Heç kəs həyatının dərzisi deyil - "Onun romanı" rubrikasının qonağı Şahbaz Xuduoğludur

"Ədəbiyyat qəzeti"nin "Onun romanı" rubrikasının qonağı tanınmış naşir, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğludur. Onunla məşhur tatar yazıçısı Güzel Yaxinanın dünyaya səs salan "Züleyxa gözlərini açır" romanı ətrafında söhbət etdik.

 

- Tatar yazıçısı Güzel Yaxinanın qələmə aldığı "Züleyxa gözlərini açır" romanı bir çox nüfuzlu ədəbiyyat mükafatlarını aldı. Həm mütəxəssislərdən, həm də oxuculardan bu qədər yüksək qiymət alan romanda nədən bəhs olunur?

- "Züleyxa gözlərini açır" romanı mülksüzləşdirmə problemi, qadın və kişi münasibətlərindəki problem, qadının cəmiyyətdəki yeri, sovet dövründə məhv edilən ziyalılar, eyni zamanda da mətanət və insani dəyərlər haqqında bir romandır. Romanda ötən əsrdə bir çox imtahanlardan keçən tatar xalqının tarixinin qorxunc səhifələrindən bəhs olunur. Romanda hadisələr 1930-cu ildən başlayır. Kollektivləşmə dövrüdür, kəndlinin nəyi varsa əlindən alınır. Etiraz edənlər isə sürgünə göndərilir.

- "Züleyxa gözlərini açır" romanının mərkəzində bir qadının taleyi dayanır. Bu baxımdan əsəri qadın romantizmi hesab etmək olarmı?

- Yazıçı qəhrəmanın hisslərini, yaşantısını mümkün olduğu qədər real yansıtmağa çalışıb. Amma Yaxinanın romanı təkcə qadın taleyinə köklənməyib. Bu roman həm də sürgündə olan köçkünlərin, öz torpaqlarından məhrum edilən ziyalıların hekayəsidir.

Romanın "İslaq toyuq" adlanan ilk hissəsində Züleyxanın ərinin ailəsindəki köləliyin boğucu mühitində keçirdiyi illərdən bəhs olunur.

Züleyxa 15 yaşında 30 yaşılı Murtuzaya ərə gedir. Murtuzaya dörd qız doğur, hamısı ölür. Züleyxanın evdə çox bəlli bir səlahiyyətləri var, yumaq, bişirmək, təmizləmək ərinin kor anasına baxmaq. Murtuza isə anasına dəli kimi vurğundur. Anasının qoruyucu mələyi olan Züleyxa üçün isə zalım biridir.

Murtuza anasının şikayətlərinə inanaraq, hər gün hansısa bəhanə ilə Züleyxanı döyür.

- Əsərin Murtuza ilə Züleyxanın münasibətlərindən bəhs olunan hissəsində Züleyxanın acizliyi, susqunluğu adamı əsəbiləşdirir.

- Bəli, hətta romanın birinci hissəsində belə bir hadisə cərəyan edir. Züleyxa Murtuza ilə birlikdə qarlı gündə oduna gedir. Çovğunda itir. Murtuza onu axtarıb tapır. Züleyxa həmin gün düşünür ki, Murtuza doğrudan da, çox yaxşı ərdir. Dabanına tüpürüb gedə bilərdi, amma geri qayıdıb onu xilas edir. Bir tərəfdən də Murtuzanı ata edə bilmədiyi üçün özünü onun qarşısında günahkar hiss edir. Dörd qız övladı dünyaya gətirsə də, onları qucağına almadan torpağa tapşırır. Züleyxa Murtuza ilə olan həyatını artıq qəbul etmiş, qayınanasının və ərinin kaprizlərinə qatlaşmaq fikrinə artıq alışmışdı. Yazıçının məqsədi budur ki, oxucu XX əsrin iyirminci illərində həyatın nə qədər çətin olduğunu başa düşsün. Feminizm yoxdur. Qadın istəsə də, üsyan edə bilməz. İnsanlar özlərinə məxsus olan torpaq sahəsi üzərində heç bir haqqa sahib deyil. Daim kiməsə borclusan: ölsən də, geri qaytarmalısan. Qırmızı ordunun xəracları artdığı üçün Murtuza bu vəziyyətə artıq dözə bilmir. O, xəlvətcə anasına bildirir ki, soyğunçuluq, qarət baş alıb gedir. Qazandıqları nə varsa, əlindən alırlar. İnsanlar özlərinin olanını gizlətmək məcburiyyətindədir.

Murtuza da "Qızıl Ordu"nın gözündən yayındırmaq üçün evdə olan buğdanı at arabasına yığaraq qarlı bir gecədə Züleyxa ilə birlikdə meşəyə yola düşür. Qızlarının qəbirləri arasında hazırladıqları ehtiyat yerə buğdanı boşaldıb geri dönürlər. Bu zaman "Qızıl Ordu"nun dəstəsi ilə üz-üzə gəlirlər. Ordu üzvlərinin azğın hərəkətinə dözməyən Murtuza balta ilə dəstənin başçısına hücum etmək istərkən İqnatov daha tez tərpənərək tapança ilə Murtuzanı vurur.

Züleyxa ilə Murtuzanın həyatı əsərin 1-ci hissəsində tamamlanır. Əsərin növbəti hissəsi isə Züleyxanın sürgün həyatından bəhs edir.

Sürgün həyatında o, müxtəlif peşə sahibləri ilə tanış olur. Ən xırda səbəblərdən sürgünə məruz qalan insanlarla həbs yoldaşı olur. Onların arasında müəllim, molla, həkim və s. peşə sahibləri olur. Özü də bilmədən Kazandan qaçmaq istəyən dəstənin arasına düşür. Burda qaçışa təşkilatçı olsa da, İqnatov onu düşdüyü vəziyyətdən təmizə çıxarmağa çalışır və Sibir sürgün yolçuluğu davam edir. Nəhayət, onlar Tayqada Anqara çayının sahilində yerləşdirilirlər. Uzun və ağır yolçuluqdan yalnız 30 nəfər salamat çıxa bilir. Hələ bura çatmaqdan öncə onların dəstəsini suda batırmağa çalışmışdılar. Altı deşilən gəmi içindəki insanlarla bir yerdə suyun dibinə çökərkən İqnatov bu zaman təkrarən Züleyxanı xilas edir. O vaxt artıq bilinirdi ki, Züleyxa hamilədir.

Yeni düşərgədə ağır bir həyat şəraiti olsa da, həyat davam edirdi. Züleyxanın oğlu oldu, adını Yusif qoydu. Ağır illər bir-birini əvəz edirdi. Müharibə sona yaxınlaşır, Leninqrad blokadadan çıxırdı. O zaman artıq Yusifin 16 yaşı vardı. Ona oxumaq və yeni təhsil almaq lazım idi. Amma qolçomaq övladı olduğu üçün bu hüquqdan məhrum idi. Yeni qəsəbə sovetinin sədri İqnatov Züleyxanın oğluna kömək məqsədilə onu oğulluğa götürür, Yusifin adını İosif İqnatov etməklə ona yeni sənəd verir. Beləliklə, Yusif anasını tərk edir.

Əsər insanlığı, çətin şəraitlərdə yaşamaq qaydalarını öyrədir.

- Müasir ədəbiyyatşünaslıqda "tarixi nəsr" termininin təfsiri yoxdu. Yaxinanın bu romanını tarixi nəsrə aid etmək olarmı?

- Hər hansı bir bədii əsərə janır seçmək çətindir. Bu romanda tarixi hadisədən daha çox, insan yaşantıları möcüzəli şəkildə təsvir olunub. Sanki sürrealist bir məkan və dövrdən yazılıb, amma sən demə, bu, çox yaxın əsrdə qurban gediblər. Sanki bir məqsəd varmış, sadəcə insanları yox etmək, onların sayını azaltmaq, sıxıntılar və əzabla yaşamağa məcbur etmək...

- Romanda qəhrəmanların şüuraltının, həyata baxışının dəyişdiyi kulminasiya nöqtələri var. İstərdim bir az həmin kulminasiya nöqtələrinə toxunaq.

- Əvvəllər bədii mətnin təhlillərində kuliminasiya işlədilirdi, yəni əsər pərakəndəli şəkildə başlayır, sonra toparlanıb zirvəyə həmlə edir, zirvəni aşandan sonra yenidən az ləngərlərlə sona çatır. Vahid dramaturji xətt sona qədər davam edir, bütün arxlar da bu çaya axır. İndi belə deyil. Əsərin hər bölümü ayrıca bir hekayədir. İndiki oxucu daha tələbkardır. Əsərdə dərhal nələrsə baş verməsə o kitabı qatlayır. Bu mənada "Züleyxa gözlərini açır" romanı artıq ilk hissədə o qədər təsirli, ağır dövrün gerçək mənzərələrini doğurub ki, sonrakı fəsillərdə belə onların təsiri azalmır. Yazıçı xarakterləri çox aydın xətlərlə işləyib. Murtuza, onun kor anası, Züleyxanın özü çox bütöv obrazlardır. Həyat Murtuzanı döyür, Murtuza Züleyxanı, kor arvad isə hər ikisini idarə edir...

- Romanın "İslaq toyuq" adlanan birinci hissəsində yazıçı Züleyxanın timsalında müsəlman qadının faciəsinə kilidlənib daha çox. Onun üzərində dəhşətli bir ər, qayınana təzyiqi, şiddəti var. Amma Züleyxa o halından bir dəfə olsun şikayətçi deyil. Züleyxanı Murtuzaya, üzünün gülmədiyi o evə bağlayan şey nə idi?

- Züleyxa dözümlülük simvoludur. O, daim xidmət edir, əks halda həyatı bitər. Züleyxa mistik obrazdır. Tarixdən Yusif və Züleyxa hekayələrini bilirik. Yazıçı o tarixi hekayənin tabaşirindən istifadə edib. Züleyxanı kim doğub, bilinmir. Necə ki, müqəddəslər doğulmurlar. "Quran" və "Bibliya"dakı mətnlərdə Züleyxa vəfa və həqiqi eşq simvoludur. Sonrakı hekayələrdə də bu var. Yaqub kordur, onun oğlu Yusif ən yaraşıqlı kişi simvoludu. Dastanda Yusif öz aşiqini yuxuda görür, sonra onu həyatda axtarır. Bu əsərdə isə Yusifi Züleyxa doğur, adını dəyişməklə dünyaya buraxır...

- Züleyxa Yulbaşdan ayrılanda onu necə bir həyatın gözlədiyini bilmirdi. Nəzərə alsaq ki, Züleyxanı həm Yulbaşda, həm də sürgündə daima ölümlər müşayiət etmişdi. Dörd qızının ölümü, əri Murtuzanın ölümü, səfərdə yol yoldaşlarının ölümü... Bütün bunlara rəğmən Züleyxanı şanslı hesab etmək olarmı?

- Züleyxa o mənada şanslıdır ki, o, Yusifi xilas edir. Yusif onun bətnində olmasaydı, o da ölərdi. Amma o, Yusifi xilas etməyə məhkumdur. Tarixi mətndə Yusif həbsə atılıb, Züleyxa onu görür və aşiq olur. Yusifin azad olmasına yardım edir. Bu əsərdə isə Züleyxa Yusifi olmazın fəlakətlərin içindən keçirib böyüdür. 16 yaşa çatdırır. Sonra uşağın arzusuna əsasən ona azadlıq verir. Digər tərəfdən isə o dövrdə heç kəs öz həyatının dərzisi deyildi. İnsanlardan alət kimi istifadə olunurdu. Aylarla qatarlarda gedirdilər, ölənlər yolda atılır, sağ qalanları gəmidə batırırlar, o da mümkün olmadıqda insan ayağı dəyməyən bir yerə buraxırdılar ki, qırılsınlar... Bəli, Züleyxa böyük ehtimal ilə şanslı idi. Tale ona doğulacağına inanmadığı bir oğul övladı verir. Ən əsası isə Züleyxa heç vaxt yaşamadığı hissləri yaşayır, eşqin nə olduğunu öyrənir.

- Bir az da Züleyxa ilə İvan İqnatov münasibətlərindən danışaq. Züleyxa əri Murtuzanı öldürən İvana necə aşiq oldu?

- İqnatov "Qızıl Ordu"nun zabiti idi. Murtuzanı öldürən odur, amma eyni zamanda Züleyxanı buzlu sularda boğulmaqdan xilas edən də odur. Çünki İqnatov zaman keçdikcə başa düşür ki, onun da həyatı məhvə məhkumdur. Özünü güclə rejimin əlindən xilas edir. Bundan sona çalışır ki, Züleyxaya yardım etsin. Sürgün həyatı, yeni qəsəbədəki həyat göstərdi ki, İqnatov heç də az bədbəxt deyil. Züleyxa artıq həyatdan nə istədiyini bilirdi, oğlu var, onu xilas etməlidir. Amma İqnatov heç nəyi olmayan biri durumuna gəlmişdi. O, tədricən Züleyxadan asılı qalmışdı... Artıq İqnatovun yaxşılıq etmək üçün son bir şansı var, o da Yusiflə bağlıdı. Züleyxa ondan xahiş edir ki, Yusifə təhsil almağa getməsi üçün kömək etsin. Bu zaman İqnatov heç düşünmədən xidmət etdiyi sistemin əleyhinə addım atır. Yusifi öz oğlu kimi sənədləşdirir, ölkədən çıxmaq üçün ona sənəd verir.

- Mənim Züleyxada heyran qaldığım xüsusiyyətlərdən biri də onun analıq instinktidir. Xüsusilə əsərin ilk hissəsində ölmüş övladlarının qayğısına qalmasını yazıçı möhtəşəm bir hissiyyatla təsvir edib.

- Bəli, əsərin əvvəlində də, sonlarında da Züleyxanın analıq hisslərini yazıçı ustalıqla canlandıra bilib. Züleyxaya həmişə elə gəlir ki, uşaqları acından ölüb, buna görə gözdən yayınanda onların qəbirlərini oğurladığı yemək qırıntılarından daşıyır. Mənə ən təsir edən məqamlardan biri Yusiflə Züleyxanın ayrılığıdır. Yaxina həmin məqamı çox gözəl təsvir edib. Uşağın dalınca sürünə-sürünə gedir. Gözündən itənə kimi ardınca boylanır. İçi doğranır. Bu ayrılıq onu boğur. Amma uşağına getmə deyə bilmir. Çünki o, başa düşür ki, bu, cəhənnəmdən yeganə xilas yoludur. Uşaq Avropaya gedəcəkdi. Rəssam olacaqdı...

- Güzel Yaxina 2015-ci ildə Rusiyada elan olunan "Ədəbiyyat ili"nin əsas kəşfi hesab olunsa da, yazıçıya və əsərə Rusiyada münasibət birmənalı deyil. Bunun səbəbi nədir?

- Yeni rus ədəbiyyatına ən çox tərcümə olunan yazıçıdır Güzel Yaxina. Bu fakt da Rusiyada kommunistləri hiddətləndirir. Onlar romanı çox qəzəblə qarşıladı ona görə də roman haqqında bir dənə də müsbət peşəkar rəy yoxdur. Rus tənqidçilərinə görə roman sovet tarixinə yönəlmiş tənqidi bir baxış sərgiləyir. Bəzilərinə görə isə romanda o dövrə haqsızlıq olunub. Amma oxucular valeh oldular. Çünki onun bəhs etdiyi həyat rus zülmündə yaşayan hamının həyatında var. Güzel onu məharətlə yazıb. O, tatarların dözülməz həyatlarını, rusların vəhşiliklərini yazıb. O vəhşiliklər ki, heç kəsə qazanc gətirməyib...

Söhbətləşdi: Günel MUSA


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!