hələ də xatirimdə xoş duyğularla yaşayır. O vaxtdan indiyə qədər muzey xeyli dəyişib, ruhları şad olsun, həm də artıq burada böyük Səməd Vurğunun iki varisi - Yusif və Vaqif Səmədoğlularla bağlı ekspozisiya nümayiş olunur. Gəlin, Səməd Vurğunun oğlu Vaqifdən danışaq.
"El bilir ki, sən mənimsən..."
- Əlbəttə, ağlımız kəsəndən Səməd Vurğun haqqında eşitmiş, şeirlərini oxumuş, əzbərləmişdik. Səməd Vurğun elə şairlərdəndir ki, onun şeirləri bu millətin dilində əzbərdir və bəlkə də bir əsrə az qalıb, hələ ilk şeir əzbərləməyə başlayan uşaqlarımıza mütləq onun "Azərbaycan" şeirinin bir neçə bəndini əzbərlədirik, amma nə vaxtsa bu ailənin gəlini olacağımı düşünməzdim. Əslində, mən Vaqifi sevmişəm, əsas olan budur, qalan nə varsa mənim üçün bu sevgidən sonra gəlib. Əsas olan sevdiyin insanın sənə qiymət verməsidir. Biz tanış olanda mən onun yaradıcılığından xəbərsiz idim. Hə, qardaşım, bəstəkar Mobil Babayevlə tanış idilər, həm "Azərbaycanfilm"də, həm də dövlət televiziyasında bir yerdə işləmişdilər, qardaşım onun sözlərinə mahnı bəstələmişdi, yəni haqqında eşitmişdim. Amma bizi onun əmisi oğlu Cavanşir Vəkilov tanış elədi. Biz Cavanşir müəllimlə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda bir yerdə işləyirdik. Bu tanışlıqla bağlı dəfələrlə yazılıb, televiziyada danışmışam və hər dəfə xatırlayanda yenidən o anlara qayıdıram.
- Vaqif bəylə dəfələrlə görüşlərimiz olmuşdu, xatirələrini eşitmişdim. Maraqlı yol yoldaşı, həm də əvəzsiz həmsöhbət idi. Uşaq vaxtı çox şuluq uşaq olub, həm də səxavətli. Cibinin son qəpiyinə qədər məktəb yoldaşlarına, sonra da başına toplaşan gənc qələm adamlarına xərcləyib. Bəs böyüyəndən sonra necə, bu şuluqluq qalmışdı davranışında?
- Əlbəttə, insan xasiyyətini dəyişmir, sadəcə, forma dəyişir, uşaq vaxtı şuluqluq obyekti başqa olur, böyüyəndən sonra başqa. Yaşa dolduqca, üstəlik, məşhurlaşdıqca, tanındıqca istər-istəməz öz hərəkətlərinə nəzarət etməyə çalışırsan. Vaqif çərçivəyə sığmayan adam idi, azad idi, amma, hər halda, müəyyən qədər rəftarını korrektə edə bilirdi. O şuluqluq ömrünün son anına qədər onun ruhunda yaşadı.
- Bildiyim qədərilə birlikdə səfərlərə çox getmisiniz, bəs səfərlərdə necə, yenə şuluq işlər görürdü? Azad adam idi axı, bir də ki, çox deyilib də bu söz, şairin, sənət adamının ipinin üstünə odun yığmaq olmaz.
Ailəni sevməyən adam...
- (Gülür). Yox, canım, o qədər də deyil. Mən sizin nə demək istədiyinizi başa düşürəm, yox, o qədər azadlığı kim idi ona verən (gülümsəyərək, nəsə xatırlayıb, fikrə gedir). Bilirsiniz necədir, Vaqif ürək adamı idi, həm də. Mənim könlümü qıracaq nəsə eləməzdi, çünki bilirdi, ürəyim qırıldısa, onu düzəltmək çox çətin olacaq. Biz ailə qurandan sonra onun həyat eşqi də formasını dəyişdi. Çünki təklik, öz içində yaşamaq onu vaxtilə çox incitmişdi. Əlbəttə, deyirdi şair tənhalığı sevir, yazıçının masa arxasında oturub işləməsi onun tənhalıq dünyasıdır, amma bu başqa tənhalıqdır. Yaradıcılıqla məşğul olarkən tənha olmaqla, həyatda tənha olmaq arasında böyük fərq var. O, uzun illər, belə demək olarsa, həyatda tək olmuşdu, tək deyəndə, anası Xavər xanımla bir yerdə yaşamışdı. Onun içində ailə həsrəti qalmışdı və mən bu boşluğu doldura bildiyim üçün özümü xoşbəxt hesab edirəm. Əlbəttə, tam dəqiqliklə deyə bilmərəm, amma, məncə, arzusunda olduğu ailəni, ailə istiliyini ona bəxş edə bildim. Özü həmişə deyirdi ki, ailəsini sevməyən dünyanı sevə bilməz.
- Vaqif bəy peşəkar musiqi təhsili almışdı, musiqini çox gözəl bilirdi. Səksəninci illərin əvvəllərində amerikan cazı dinləmək, elə valları tapmaq çətin idi, bəzən gecələr xışıltılı radio dalğalarında caz tapıb dinləyirdik, amma doxsanların əvvəlində Azərbaycan Televiziyasında Vaqif Səmədoğlunun təqdimatı ilə dünya cazından xəbər tutmaq və dinləmək şansı qazandıq. Məncə, Səməd Vurğunun ailəsində cazdan çox saza böyük maraq olmalıydı. Özünün caz sevgisi barədə nə deyirdi, atası necə baxırmış onun bu həvəsinə?
Caz, yoxsa saz...
- Məncə, ilk növbədə, biz yaşadığımız dövrü, böyüdüyümüz mühiti unutmamalıyıq. İnsana ailəsi ilə yanaşı, həm də münasibətdə olduğu mühit, çevrəsi təsir edir. Vaqif Bakıda doğulub böyümüşdü, onun çevrəsi müasir ruhlu adamlar idi. Özünün dediyinə görə, heç atası da müasirliyə qarşı olmayıb. Sizin dediyiniz kimi, gecələr radioda xışıltılı caz və Avropa musiqisini tutub dinləyirdik. Artıq o dövrdə elə Bakının özündə də caz qrupları yaranmışdı, Vaqif Mustafazadə, profili vokal-instrumental olsa da, "Qaya" qrupu buna misaldır və o qruplar ənənəvi ifa tərzindən seçilir, həm də gənclərin marağına səbəb olurdular. Üstəlik, Vaqif Dövlət Konservatoriyası nəzdində onillik indiki Bülbül adına Orta Musiqi Məktəbində təhsil almışdı. Mənim qardaşımla bacım da həmin məktəbin məzunlarıydılar və mən məktəbli vaxtımda bacımla tez-tez ora gedirdim. Ora sirli aləm idi, hər otaqdan bir musiqi səsi gəlirdi. O məktəbdə azad ruhlu, azad düşüncəli musiqiçilər yetişirdi. Bundan əlavə, orada müxtəlif millətlərdən olan peşəkar musiqiçilər dərs deyirdilər.
Müəlliminə aşiq olan şair
Vaqif həmişə xatırlayırdı, o məktəbdə onun çox gözəl yəhudi millətindən Kapilyeviç Anna Yakovlevna adlı musiqi müəlliməsi olub, Vaqif, hətta ona vurulub da. Bu uşaq sevgisi Vaqifi daha da çalışqan edib, insan həmişə aşiq olduğu adamın yanında rəğbət qazanmağa çalışır axı, bu səbəbdən Vaqif musiqidə çox uğurlu olub. Vaqif deyirdi ki, musiqi bir yana, amma mənə - Səməd Vurğunun oğluna bədii ədəbiyyat oxumağı da həmin o xanım öyrətdi. Bu zövqü məndə o yaratdı, hansı kitabları oxumağımı tövsiyə etdi. Bir də, axı klassik musiqi böyük musiqi, özü də sirli dünyadır. Məktəbdə oxuduğumuz illərdə Dövlət Filarmoniyasının konsertlərinə məktəbli abonementi ilə gedib baxırdıq və bu mühit istər-istəməz adamın zövqünü formalaşdırır.
Vaqif deyirdi ki, Stalin öləndən sonra dəmir pərdə aradan götürüldü, cəmiyyətdə bir qədər yumşaqlıq yarandı və artıq kinoteatrlarda Amerika filmləri göstərməyə başladılar. Biz həmin filmlərə həm maraqlı süjet xəttinə görə, həm də Amerika musiqisini dinləməyə görə gedib baxırdıq. Deyirdi, mən caz çalmağı həmin filmlərdə musiqini dinləyərək öyrəndim. Məhz bu azad ruhlu olması onun dünyagörüşünü, dünyaya baxışını formalaşdırdı. Onun şeirləri də azad idi. Şeirlərində heç bir çərçivə hiss eləmək olmur. Vaqifgili bu evdə cəmi iki il yaşayıblar, onun ən əziz xatirələri köhnə Fioletov (Ə.Əlizadə küçəsi) küçəsindəki evlərində yaşanıb. Deyirdi, dostlarım yığışırdı, gecə keçənə qədər caz dinləyir, piano çalırdıq, amma atam bir dəfə də narazılıq edib, baş-qulağımız getdi, demirdi. Hətta Xavər xanım narazılıq edəndə, Səməd Vurğun deyirmiş ki, mane olma, qoy çalsınlar. Atası çox demokratik adam olub və onun xüsusiyyəti Vaqifə də, elə Yusif müəllimə də keçmişdi.
Nizami, yoxsa Füzuli
Vaqif deyirdi ki, atam heç vaxt bizi danlamırdı, nəsə tərbiyəvi söhbət eləmirdi, sadəcə, öz hərəkəti, öz davranışı ilə nümunə olurdu, ya da elə bir ibrətamiz misal çəkirdi ki, payımızı alırdıq. Vaqifin özünün də nəsihət verməklə arası yox idi, şeirlərində də nəsihətçilik yoxdur. Bir dəfə ona sual vermişdilər ki, Nizami, yoxsa Füzuli ilə görüşmək istəyərdiniz, demişdi, əlbəttə, Füzuli ilə, Nizami məni görən kimi öyüd-nəsihət verməyə başlayacaq.
Bir dəfə rəhmətlik Babək Qurbanov (Osman Sarıvəllinin oğlu) söhbət əsnasında dedi ki, hətta Vaqif Mustafazadəyə cazın yolunu başa salan da elə Vaqif Səmədoğlu olub. Onların uşaqlığı bir yerdə keçmişdi, deyirdi ki, artıq səkkizinci sinifdə oxuyanda Vaqif öz düşüncəsilə yaşıdlarından seçilirdi. Məncə, elə bu ruh onun altmışıncı illərdə ədəbiyyata gələnlər arasında seçilməsinə səbəb olmuşdu.
- Özəl günlərdə pianoda sizin üçün hansı musiqini ifa edirdi?
- Müəyyən səbəblərdən on altı il pianodan ayrı düşmüşdü Vaqif. Sonra biz birlikdə yaşamağa başlayanda yenidən pianomuz oldu, amma bir ifaçı üçün on altı il böyük fasilədir. Uzun fasilədən sonra o, yenidən öz sevdiyi alətə qayıtdı, getdi notlar aldı. Amma mənim üçün şeir yazırdı və onlarca şeiri var.
"Mən sənin yuxunam,
oyansan, ölləm.
Mən sənin yolunam,
dayansan, ölləm.
Özgə yuxusuna
boyansan, ölləm.
Tale bizi belə
dilə gətirdi.
Səninki, mənimki
belə gətirdi".
- Amma müəyyən kaprizləri olan adam idi və bəzən onun kaprizləri sizi incidib, sonra sizə deməsə də, içində bunun əzabını çəkib. Və bir gün ayrılmısınız...
- Biz ikimiz də haradasa eyni xasiyyətli adamlar olmuşuq. Mən onun özünə bir dəfə demişdim ki, həyatımda yeganə insansan səndən küsə bilmirəm. Hə, hələ ailə qurmazdan əvvəl bir dəfə telefonda söhbətimiz nəsə alınmadı və bir ilə qədər uzaq düşdük bir-birimizdən. Mən evin kiçiyi olmuşam, ərköyün böyüdüblər məni. Dedi ki, ömrüm boyu yükümü daşıyacaq bir qadın axtarmışam. Çaşıb qaldım, dedim, elə mən özüm yükümü çəkdirməyə adam axtarıram.
İtirilmiş illər - geri qayıdan səadət
Elə bil quyuya daş atdılar. Pauza yarandı, hiss elədim ki, nəsə düz getmədi. Bir şeir dedi və sağollaşdı. Dəstəyi asandan sonra onu incitdiyimi hiss etdim. Və bir ilə qədər vaxt ötdü. Sonra bir gün qapı döyüldü və o gəldi. Dedi ki, daha səndən ayrı yaşaya bilmirəm və biz mütləq bir yerdə olmalıyıq. Əlbəttə, mənə də onsuz çətin idi. Ailə qurandan sonra elə onun dediyi oldu və mən onun yükünü çəkməkdən yorulmadım. Sonradan itirdiyimiz illərə görə məni danlayırdı.
- Sizinlə bir yerdə olduğu illərdə həmişə sizi düşünüb. Həmişə söhbətlərində bunu hiss etdirib. Sizdən razı idi, bunu onu lap yaxından tanıyanlar da bilir, mən də bilirəm.
Səməd Vurğunun gəlini olmaq sizin üçün nə idi?
- Mən, hər şeydən əvvəl, Vaqif Səmədoğlunun həyat yoldaşıydım. Amma, əlbəttə, mənim sevdiyim adam Səməd Vurğunun oğlu idi, ömrümün müəyyən dövründən sonra mən həm də o ailənin, o nəslin soyadını daşımışam. Bunun özünün çox böyük mənası var. Lakin mən onu qəbul eləyəndə, onu sevəndə, sonradan onun qulluğunda duranda birmənalı şəkildə hər şeyi onun özünə görə etmişəm. Həmişə mənə deyirdi ki, atam tanısaydı, səni çox istəyəcəkdi, əl çəkməyəcəkdi səndən. Deyəcəkdi, farca bir şeir de, bir şeir oxu...
- Demək, farsşünas Nüşabə xanım bir gün gəldi vaqifşünas oldu.
- Hə, mən şərqşünaslığın fars bölməsini bitirmişdim. Dediyim kimi, akademiyada işləyirdim, elmi işlərim, gələcək planlarım, arzularım vardı, amma biz onunla görüşdük, tanış olduq və başa düşdüm ki, elə mənim ömrümün mənası bu adamdır.
- Vaqif Səmədoğlu altmışıncı illər Azərbaycan ədəbiyyatının ən modern şeirlərini yazdı, yeni üslubda, bizdə ona qədər yazılmayan şeirlər, amma birdən-birə gəldi, həm də dramaturgiyada özünü sınadı və bu sahədə şeirlərindən fərqli bir janra üz tutdu. Onun şeirləri nə qədər ruh hissini ifadə edirdisə, nə qədər fərqliydisə, dram əsərlərində komediyaya xas bayağılıq hiss olunurdu. Tutaq ki, "Bəxt üzüyü", "Yaşıl eynəkli adam" və sairə. Doğrudur, bütün bu yazılarında onun şairliyi hiss olunur, amma onun şeirləri ilə komediyaları arasında üslub və ruh balansı pozuldu. Nə idi onu teatra həvəsləndirən? Özünü qane edirdimi yazdığı dram əsərləri?
"Mən burdayam, İlahi"
- Mən ona heç vaxt elə sual verməmişəm hansı əsərindən razısan, hansından yox. Mən onun yaradıcılığı ilə ilk dəfə bütövlükdə "Mən burdayam, İlahi" kitabını çapa hazırlayanda tanış oldum və Vaqifə bir də vuruldum. Sonra televiziyada "Yaşıl eynəkli adam" tamaşasını göstərdilər, baxdım.
- Mən üzr istəyirəm, "Yaşıl eynəkli adam-1" maraqlı tamaşaydı, amma sonrakı hissələri mənim yaddaşımda şitliyilə qaldı. Sanki sifarişli yazı təsiri bağışlayırdı. Əlbəttə, bu mənim subyektiv fikrimdi, tamaşaçı kimi deyirəm bunu.
- Bir də onun "Yumurta" adlı komediyası vardı, bilmirəm nəyə görəsə cəmi bir dəfə göstərdilər.
- Mənim son baxdığım "Generalın son əmri" tamaşası oldu. Maraqlı tamaşaydı.
- Mənim Vaqifdən ən sevdiyim dram əsəri "Generalın son əmri"dir. İlk dəfə həmin əsəri Dövlət Gənclər Teatrının səhnəsində, rəhmətlik Hüseynağa Atakişiyevin quruluşunda baxmışam. Çox möhtəşəm tamaşa idi. Generalı da elə Hüseynağa özü oynayırdı, dublyoru da vardı. Ruhu şad olsun, Hüseynağa cavan rəhmətə getdi, o, Vaqifi dramaturq kimi çox qiymətləndirirdi.
- Əlbəttə, Hüseynağa Atakişiyev Azərbaycan teatrının çox böyük itkisidir. O, bir-neçə müəllif yetişdirə bilmişdi, əslində, rejissorla, teatrda müəllifin işi o cür qurulmalıdır. Allah hər ikisinə rəhmət eləsin.
- Hə, o tamaşa indi də yaddımdadır, özü də Vaqiflə bir yerdə baxmışdıq, bunun da öz xatirəsi var. Həmin tamaşada Rafael İsgəndərov həbsdən çıxan qonşunu oynayırdı. Cavan oğlan idi, amma yaratmışdı. Gənclər Teatrında 1996-cı ildə "İntihar", 1998-ci ildə isə "Generalın son əmri" tamaşaya qoyuldu. Doğru deyirsiniz, Vaqifin dramaturgiyasında güclü poetika var. Həmin tamaşada qız həmişə deyirdi ki, "sevgilim Qız qalasının başında nar ağacı bitəndə gələcək". Sonda da deyir ki, "vallah, bu şəhərin yiyəsi yoxdur, ora bax, Qız qalasının başında nar ağacı bitib. Bu, şair sözləridir. Razılaşıram sizinlə.
"Mamoy kişinin yuxuları" da çox yaxşı əsər idi. Yəqin, baxmamısınız. Həmin dram əsəri sırf qazax dialektində yazılıb. Həmin əsəri də Gənclər Teatrı çox uğurla tamaşaya qoymuşdu. Karantin dövründə Naxçıvan Dövlət Teatrı həmin əsəri yenidən tamaya qoydu. Amma sonra elə bil Vaqif həvəsdən düşdü.
- Mən Sumqayıt Teatrında onun "Əmanət" tamaşasına baxmışdım. Həmin tamaşa sırf poeziya idi. Afaq Bəşirqızı da, bütün başqa aktyorlar da çox maraqlı ifa tərzi göstərə bilmişdilər. "Bəxt üzüyü" komediyası da öz yerində. İndiki kimi xatırlayıram, tamaşaya bilet tapılmırdı. Zalda stul qoyub tamaşaya baxırdılar.
- Hə, mən də xatırlayıram o tamaşanı. Afaq Bəşirqızı "Əmanət" tamaşasındakı ifasına görə "Humay" mükafatı almışdı. O ki qaldı "Bəxt üzüyü"nə, Vaqif daha çox tamaşanı bəyənirdi, filmi o qədər də sevmirdi. Özü də orda susatan rolunda çəkilmişdi. Dünya kinematoqrafında elə hallar çoxdur. Müəllifmi, rejissormu, prodüssermi epizodik rolda görünür.
Xoşbəxt olmağa qorxan adam
- Şeir yazırdı, musiqiylə məşğul olurdu, dram əsərləri qələmə alırdı, maraqlı fotolar çəkirdi... Özünü daha çox harada rahat hiss edirdi?
- Evdə (gülür). Məncə, onun üçün yaradıcılıq idi əsas. Əlbəttə, şeir yazanda mütləq təkliyə çəkilməliydi. Amma daha çox dincəlmək istəyirdi, elə bil nəsə yormuşdu onu. Notları qoyub piano çalırdı, musiqi dinləyirdi, kitab oxuyurdu. Həmişə mənə deyirdi ki, Nüşabə, hiss eləyirsən, biz ailə qurandan sonra şeirlərimin əhvali-ruhiyyəsi də dəyişib. Amma bütün bunların fonunda özünü ən çox evdə, qayğıyla əhatə olunanda rahat hiss edirdi. Bir dəfə mənə dedi ki, xoşbəxt olmağa qorxuram, elə bilirəm mən xoşbəxt olmamalıyam.
- Əlbəttə, yəqin, elə bu şeiri də həmin ovqatda yazıb:
"...Unut verdiyin vədəni,
Ya da xəstələn yenə.
Amma gəlmə, qurban olum,
Sevinmək düşmür mənə".
Ruhu şad olsun.
Bir gün bütün doğulanlar gedir və nə qədər çalışsaq da, vədəsi çatanda sevdiklərimizi zorla da olsa, pulla da olsa, qoruyub saxlaya bilmirik. Çox arıqlamışdı, həyat əlamətləri üzündə, yerişində tükənmişdi, amma gözləri həmişə sevda doluydu yenə...
- Vaqif gedəndən sonra bir sonsuzluq başladı və mən bu sonsuzluqda yaşamağa məhkum oldum. (Kövrəlir.) Başa düşürdüm ki, yaşamalıyam, onsuz bir dünyada yaşamalı və bacardığım qədər onun xatirəsini yaşatmalıyam. Ondan sanrakı ömrümdə bir haçalanma başladı, sanki iki insan arasında qalmışam: biri məni evdə gözləyir, o birini isə mən gözləyirəm, özü də bir gün mütləq qapıdan içəri girəcəyinə əminliklə gözləyirəm. Xərçəng hər an yeyirdi onu. Ağrıları bəzən dözülməz həddə çatırdı. Özünə araba almışdı, düşürdü həyətə, adamlar onun başına toplaşırdılar, kimsə yoldan keçəndə əl eləyirdi ona... Həyat eşqi aşıb-daşırdı. Əlil arabasına möhtac olmuşdu, amma qətiyyən narahat deyildi. İsrailə müalicəyə getdik, dedilər eksperiment kimi əməliyyat eləmək istəyirik, bu, həm də təcrübə aparmaq kimi bir şey idi. Həkimə acıqlandı, dedi mən səninçün dovşan deyiləm üstümdə təcrübə aparasan. Müalicəni yarıda saxladı, təcili Bakıya qayıtdıq. İsraildən çıxanda mənə dedi ki, Nüşabə, Bakıya ölməyə gedirəm.
Söhbətləşdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!