"O DA BƏXTİYARDI - MƏN DƏ BƏXTİYAR..." - "Varislər" rubrikasının qonağı Bəxtiyar Vahabzadədir

"Varislər"in bugünkü qonağı şeirləri təkcə Azərbaycanda deyil, bütünlüklə türk coğrafiyasında sevilən, dillər əzbəri olan unudulmaz Xalq şairi, alovlu vətənpərvər, cəsarətli insan, ədəbiyyatşünas alim, dramaturq, publisist, ictimai-siyasi xadim, türk dünyasının böyük oğlu Bəxtiyar Vahabzadənin nəvəsi və adaşı Bəxtiyar Vahabzadədir.

 

96 yaşlı böyük türk şairi

 

1925-ci ilin yayında Şəkidə gəlmişdi dünyaya. Çoxumuzun üzdən cəsarətli, ruhu vətən sevdası, bütöv Azərbaycan eşqilə alışıb-yanan şair, ictimai-siyasi xadim kimi tanıdığımız Bəxtiyar Vahabzadənin ürəyini parçalayan, ruhunu sarsıdan, bəzən hisslərilə baş-başa qalanda içində ağlayıb fəryad edən bir taleyi olub. Bu barədə bir qədər sonra nəvə Bəxtiyar Vahabzadənin öz dilindən eşidəcəyik.

1934-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Bəxtiyar Vahabzadə paytaxtda orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alır. Hələ 20 yaşında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilən gələcək ünlü şairin ilk qələm təcrübələri özünün ürəyincə olmasa da, şeirləri dövrünün tanınmış ziyalılarının, şairlərinin marağına səbəb olur, müzakirə obyektinə çevrilir.

Biz onu həm bir şair kimi, həm dramaturq kimi, həm də insan kimi yaxşı tanıyır, bu gün də hörmətlə, ehtiramla yad edirik. Bu gün milli kimliyimizin ən böyük şairlərindən birini yad edəcək, onun adaşı, nəvə Bəxtiyar Bahabzadə ilə baba Bəxtiyarla bağlı xatirələrimizi bölüşəcəyik.

 

- Bəxtiyar bəy, avqustun 16-da unudulmaz Bəxtiyar müəllimin 96 yaşı tamam olur, söhbəti məhz həmin ərəfəyə saldıq ki, həm o böyük kişini birlikdə xatırlayaq, həm də ad günü ərəfəsində bir daha ruhunu şad edək. Bəxtiyar müəllimin qapısı onun yanına xahişə gələn hər kəsə açıq idi və tale elə gətirib, bir-neçə dəfə onun evində qonaq olmaq, unudulmaz Dilarə ananın çayından içmək mənə də nəsib olub.

Nəvə Bəxtiyar Vahabzadə. Gəlin bundan başlayaq. Adınızı baba qoyub yəqin.

- Xoş gəlmisiniz. Babamı xatırladığınız üçün sizə Vahabzadələr ailəsi adından təşəkkür edirəm. Əlbəttə, babamın fəaliyyətinin xeyli hissəsi elə "Ədəbiyyat qəzeti" ilə bağlıdır, uzun illər sizin qəzetdə onun şeirləri, publisistik yazıları, gənc qələm adamları ilə bağlı təqdimatları, məqalələri çap olunub və  yaxşı xatırlayıram, babam "Ədəbiyyat qəzeti"nin hər sayını maraqla oxuyurdu.

Bəli, mənim adımı babam qoyub. Mən ailənin ikinci nəvəsiyəm. Birincisi bibimin övladıdır, sonra da ilk oğul nəvəsi olaraq mən dünyaya gəlmişəm.

 

Bir evdə iki Bəxtiyar Vahabzadə

 

- Bəxtiyar Vahabzadə adını daşımaq yəqin ki, sizi hər addımda izləyib. Çünki babanız çox məşhur azərbaycanlı idi. Mənə elə gəlir, həyatınız təkcə onun adını daşımaqla məhdudlaşmayıb, həm də baba Bəxtiyardan çox şey öyrənmək istəmisiniz.

- Əlbəttə, ad və soyad artıq öz möhürünü vururdu, mən nə qədər bunu gizlətməyə çalışsam da, mümkün deyildi. Onu çox istəyirdilər, ona olan sevgini bəzən mənə transfer etməyə çalışırdılar və açığını deyim ki, bu məni sıxırdı, belə deyək də, sərbəst olmağıma, azad olmağıma mane olurdu. Bunu şikayət üçün demirəm, sadəcə tam təsəvvür yaratmaq istəyirəm. Onu eləmək olmaz, sən Bəxtiyarın nəvəsisən. Filan yerə getməyin yaxşı düşməz, sən Bəxtiyarın nəvəsisən və s. Mənsə hər şeyi özüm qazanmaq, özüm olmaq istəyirdim. İstəmirdim kimsə babama görə mənə hörmət eləsin, amma mümkün deyildi.

Mənim həyatımın müəyyən hissəsi sırf babamla bağlıdır. Atam diplomatik fəaliyyətdə olduğu zaman mən babagildə qalırdım, ali məktəbə onlardan gedir, onlara qayıdır, dərslərimi onlarda hazırlayırdım. Amma ümumi götürsək, bizim birgə səfərlərimiz çox olub. Balaca olanda onun kölgəsi kimi yanından əl çəkmirdim, onların söhbətləri, rəftarı, həyat tərzi mənim üçün çox maraqlı idi. Şeirlərindən əzbər bildiyim çox şeylər vardı, amma açığını deyim ki, mən babamın yaradıcılığı ilə bütünlükdə o, dünyasını dəyişəndən sonra tanış oldum və onun nə qədər böyük şair, milli ruhda olan bir insan, türkçülüyə bağlı bir vətəndaş olduğunu özüm üçün kəşf etdim.

- Bəxtiyar Vahabzadə iyirmi yaşından, 1945-ci ildən AYİ-nın üzvü idi. İnsanın həyatında kimlərsə olur, ona dəstək verir, ona qapı açır və hər şeydən əvvəl həm də qucaq açır, cəsarət, ürək-dirək verir, onda inam yaradır. Kim olub Bəxtiyar Bahabzadənin həyatındakı o uğurlu insan.

 

Ustadım Səməd Vurğun

 

- Əlbəttə, birmənalı şəkildə Səməd Vurğunun adını xüsusilə qeyd edirdi. Səməd Vurğun o dövrdə təkcə babama yox, çox istedadlı gəncə dəstək olmuşdu, onların AYİ-na üzv olmasına, yazılarının çapına kömək eləmişdi və babam da məhz buna görə sonrakı həyatında öz mənəvi borcundan çıxmaq üçün elmi işini Səməd Vurğun mövzusunda götürdü, namizədlik və doktorluq dissertasiyasını o böyük şairə, böyük insana həsr etdi. Babam ömrünün sonuna qədər Səməd Vurğuna ustadım, müəllimim deyirdi.

- Bəxtiyar bəy, babanızın valideynləri ilə bağlı bir qədər təzadlı fikirlər söylənir. Biz həmişə onun ata adının Mahmud kişi olduğunu bilmişik, amma bəzi mənbələrdə ata adı olaraq həm Zəkəriyyə, həm də Mahmud kişinin adı hallanır. Mümkünsə, bu məsələyə bir qədər aydınlıq gətirək.

- Hə, bu, bir qədər təzadlı, həm də babam üçün həmişə kədərlə, ürək ağrısı ilə xatırlanan məsələdir.  Demək, babamın on səkkiz yaşı olanda o vaxta qədər baba kimi tanıyıb sevdiyi Zəkəriyyə kişi dünyasını dəyişir və ailə birlikdə Şəkiyə yas yerinə gedir. Kənar adamlar dağılışandan sonra, yəni məclisdə yalnız ən yaxın qohumlar, ailə üzvləri qalanda o günə qədər nənəsi kimi tanıdığı adam - Xanım nənə - yaxınlaşıb babamdan "Bilirsən rəhmətə gedən kimdir?" - soruşur və babam da səmimiyyətlə, əlbəttə, babam rəhmətə gedib deyir. Nənəsi deyir ki, yox, rəhmətə gedən sənin doğma atandır. Əlbəttə, bu söhbət babama pis təsir edir. Özü deyir ki, dünyam alt-üst oldu. Demək, məsələ necə olub. Zəkəriyyə kişi üç dəfə ailə qurub və övladı çox olub, Mahmud da onun böyük övladlarından biridir. Babam dünyaya gələndə Mahmud artıq yetkin adam olub. Mahmud ailə qurduqdan sonra övladı olmur və atasına, yəni Zəkəriyyə kişiyə deyir, ver Bəxtiyarı mən saxlayım, onsuz da sənin ailən böyükdür.

 

Qardaşım - atam

 

Yəni əslində, Mahmud Vahabzadə babamın ata bir, ana ayrı doğma qardaşıdır. Babam bütün ömrü boyu Mahmud kişini öz atфsı kimi qəbul etdi və bioloji valideynlərinə münasibəti öz yerində, amma böyüdüyü ailəyə bağlılığını, mənəvi borcunu unutmadı. Lakin birmənalı şəkildə, demək olar ki, bu fakt həmişə babamın ürəyində yara kimi qaldı və sağalmadı. Babam deyir, hüzürdən sonra Xanım anayla bir yerdə Bakıya qayıtdıq. Xanım arvad bir gün babama deyib ki, ay oğul, iki arvadın arasında qalmaq olar, amma iki ananın arasında qalmaq mümkün deyil.

Gözləri dola-dola bir xatirə danışmışdı mənə. Deyir, bir gün evdə halva bişiriblər, hamı öz payını yeyib, amma bioloji anası Xanım arvad öz payını saxlayıb babama verib. Gülzar - yəni belə deyək də, qardaşı arvadı o dəqiqə təpki göstərib, narazılıq edib, bu isti münasibətə qısqanıb. Əlbəttə, babam kimi həssas ürəkli bir adam üçün bütün bunlar ürək ağrısı idi. Xanım arvad dünyasını dəyişənə kimi özünün dediyinə görə aralıqda qalıb. Yəni babamdan eşitdiyim budur. Babam dünyasını dəyişənə qədər Mahmud kişiyə qardaşım, Gülzara qardaşım arvadı demədi, atam, anam dedi.

- Təşəkkür edirəm, aydınlıq gətirdiyiniz üçün. Məncə, oxucularımız üçün də maraqlı olacaq. Bəxtiyar müəllimin şair kimi yetişməsində kimlərin dəstəyi olub. İlk şeirləri ilə bağlı nə deyirdi?

- Həmişə deyirdi ki, mənim şair olmağımda anamın (yəni qardaşı arvadının) böyük rolu olub. İlk vaxtlar şeir yazırdım, amma bilirdim ki, zəif alınır. Nə vaxtsa şair olacağımı ağlıma gətirə bilməzdim, məzmunsuz, məntiqsiz şeirlər. Əlbəttə, təcrübəsiz, azyaşlı bir yeniyetmə necə yaza bilər ki? Məncə, əksər şairlərin yaradıcılıq yolu elə belə başlayıb. Amma deyirdi ki, mən nə yazsam anam, yəni Gülzar, mənə dəstək olurdu, ürək-dirək verirdi, mənim bir gün çox böyük şair olacağıma inanırdı.

Bir gün babamla Yazıçılar İttifaqına, Səməd Vurğunun qəbuluna gedib. Səməd Vurğunla görüşüblər, şair babamın şeirlərinə baxıb, bir neçə şeir oxuyub, başını bulayıb. Soruşub, ay bacı haralısınız, Gülzar arvad deyib şəkiliyik.

 

Şəkidən şair çıxmayıb

 

Səməd Vurğun deyib ki, Şəkidən şair çıxmayıb, bu uşaq getsin özünə sənət tapsın. Dəftəri qaytarıb. Babam deyirdi ki, Səməd Vurğun kimi tanınmış bir şairdən bu sözləri eşidəndən sonra sanki əlim-qolum qırıldı. Yazıçılar İttifaqından çıxanda Gülzar arvad babama deyib ki, başa düşdün o sənə niyə elə dedi? Babam gözlərini döyə-döyə baxıb. Gülzar arvad deyib ki, o sənə paxıllıq elədi, sən öz işinlə məşğul ol, daha da yaxşı yaz. Gülzar savadsız qadın olub, amma babama bu sözlərilə ümid verib. Babam deyir, onun bu sözləri elə bil məni təzədən göyün yeddinci qatına qaldırdı. Həvəsləndim və daha da yaxşı yazmağı qarşıma məqsəd qoydum, çalışdım, çox oxudum və yavaş-yavaş alındı.

- Hamı onu cəsarətli insan, mübariz şair kimi tanıyırdı. Baba ilə nəvənin maraqlı dostluğu olur, bəzən sirdaşlıq da edirlər. Səncə, bu cəsarəti hardan alırdı? Nəyə arxayın idi? Sovet dövrünün, senzuranın baş kəsən vaxtlarında elə cəsarətli şeirlər yazmaq hər adamın boyuna biçilə bilməzdi. Baxırdın, fiziki cəhətdən arıq, cılız kişiydi, amma nə qədər böyük ürəyi vardı...

- Mən bu barədə nə deyə bilərəm? Hər şey göz qabağındaydı. Dediyiniz kimi arıq, çəlimsiz kişiydi, amma içində bir od-alov vardı. Mən onun elə adamlara söz deməsini, etirazını bildirməsini görmüşəm ki, hər adam onlarla elə danışa bilməzdi. Bunu həm telefon danışıqlarında, həm də üzbəüz dediyini görmüşəm. Açığı, bəzən onun belə danışıqlarından qorxurdum. Mənim tərbiyəmdə onun müstəsna rolu var.

Bir xatirə yadıma düşdü. Fəlsəfə dərsində bizə təsəvvüf keçirdilər, anlamırdım. Gəldim babama dedim ki, mən təsəvvüfü başa düşə bilmirəm. Gənc idim, mənim üçün tamam yeni bir mövzu idi. Elə indinin özündə də tam dolğunluğu ilə anlaya bilmirəm, amma babam məni başa saldığı qədər başa düşdüm. Babam başladı mənə təsəvvüfün mərhələlərini - şəriət, təriqət, mərifət, həqiqət - izah etməyə. Gördü ki, yenə anlamıram. Dedi ki, get "Şəbi-hicran" poemasında filan yeri tap oxu, orda Füzulinin dililə təsəvvüfə aydınlıq gətirməyə çalışmışam.

 

"Məni - Füzulini yaratdı Tanrı,

Alacaq məni də qoynuna torpaq.

Məhv olur Allahın yaratdıqları,

Mənim yaratdığım ölməzdir ancaq".

 

Sonra dedi ki, bunu anlamayan adam elə bilər şair Allahlıq iddiasına düşüb. Amma burda əsas məqsəd Allah mənim düşüncəmlə, ruhumla təcəlla edir deməkdir. Mən də bu bəndi getdim universitetdə dərsdə dedim, bu vaxt bir qrup yoldaşım bilmədi bunlar babamın sözləridir, Füzuli haqqında çox nalayiq sözlər dedi və mübahisə düşdü, sonra söhbət davaya çevrildi.

 

"Məni söysələr belə sus"

 

Məsələ şişdi, artıq qovulmaq söhbətim gündəmə gəldi. Evdə bu hadisəni babama danışdım, dedim Füzulini təhqir elədi, mən də dalaşdım. İndi də qovulmaq təhlükəm var, yəqin, sən qoymazsan məni universitetdən qovsunlar. Soruşdu, "mənə güvənib bu hərəkəti elədin?". Dedim - hə. Dedi, mənim Füzulini müdafiə eləyənimə bax. Bu hərəkətinə görə sənin xahişini eləməyəcəyəm, qovurlarsa, qoy qovsunlar. Füzuli elə bir zirvədədir ki, nə sənin, nə də mənim müdafiəmə ehtiyacı yoxdur. Amma bir şeyi doğru bilib addım atmısansa, onun arxasında durmağı da bacarmalısan. Yox, əgər özünə güvənməyəcəksənsə, məni söysələr belə sus. Ancaq özünə güvənəndə sənin sözünün də, hərəkətinin də kəsəri olacaq. Onun bu sözləri qulaqlarımda əbədi sırğa oldu.  

- Həm bir insan kimi, həm də bir baba kimi çox doğru cavab, doğru münasibətdir. Bu sözləri ilə sizdə özgüvən formalaşdırıb. Məncə, 1990-cı ilin 20 Yanvar  günlərində rus generalının üstünə çığırması, rus ordusunu qaniçən və cəlladlar ordusu adlandırması da bu özgüvənin təzahürü idi. İnsan özünə güvənməsə qorxaq olar, qorxaqlıq isə çox böyük səhvlərə yol açır. Ruhu şad olsun o böyük kişinin. Məhz bu cəsarətinə görə xalq onu sevirdi. Xalq onu əlinin üstündə meydanların ən yuxarı başına qaldırırdı. Onun buna haqqı vardı, çünki bunu öz həyatı ilə qazanmışdı. Məhz elə bu cəsarətin nümunəsi sovet dövründə yazdığı "Gülüstan" poeması oldu. Bu mövzuda çox danışılıb, amma bəzən söhbətlər bu vaxta qədər deyilməyən nəyinsə xatırlanmasına səbəb olur.

 

"Gülüstan"a görə on sutka həbs olunan MTN şefi?

 

- Əlbəttə, bir çoxları kimi, mən də soruşmuşdum ondan, ay baba, qorxmurdun, səni tutarlar bu yazıya görə? Deyirdi ki, ay oğul, mən buna susa bilməzdim və susmamalıydım. "Gülüstan"la bağlı xatirələrini danışım. Anasının ayağı protez idi, "Gülüstan"ın əlyazmalarını o protezin içində gizlədirmiş. Sonra tələbələr onun üzünü köçürürdü və əl-əl gəzirdi. Poemanı əzbərləyənlər də çox olub. Bayaq dedim axı, mən babamın yaradıcılığı ilə o, dünyasını dəyişəndən sonra tanış olmuşam. Amma saatarla ədəbi müzakirələr edirdik. Sevdiyim şair Mirzə Ələkbər Sabir idi, Sabirdən danışırdıq. Babam həmişə söhbətə "Babamız Sabir deyib ki..." deyərək başlayardı. Amma dünyasını dəyişəndən sonra onun  yaradıcılığı ilə tanış oldum və təəssüf hissi keçirdim ki, mən Bəxtiyar Vahabzadənin sağlığında onu sadəcə babam kimi tanımışam, onu şair kimi tanımamışam. Amma özü deyirdi ki, "Gülüstan" yazılandan sonra hər dəfə qapı döyüləndə elə bilirdim məni aparmağa gəliblər.

Bir dəfə məclislərin birində keçmiş MT naziri Namiq Abbasovla qarşılaşır, babamın ondan nəsə bir xahişi olur, amma nazirliyə getmirmiş. Namiq müəllim də deyir ki, Bəxtiyar müəllim, niyə bunu mənə demirsiniz ki, nə vaxt istəsəniz gəlin, qapım həmişə sizin üzünüzə açıqdır. Babam da deyir, ay oğul, mən "KQB"nin həndəvərindən keçməyə çəkinirəm. Namiq müəllim gülüb, babamı qucaqlayır, deyir, daha hər şey özümüzündür, daha "KQB" deyilən bir şey yoxdur, üstəlik, mən "Gülüstan" poemasının üzünü köçürdüyümə görə on sutka həbs yatmışam, odur ki, siz bizə doğma adamsınız.

- Biz bu gün daha çox şair Bəxtiyar Vahabzadədən yox, elə baba Bəxtiyar Vahabzadədən danışsaq yaxşı olar. Necə baba idi? Şəki camaatının özünəməxsus zarafatları olur, necə zarafatlaşırdı sizinlə?

- Əslində hə, çox adamdan onun zarafatları ilə bağlı eşitmişəm, amma özüm şəxsən şahidi olmamışam. Qaraqabaq adam deyildi, amma mənim aləmimdə çox zarafatcıl da deyildi. Hə, olurdu məqamında, yerində nəsə məzəli bir fikirlə sözünü ifadə edirdi.

 

Şəkidə dost məclisləri

 

Hər il yay tətili başlayan kimi Şəkiyə gedirdik. Şəkidəki dost-tanış, sonra Bakıdan Şəkiyə gələnlər mütləq hər axşam onun başına toplaşırdılar. Uşaqlıq dostları vardı, onlara "xizək dostlarım" deyirdi. Həmin o üç ay yay mənim üçün çox maraqlı və əvəzsiz olurdu. Çox maraqlı söhbətlər gedirdi. Professor Şirməmməd Hüseynov, bəstəkarlar Xəyyam Mirzəzadə, Cavanşir Quliyev, bir də görürdün Nurəddin Rzayev, Şahmar Əkbərzadə də gəlib çıxırdılar ora. O günlərin hər biri mənimçün şirin, unudulmaz xatirədir. Məsələn, sizə bir söz deyim, o heç vaxt mənə demirdi get filan kitabı oxu, amma hər axşam o məclislərdə mən elə söhbətlər eşidirdim ki, mütləq kitab oxumağa marağım yaranırdı. Məsələn, bir dəfə söhbət əsnasında dedi ki, Javerin ayrı yolu yoxdur, o əqidəsi ilə vicdanı arasında qalıb. Artıq bu Javerin impulsu beynimə dolurdu. Ay baba, Javer kimdir? Aç "Səfillər"i oxu. Yəni hər gecə o dostlar arasında söhbətlərdən sonra adam özünü bir universitet bitirmiş kimi hiss edirdi.

- Ən yaxın dostları kim idi bəs? Sirr verdiyi dostları...

- O dördlük məşhur idi o vaxtlar. Təəssüf, mən xatırlamıram, rəhmətlik Xudu Məmmədov 1990-cı ildə dünyasını dəyişdi. Xudu Məmmədov, həkim Nurəddin Rzayev və şair Şahmar Əkbərzadə ilə çox yaxın olublar. Yəqin, elə sirr verib, sirr aldığı adamlar da onlar olub. Hər təzə şeirini ilk oxuduğu dostları.

Şəkidə olanda səhərlər bizi hay-küy salmağa qoymurdular, çünki babam gecə gec yatır, səhər də günortaya qədər dincini alırdı. Mütləq hər səhər üzünü qırxmalıydı, mütləq gündəlik qəzetləri oxumalıydı, sonra axşama kimi kitab oxuyur, mütaliə edirdi, sonra da hər axşam gecə keçənə qədər dostlar gəlirdi, çay süfrələri, söhbətlər, müzakirələr başlayırdı. Yəni bu, gündəlik ayin idi.

- Universitet dərslərindən yayınıb, hər gün Azdramaya, "Özümüzü kəsən qılınc" tamaşasının məşqlərinə baxmağa gedirdiniz. Belə maraqlı gəlirdi sizə o proses?

- Nə vaxtsa mən də rejissor olmaq istəyirdim, incəsənətə həvəsim vardı. İlk dəfə babamla getdim Azdramaya, məşqlərə baxmağa. Tamaşanın məşqləri başlayanda sanki sehrləndim. Sonra hər gün məşqlərə baxmağa gedirdim, universitetdə xeyli qayıb yığılmışdı, bir gün dekanlıqdan evə zəng vurub babama şikayət etmişdilər, əslində, başqa şeyə görə narahat olmuşdu, birdən avaralıq edərəm deyə qorxmuşdu. Amma biləndə ki, teatrın məşqlərində olmuşam, zəng vurub teatrın direktoruna - Əlabbas Qədirova dedi ki, onu bir də Azdramaya buraxmayın, dərsə getsin. 

- Bəxtiyar bəy, indi elm sürətlə inkişaf edir. Fantastik kitablardan oxuduqlamız, filmlərdən gördüklərimiz reallaşır. Tutaq ki, bir gün elə bir qurğu düzəldərlər ki, adam telefonu götürər, illər əvvəl dünyasını dəyişmiş babası ilə görüntülü danışa bilər, ya da səsini eşidə bilər. Ruh əbədidir, deyirlər. Əgər elə bir imkan olsa, babaya nə deyərdin?

- Babam mənə bir şeir həsr eləyib, ilk və son bəndini deyim:

 

"Mənim bir gözəl

Körpə nəvəm var.

O da Bəxtiyar,

Mən də Bəxtiyar.

 

...Nə olur-olsun,

Kim olur-olsun,

Babası kimi

Xalqa vurulsun"

 

- sözləri ilə başlayır və bitir. Əgər elə bir imkanım olsaydı, deyərdim ki, arxayın ol, mənim əziz babam, bir nümayəndəsi, bir fərdi olduğum xalqıma vurğunam. Hər dəfə Üzeyir bəyin musiqisini dinləyəndə, hər dəfə Nəsimini, Füzulini oxuyanda və Bəxtiyar babamı əsərəri vasitəsilə bir daha tanıyanda xalqıma yenidən aşiq oluram. Babama verəcəyim sualı bilmirəm, amma onunla danışmaq imkanım olsa, mütləq bunları deyərdim ona.    

 

Söhbətləşdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!