AĞIR TAXTALI KİŞİ, yaxud OXU, TAR... - "Varislər" rubrikasının qonağı Xalq artisti Eldar Mansurovdur

"Varislər"in bugünkü qonağı milli musiqi sənətimizin korifeylərindən biri, unudulmaz tarzən, gözəl muğam bilicisi, böyük insan, səmimiyyəti, insanlığı ilə hər zaman xatirələrdə yaşayan Xalq artisti Bəhram Mansurovun varisi, sevilən bəstəkarımız, Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurovdur.

 

İçərişəhərə ekskurs...

 

1911-ci ilin fevral ayında, Bakının qədim İçərişəhərində, tanınmış musiqiçi və ziyalı Məşədi Məlik bəyin oğlu, gözəl tar ifaçısı və muğam bilicisi Məşədi Süleyman bəyin ailəsində dünyaya göz açıb. İlk təhsilini mədrəsədə alan Bəhram Mansurov, daha sonra Bakıdakı rus-tatar məktəbində oxuyub.

Musiqi təhsilini atasından alan böyük sənətkar, ağlı kəsəndən bəri evdə muğam ifası, bir-birindən maraqlı musiqi və sənət məclislərinin şahidi olur, babasının, atasının sənət dostları, dövrünün tanınmış ziyalıları, musiqi və sənət xadimləri ilə üz-üzə gəlir, onların bənzərsiz ifalarını dinləyir, maraqlı söhbətlərinə qulaq asırdı.

Bu gün o böyük sənətkarın oğlu, sevilən bəstəkarımız, Xalq artisti Eldar Mansurovla birlikdə musiqi aləminin unudulmaz Bəhram əmisindən və Bakının məşhur Mansurovlarından danışacağıq.

 

- Eldar müəllim, gəlin söhbətə Məşədi Məlik bəydən başlayaq, Bəhram müəllimin babasından. Kim olub Məşədi Məlik?

- Mansurovlar şəcərəsi haqqında bir kitab yazmışam və orada bu barədə ətraflı məlumat verməyə çalışmışam. Çox maraqlı bir ildə görüşürük, çünki 2021-ci ildə atamın 110 yaşı tamam oldu, təəssüf ki, pandemiya səbəbindən normal yubiley keçirə bilmədik, bu qadağalar mədəniyyətə çox pis təsir göstərdi. Amma heç mətbuat da buna reaksiya vermədi və açığını deyim ki, bu, məni Bəhram Mansurovun oğlu olaraq müəyyən qədər sarsıtdı.

 

110 yaşın mübarək olsun, Bəhram əmi!

 

Mən "atamın yubileyidir" deyib car çəkən, buna görə qapıları döyən adamlardan deyiləm, amma heç oğlu kimi yox, bir peşəkar musiqiçi kimi Bəhram Mansurovun xidmətlərini, ifaçılıq tərzini kifayət qədər bilirəm və onun necə mahir bir tarzən olduğu haqqında nəsə deməyim artıqdır. Bu səbəbdən "Ədəbiyyat qəzeti"nə atamı xatırladığı üçün təşəkkür edirəm.

Əgər söhbət Məşədi Məlikdən gedirsə, qeyd edim ki, Mansurovlar Bakıda tanınmış musiqiçi nəsli kimi ad çıxarıblar. Məşədi Məlikin atası Ağasalah bəy də musiqiçi olub. Ulu babalarımdan ikisi Bakı xanlarının bacıları ilə ailə qurub, bu cür qohum olmuşuq, amma özləri bəy nəslindən olublar. Rus çarı onların bəy tituluna xitam verib, yəni tək onların yox da, demək olar bütün bəy-xan titulları ləğv edilib. Bundan sonra 1872-73-cü illərdə babalarım, atamın böyük əmiləri son dəfə çara bu titulların bərpa edilməsi ilə bağlı müraciət ediblər, amma nəticə olmayıb.

Məşədi Məlik, dediyim kimi, Ağasalah bəyin oğludur, İçərişəhərdə Ağasalah meydanı var, ulu babamızın adı ilə tanınıb. Məşhur tut ağacı meydanı. Amma ora tut ağacı kimi Bakıya sonradan gəlib, o ətrafda məskunlaşanların dililə elə adlanıb, oranın qədim adı Ağasalah meydanıdır. O vaxt - elə indi də - İçərişəhərdə küçələr çox dar idi, fayton, qazalaq keçəndə ilişib qalırdı, Ağasalah bəy ətrafdakı evləri də alıb, bir neçəsini sökdürüb və həmin ərazidə bir genişlik yaradıb, yolları genişlədirib, həm nəfəs almağa, həm də rahat gəzib-dolaşmağa şərait qurub.  

 

Bakıda ilk neft bumu

 

XVIII əsrin axırları, XX əsrin əvvəllərində Bakıdakı neft bumu həm Azərbaycanın müxtəlif ərazilərindən, həm də başqa yerlərdən gələn adamlarla yüklənib, İçərişəhər Bayır şəhərə çıxmağa başlayıb. İçərişəhərdəki evlər dar və balaca idi, varlı adamlar Bayır şəhərdə özlərinə mülklər tikməyə başlayıblar. İçərişəhərdəki evləri isə ya kirayə verir, ya da satırdılar. Yəni köklü içərişəhərlilər daha rahat evlərə çıxır, sonradan Bakıya gələnlər oralarda ev alıb içərişəhərli olurdular. Mənim rastıma çıxıb o dövr Bakısının kameral siyahısı, içərişəhərli kimi təqdim olunan soyadların əksəriyyəti orada yoxdur.

- Maestro, bəylərin hər birinin özünə aid müəyyən biznes sahəsi olub, bəs Məşədi Məliyin biznesi, gəlir mənbəyi nə idi?

- Ağasalah bəyin Bakı və onun ətrafında böyük torpaq sahələri, kəndləri olub. İş elə gətirib ki, həmin torpaq sahələrində müxtəlif dövrlərdə neft də çıxıb. Məsələn, bir vaxtlar Türkan kəndi bizim olub, sonra rus çarı oranı bizimkilərdən alıb Səlimxanovlara verib. İndi yaman dəb düşüb, kimi dindirirsən hamı özünü bəy nəsli kimi təqdim edir, maraqlıdır, bəs rəiyyət kim olub, o bəylərin xidmətində kimlər durub, onların işlərini kimlər görüb? Üstəlik, Bakı xanlarına xəyanət edənlər, belə deyək də, öz biznesini qorumaq üçün yaxşı kişiləri rus çarına, onun Qafqazdakı, Azərbaycandakı nümayəndələrinə satanlar kimlər olub? Onlar da olub axı. Onlara bəy nəsli demək olar?

 

Keşlədən Şüvəlana qədər...

 

Ulu babalarımız Hacı Mansur, Hacı Kərim, Ağa Hüseyn... onların hamısının böyük torpaq sahələri olub, rəncbər saxlayıblar, torpaqlarını icarəyə verib gəlir götürüblər. Keşlədən Şüvəlana qədər əkin sahələri olub. Mən bunu havadan demirəm, hamısının məndə sənədi, sübutu var. Otuz üç il arxivləri gəzmişəm, sonradan onların hamısını səliqəyə salıb kitaba daxil eləmişəm. Şüvəlanda, Mərdəkanda, Qalada bağımız olub. Bakıda bir-neçə yerdə dəyirmanlarımız olub. Sonuncu bağımızı da 1937-38-cu illərdə bolşeviklər əlimizdən alıb, pioner düşərgəsi eləmişdi və bunu Bakı camaatı çox yaxşı bilirdi.

- Yəni belə çıxır ki, musiqi Məşədi Məliyin hobbisi olub. 

- Məşədi Məlik varlı, ziyalı adam idi, evində məclislər keçirirdi, xanəndələr, şairlər, elm, sənət adamları toplaşırdı onun evinə. Babam Məşədi Süleyman gözünü açandan evdə belə məclislər görmüşdü və atasından sonra onun yolunu Məşədi Süleyman tutub, evindəki musiqi-sənət məclisləri davam eləyib, atam da ağlı kəsəndən o mühitdə böyüyüb.

- Bəs niyə o torpaqlarda özləri neft çıxarmayıblar?  

- Bilirsiniz necədir? O dövrdə hərənin öz sahəsi olub. Bizimkilərin əsas işi torpaq alqı-satqısı, torpaq icarəsi və müəyyən qədər ticarət olub. İndi qara şəhər kimi tanıdığımız ərazilərdə Musa Nağıyevin, Zeynalabdin Tağıyevin neft emalı zavodları olub, həmin əraziləri babalarım onlara icarəyə verib və yaxşı pul qazanıblar. Həmin torpaqların xəritələri, reyesterləri məndədir. Bunlar müəyyən qədər cəncəl işlərdən, hay-küylü işlərdən uzaq olublar. Üstəlik, əgər birinin hər şeyi varsa, hər şeylə təmin olunubsa, heç vaxt özünü problemə salmaq istəməz. Onlar dədə-babadan nə iş görüblərsə, onu da davam etdiriblər. Bu, yəni torpaq alqı-satqısı, icarəsi onların bildiyi sahə olub. Həmin Bakı milyonçuları ki, adlarını çəkdim, hamısı ilə yaxın əlaqələri olub və evdə təşkil edilən məclislərdə onlar da əziz qonaq kimi iştirak ediblər.

 

Çox böyük pullar - çox böyük problemlər...

 

Çox böyük pullar çox böyük problemlər yaradır hərdən. Tarix kitablarında dəfələrdə qarşımıza çıxıb, bəzən Bakı milyonçuları öz şəxsi mənafeləri naminə bir-birini əzib keçiblər. H.Z.Tağıyev, M.Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov... bunların tarixinə baxaq: biri hambal, biri sudaşıyan, biri çəkməçi, o biri də bənna olub, amma ağıllı adamlar olublar. Gəl ki, onların sonradan necə milyonçu olmaları... bu başqa söhbətin mövzusudur və köklü-soylu Bakı bəyləri onları qəbul eləməyiblər. Bir var zavod sahibi, bir də var torpaq sahibi. Birinin əlində zavod tikməyə pul ola bilər, amma zavodu evinin eyvanında tikməyəcək ki... bunun üçün torpaq lazımdır, özü də əlverişli yerdə lazımdır. Bu vaxt, əlbəttə ki, Mansurovlar düşüb yada. Onlar öz torpaqlarını satmayıblar, icarəyə veriblər və bu o deməkdir ki, həmin o zavod biznesinin müəyyən hissəsinə şərik olublar. Və onlarca belə icarəyə verilmiş zavod yerləri, mədən yerləri olub. Adamlar evdə oturub, pullarını qazanıblar. Məncə, ən ağıllı, təmiz bizneslərdən biri elə budur. Sonra da bu pulun bir hissəsini incəsənətin, musiqinin, ədəbiyyatın inkişafına, təbliğinə həsr ediblər.

Məşədi Məlik gözəl tar, kamança, saz, qarmon çalmağı öyrənib. On səkkiz yaşından, 1863-cü ildən etibarən evində musiqi məclisləri təşkil eləməyə başlayıb. Belə məclislərdə ilk vaxtlar Abşerondan olan şairlər, musiqiçilər iştirak ediblər, zaman keçdikcə bu dairə böyüyüb, artıq Qarabağdan, İrandan, Türkiyədən də musiqiçilər dəvət ediliblər. Onları yerləşdirmək, qonaq saxlamaq üçün İçərişəhərdəki evlərimiz bəs edirdi. Bəzən musiqiçilər, şairlər aylarla qonaq qalırdı o evlərdə.

 

Muğam sirli saraydır

 

Bu məclislər həm də muğamın inkişafına, formalaşmasına, oturuşmasına xidmət edirdi. Məsələn, biri "Şur" çalır, hamı diqqətlə dinləyir, birdən onu saxlayıb deyirlər ki, sən "Şur"un filan hissəsini çalmadan başqa yerə keçdin, qayıt təzədən başla və o yeri də ifa elə. Beləcə, bu həm də muğam-musiqi sənətinin cilalanması demək idi. Muğam bu yolla oturuşdu, ardıcıllıq müəyyən edildi. Muğam sirli saraydır, onun qapısı olmasa içəri girə bilməzsən, pəncərədən, eyvandan girmək isə biədəblik olar, çıxanda gərək girdiyin qapıdan çıxasan. Muğam da elədir, gərək qapısından girəsən, şöbələrini - otaqlarını gəzəsən, sonra çıxasan.

Bu ənənəni, dediyim kimi, ata babam Məşədi Süleyman davam etdirib. Qışda Bakıda - İçərişəhərdəki evdə, yayda isə Şüvəlandakı bağ evində. İndi İçərişəhərdəki ev bərpa olunur, görək necə alınacaq. Mən evin köhnə layihəsini də təqdim eləmişəm, söz veriblər ki, hər şey olduğu kimi qalacaq, amma təyinatı nə olacaq, onu zaman göstərər.

- Maestro, dediniz ki, Qarabağdan, Şirvandan, İrandan, Türkiyədən Bakıya, Məşədi Məliyin, Məşədi Süleymanın məclislərinə musiqiçilər gəlirdi. Bilirik ki, Qarabağ Azərbaycanın musiqi beşiyidir, Cənubi Azərbaycanın da öz musiqi tarixi, musiqi ənənələri var və oralarda da çox gözəl musiqi, sənət məclisləri olub. Niyə Bakıya can atırdılar?

- Maraqlı sualdır. Əlbəttə, Qarabağ, Şirvan, yaxud Təbriz musiqiçiləri öz regionlarında tanınırdılar, amma Bakı mərkəz idi, paytaxt idi, mədəniyyət sürətlə inkişaf edirdi, teatr, kino yaranırdı. Bakı onların tanınması, ad çıxarmaları üçün meydan idi. Bakıda tanınan musiqiçini artıq hər yerdə tanıyırdılar. Qəzetlər yazırdı o məclislərdən. Hətta bəzən Bakıya macəra axtarmağa gələn, Şərqi görməyə gələn avropalı qəzetçilərin, fotomüxbirlərin də diqqətini çəkirdi belə məclislər. Bakı onların həm də böyük Şərq dünyasına, müəyyən qədər də Avropaya çıxmalarına qapı idi.

 

Bakı - Şərqlə Qərbin qovuşduğu yer

 

Səbəb budur. İndiki musiqi jarqonuyla desək, əsas raskrutka Bakıda gedirdi. Təsəvvür edin də, müəyyən dövr gəlib çatdı, Qarabağın, Şirvanın ən tanınmış musiqiçiləri Bakıda cəmləşdi.

- Bəhram əmi Bakıda, İçərişəhərdə dünyaya gəlib. İki qardaş olublar onlar?

- Yox, üç qardaş olublar. Bir qardaşları tez dəyişib dünyasını. Atam İçərişəhərdəki son evimizdə, Qız qalasının yanındakı üçmərtəbədə doğulub. İndi oranı söküb yaşıllıq eləyiblər. Havalar isinən kimi Şüvəlandakı bağ evimizə köçürdülər. Hələ inqilab vaxtı Nəriman Nərimanov və yaxın silahdaşları bir müddət Şüvəlandakı evimizdə qalıblar. Amma bolşevik hakimiyyəti hər şeyi bizimkilərin əlindən alıb. Sovet hakimiyyətinə qədər musiqi bizim nəslin hobbisi idi, sovetlər onların bütün var-dövlətinə çökəndən sonra musiqi dönüb oldu sənəti, işi, nəslin gəlir mənbəyi.

 

Hobbidən sənətə

 

- Bəhram əmi gözünü açandan musiqi, muğam eşidib, peşəkar musiqi təhsili almasına ehtiyacı olmaz onun, çünki belə demək olarsa, doğulduğu ev elə Bakının musiqi akademiyası idi də...

- Əlbəttə, ən yaxşı sənətkarlar onların evinə toplaşırdı, üstəlik, atası da, əmisi də virtuoz musiqiçilər idi. Atam musiqini atasından, bir də əmisi Mirzə Mansurdan öyrənib. Məşədi Süleyman milli tar sənətimizin ustadlarından olan Sadıqcanla yaxın dost olub. Sadıqcan bəzən aylarla Bakıda onların qonağı olub. Tutaq ki, xəbər gəlirdi, Qarabağdan Bakıya yaxşı bir musiqiçi gəlib, filan yerdə konsert verib, Məşədi Məlik oğluna - babama deyib ki, get, həmin adamı dəvət elə evə, mənim qonağım olsun. Bu minvalla dövrün ən tanınmış musiqi, sənət adamları o evin qonaqları olub, məclislərində iştirak eləyiblər.

 

Kimin əlində musiqi aləti görsəniz...

 

Məşədi Məlik yaxın adamlarına tapşırıb ki, vağzalda, limanda əlində musiqi aləti ilə Bakıya gələn kimi görsəniz, dəvət eləyin evə, qoy şəhərdə məəttəl qalmasınlar. Həmin adamların bütün ehtiyacını ödəyir, əyin-başını alırdı, cibinin xərcliyini verirdi, onlar da bir müddət evində təşkil olunan tədbirlərdə öz məharətlərini göstərirdilər. Bircə İçərişəhərdə babalarımın iyirmi dörd mülkü olub. Yəni qonaqları yerbəyer eləmək problem deyildi. Tağıyev kimi, Nağıyev kimi qonaqlar olanda musiqiçilər yaxşı bəxşişlər də alırmışlar onlardan. Demək olar, bütün musiqi əhli Mansurovlardan razılıq edib.

- Belə çıxır ki, Məşədi Məlik də, Məşədi Süleyman da musiqi xeyriyyəçiliyi ilə məşğul olublar, musiqini təbliğ ediblər.

- Elə o cür olub. Azərbaycanda üç muğam məktəbi formalaşırdı: Şirvan - Mahmud ağanın məktəbi, Qarabağ-Şuşa - Mir Möhsün Nəvvabın məktəbi. Mirmöhsün Nəvvabın muğam tarixində xidmətləri böyükdür. O, həm də çoxprofilli adam olub. Bir də Bakı muğam məktəbi, onun da adı Mansurovlarla bağlı idi. Muğam elit musiqi hesab edilirdi, savadlı musiqi hesab edilirdi və çox doğru da hesab edilirdi. Ən mötəbər məclislərdə muğam ifaçıları olmurdusa, o yaxşı məclis hesab olunmurdu.

Bakı məclislərində muğamın tarixilə məşğul olurdular, hansı qəzəli hansı muğamda oxumaq olar. Füzuli, Seyid Əzim bunu tam təmin edə bilirdi, sonra bu məclislərdə artıq dövrün qəzəlxanları yetişməyə başladı. Məsələn, Azər Buzovnalı onların ən qabaqda gedən nümayəndələrindən biriydi, daha sonrakı mərhələdə Əlağa Vahid bu sahədə sayılıb-sevildi...

 

Bəzən muğam saatlarla oxunurdu

       

Məndə babam Məşədi Süleymanın əlyazmaları qalıb, adam nə qədər qəzəl yığıb o dəftərlərə. O əlyazmalar hamısı həm də muğam dərslikləridir. Hamısını bir-bir qeyd eləyir, filan qəzəl filan muğamda oxunur, bu qəzəl bunda və s. O dövrdə muğamın ən mürəkkəb forması ifa olunurdu, təəssüf, bu gün həmin mürəkkəb muğam yoxdur. Hər məktəbin öz ifaçılq tərzi vardı və bu, dəmir qanun kimi qorunurdu. Ona görə əvvəllər bir muğam bəzən saatlarla ifa olunurdu, buna nəfəs lazım idi və musiqiçiləri də o nəfəsinə görə qiymətləndirirdilər. O biri muğam məktəblərində əsasən ifaçılar yetişirdisə, Bakı məktəbində muğamın elmi formalaşırdı.

- Maestro, bu cür dolğun cavaba görə sizə təşəkkür edirəm, həm muğam haqqında, həm iki əsrin musiqi tarixi haqqında, həm də müəyyən qədər Bakı ilə bağlı verdiyiniz çox maraqlı məlumatlara görə sağ olun.  

Musiqiçilər bəzən toy-manıs təfəkkürü ilə diqqət çəkməyə daha çox meyilli olurlar. Musiqini bilirəm, üç-beş qəzəl bilirəm, bəsdir deyənlər çox olur, amma ağır musiqiçilər barmaqla göstərilir. Bəhram əmi ağır musiqiçi idi, ağır taxtalı, sözü keçən və sözünü deyən kişi idi. O bu nüfuzu necə qazanmışdı? Yeri gəlmişkən, o da toylara, el şənliklərinə gedirdi, amma "manıs" təbiyəsi ilə yaşamırdı.

- Bu, kökdən, tərbiyədən gəlirdi. O, musiqini tanıyandan onu elə görmüşdü. Tutaq ki, Xan əmi, Seyid Şuşinski... onlar el şənliklərinin, toyların ən tanınmış simaları idilər, amma həm də səviyyə idilər, səviyyəli idilər, yerişlərini, duruşlarını, söhbətlərini bilən adamlar idilər. O mühitdə böyüyənlər başqa cür ola bilməzdi.

Atam ilk dəfə tarı sinəsinə sıxıb çalmağa başlayanda atası onu dinləyib, deyib ki, sən birdən öyrənəcəksən yaxşı ifa eləməyi. Elə də olub. Elə mən də, bəzən soruşurlar ki, necə musiqiçi oldunuz? Axı mən gözümü açandan tar səsi eşitmişəm, muğam dinləmişəm. Başqa necə ola bilərdim?

 

Oxuma, tar...

 

Atam həmişə deyirdi ki, mən əvvəldən axıra qədər bir yolu tutdum - muğam, o məni ya qaldıracaqdı, ya da yıxacaqdı. Sovet quruluşundan sonra tara münasibət dəyişdi, ilk vaxtlar tar ümumiyyətlə düşmən obrazı idi, "Oxuma, tar" deyənlər də var idi, "Oxu, tar" deyib güllələnənlər də. Tar notla çalınmğa başladı, müxtəlif orkestrlərə daxil edildi, bu, bir növ, tarı öz keçmişindən ayırmağa yönəlmişdi, amma tarın keçmişini qoruyub saxlayanlar da oldu və Bəhram Mansurov onlardan biri idi. Atamın otuzdan artıq özünəməxsus tar ifaçılıq üslubu vardı. O, simfonik orkestrlə "Leyli və Məcnun" operasının muğam hissələrini ifa edirdi, bunları əzbər bilirdi, harda nəyi necə eləmək lazımdır. Səhnədə ifaçını müşayiət eləmək asan deyildi, bu həm də hərəkətlə bağlıdır, aktyor konkret mizanı yerinə yetirir, sən tez çalarsan, o, səhnənin ortasında qalar, gecikərsən yenə olmur... gərək hər addım hesablansın.

Otuzuncu illərin ortalarında Uzeyir bəyin təşəbbüsü ilə Tofiq Quliyev və Zakir Bağırov muğamları nota köçürdülər. Üzeyir bəy tapşırıq vermişdi ki, gedin Mirzə Mansurun ifa etdiyi muğamı nota köçürün. Bunda da məqsəd vardı, biz muğamı qanla, genlə öyrənirik, hiss edirik, amma artıq konservatoriya açılmışdı və orada müxtəlif millətlərin nümayəndələri təhsil alırdılar, onlar muğamı notla öyrənməliydirlər. Məhz bu təşəbbüsdən sonra indi muğamı çətinlik çəkmədən orkestrlər notla ifa edə bilirlər, amma bunun bir mənfi tərəfi var, artıq notdan kənara çıxmaq olmaz, artıq ürəyə, yəni improvizasiyaya, sənətkarılıq göstərməyə imkan yoxdur.

- Bəhram müəllim sizə nə öyrətdi və sizdən nəsə öyrənə bildimi?

- O, mənim atam idi, mən ona nə öyrədə bilərdim, ya da o məndən nə öyrənəcəkdi... Nə öyrəndimsə mən ondan öyrəndim. Əvvəla, o mənə musiqini sevməyi və başa düşməyi öyrətdi. O mənə insanları sevməyi və dostları qorumağı öyrətdi. Uşaq vaxtı ad günləri keçirərdi bizə, indi şəkillərə baxıram... kimlər yoxdur... Zülfi əmi, Sara Qədimova, Əlövsət Sadıqov, Yaqub Məmmədov, Tələt Bakıxanov, Hacıbaba Hüseynov... bir sözlə, zəmanənin qaymaqları.  

 

Bəhramın süfrəsində...

 

Atam dünyasını dəyişəndən sonra evdə ilk məclislərini verirdik, yenə xeyli adam vardı, sənət dostları, tanışlar. Rəhmətlik Sara Qədimova üzünü məclisdəkilərə tutub dedi ki, birimiz barmağımızı qatlayıb deyə bilmərik ki, Bəhramın evində olmamışıq, süfrəsinin çörəyini yeməmişik? Hamı xətrini istəyirdi onun, sənət adamları arasında çox az adam vardı atamla düşmənçilik edən, amma atam onlara baş qoşmurdu. Mənsə onlara da təşəkkür edirəm, bizim hərdən ölənin ardınca danışmaq kimi pis xüsusiyyətimiz var, amma sağ olsunlar, atamdan sonra heç həmin adamlar da onun arxasınca bir kəlmə xoşagəlməz söz işlətmədilər.

 

Söhbətləşdi:Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!