"Momo" haqqında bəzi qeydlər - Mətləb Ağa yazır

Mixail Endenin qəribə səyahəti və ya "Momo" haqqında bəzi qeydlər

 

"Mən səkkiz yaşından səksən yaşına qədər olan uşaqlar üçün yazıram" demişdi məşhur alman yazıçısı Mixael Ende (1929-1995).

Bu roman ilk dəfə 1973-cü ildə nəşr edilmiş "Momo" (həmçinin, "Boz adamlar" adıyla da bilinir) insan və zaman haqqında fəlsəfə, "Vaxt qıtdır", "Pul qazanmaq, daha çox pul qazanmaq lazımdır" "fəlsəfə"sinə nağıl diliylə yanaşan bir əfsanədir.

Xəyali bir şəhərdə baş verən əhvalatların mərkəzində Momo adlı qızcığaz durur, yetim, öz ata-anasının kimliyindən xəbərsiz, hardansa uzaqlardan gəldiyini deyən, qara qıvrımsaçlı, iri gözəl qaragözlü bu qızın yaşı səkkiz-on iki arasındaydı, birinci  tanışlıqlarında yaşını soruşan şəhərlilərə əvvəlcə "yüz yaşım var", sonrasa "yüz iki yaşım var" söyləmişdi. Ancaq insanlar ürəkdən inanmışdılar ki, öz-özünə Momo ismi qoymuş bu məsum uşaq onlarla zarafat-filan eləmir, ağızdan-ağıza öyrəndiyi həmin rəqəmlərin nəyi ifadə eləməsini o, heç özü də bilmir, rəqəmlər barədə qətiyyən təsəvvürü yoxdur.

İnsanlar Momonu  ilk dəfə necə tanıdılar:

Ətrafda yaşayanlar kimdənsə xəbər tutdular ki, keçmiş zamanlardan qalmış amfiteatrın xarabalıqlarında bir qız  peyda olub  (onun qız olmasına əvvəl heç əmin də deyildilər, elə qəribə geyinmişdi ki), onlar elə ilk görüşdən Momoya xoş üz göstərdilər, öncə qızı özləriylə aparmaq istəsələr də, Momo burada buraxılmasını israrla rica etdi şəhərlilərdən, insanlar da gördü ki, belə daha yaxşı olar Momo üçün, qızcığazın tək bir nəfərin ümidinə qalmasındansa, ona hamılıqla  qayğı göstərmələri daha əfzəldir. Beləliklə, hərə bir cür kömək göstərdi ona; xarabalıqda bir otaq qurdular, soba düzəldib yorğan-döşək gətirdilər və hətta, sobanı tikən usta Nikola divarın bir tərəfini çiçək rəsmiylə də bəzədi-ona çərçivə və rəsmin divardan asıldığını göstərən mismar belə çəkdi... Ardından uşaqlar gəldi və öz yeməklərindən artıra bildikləri nə vardısa; bir parça pendir, bir parça çörək, bir az meyvə və ayrı azuqələr gətirdilər qıza.

Daha Momonun kefini pozacaq, ürəyini sıxacaq heç nə yoxdu; acanda yemək tapırdı, başının üzərində dama, yatacaq yerə, soyuq havada yandıracağı ocağa sahibdi.Və ən əsası,  neçə yaxşı dostu vardı.

Doğrudan da, Momonun gözəl ürəkli insanlarla rastlaşması bəxtinin gətirdiyinin sübutuydu, o, özü də bunu yaxşı dərk edirdi, amma, az sonra anlaşıldı ki, insanlar da Momoyla qarşılaşdıqlarına görə şanslıdırlar.

Momo, onu özgələrindən  yerdən-göyə fərqləndirən bir xüsusiyyətə malikdi; dinləmək.

Bəlkə də  indi kimsə istehzayla  "bu da nə deməkdir,  hamı dinləməyi bacarır" deyəcək. Ancaq qətiyyən belə deyil, çünki həqiqətdə barmaqla sayılacaq qədər adam yaxşı dinləyicidir, bu məsələdə  Momonun tayı-bərabəri yoxdu, o, həmsöhbətlərinə, axmaqların belə ağlında parlaq ideyalar doğuracaq formada qulaq asırdı; səssizcə oturur və söylənənləri cani-dildən dinləyirdi.

Bədbəxtlər, dərdlilər onun yanından xoş əhval-ruhiyyəylə  ayrılırdılar, hətta öz həyatını mənasız, gərəksiz sayan, özünün hər an yeri əvəzlənə bilən əhəmiyyətsiz bir insan olduğunu kəsdirən biri belə, bu fikirləri  Momoyla paylaşanda, necə olurdusa, qəfildən danışığını yarıda kəsib, dediklərinin boşluğunu, insanlar içində onun da  bir yeri və dünyada özünün də bir dəyəri  olduğunu dərk edirdi.

Momonun ən çox sevdiyi iki dostu vardı (əlbəttə, hər insanın saysız dostu ola bilər, amma insan, onlardan lap azını özünə daha yaxın sayır və onları daha çox sevir. Momo üçün də bu qayda keçərliydi), hər gün onu yoluxur və var-yoxlarını paylaşırlardı. Biri yaşlı, o biri gəncdi. Momo hansını daha artıq sevdiyini heç özü də bilmirdi.

Qocanın adı Beppoydu, süpürgəçiydi. Bəziləri deyirdi ki, süpürgəçinin ağlı heç də yerində deyil, bu söz-söhbətin yaranma səbəbisə ona ünvanlanmış sualları  cavabsız buraxıb, ancaq gülümsəməsiydi. Əvvəlcə düşünər, cavaba gərək duymazsa susardı. Cavabının vacibliyinə inanarsa, yenə də uzun-uzadı fikirləşərdi...

Momonun digər əziz dostusa, Bepponun tam əksiydi, çox gənc və yaraşıqlı bir dəliqanlıydı... Güclü nitq qabiliyyətinə malikdi, müxtəlif zarafatlar edər, başqalarını yamsılayardı, hey gülərdi, özü də elə ürəkdən gülərdi ki, eşidən istər-istəməz onunla birlikdə gülməyə məcbur olurdu. Adı Girolamoydu, qısaca Gigi çağırırdılar. 

Lakin qəfildən şəhərin üstünü qara buludlar alır, özlərini "Vaxta Qənaət Şirkəti"nin üzvləri adlandıran, başdan-ayağa boz rəngli adamlar dolaşır ortalarda.

Onlar nə istəyirdilər:

Bilirik ki, insanlar vaxtı ölçmək üçün saatlar, təqvimlər yaradır. Amma bunlar özlüyündə heç nədir; hər kəs çox yaxşı bilir ki,  bəzən bir saatlıq müddət insana bir ömür qədər uzun görünür, bəzən də göz açıb-yumunca keçir. Bu qəribə qısa-uzunluq, o ərəfədə yaşadığımız hadisələrə bağlıdır. Çünki zaman, həyatın özüdür, həyatınsa yeri ürəkdir. Və bu həqiqəti kimsə Boz  Adamlardan daha yaxşı dərk edə bilməzdi. Heç kim bir saatlıq, bir dəqiqəlik, hətta bir saniyəlik həyatın dəyərini onlar kimi  yaxşı ölçə bilməzdi. Onlar insanların vaxtı üzərində dəqiq ölçülüb-biçilmiş planlar qururdular. Varlıqlarından insanların xəbər tutmaması onlardan ötrü çox vacibdi. Böyük şəhərə və xalqın arasına nəzərə çarpmadan yerləşmişdilər. Və gizlicə addım-addım irəliləyir, insanlara hakim olurdular.

Məsələn, bərbər Fusiylə olanları anlatsaq, hər şey gün işığına çıxar:

Bir gün Boz adamlardan biri həyatın mənası və zaman haqqında düşüncələrə dalmış  Fusinin bərbərxanasına gəlir və ilk tanışlığın ardından öz çıxışına başlayır: "Vaxta necə qənaət edilir, bilməniz lazımdır! Məsələn,  bir az daha sürətli çalışıb, gərəksiz şeyləri bir kənara buraxırsınız. Bir  müştəriyə yarım saat əvəzinə on beş dəqiqə ayırırsınız. Xəstə ananızın yanında bir saat yerinə yarım saat oturun. Daha yaxşı  olar ki, siz onu mütləq bir ucuz  qocalar evinə göndərəsiniz. O zaman siz bütöv bir saatınıza qənaət etmiş olarsınız. Evinizdə saxladığınız yararsız quşu da rədd edin getsin. Sevdiyiniz Dariayaya da iki həftədən bir baş çəkin. Pəncərə qarşısında oturub gün ərzində yaşadıqlarınızı götür-qoy etməyi də unudun. Həmçinin, dəyərli vaxtınızı kitab oxumaq, mahnı söyləmək, dostlarınızla dərdləşmək kimi lazımsız şeylərlə də boşa xərcləməyin"

Fusi, Boz Adamın tövsiyələrinə sözbəsöz riayyət etdi, lakin nəticədə daha əsəbi və narahat oldu və nə qəribədir ki, qənaət etdiyi vaxtdan özünə heç bir şey qalmırdı; necə olurdusa, qeyb olub gedirdi. Günlər əvvəlcə hiss edilmədən, sonrasa açıq-aşkar qısalmağa başladı. Bir həftə, bir ay, bir il, daha bir il, daha bir il bircə anda keçib getdi. Sonra bu şəhərdə Fusiyə üz verənlər hamının başına gəlməyə başladı, "vaxta qənaət" rejiminə qatılanların sayı-hesabı itdi. Sıraları genişləndikcə, bundan xoşlanmayanlar da istər-istəməz onların təsirinə düşdü.

Amma reallıq tam fərqliydi. Düzdür, vaxt qənaətçiləri Momo və dostlarından şıx geyinir, daha çox pul qazanır, daha çox pul xərcləyirdilər. Fəqət yorğun və kefsizdilər, gözləri mənasızdı. Onların ağlını başlarına qoyacaq, nəşələndirəcək, dərdlərini dinləyəcək heç kimsə yoxdu. Ancaq beləsi olsa da yanına gedəcəkləri şübhəliydi, bunu vaxt itkisi sayardılar; boş zamanlarını ancaq əylənməklə keçirməliydilər.

Böyük şəhərin mənzərəsi də tamamilə dəyişdi; köhnə məhəllələr söküldü, yeni, vahid formalı daş evlər tikildi. Sonra küçələr də bir-birinə oxşadı. Burada hər şey hesablanmışdı-hər santimetr və hər an...

"Vaxta qənaət edirik" deyənlər əslində insanlığa-sevgiyə, xeyirxahlığa, mərhəmətə və s. qənaət etdiklərinin fərqində belə deyildilər. Həyatlarının getdikcə daha miskin, daha cansıxıcı və daha soyuq keçdiyini anlamaq istəmirdilər. Bu gerçəyi təkcə uşaqlar ürəklərində hiss etdilər, çünki artıq kimsənin onlara ayıracaq vaxtı yoxdu. (Ancaq  tezliklə uşaqları da "vaxta qənaət" boyunduruğuna qoşdular).

Beləliklə, insanlar vaxta qənaət etdikcə vaxt azalırdı...

Bu şəhərdə Boz Adamlara məğlub olmayan bir tək Momo qaldı. Onu ələ almağa çalışdılar, bu, alınmayanda onu hədələdilər və əllərindən gələn bütün çirkin yollara əl atdılar.

Lakin Momo Boz Adamlara təslim olmadı, oğurlanmış Zamanı insanlara geri qaytardı.

Və bu, tamam fərqli bir vəziyyətdi  artıq. Hamı sevincliydi. Daha insanların bol-bol zamanı vardı. Bu zamanın əslində haçansa qənaət etdikləri öz zamanları olduğunu və indi Momonun yardımıyla onlara qayıtdığını, bütün bunlara görə kimə borclu olduqlarınısa heç vaxt öyrənə  bilmədilər.

Budur, artıq şəhərdə uzun müddətdir olmayan şeylər olurdu; yol üstündə oynayan uşaqları görən sürücülər maşınlarını saxlayıb onlara gülümsəyir, hətta bəziləri düşüb onlarla bərabər top-top oynayırdı. Tanışlar qarşılaşdıqda dayanıb bir-birləriylə hal-əhval tutur, ayaqüstü də olsa bir az söhbət edirdilər. İşə gedənlərin, pəncərə önündəki çiçəkləri seyr edəcək, yaxud körpə bir quşa yem verəcək qədər vaxtları vardı.İşçilər işlərini sevərək görürdü, çünki kimsə onları "ən qısa vaxtda daha çox iş görün" deyə sıxışdırmırdı. Hər kəs istədiyi şeyə lazımi qədər vaxt tapırdı-artıq bolluca vaxt yiyəsiydilər...

Müəllifsə, "Momo"nu yekunlaşdırarkən bunu da yazır ki, hələ də dönmədiyi uzun bir səfərə  çıxıb və Momonun əhvalatını da ona bu yolçuluq sırasında qarşılaşdığı qəribə bir səyyah danışıb.

Ayrılmamışdan  əvvəl həmin qəribə yolçu müəllifin kitabda eynilə yazdığı daha bir cümlə də söyləmişdi.

Demişdi ki: "Mən sizə bunları olub-keçmiş bir hadisə kimi danışdım. Halbuki, nə vaxtsa gələcəkdə baş verəcək əhvalat kimi də danışa bilərdim..."

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!