"Varislər"in bugünkü qonağı şeirlərilə oxucuların yaddaşında yaşayan unudulmaz şair, fədakar mətbuat işçisi, gözəl jurnalist, əziz dost Şahmar Əkbərzadənin varisi Elşən Əkbərzadədir.
İkinci Dünya savaşının qızğın çağında, 1941-ci ilin qışında, gözəl Qarabağda, Ağdamın Çəmənli kəndində, ziyalı ailəsində gəlmişdi dünyaya. Uşaqlığı gözəl təbiətli Çəmənlidə keçmişdi. Ruhu Qarabağın saf havasıyla köklənmiş, ürəyi o yerlərin təbiətilə havalanmışdı. Ağlı kəsəndə atası Əkbər kişi müharibədəydi və balaca Şahmar nə doyunca ata çörəyi yeyə bilmiş, nə də onun dizləri üstə oturub saçlarını qarışdırmağa, şirin söhbətlərini dinləməyə macal tapmışdı.
Əkbər kişi müharibədən qayıtdıqdan az sonra dünyasını dəyişdi, Şahmar atasız böyüdü.
O, könlünü lap çoxdan vermişdi ədəbiyyata. Kövrək şeirlər yazır, öz dünyasında, öz nağıllarında yaşayır və bir gün tanınmış şair kimi hər kəsin diqqətində olacağına inanırdı.
Salam, Ağdam
- Qarabağ Azərbaycandır! Gəlin bundan başlayaq. Ağdam işğaldan azad oldu, bir qarabağlı, bir ağdamlı kimi hansı hissləri keçirirsiniz? Şahmar müəllim Qarabağ və Ağdam həsrətilə dünyadan köçdü.
- Əlbəttə, sözlə ifadə olunması mümkün olmayan hisslərdir, qələbə möhtəşəm duyğudur. Bizim uşaqlığımız, yeniyetməliyimiz oralarda keçib, Ağdamın hər kəndi, hər dərəsi, hər küçəsi xatirədir mənimçün.
Atam Ağdam rayonunun Çəmənli kəndində dünyaya gəlib, orta məktəbi Çəmənli və Mahrızlı kəndlərində oxuyub, səkkizinci sinfi bitirdikdən sonra Şuşa Pedaqoji Texnikumunda təhsilini davam etdirib, sonra kəndə qayıdıb, təxminən 18 yaşından müəllim kimi işləməyə başlayıb. O illər pedaqoji kadrlara çox böyük ehtiyac vardı.
- Sonra ali təhsil alanda niyə rus dili müəllimi olmağı seçdi?
- Atam 1961-ci ildə M.F.Axundov adına Pedaqoji İnstituta daxil olmuşdu. Altı yaşında atasını itirmişdi və ondan sonra onun həyatında ən mühüm rolu dayısı Qulam Ağayev oynamışdı. Atam, belə demək mümkünsə, dayısının himayəsində böyümüşdü, ondan tərbiyə almışdı, ondan məsləhət almışdı, ondan nümunə götürmüşdü. O, təcrübəli müəllim idi, ömrünün 40 ilini pedaqoji fəaliyyətə həsr etmiş, rus dili və ədəbiyyatı müəllimi olmuşdu. Görünür, atamın APİ Axundova getməsinin əsas səbəbi elə budur.
- Mənim bildiyimə görə, Şahmar müəllim çox erkən yaşlarından şeir yazmağa başlayıb və rayon qəzetində yazıları çap olunub.
- Bəli, hələ orta məktəbdə oxuduğu vaxtlarda ilk şeirlərini yazıb və bu şeirlər Ağdamda çıxan "Lenin yolu" qəzetində çap olunub. Böyük azərbaycanlı, dünya şöhrətli alim Xudu Məmmədovla atamın tanışlığı məhz elə qəzetdə çap olunan şeirinə görə olub.
Xudu Məmmədov və Bala Marks
O xatirə təxminən 1959-1960-cı illərdə yaşanıb. Atamın dostlarının əksəriyyəti yaşda ondan çox böyük olublar. Yaşda böyük dostlarından birincisi Xudu Məmmədov olub, Ağdamda tanınmış ziyalı vardı, füzulişünas Zeynal Məmmədov - atamın dostu idi. Onun təxəllüsü "Bala Marks" olub, sovet dövründə insanları çox vaxt kommunist ideloqları ilə müqayisə edirdilər, Zeynal müəllim öz savadına, zəkasına görə almışdı bu təxəllüsü. Elə məsələlər olurdu ki, Xudu Məmmədov kimi bir alim Zeynal müəllimlə məsləhətləşirdi. Bir gün bu iki ziyalı Ağdamda bir yerdə olanda rayon qəzetində atamın bir neçə şeirini oxuyublar. Qəzetlərdə müəlliflə bağlı qısa məlumat yazılırdı, Xudu müəllim şeirləri oxuyandan sonra: "Ay Zeynal, - deyib, - bu oğlan çox cavandır, amma gör necə gözəl, müdrikcəsinə yazıb. İmkan varsa Çəmənliyə bir maşın göndər, bu cavan oğlan kimdirsə qoy gətirsin bura, tanış olaq onunla, bir stəkan çay içək". O bir stəkan çayla başlayan dostluq ömürlərinin sonuna qədər davam etdi. Mən buna dostluq deməzdim, onlar ata-balaydılar, onlar can bir qardaş idilər.
Atam kənddə ibtidai siniflərə dərs deyirmiş. Bir gənc xanımla münasibətləri olub. Bir gün həmin xanım atama deyib ki, məni ali təhsilli bir oğlana nişanladılar. Bu söz atama çox təsir eləyib, kənddəki müəllimlik fəaliyyətini dayandırıb, Bakıya gəlib və APİ Axundova qəbul olunub.
- Atasını çox erkən itirib, mən bilirəm, çətindi, bir oğlan uşağıyçün, bəlkə də, lap çətindir atasızlıq. Bunu fikirləşəndə həmişə unudulmaz Nüsrət Kəsəmənlinin "Atalıydı-analıydı uşaqlar, Bizim evdə biri vardı, biri yox" sözlərini xatırlayıram...
- İnsan talelərində çox qəribə hadisələr baş verir, bu həmişə olub, yenə olacaq. Nənəm babam dünyasını dəyişəndən sonra ikinci dəfə ailə qurub. Nənəmin ikinci həyat yoldaşı Vəzirxan babam Əkbər babamla doğma əmioğlu olublar. Hər ikisi - Əkbər də, Vəzirxan da müharibədən qayıdıb. Əkbər babam müharibədən ağır xəstə qayıdıb, haradasa iki ay sonra dünyasını dəyişib. Vəzirxan kişi isə müharibədən qayıdanda həyat yoldaşı ilə iki körpə övladının difteriyadan öldüyünü görüb. Kənddə tək yaşamağa başlayıb. Əkbər babamın ili çıxandan sonra ağsaqqallar məsləhət biliblər ki, bunlar ailə qurub bir-birlərinə dayaq dursunlar. Sonra atamın ana bir, ata ayrı üç qardaşı və bir bacısı da gəlib dünyaya və onların arasında qətiyyən ögeylik hiss olunmayıb.
- Sağlığında cəmi dörd kitabı işıq üzü gördü. Əslində, bir şair üçün özünü təsdiq etməyə bir kitab da bəs edir. Şahmar müəllim az yazırdı, amma sevilirdi, tanınırdı. Ailədə onun yolunu davam etdirən, şeir yazan oldumu?
Şairlər və şair işləyənlər
- Oldu, amma həvəskar səviyyədə oldu. Mən şair ailəsində böyümüşəm, gözümü açandan, ağlım kəsəndən çox tanınmış şairlə, yazıçıyla tanışlığım olub. Elə şairlər vardı ki, öhdəlik götürmüşdü, gündə mütləq bir-iki şeir yazmalıydı.
- Var elə adamlar, onlar şair olanlar deyil, şair işləyənlərdir.
- Atam şeiri yaşamadan, hiss etmədən yaza bilmirdi. Atam demək olar, evdə şeir yazmazdı. Təbiətin qoynunda, xarici səfərlərdə, ya da nəsə ona təsir edən bir hadisə baş verəndə artıq şeirin ilk sətirləri gəlirdi, onları qeyd edirdi, sonra bir də oxuyurdu, baxırdı, üzərində işləyirdi, xoşuna gəldisə, ona şeir möhürü vururdu. Atamın əksər şeirləri başqa-başqa yerlərdə yazılıb. Onun ən gözəl şeirlərindən biri kəndimizə həsr etdiyi "Çəmənlim" şeiridir.
"...Yüz il qucağından uzaqda gəzsəm,
Xəyalım yenə də səmanda üzər.
Sənə ürəyimin paytaxtı desəm,
Nə Təbriz inciyər, nə Bakım küsər...".
Səhv etmirəmsə, 1979-cu ildə həmin şeiri Praqada olanda yazıb. Türkiyədə xeyli şeir yazıb. İranda olanda, Təbrizdə "Əlvida" şeirini yazıb.
"Hələ bu dünyada qalmaq payım var,
Bəxtimin üzünə gülmək payım var,
Azadlıq yolunda ölmək payım var,
Obalar, əlvida, ellər, əlvida!".
- Onun yaxşı dostları vardı və bu gün də onun xatirəsini əziz tutan dostları var. Siz Xudu Məmmədov kimi böyük bir insanın adını çəkdiniz, Zeynal müəllimi dediniz, amma təkcə onlar deyildi...
Atamın dostları
- Atamla Xalq şairi Bəxtiyar Vahabzadənin münasibəti hər kəsə məlumdur. Bəxtiyar müəllim atamı çox istəyirdi, atam da onu. Alim Nirəddin Rzayevlə, dünya şöhrətli alimimiz Rafiq Əliyevlə dost idi. Bəzən onlara üçlük, bəzən də beşlik deyirdilər. Onların beşliyi tamam başqa aləm idi. Bir də görürdün, atam üç gün, beş gün yoxdur. Sonra xəbər gəlirdi ki, Gədəbəydə hansısa dağda, Kəlbəcərdə hansısa yaylaqdadırlar. Onların söhbətləri, dərdləşmələri də adi, küçə söhbətləri olmurdu axı: insanlıqdan, dünyadan, elmdən, ədəbiyyatdan danışırdılar. Hələ sovet dövründə onlar Azərbaycanın müstəqilliyindən danışırdılar. Tam səmimiyyətilə deyirəm, 1985-ci ildə atam qətiyyətlə sovet quruluşunun dağılacağını deyirdi. Ondan sonra tez-tez evdə mənimlə, qardaşım Əkbərlə antisovet söhbətlər, diskussiyalar edirdi. Bir gün də söhbət əsnasında dedi ki, sovet quruluşu gedəcək, yerində müstəqil Azərbaycan qurulacaq, ola bilsin mən, anan o günü görməyək, amma siz mütləq görəcəksiniz. Məndən isə narahat olmayın, mən sizə təmiz, şərəfli adımı qoyub gedəcəyəm. Mənə görə həmişə başınızı dik tutub gəzə bilərsiniz. Söhbət düşəndə həmişə kim olduğunuzu fəxrlə deyə bilərsiniz.
Xalq şairi Nəriman Həsənzadə ilə dost idi, mən indi də tez-tez Nəriman əmiyə zəng vurub hal-əhval tuturam. Bayaq adını çəkdiniz, rəhmətlik Nüsrət Kəsəmənliylə, kəlbəcərli Şamil Əsgərovla çox yaxın idilər. Bu dostluq münasibətləri örnək idi, məktəb idi. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara cansağlığı versin. Bu dostluqlar imkanla, vəzifəylə ölçülmürdü.
- "Xarıbülbül nəğmələri" şeirlər kitabı onun ölümündən sonra çap olundu. Bura onun o biri kitablarına daxil olmayan şeirləri salmışdınız, yoxsa təkrar da var idi?
- Ən son kitabı "Xarıbülbül nəğmələri"dir. Böyük həcmli kitab deyil. "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov sağ olsun, təşəbbüs göstərdi, kitabın çapına kömək etdi və gözəl ön söz yazdı. Demək olar ki, atamın yaradıcılığının altmış beş faizi həmin kitaba toplanıb. Bu il səksən illik yubileyidir, istəyirdik iki cilddən ibarət - həm şeirlərinin külliyyatını, həm də publisistikasını - əsərlərini çap edək, müəyyən səbəblərə görə qaldı. Pandemiya çox planları alt-üst etdi.
- Publisistikası dediniz, onun jurnalist fəaliyyətini, qəzetçilik fəaliyyətini xatırladım.
Qəzetçi Şahmar Əkbərzadə
- O, tələbəlik dövründən başlayıb qəzetçiliyə. Səhv etmirəmsə, ikinci kursda oxuyanda Kənd Təsərrüfatı Nazirliyinin orqanı olan çoxtirajlı qəzetlə əməkdaşlıq edib. Amma jurnalist fəaliyyətinin ən uzun dövrü "Azərbaycan gəncləri" qəzeti ilə bağlıdır. Yetmişinci illərin əvvəllərindən səksəninci illərin ortalarına qədər bu qəzetdə şöbə müdiri işlədi. Sonra o vaxtkı "Kommunist", indiki "Xaql qəzeti"nə keçdi. 1990-cı ildə Mədəniyyət Nazirliyi "Mədəniyyət" qəzetini təsis etdi, atam onun baş redaktoru oldu və on il, ömrünün sonuna qədər həmin qəzetə rəhbərlik etdi.
- Demək, paytaxta ali təhsil almağa gələn Şahmar Əkbərzadə yaşamaq üçün bir daha Ağdama qayıtmadı və bütün qalan ömrünü Bakıda keçirdi.
- Bəli. Ali təhsil aldığı vaxtlardan artıq paytaxt mətbuatında tanınırdı, işləyirdi. Ona görə də təhsilini başa vurandan sonra elə işləməyə davam etdi. Sonra 1969-cu ildə ailə qurdu.
- Şairlər sevmədən ailə qura bilməzlər. Şahmar müəllim sevib evlənmişdi?
- Əslində, atamın kəndə qayıtmamasının ən birinci səbəbi anamı sevməyi olub. Atam üçüncü kursda oxuyanda, anam birinci kursa qəbul olunur. Çox uzaqdan qohumdurlar, anamgilin əsli Ağdamdandır, amma özü Goranboyda doğulub, orada böyüyüb.
Böyük ürəkli qolçomaq qızı
Anamgilin ailəsi 37-ci illərin Stalin repressiyasından sonra qaçaq düşüblər, bütün rahatlıqları pozulub. Ana babam bəy nəslindən olduğu üçün adını qolçomaq qoyub Sibirə göndərmək istəyiblər, ona görə də axtarışda olub. Ələtdə, Gəncədə, Goranboyda qaçaq həyatı yaşayıblar və nəhayət, Stalin ölüb, bu qara-qorxu, qaçaq həyatı bitib, elə Goranboyda məskunlaşıblar. Çünki Ağdamda nə mal-mülk, heyvan-qaraları olubsa hökumət hamısını kolxoza verib.
Sonra anam instituta daxil olub, görüblər bir-birlərini, seviblər.
- Evdə kimin sözü keçirdi? Anan qısqanırdımı Şahmar müəllimi?
- Sözsüz ki, Şahmar Əkbərzadənin sözü keçirdi. Amma elə şeylər olurdu, o məsələyə anam qərar verirdi. Mən sizinlə açıq danışıram, durum deyim ki, atam peyğəmbər idi, səmimi olmaz. Bəli, atam mənim peyğəmbərim idi, qibləm idi, amma həyatda ideal adam yoxdur, atamın da səhvləri olurdu, istər ailədə, istər işdə, istərsə də həyatda. Lap dostlar arasında, qardaşlar arasında narazılıq olur. Ailədə çox mehriban dolanırdılar. Anam Mələk xanım bilirdi ki, atam onu saf ürəklə, səmimiyyətlə sevib, bu, hər şeyi həll edirdi. Təbii şair idi, tanınırdı, seirlərini sevənlər, özünə pərəstiş edənlər vardı. O ki qaldı qısqanclığa, sizə bir əhvalat danışım.
1969-cu ildə ailə qurduqdan az sonra Moskvaya bal ayına getməyə qərar verirlər. Orada atamın gənc dostlarndan biriylə görüşüb, şam etmək üçün restorana gedirlər. Restoranda canlı musiqi olub. Məclisin şirin yerində anam atamın qulağına pıçıldayıb ki, Şahmar, sən canın, bir altdan-altdan o xanımlara bax. Qonşu masada üç xanım oturub. Anam deyib ki, bayaqdan onlara fikir verirəm, səndən gözlərini ayırmırlar, sən mənim canım, dur onları rəqsə dəvət elə. Atam da anamın sözünü yerə salmayıb, bir-bir həmin xanımları rəqsə dəvət eləyib. Atamın dostu anama deyib ki, Mələk xanım, sizin nə böyük ürəyiniz var, mənim yoldaşım onların baxmağını görsəydi, dünyanı dağıdardı.
Atam gözəl bal rəqsləri bilirdi, bunu yay tətili vaxtı Şuşada, pioner düşərgəsində pioner baş dəstə rəhbəri işlədiyi dövrlərdə öyrənmişdi. "Vals", "tanqo"... bacarırdı. Gözəl voleybol oynayırdı. Yaxşı üzgüçüydü. Amma bizim toylarda "Canı yanan ya bir olar, ya iki...", ya da "Giziroğlu Mustafa bəy" mahnısını oynayırdı. Həm də ürək xəstəliyindən sonra çox da hərəkətli oynaya bilmirdi.
- Mələk xanım onun üçün hansı xörəkləri tərəddüdsüz bişirirdi? Xüsusi sevdiyi xörəklər vardımı?
Hər həftə yarpaq dolması...
- Ümumiyyətlə, Azərbaycan mətbəxini sevirdi. Amma ən çox sevdiyi yarpaq dolmasıydı, bizim evdə dolma tənəklə çox təsadüfən bişirilir, ağlım kəsəndən mən evimizdə yarpaq dolmasını heyva yarpağında görüb-yemişəm. Təsəvvür edirsiniz, atam 21 ildir dünyasını dəyişib və bu gün də hər cümə axşamı anam ehsan olaraq evdə az da olsa, yarpaq dolması bişirir. Yəni nadir hallarda üzürlü səbəbdən evdə olmarıq, nəsə bir iş çıxar və s. Amma bu ayin dəyişmədən qalır.
- Bəzən yazı-pozu adamlarının qəribə məşğuliyyətləri olur. Kimi nəsə kolleksiya toplayır, kimi ova, kimi balığa getməyi sevir...
- Atamın sevgisi də, məşğuliyyəti də kitablar idi. Boş vaxtlarında ancaq kitab oxuyurdu. Yaxşı kitabxanası vardı, sadəcə, biz Xırdalandan Bakıya köçəndə kitabların bir hissəsi Xırdalandakı evimizdə qaldı. Sonra qaçqınlıq-köçkünlük dövrü başladı, o evi bir ailəyə verdik, onlar kitablara bir növ biganə qaldılar, nəm, baxımsızlıq korladı onların əksəriyyətini. Amma qoruyub saxlaya bildiyimizi saxlamışıq.
Atam kitab həvəskarı idi, tutaq ki, xarici səfərə gedir, indi hamı atasının səfərdən qayıtmasını səbirsizliklə gözləyir, bu öz yerində, amma uşaq həm də hədiyyə gözləyir axı. Gəlirdi, iki ağır çamadan... açırdıq, kitablar, amma yox... bizi də unutmurdu, heç birimizi unutmurdu, mütləq nəsə hədiyyə alıb gətirirdi, ya bir paltar, ya oyuncaq... mütləq.
- Bura - "Azərkitab" mağazası Bakının ən gözəl kitab məkanlarından biridir. Müxtəlif tədbirlər, təqdimatlar olur burda. Birdən tədbirə gələnlərdən biri də o olsa, üz-üzə gəlsəniz, nə baş verər, nə deyərsiniz ona?
Yuxularımın ev sahibi
- Tam normal qəbul eləyərdim. Onsuz o cür tədbirlərdə, təqdimatlarda gözümüz onu axtarır. Bəlkə də onu görüb "Ay etibarsız" deyərdim. Çünki 58 yaş nədir ki? Biz hələ onun qulluğunda oğul kimi dura bilməmişdik, hələ övlad kimi nazını çəkməmiş, qayğısına qalmamışdıq, ancaq nə eləmişdisə o eləmişdi bizimçün...
O mənim yuxularımın daimi qonağıdır, deyərəm ki, yuxularımın ev sahibidir. Bu yuxular bəzən çox mistik, bəzən də çox şirin olur. Mən həmişə onun ruhunun üstümüzdə keşik çəkdiyini hiss edirəm, narahat olduğunu hiss edirəm. Tez-tez mənə deyir, çoxu elə bilir ölmüşəm, amma mən sağam, həmişə də sizinlə bir yerdə olacağam. Yuxuda məni qoruyub, xəbərdarlıq eləyib, verdiyi mesajla məni gerçək təhlükədən xilas eləyib. Oyanmışam, onun dediklərini xatırlamışam, dediyi kimi eləmişəm və xeyir tapmışam.
Çox mistik hadisələr baş verib. Məsələn, Mahnı Teatrında onun yubileyinə hazırlıq gedirdi, atamla anamın məktubları vardı, onları istədilər ssenaridə istifadə etmək üçün. Əl altda olan bir şey idi, nə qədər axtardıq tapa bilmədik. O gecə anamın yuxusuna girib, məktubların yerini dedi.
Başqa bir əhvalat: atamdan sonra anamın saçları sürətlə tökülməyə başladı, dərdinə əlac edən də tapılmadı. Utanırdı yazıq arvad. O ərəfədə kiçik qardaşım ayaqlarına məlhəm çəkirdi. Atam anamın yuxusuna girib demişdi ki, ay Mələk, dağa-daşa düşməyin, Elturanın ayağına çəkdiyi məlhəmdən sən də saçlarının dibinə çək, hər şey düzələcək. Tanış həkim vardı, məsləhətləşmək üçün dedim, güldü mənə, dedi yaxın olmasaydın, Şahmarın oğlu olmasaydın, durub qulağının dibinə birini çəkərdim. Adam dolamısınız? Amma anam dedi ki, Şahmar boş yerə yuxuma girməz. Atamın yuxuda ona dediyini elədi və çox qalın saçları bitdi anamın. Yəni atam dünyasını dəyişəndən sonra bizimlə "əlaqəni kəsmədi".
"İnam sindromu"
- Çox maraqlı faktdır. Buna tibdə "inam sindromu" deyirlər. Belə eksperimentlər çox aparılıb. Adi vitaminlə sağalan xərçəng xəstələri olub. Dərman tamı əlavə edilmiş adi suyla müalicə alan astmatiklər olub. Ümumiyyətlə, tibb təsdiq edib ki, xəstəliklərin, sağlamlıq problemlərinin əksəriyyəti beyinlə bağlı olur, insan özünü hər hansısa xəstəliyə inandırır və fəsadlar başlayır. Məncə, Mələk xanımın sevgisinə inamı onu bu problemin cəngindən xilas edib.
Şahmar müəllim dünyasını dəyişəndən sonra dostlarından kim qaldı ailənin ətrafında, çətin günlərində?
- Uzaqdan-yaxından yanımızda olanlar çox idi, amma Bəxtiyar Vahabzadə heç vaxt bizi unutmadı. Hər dəfə atamın doğum günündə, vəfat etdiyi tarixdə həyat yoldaşı, mələk üzlü Dilarə xanımla bir yerdə evimizə gəlirdi, otururdu, dərdləşirdik, söhbət edirdik. Ruhu şad olsun. Bir də Elçin İsgəndərzadə atamın xatirəsini yaşatmaq üçün əlindən gələni edir, ailəmiz adından ona da öz təşəkkürümü bildirirəm.
- Baxanda üzündən, yerişindən-duruşundan xəstə görünmürdü, amma hər bir şairin içində bir əzab olur, ağrı olur. Şahmar müəllimi ürəyi apardı...
Açıq qalmış səccadə
- O, çox emosional adam idi axı. Lap gəncliyindən elə olmuşdu. Gəncliyində yazdığı şeirlər var, necə ağrıyla, necə hisslə yazıb onları. Elə yazanda yəqin, adam özü hiss etmir, amma, məncə, ürək o dəqiqə çat verir, gizlincə... başqa cür mümkün deyil.
Ürəyi 1988-ci ildə ilk ciddi zərbəni aldı. Sovetin son nəfəsiydi, qardaşım tibb universitetində oxuyurdu, fəal tələbələrdən biri kimi onu da DTK saxlamışdı. O ərəfədə atam Zori Balayana çox sərt bir məktub yazıb birbaşa Moskvaya göndərmişdi, təəssüf, DTK söhbəti ortaya çıxandan sonra anam ehtiyat edib, o məktubun əslini yandırdı. Xalq hərəkatı başlayanda atam ilk fəallardan biriydi, onlar bu xalqın azadlığı, müstəqilliyi yolunda həm də ilk ziyalı hərəkatnın fəallarıydılar. DTK atamı çox sıxma-boğmaya saldı, axırda qardaşımı saxladılar və bu xəbər 47 yaşlı atamın ilk infarktına səbəb oldu. Atam ikinci infarktı Xocalı faciəsindən bir gün sonra keçirtdi və bununla da ürəyində çox ciddi problemlər başladı.
Qardaşımın qızına anasının adını qoymuşdu, uşaq velosiped istəyirdi. Demişdi ki, ad gününə özüm alacağam. Hamımız uşağın ad günündəydik, işdən çıxıb velosipedi alıb gətirib qardaşıma vermişdi, demişdi gedim namazımı qılım, bir az dincəlim, bir-iki saata gələrəm.
Səccadəsi açıq qalmışdı, amma özü dəhlizdə yıxılmışdı. Görünür, namaz qılıb qurtarandan sonra özünü pis hiss eləyib, dəhlizdəki ev telefonundan zəng vurmağa gələndə ürəyi dayanıb...
Söhbətləşdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!